Məhkəmə qərarları › İş №2(103)-2264/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2264/2022

05.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2264/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5, Cavabdehin vəkili Vəkil və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(001)-7767/2021 saylı qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçılar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin əməkdaşları olmuşlar. Hər biri müxtəlif vaxtlardan uzun illərdir bu təşkilatın işçiləri kimi əmək fəaliyyətini həyata keçirmişlər. 2020-ci ilin sentyabrın 27-də Vətən Müharibəsi başladıqdan sonra qanunvericiliyə uyğun olaraq 2020-ci ilin oktyabr ayından etibarən qismən səfərbərliyə cəlb edilərək peşəkar sürücü olaraq müvafiq hərbi hissəyə ezam edilmişlər. Hərbi əməliyyatlar zamanı üzərlərinə düşən borcu vicdanla və fəallıqla yerinə yetirmişlər, verilmiş əmrləri icra etmişlər. Hamıya məlum olduğu kimi, müharibədə intensiv və fasiləsiz hərbi əməliyyatlar getdiyindən iddiaçıların da fəaliyyəti qısa istirahət saatları istisna olmaqla fasiləsiz olub. Hərbi əməliyyatlar bitdikdən sonra yenidən əvvəlki iş yerinə qayıtmışlar və işlərini görməyə davam etmişlər. Bununla belə müharibə ilə əlaqədar ezamiyyətdə olduqları dövrdə onlara verilməsi nəzərdə tutulan vəsait verilmədiyi üçün rəhbərlik qarşısında müvafiq məsələ qaldırmışlar. Müraciətlərinə lazımi diqqət yetirilmədiyi və məsələ həll edilmədiyi üçün müvafiq qurumlara, o cümlədən X21 və Azərbaycan Respublikasının Prezidentinə şikayət ərizələri ilə müraciət etmişlər. Məhz bu müraciətlərdən sonra nəzərdə tutulan ezamiyyə xərcləri qismən ödənildi, bununla belə yuxarı orqanlara müraciət etdikləri üçün iş yerində rəhbərlik tərəfindən şifahi təzyiqlərə və hədələrə məruz qalmağa başladılar. 01 iyun 2021-ci il tarixdə iddiaçıların mobil telefonlarına SMS göndərildi və mesajın məzmunu ondan ibarət idi ki, iddiaçıların ştatı ixtisara düşüb. Eyni məzmunlu məktublar poçt vasitəsilə də iyun ayı ərzində iddiaçılara çatmışdır. İddiaçılardan bəziləri artıq mayın sonlarından, bəziləri isə iyun ayının əvvəlindən iş yerinə tam buraxılmırdılar, ümumi iş sahələrinə daxil ola bilsələr də, qaraja girişi ya tam qadağan etdilər ya da məhdudlaşdırdılar. 2021-ci ilin iyul ayında iddiaçıların ünvanına məktub göndərildi ki, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilib. İddiaçıların işdən kənarlaşdırılmasına səbəb olna hallar onlara nə elan edilib, nə də izah olunub. İxtisarla bağlı və ya yenidən qiymətləndirilmə ilə bağlı iş yerində heç bir məlumat və ya xəbərdarlıq olmayıb. Hazırda həmin iş yerində əvvəldən işləyən əməkdaşlar fəaliyyətini davam etdirməkdədir və heç kimin attestasiyası təşkil olunmayıb. Eyni zamanda yaşla və ya başqa səbəblə əlaqədar ixtisara düşmə ehtimalı olan əməkdaşların heç biri işdən kənarlaşdırılmayıb. İddiaçıların işdən kənarlaşdırılmaqlarına səbəb iş yerində işə götürəndən öz haqlarının tələb edilməsi ilə bağlıdır. 12.10.2021-ci il tarixdə iddiaçılar tərəfindən məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə daxil olmuş, cavabdeh həmçinin İddiaçı1 6933 manat, İddiaçı3 5568 manat, İddiaçı2 5100 manat, İddiaçı4 6933 manat və İddiaçı5 2916 manat ödənilməmiş ezamiyyə xərclərinin tutulması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(001)- 7767/2021 saylı qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia qismən təmin olunmuş, "3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” X5 tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli, 100, 91, 97, 92 və 101 nömrəli əmrlər ləğv edilmiş, iddiaçıların "3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” X2 sürücü vəzifəsinə işə bərpa edilməsi, 23 iyul 2021-ci il tarixdən işə bərpa olunduqları günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçılara ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, "3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” X1 dövlət rüsumuna görə 30 manat məbləğində pulun dövlət nəfinə tutulması, iddiaçılar tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərcin "3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” X1 tutularaq iddiaçılara (hər birinə 50 manat olmaqla) ödənilməsi qət edilmişdir. İddiaçılar və cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti vermişlər. İddiaçılar qətnamənin dəyişdirilməsini və ezamiyyət xərclərinin ödənilməsi tələbinin təmin olunması, cavabdeh isə iddianın təmin olunan hissəsində qətnamənin ləğv olunmasını iddianın tam olaraq rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin qismən yəni ezamiyyə xərclərinin rədd olunması hissəsində əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın həmin hissədə təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Cavabdeh apellyasiya şikayətini qətnamənin iddianın təmin olunan hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçıların qanunvericiliyin tələblərinə uyğun olaraq işdən azad edilməsi, hazırkı iş üzrə iddiaçıların işlədiyi avtomaşınlara dair ştat vahidinin müəssisədən alınaraq müvafiq qaydada avtomaşınların verilmiş olduğu müəssisələrə verilməsi, həmin sürücülərin işlə təmin olunmaları ilə bağlı şərait yaradılması, bununla da onların hər hansı iş axtarmaq, maddi ehtiyacının qarşılanması zərurəti yaranması, əmrlər verərkən Əmək Məcəlləsinin 77-ci maddəsində təsbit olunmuş qaydaya əməl və s. göstərmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətini müdafiə edərək, həmçinin cavabdehin apellyasiya şikayətini əsassız sayaraq şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdikləri izahatlara uyğun izahatlar vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, həmçinin iddiaçıların apellyasiya şikayətini əsassız sayaraq şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından qarşı tərəfn şikayətin təmin olunmamasını, cavabdehin şikayətinin isə təmin edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). Belə ki, ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçılar uzun müddət sürücü vəzifəsində işləmiş, 2020-ci ilin sentyabr ayında ölkədə X17 başlanan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi tərəfindən verilmiş tapşırığa əsasən 44 ədəd avtonəqliyyat vasitəsi 63 nəfər sürücü ilə birlikdə cəbhə bölgəsinə göndərilmişdir. İddiaçılardan İddiaçı1 147 gün, İddiaçı3 112 gün, İddiaçı2 100 gün, İddiaçı4 147 gün və İddiaçı5 44 gün həmin sürücülər sırasında olmuşlar. Müharibədən qayıtdıqdan sonra onlara 4 ay möhlət verilmişdir ki, dincəlsinlər, bərpa olunsunlar və müəssisə tərəfindən (cavabdehin nümayəndəsi bunları izahatında təsdiq etmişdir) sürücülərə imkan yaradılmışdır ki, həmin dörd ay ərzində onlarda olan nəqliyyat vasitələrini özləri üçün istifadə etsinlər. Sonradan sürücülərlə müəssisə arasında ezamiyyə xərclərinin məbləği ilə əlaqədar mübahisəli vəziyyət yaranmış və 05.04.2021-ci il tarixdə 42 nəfər sürücü tərəfindən ölkə rəhbərliyinə şikayət ərizələri ünvanlanmışdır. Həmin ərizə 21.05.2021-ci il tarixdə "xxxx" MMC-yə daxil olmuş və hər iki tərəfin təsdiq etdiyinə görə, həmin tarixdən iddiaçılar işlədiyi idarəyə buraxılmamışlar. İşdə olan sənədlərə əsasən - 18.05.2021-ci il tarixdə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən 16 fərqli nömrələrlə sərəncamlar qəbul edilmiş (məhkəməyə 22, 24 28, 29 və 30 nömrəli sərəncamların surətləri təqdim edilmiş) və həmin sərəncamlara əsasən, "xxxx" MMC-nin balansında olan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin vəsaiti hesabına alınmış bir sıra avtomobillər əvəzsiz olaraq digər yol istismarı müəssisələrinin balansına verilmişdir. 01.06.2021-ci il tarixdə yuxarıda qeyd olunan sərəncamlara istinad edilərək "xxxx" MMC tərəfindən iddiaçılara aşağıdakı məzmunda xəbərdarlıq məktubları ünvanlanmışdır: “ ... Sizin ştatınız ixtisara düşmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən xəbərdarlıq müddətinin əvəzinə əmək stajından asılı olaraq Sizə birdəfəlik müavinət ödənilməklə əmək müqavilənizə xitam verilə bilər”. Eyni zamanda həmin tarixdə iddiaçıların istifadəsində olan möbil nömrələrə aşağıdakı məzmunda mesajlar göndərilmişdir: “ ... sərəncama əsasən Sizin idarə etdiyiniz avtomobil başqa yol idarəsinə verilmişdir. Sizin təcili İdarəyə gəlib işdən azad olunmağınız barədə ərizə ilə müraciət etməyiniz xahiş edilir”. İş materiallarında olan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin "xxxx" MMC-nin X22 Komitəsinin 22 iyul 2021-ci il tarixli 09 nömrəli Protokolunda aşağıdakılar göstərilmişdir: “ ... iclasın sədri Mahmudov Məzahir çıxış edərək məlumat vermişdir ki, AAYDA İdarə Heyəti sədrinin 18.05.2021-ci il tarixli 22, 24, 25, 28, 29, 30 nömrəli sərəncamlarınına əsasən müəssisənin balansında olan 49 ədəd TATRA markalı avtomaşınları istehsalat zərurəti ilə əlaqədar olaraq birdəfəlik AAYDA-nın tabeliyində olan digər Yol İstismarı müəssisələrinin balansına verimişdir. Eyni zamanda həmin sərəncamlara əsasən avtomaşınlara təhkim olunmuş sürücülərin ştat vahidi müəssisədən alınaraq müvafiq qaydada avtomaşınların verilmiş olduğu müəssisələrə verilmiş və həmin sürücülərin işlə təmin olunmaları nəzərdə tutulmuşdur. ... 49 ədəd sürücüdən 35 nəfəri öz xahişləri ilə işdən azad olunmuş və onların öz istəyinə uyğun olaraq əksəriyəti təhkim olunduqları avtomaşınların verildiyi müəssisədə öz avtomaşınının idarə etməklə işlə təmin olunmuşdur. Lakin aşağıda adları qeyd olunan sürücülər (İddiaçı1, X8, X10, X4, X20, İddiaçı5, X11, X12, İddiaçı4, İddiaçı2, İddiaçı3, X3) AAYDA rəhbərliyinin sərəncamına etiraz etmiş və avtomaşınların verilməsinə və ştat vahidlərinin azaldılmasına baxmayaraq, işdən azad olunmaları və müvafiq müəssisələrdə işlə təmin olunmaları üçün müraciət etməmişdir. Müəssisənin baş mexaniki Əlizadə Nəsimi çıxış edərək bildirmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin 18 may tarixli sərəncamları ilə tanışdır. İstehsalat zərurəti ilə əlaqədar olaraq 49 ədəd avtomaşının agentliyin tabeliyində olan və müxtəlif rayonlarda yerləşən Yol İstismarı müəssisələrinə verilmiş və həmin sürücülərin idarə etdikləri avtomaşınla müvafiq idarələrdə işlə təmin olunması sərəncamlarda nəzərə alınmışdir. Lakin yuxanda qeyd olunan 12 nəfər bu sərəncamlarla əlaqədar narazılıqlarını bildirərək müxtəlif dövlət orqanlarına müraciət göndərmişlər. Ştat vahidlərinin azaldılması və avtomaşınların balansdan çıxarılıb digər müəssisələrin balansına verilməsinə görə bu sürücülərin saxlanılması mümkün deyil. Qanunvericiliyə əsasən həmin sürücülərlə əmək müqaviləsinə xitam verilməsi mümkündür. Müəssisənin baş iqtisadçısı Abdullayev Zaur çıxış edərək ştat vahidlərinin azaldılması ilə əlaqədar əmək haqqı fondunun da azaldığını və həmin sürücülərlə əmək müqaviləsinə xitam verilməsinin vacibliyini qeyd etmişdir. Belə kı, əmək qanunvericiliyinə əsasən həmin sürücülərə xəbərdarlıq edilməli və onlara 2 aylıq orta əmək haqqı məbləğində müavinətin ödənilməsinin vacibliyi nəzərə çatdırdı. Müəssisənin kadrlar şöbəsinin rəisi Məmmədova Atət çıxış edərək AAYDA rəhbərliyinin 18 may 2021 -ci il tarixli sərəncamlarına əsasən, 49 ədəd avtomaşın müxtəlif X19 balansına verilmiş və təhkim olunmuş sürücülərin müvafiq idarələrdə işlə təmin olunması nəzərdə tutulmuşdur. Əksər sürücülər təhkim olduqları avtomaşınla birlikdə halhazırda müxtəlif Yol istismarı müəssisələrində çalışırlar, lakin yuxarıda qeyd olunan 12 nəfər sürücü imtina edərək avtomaşınları təhvil vermiş, lakin əmək müqavilələrinə xitam verilməsi üçün müraciət etməmişlər. ... AAYDA-nın 18 may 2021-ci il tarixli sərəncamlarına əsasən balansdan çıxarıb digər tabelikdə olan müəssisələrin balansına verilmiş avtomaşınların sürücülərinin həmin müəssisələrdə işlə təmin olunmasından imtina etdiklərinə və sərəncama əsasən ştat vahidlərinin azadılmasına əsasən həmin sürücülərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi mümkün hesab edilsin”. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli 100, 91, 97, 92 və 101 nömrəli əmrlərin surətlərindən görünür ki, həmin əmrlərlə iddiaçıların idarə etdikləri avtomobil balansdan çıxarılıb başqa yol istismarı müəssisəsinin balansına verildiyi üçün 23.07.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildiyi üçün “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin "xxxx" MMC-nin sürücüləri vəzifəsindən azad edilmiş və onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. İş materiallarında olan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin "xxxx" MMC-nin direktoruna ünvanlanmış təşəkkür məktubudan görünür ki, N nömrəli hərbi hissənin komandiri Klos Abbasov tərəfindən müəssisəyə İddiaçı4, İddiaçı1 və digər 11 sürücünün qorxmadan və çəkinmədən təminatı vaxtında çatdırılmasında böyük səy göstərdiklərinə görə və müəssisə tərəfindən sürücülərin zəhmətinin qiymətləndirilməsinə görə təşəkkür bildirilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin komandiri Klos Abbasov tərəfindən imzalanmış Fəxri Fərmandan görünür ki, İddiaçı4 Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarının işğaldan azad olunması zamanı aparılan döyüş əməliyyatlarında sürücü kimi göstərdiyi nümunəvi xidmətinə görə təltif olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissənin komandiri Klos Abbasov tərəfindən imzalanmış Fəxri Fərmanlardan görünür ki, İddiaçı1 və İddiaçı4 Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarının işğaldan azad olunması zamanı aparılan döyüş əməliyyatlarında sürücü kimi göstərdikləri nümunəvi xidmətlərinə görə təltif olunmuşlar. İş materiallarında olan N nömrəli hərbi hissənin komandiri Elzamin Behbudov tərəfindən imzalanmış Fəxri Fərmandan görünür ki, İddiaçı5 “Vətən Müharibəsi” zamanı döyüş tapşırığının layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə təltif olunmuşdur. Eyni zamanda İddiaçı5 valideynlərinə də təşəkkür məktubu ünvanlanmışdır. İş materiallarında olan arayışdan görünür ki, 10.05.2021-ci il tarixdən 26.10.2021-ci il tarixədək "xxxx" MMC-yə 10 nəfər ehtiyat sürücü qəbul edilmişdir. İş materiallarında olan və tərəflər arasında bağlanmış eyni tipli yarımçıq doldurulmuş əmək müqavilələrindən görünür ki, iddiaçıların əmək funksiyası “yüklərin vaxtında daşınması”ndan ibarətdir və onların müəssisədə saxlanılmasının hər hansı konkret avtomobilin mövcudluğu ilə şərtləndirilməsi həmin müqavilələrin məzmununda öz əksini tapmır. ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən ləğv edilə bilər. ƏM-nin 71-ci maddəsinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. ƏM-nin 77-ci maddəsinə görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən isə, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, əsgər və zabitlərin arvadına (ərinə), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə, xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 14.07.2005-ci il tarixdən, İddiaçı3 01.07.2010-cu il tarixdən, İddiaçı2 07.02.2008-ci il tarixdən, İddiaçı4 19.07.2005ci il tarixdən və İddiaçı5 14.09.2011-ci il tarixdən əmək müqavilələrinə xitam verilmiş müəssisə ilə əmək münasibətlərindədirlər. Yəni, yuxarıda sadalanan maddi hüquq normalarının məzmunundan göründüyü kimi, iddiaçıların on ildən çox əmək stajı var və onlar əmək müqavilələri ləğv edilməmişdən azı doqquz təqvim həftəsi əvvəl rəsmi xəbərdar edilməli idi. Yalnız onların razılığı ilə həmin müddət əmək haqqının 2 misli ilə əvəz edilə bilərdi. 28.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə bildirmişdir ki, iddiaçıların qeyd olunan məsələyə dair razılığı alınmamış və buna heç zərurət də yox idi. İş materiallarından göründüyü kimi, iddiaçılara (hər iki tərəfin məhkəmə iclasında təsdiq etdiyi kimi, onlar 21.05.2021-ci il tarixdən müəssisəyə buraxılmadığı halda) 01.06.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, 23.07.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən əmək müqavilələrinə xitam verilməsi haqqında əmrlər qəbul edilmişdir. Həmin əmrlərdə əsas olaraq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin 18.05.2021-ci il tarixli sərəncamlarına istinad edilmiş, halbuki həmin sərəncamlarda işçilərin sayının və ya ştatlarının ixtisar edilməsinə dair hər hansı qeyd mövcud deyildir. Sürücünün müəssisədə sırf yalnız konkret qeyd olunan avtomobili idarə edə bilməsi və həmin avtomobil müəssisənin balansında olmadığı halda işçinin mütləq qaydada həmin müəssisədən işdən çıxarılmalı olmasının hüquqi əsasları nə iddiaçılar tərəfindən, nə də ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdə öz əksini tapmır. Sürücülər 10 ildən artıq müddətdir ki, qeyd olunan müəssisədə işləmiş, onların təcrübəli sürücü olması cavabdehin nümayəndəsi tərəfindən də məhkəmə iclaslarında dəfələrlə səsləndirilmiş, onlara münasibətdə işlədikləri müddət ərzində işəgötürən tərəfindən hər hansı intizam tənbehinin tətbiq edilməsi iş materialları ilə təsdiq olunmur, əksinə onların X6 sürücü kimi göstərdikləri nümunəvi xidmətləri Fəxri Fərmanlarda qeyd olunub. Eyni zamanda müəssisədə ümumiyyətlə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib olunmuş müvafiq sənədlər məhkəməyə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilməmişdir. Cavabdeh müəssisədə işçilərin sayının ixtisar olunması halını sübutetmə vəzifəsi iddiaçıların deyil, cavabdehin üzərinə düşür. "xxxx" MMC sübut etməli idi ki, həqiqətən işçilərin sayının ixtisar edilməsinə zərurət yaranmış və ixtisarı zəruri edən hallarla bağlı aydın qənaətə gəlmək üçün sübutlar təqdim edilmə idi. Lakin bunun əksi olaraq "xxxx" MMC tərəfindən məhkəməyə arayış təqdim olunmuşdur ki, 24.06.2021-ci il, 25.06.2021-ci il, 06.07.2021-ci il, 07.07.2021-ci il, 09.07.2021-ci il, 15.07.2021-ci il və 02.08.2021-ci il tarixlərdə müəssisəyə ehtiyat sürücü vəzifəsinə 10 nəfər sürücü qəbul edilmişdir. Belə olan halda iddiaçılarla bağlanmış əmək müqavilələrinə 23.07.2021-ci il tarixdə “işçilərin sayı və ya ştatları ixtisar edildiyi” əsası ilə xitam verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Eyni zamanda iddiaçıların işdən azad olunarkən onların işdə saxlanması məsələsi ümumiyyətlə müzakirə olunmamışdır. Halbuki, ƏM-in 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İş materiallarından görünür ki, iddiaçılar uzun illərdir həmin işdə çalışır, təcrübəli və nümunəvi sürücü olmaları cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilməmiş və məhkəmə gedişi zamanı iddiaçıların peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlı dəlillər irəli sürülməmişdir. Qeyd olunan halların mövcudluğu müəssisədə ixtisarın həqiqətən aparılmasını şübhə altına almağa əsas verir. Qeyd edilməlidir ki, vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir. Kiminsə hər hansı dövlət orqanına və ya vəzifəli şəxsə ərizə ilə müraciət etməsinə görə dolayı yolla cəzalandırılması qanuni və əsaslı hesab edilə bilməz. "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə hərbi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, iddiaçıların hüquqlarının pozulmasına şahiddir. O, özü də iddiaçılarla birlikdə X6 iştirak etmişdir və müharibədən sonra işəgötürənlə yaranmış problemlərə görə şikayət ərizəsini imzalayan sürücülərdəndir. O, hal-hazırda da həmin müəssisədə sürücü vəzifəsində işləyir və hansı əsaslarla iddiaçılar ixtisar olunduqda işdə saxlanmasını bilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, müəssisədə iddiaçıların hüquqlarının pozulmasının şahid olmuş, eyni zamanda o da həmin hüquqları pozulan şəxslər sırasındadır. Müəssisənin özbaşınalıqları nəticəsində iddiaçılar, eyni zamanda onlar kimi o özü də işdən azad olunmuşdur. X17 başlayan zaman sürücüləri maşınları ilə birlikdə müharibəyə yola saldılar, əlbəttə ki, müharibədə iştirak etmək onların borcu idi. O, anası xəstə olduğu üçün dərman almaq üçün evə gedib, müəssisəyə geri qayıtdığı zaman, ona Məzahir Mahmudov “Vətən xaini” damğası vuraraq, guya o, müharibədə iştirak etmək istəmir deyə onu məcburən ərizə yazdıraraq işdən azad etmişdir. Həmçinin müəssisədə işləyən zaman onlara hər ay ağ boş kağızı imzaladırdılar. Eyni zamanda müəssisə rəhbərliyinin X6 iştirak etdikdən sonra haqqlarını tələb edən sürücülərin, məhz şikayət ərizələri yazdıqları üçün işdən azad edilmələrinin şahidi olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, iddiaçılardan İddiaçı4 onun qardaşıdır. O, özü də iddiaçılarla birlikdə X6 iştirak etmişdir. Həmçinin ştatın ixtisara düşməsi ilə əlaqədar işdən azad olunan sürücülərdəndir. Qardaşı ona zəng edib bildirəndə ki, bir sıra sürücü müəssisədən müvafiq orqanlara şikayət etmək istəyir, ona dedi ki, şikayət etmək lazım deyil. Lakin bir qrup sürücü eyni zamanda qardaşı İddiaçı4 da daxil olmaqla şikayət ərizəsini hazırladılar. Halhazırda cavabdehin nümayəndəsi qismində çıxış edən Nümayəndə onu çağırıb dedi ki, sən şikayət məsələsinə qarışma səni işə geri qaytaracam. Lakin, vədlərinə əməl etmədi. Növbəti dəfə müəssisəyə qayıdan zaman ona bildirildi ki, səni qardaşın Zaurun şikayətinə görə işdən çıxartdıq. Eyni zamanda müəssisə rəhbərliyi ona bildirdi ki, şikayət ərizəsi yazan şəxsləri onsuz burda işləməyə imkan verməyəcəyik. Beləliklə iddiaçılar, eyni zamanda onlar kimi digər sürücülər müəssisənin qanunsuz hərəkətləri nəticəsində işsiz qalıb. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o da iddiaçılar kimi həmin müəssisədə sürücü vəzifəsində işləmişdir. Eyni zamanda iddiaçılar ilə X6 iştirak etmişdir. O, öz ərizəsinə əsasən işdən azad edilmişdir. Lakin bunu istəyərək etməmişdir. Belə ki, iddiaçılar kimi o da işləməyə başqa rayona göndərilmişdir. Bu zaman həmişə işlədikləri şərtlərdən fərqli olaraq heç bir xərclərini müəssisə qarşılamırdı. Bu hal özü də məqsədli olub. Belə ki, 300 manat maaşla yemək, qalmaq, və digər xərclərin qarşılanmadığı yerdə işləmək qeyri-mümkündür. O və digər sürücülər müharibədən sonra öz haqqlarını tələb etdikləri üçün onları məqsədyönlü şəkildə idarədən uzaqlaşdırdılar. Müəssisədə işləyən zaman hər ay gəlib ağ blankları imzalayıb gedirdilər. Həmin ağ kağızı imzalamadıqları təqdirdə onları ezam etmirdilər. Daha sonra həmin kağız müəssisə rəhbərliyi tərəfindən doldurulurdu. Eyni zamanda müəssisə rəhbərliyi tərəfindən icarəyə maşınların verilməsindən xəbərdar idi, lakin özü icarə haqqı verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o da iddiaçılar kimi həmin müəssisədə sürücü vəzifəsində işləmiş, və iki il əvvəl işdən azad edilmişdir. Səbəb kimi isə maşını işlədən zaman müəssisə rəhbərliyinə icarə haqqı ödəməməyi olmuşdur. Hər ay müəssisə rəhbərliyi sürücülərdən 1000 manat icarə haqqı tələb edirdi. Yəni bu müəssisə rəhbərliyinin birinci qanunsuz hərəkəti deyil. İddiaçıları da öz haqqlarını tələb etdikləri üçün işdən azad edildiyi barədə məlumatı var. İddiaçılara qarşı törədilən qanunsuz hərəkət barəsində onu müəssisədə işləyən qohum sürücülər də məlumatlandırmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, iddiaçılara qarşı olunan qanunsuz hərəkətlərin şahidi olmuşdur. O da müəssisədə 10 il sürücü işləmiş və eyni zamanda iddiaçılarla birlikdə X6 iştirak etmişdir. Müharibədən qayıtdıqdan sonra onlara bildirildi ki, işlə təmin olunacaqlar. Bir sıra sürücünü aldatdılar ki, sizləri Zəfər yolunun salınmasında sürücü kimi işləməyə göndərəcəyik, maşınınızı təmir edin. O, işlətdiyi maşına 2000 manatdan artıq pul qoymuşdur. Lakin vədləri yalan oldu və ştatın ixtisara düşməsini əsas gətirərək onu və iddiaçıları işdən azad etdilər. Eyni zamanda bu müəssisənin ilk qanunsuz hərəkəti deyil. Müəssisə rəhbəri Məzahir Mahmudov ondan ayda 1000 manat icarə haqqı alırdı. Həmçinin hər ay ağ boş blanka imza atırdılar. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı şəkildə X6 iştirak etmiş və döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş şəxslərin sosial problemlərinin həlli, gündəlik həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində mütəmadi addımlar atılır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir və həmin şəxslərin Azərbaycan Respublikası qarşısında olan xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının təcəssümüdür. Belə olan halda faktiki olaraq müharibədən təzəlikcə qayıtmış şəxslərlə bağlanmış əmək müqavilələrinə formal əsaslara görə xitam verilməsi nə qanuni, nə də ki, insani dəyərlər prizmasından ədalətli hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, qeyd edir ki, işdə olan və araşdırılmış sübutlarla cavabdehin iddiaçılara münasibətdə mübahisələndirilən əmrlərin qanunsuz olması, bunun nəticəsində iddiaçıların əmək hüquqlarına müdaxilə baş verməsi halı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının tutulması hissədə təmin etməklə düzgün nəticəyə gəlmiş, tərəflərin tələb və etirazları üzrə tam və hərtərəfli araşdırma aparmış, sübutları düzgün qiymətləndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası cavabdehin analoji əsaslarla verdiyi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdi. ƏM-nin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı ezamiyyə xərclərinin ödənilməsi hissədə təmin etməməkdə haqlı olmuşdur. “X7”nın İ bölməsinin 1-ci bəndində qeyd olunur ki, ... daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Həmin Qaydaların İ bölməsinin 2-ci bəndində göstərilib ki, təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Həmin Qaydaların İ bölməsinin 4-cü bəndinə müvafiq olaraq, işçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz. Həmin Qaydaların İİ bölməsinin 6-cı bəndinə əsasən isə, ... respublika ərazisində daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) təşkilatların işçilərinə ezamiyyə xərcləri (yemək xərcləri) əvəzinə hər gün üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən məbləğdə vəsait ödənilir. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 6-cı bəndinə müvafiq olaraq, daimi iş vaxtı yolda keçən və gedişgəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15 manat əlavə vəsait verilir. Birinci isntansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC tərəfindən cəbhə bölgəsinə ezam olunmuş sürücülərə ezamiyyət haqqı olaraq gündəlik 39 manat ödənilmişdir. İddiaçılar isə bunun əksini təsdiq edə bilməmiş, tələblərini qeyd edilən hissədə əsaslandırmamışlar. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçıların izahatı isə, özü-özlüyündə iddianın qeyd edilən hissədə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə qanuni və əsaslıdır. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(001)-7767/2021 saylı qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(001)- 7767/2021 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar