Məhkəmə qərarları › İş №2(103)-2267/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2267/2023

31.03.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2267/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Elmədin Rəhimovun, Cavabdeh2, onun vəkili və nümayəndəsi Ramil Əliyevin iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, “BMW” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mexaniki zədə alması nəticəsində vurulan zərərə görə subroqasiya qaydasında 1.080 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 1.080 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat, cəmi 1.110,40 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə Cavabdeh2 aid hissədə ləğv edilsin və iddianın Cavabdeh2 qarşı yönəlmiş hissəsi təmin edilməsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, onun vəkili və nümayəndəsi Ramil Əliyevin apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Elmədin Rəhimov apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin Cavabdeh2 aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissə ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, xx.xx.2013-ci ildə sığorta hadisəsi baş verib. Cavabdeh1 idarə etdiyi “VAZ 21074” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını pozaraq “BMW” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub, həmin avtomobilə mexaniki zədə yetirib. “VAZ 21074” markalı avtomobilin sahibinin mülki məsuliyyəti iddiaçı tərəfindən icbari qaydada sığortalanıb, ona görə də iddiaçı “BMW” markalı avtomobilin mexaniki zədə almasına görə 1.100 manat sığorta ödənişi verib. Hadisə baş verən zaman Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə edib. Ona görə də iddiaçı subroqasiya qaydasında 1.080 manat tələb edir. İddiaçı Cavabdeh2 qarşı tələbi onunla əsaslandırıb ki, “VAZ 21074” markalı avtomobil Cavabdeh2 məxsusdur. Lakin müəyyən olunur ki, avtomobilin mülkiyyətçisi Telman Tağıyev olub (iş v. 18, BDYPİ-nin arayışı). O, iş üzrə cavabdeh deyil, ona qarşı iddia verilməyib. Cavabdeh2 avtomobilin mülkiyyətiçisi olmadığından və ya hadisə baş verən zaman avtomobili idarə etmədiyindən iddiaçının ona qarşı subroqasiya hüququ yaranmayıb. Beləliklə, məhkəmə “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə Cavabdeh2 aid hissədə ləğv edilməli və iddianın ona qarşı yönəlmiş hissəsi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin və İddiaçı Sığorta Şirkəti ASC-nin iddiasının Cavabdeh2 qarşı yönəlmiş hissəsi rədd olunsun. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat İddiaçı Sığorta Şirkəti ASC-dən Cavabdeh2 xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar