Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2265/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azneft İB-dən 28 may NQÇİ-dən 2018-ci ilin mart ayından etibarən 40 ay üçün aylıq 300 (üç yüz) manat fərq olmaqla, cəmi 12000 (on iki min) manat pul vəsaitinin onun xeyrinə ödənilməsi və bundan sonra ona 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsi üzrə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Qafarova, iş №2(009)-2472/21) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 12.03.2018-ci il tarixə kimi 28 May NQÇİ-nin qazın ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı sexinin sıxıcı kompressor stansiyasında 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsində işləmişdir. 19 noyabr 2016-cı il tarixdə yanacaq qaz klapanlarının yüklənməsi zamanı yük üstünə aşmış, daha sonra ayağında qəfil ağrı hiss etmişdir. Bu bədbəxt hadisə səbəbilə əməliyyat, olunmuşdur. Onda sol baldırın “axil vətəri”nin tam qopması müəyyən edilmişdir. Bu səbəbdən ona üçüncü dərəcəli müddətsiz əlillik verilmişdir. Göstərilən hadisədən və əlillik verilməsindən sonra vəzifəsi dəyişdirilmişdir. Hal-hazırda da həmin müəssisədə daha yüngül vəzifədə və daha aşağı məvaciblə fəaliyyətini davam etdirir. Belə ki, cavabdeh 28 May NQÇİ-də mövcud olan vakansiyaya əsasən elmi tədqiqat və istehsalat işləri sahəsində vakant olan 4-cü dərəcəli kimyəvi təhlil üzrə laborant peşəsi yüngül iş kimi ona təklif edilmişdir. Həmin təklif edilən vaxt cavabdeh qurum onu aldadaraq ona əvvəlki vəzifə üzrə əmək haqqının saxlanılacağını bildirmişdir. Lakin, göründüyü kimi onun hazırda işlədiyi vəzifə üzrə həm dərəcəsi aşağı salınmış, həm də əmək haqqı aşağıdır. Belə ki, əvvəlki vəzifəsində 2018-ci ildən etibarən əmək haqqı aylıq 1300 manat təşkil edir, lakin yeni vəzifədə 1000 manat təşkil edir. Halbuki, qanunvericiliklə əlillik təyin olunan şəxsin əmək haqqının aşağı salınması qadağandır. Onun əlilliyi nəzərə alınmaqla vəzifəsi dəyişdirilsə belə əmək haqqı olduğu kimi saxlanılmalı idi. O, əmək haqqı aşağı olan işə keçirilməklə bərabər ixtisas dərəcəsi də səbəb olmadan 5-ci dərəcədən 4-cü dərəcəyə salınmışdır. Həmçinin qeyd etmək zəruridir ki, onun əvvəl işlədiyi vəzifənin əmək haqqında artım olmuş, nəticədə o, həmin artımdan da yararlana bilməmişdir. 2018-ci ildən etibarən iddiaçı xəstəliyi ilə bərabər maddi sıxıntılarla üzləşmişdir. Ruhi xəstə olan azyaşlı övladının saxlanılması xərclərini lazımınca qarşılaya bilməmişdir, iztirab keçirmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək onun əsassız olduğunu bildirmiş və rədd olunmasını xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, iddiaçı bu ana qədər özü üçün dəqiqləşdirə bilməmişdir ki, onun aldığı xəsarət bilavasitə yük qaldırarkən, yaxud iş yoldaşlarının onu vurması nəticəsində yaranmışdır. İddiaçı üçün iddia qaldırarkən, yaxud məhkəmə baxışı zamanı bu faktın dəqiqləşdirilməsi çox vacib idi. Əgər iddiaçının aldığı xəsarət həqiqətən iş yoldaşları tərəfindən cinayət əməli nəticəsində yetirilmişdirsə, bu hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Buna görə də, əgər iddiaçı aldığı xəsarəti cinayət törədilməsi nəticəsində almışdırsa, iddia həmin əsasa görə də təmin edilə bilməzdi. İddiaçının baş vermiş hadisə ilə əlaqədar Pirallahı rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından narazı qalaraq bir neçə dəfə yuxarı prokurora, həmçinin Pirallahı rayon məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə müraciət etməsi də onu göstərir ki, o, aldığı xəsarətin daha çox iş yoldaşları tərəfindən ona yetirildiyi qənaətindədir. Əks halda istintaq orqanının qərarı ilə razılaşaraq məhkəmələrə də müraciət etmək hüququndan istifadə etməzdi. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddianın heç bir əsası yoxdur və bununla bağlı iddiaçı heç bir sübut təqdim etməmiş, iddiaçı qanuna müvafiq qaydada 06.02.2018-ci il tarixli müayinə aktına əsasən 3-cü dərəcəli əlillik qrupuna görə öz razılığı ilə yüngül işlə təmin olunmuşdur. İddiaçının yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi üzrə əmək haqqının alınmasına dair iddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini zəruri hesab edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində irəli sürülən eyni məzmunlu dəlillərlə yanaşı birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olması, işin hallarının düzgün müəyyən olunmaması və qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması və s. ilə də əsaslandırılmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına əsasən iddiaçı 21.08.1997ci il tarixdə “28 May” NQÇİ-nin 2 saylı sıxıcı kompressor stansiyasına 5-ci dərəcəli texnik vəzifəsinə işə qəbul edilmiş, 03.12.2001-ci il tarixdə ərizəsinə əsasən Qazın yığılması, hazırlanması və kompressor təsərrüfatı sexinin Sıxıcı kompressor stansiyasına 4-cü dərəcəli təmirçi çilingər peşəsinə keçirilmiş, 28.09.2004-cü il tarixdə həmin peşə üzrə 5-ci dərəcə almış, 01.09.2008-ci il tarixdə onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Tibbi-Sosial Ekspert Komissiyasının 06.02.2018-ci il tarixli rəyi ilə iddiaçıya müddətsiz 3-cü qrup əlillik təyin edilmiş və yüngül işlərdə işləyə bilməsi müəyyən edilmişdir. 01.03.2018-ci il tarixdə “28 May” NQÇİ-nin rəisinin, Həmkarlar İttifaqı Komitəsinin sədrinin, iddiaçının və digər şəxslərin iştirakı ilə iddiaçının 06.02.2018-ci il tarixli müayinə aktına əsasən ona verilmiş 3-cü qrup əlillik dərəcəsinə görə yüngül işlə təmin olunması məsələsinə baxılmış, iddiaçıya yüngül peşə kimi Elmi tədqiqat istehsalat işləri sahəsində vakant olan laborant vəzifəsi təklif olunmuş, o, həmin peşəyə keçməsinə razılıq verərək ərizə yazmışdır. Bu barədə 01.03.2018-ci il tarixdə akt tərtib edilmiş və aktı iştirakçılarla birlikdə İddiaçı da imza etmişdir. İddiaçı Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Neftin, qazın və suyun kimyəvi analiz laboratoriyasına 4-cü dərəcəli kimyəvi təhlil üzrə laborant peşəsinə keçirilməsi üçün “28 May” NQÇİ tərəfindən “Azneft” İB-nə müraciət edilmiş və sonuncu tərəfindən etiraz etmədiyi bildirilmişdir. İddiaçı 12.03.2018-ci il tarixdə ərizə ilə “28 May” NQÇİ-yə müraciət edərək, Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Neftin, qazın və suyun kimyəvi analiz laboratoriyasına kimyəvi təhlil üzrə laborant peşəsinə keçirilməsini xahiş etmiş, həmin tarixdə “28 May” NQÇİ-nin Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Neftin, qazın və suyun kimyəvi analiz laboratoriyasına 4-cü dərəcəli kimyəvi təhlil üzrə laborant vəzifəsinə keçməsi ilə bağlı onunla bağlanmış 01.09.2008-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilmiş, 12.03.2018-ci il tarixli 124-k saylı əmr ilə iddiaçı “28 May” NQÇİ-nin Qazın ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı sahəsinin sıxıcı kompressor stansiyalarına 5-ci dərəcəli təmirçi çilingər vəzifəsindən “28 May” NQÇİ-nin Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Neftin, qazın və suyun kimyəvi analiz laboratoriyasına 4-cü dərəcəli kimyəvi təhlil üzrə laborant vəzifəsinə keçirilmişdir. İddiaçı əlilliyi nəzərə alınmaqla vəzifəsi dəyişdirilsə belə əmək haqqının olduğu kimi saxlanılmalı olduğunu bildirərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi əmək haqqı fərqinin ödənilməsi barədədir. Məhkəmə Əmək Məcəlləsinin 2, 3, 12, 42, 46, 232.1-ci maddələrinə və s. normalara istinad edərək və iddiaçının öz ərizəsinə əsasən yüngül işə çüçdiyini, bunun əksinin sübut olunmadığını, eləcə də pul tələbi üzrə iddia müddətinin keçdiyini nəzərə alaraq iddia tələbini əsassız saymış və rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətinin əsas dəlili qətnamə çıxarılarkən Əmək Məcəlləsinin 232.3-cü maddəsinin tələbinin pozulması barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, Əmək Məcəlləsinin 232.3-cü maddəsi iddiaçının tələbinin əsaslı deyil, əsassız olduğunu təsdiq edir. Belə ki, məhz həmin norma işin müəyyən edilən hallarına əsasən iddiaçıya əmək haqqı fərqinin ödənilməsini mümkünsüz edir. Əmək Məcəlləsinin 232.3-cü maddəsinə əsasən iş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir. Maddənin məzmunundan göründüyü kimi, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq işçiyə əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir. İşin mübahisəsiz halıdır ki, iddiaçıya 06.02.2018-ci il tarixdə 3-cü qrup əlillik təyin edilmiş, 12.03.2018-ci il tarixdə müvəqqəti deyil, daimi olaraq yüngül işə keçirilmişdir. Göründüyü kimi, iddiaçı yüngül işə əllillik təyin olunanadək deyil, əlillik təyin olunduqdan sonra keçirilmişdir. Qeyd edilənlərə əsasən iddiaçının əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi tələb etməsi üçün hüquqi əsas olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2265/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2265/2022
20.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver