Məhkəmə qərarları › İş №2(103)-2265/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2265/2021

15.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2265/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qarşı "mənzil” tələbinə (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3534/2020 saylı mülki işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən ona yeni mənzilin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası DİN BDYTİ Bakı şəhəri NEMM üzrə YTD-nin sosial məişət inkişaf üzrə birgə iclasının 1 saylı protokolundan çıxarışı (səh.10), xx.xx.2005-ci il tarixli, 221 saylı Maraqlı şəxs sərəncamdan çıxarışı (səh.14), Maraqlı şəxs xx.xx.2020-ci il tarixli İddiaçı ünvanlanmış məktubu (səh.21) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3534/2020 saylı mülki işi üzrə, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 78.1, 81, 82, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1, 52.1, 385.1, 389.1, 405.1, 405.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, sənədlərlə iddiaçının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işləməsi, onun cavabdehin balansında olan mənzil növbəsində olması ilə bağlı sübutlar mövcud deyil. X5 Zavodu ilə Neftayırma müəssisələri üzrə YTD arasında ikitərəfli razılaşma mövcud olmuşdur. Həmin kollektiv razılaşmaya əsasən, müəssisədəçalışan işçilərin müəyyən bir hissəsi mənzil növbəsinə götürülmüş həmin kollektiv razılaşma üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz üzərinə hər hansı öhdəlik götürməmişdir. Belə ki, həmin vaxt müqavilə tərəfi olan X5 Zavodu öz üzərinə müvafiq öhdəliklər götürmüşdür. Azərbaycan Respublikası DYMX Neftayırma müəssisələri üzrə YMD-nin iddiaçıya ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, hazırda NM üzrə YMD Heydər Əliyev adına NEZ ilə "Yanğından Mühafizənin təşkili” haqqında ikitərəfli illik müqavilələr bağlayır və həmin müqavilədə YMD-nin əməkdaşlarının zavod tərəfindən mənzil növbəsinə götürülməsi bəndi nəzərə alınmır. Bu baxımdan qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu tələblərə cavab verməli olmayan hüquqi şəxsdir. Məhkəmə belə qənaətə gələrkən, iddiaçının müvafiq subyektiv hüquqa malik olmamasını, onun subyektiv hüququnun pozulmamasının, cavabdehin bu pozuntunu etməməsini əsas götürmüşdür. İddiaçı apellyasiya şikayəti ilə müraciət edərək, Nərimanov rayon Məhkəməsinin 2(005)- 3534/2020 nömrəli işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiamı təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 26, 125, 129-cu maddələrinə istinadən qeyd edilmişdir ki, müqaviləyə əsasən, uzun bir müddət təqaüdə çıxanadək kollektivi ilə yanaşı, sonuncunun öz əmək fəaliyyətini həyata keçirmişdir. Xidmətləri qarşılığında Kirov rayon Xalq deputatlar sovetinin xx xxxxxxx 1986-ci il tarixli 47/369 nömrəli qərarı ilə mənzil növbəsinə götürülmüşdür. Daha sonra müraciətinə əsasən, xx xxxxxx 2005-ci il tarixli Bakı şəhəri, X4 üzrə Yanğın Təhlükəsizliyi dəstəsinin xx xxxxxx 2005-ci il tarixli sosial- məişət inkişafı üzrə birgə iclasın 1 saylı protokolunun qərarına əsasən, 6(altı) nəfər ailə tərkibi ilə dəstənin ümumi mənzil növbəsinə keçirilmişdir. Qərarın təsdiqi üçün Maraqlı şəxs qarşısında qaldırılmış vəsatətə uyğun olaraq, xx xxxx 2005-ci il tarixli 221 nömrəli sərəncamla bu qərar təsdiq edilmişdir. Məhkəmə iclasında cavbdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, ARDNŞ mənzil növbəsi ilə bağlı hər hansı öhdəlik daşımadığı üçün Azərbaycan Respublikası DİN-ə müraciət etməyini bildirmişdir. Cavabdehin nümayəndəsinə qəti etiraz edərək, onun fikrinin tam əsassız olduğunu bildirib. Hakimdən xahiş edib ki, cavabdeh 2004-cü ildə “Azneftyağ” NEZ ilə YTD arasında bağlanan müqaviləni məhkəməyə təqdim etsin. Məhz həmin müqavilə əsasında mənzil növbəsinə götürülmüşdür. YTD-nin əməkdaşlarının mənzil uçotu “Azneftyağ” NEZ-da həyata keçirilmişdir. YTD-nin rəisi Tofiq Məcidovla “Azneftyağ” NEZ-nin direktoru Ramiz Mİrzəyev arasında olan razılaşmaya əsasən əməkdaşların mənzil uçotu və sənədləri YTD-nə götürülmüşdür. Bunun əvəzində zavod üçün inşa edilən mənzillərin 5% YTD əməkdaşlarına ayrılırdı. Məhz buna görə də Tofiq Məcidovun məhkəməyə şahid qismində dəvət edilmısini hakimdən xahiş edib. Bütün bu xahişləri hakim tərəfindən nəzərə alınmayıb. Cavabdehin nümayəndəsinin Daxili İşlər Nazirliyinə müraciət etməyini bildirməsinə gəldikdə isə DİN əməkdaşı kimi müqavilə əsasında zavodun Yanğın Təhlükəsizliyini qoruyurdular. Bütün maliyyə işləri və mənzil məsələləri “Azneftyağ” NEZ-u tərəfindən həyata keçirilirdi. Sözü gedən müəssisə tərəfindən əməkdaşlarına mənzillər verilmişdir. Cavabdehin nümayəndəsi də hərçənd bəzi YTD əməkdaşlarına mənzil verilməsini etiraf etmişdir. NEMM üzrə YTD-nin əməkdaşlarının mənzil uçot sənədləri hər il Xətai RİH- də təsdiq olunurdu. Buna görə də Xətai RİH-ni maraqlı şəxs kimi qeyd etmiş, İH-i mənzil-uçot sənədlərini hər il təsdiqlədiyi halda, 2010-cu ildən bəri təsdiqlənmir. Sual olunur nə səbəbə görə Xətai İH nümayəndəsi məhkəməyə gəlmədi? Sənədlərin niyə 2010-cu ildən bəri təsdiqlənmədiyi barədə izahat tələb olunmadı? . Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, 1986-cı ildən mənzil növbəsində olduğunu, yaşam vəziyyəti ağır olduğundan mənzil növbəsi ilə bağlı müraciət etdiyini, Azərbaycan Respublikası DİN-nin YMO ilə Socar arasında müqavilənin mövcud olduğunu, mənzil uçot sənədlərinin 2010-cu ildən bəri təsdiqlənmədiyini, bir çox əməkdaşlara mənzil verilməsinə baxmayaraq onun müraciətinə baxılmadığını bildirmişdir . Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətlərinin dəlillərinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (qüvvədən düşmüş) 20, 31-39; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 218.3, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz, və apellyasiya əsassız olduğundan onun (ödənilmiş dövlət rüsumu) üçün çəkilən məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3534/2020 saylı mülki işi üzrə, xx xxxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar