Məhkəmə qərarları › İş №2(103)-2267/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2267/2025

28.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2267/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Babaliyeviçin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-570/2025 saylı 17 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, 2/7 nömrəli evin 79 nömrəli mənzili xx.xx.1994-cü il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə iddiaçının oğlu və gəlinidir. Cavabdehlər 2018-ci ildə nikaha daxil olmuşlar. İddiaçı hazırda cavabdehləri onun mülkiyyətində olan mənzilindən əşyaları ilə birlikdə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, 2/7 nömrəli evin 79 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 2/7, mənzil 79 onun xüsusi mülkiyyətindədir və ona bu barədə xx.xx.1994-cü il tarixli Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsininin Qeydiyyat Vəsiqəsi verilmişdir. Təxminən 5-6 il əvvəl cavabdehlər Cavabdeh1, oğlu Cavabdeh2 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Ailə qurmazdan əvvəl oğlu ondan xahiş etdi ki, ailə qurandan sonra onlara bir müddət ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 2/7, mənzil 79-da yaşamağa icazə versin, sonra isə arvadı Cavabdeh1 ilə birlikdə ona bağışladığı Şüvəlan qəsəbəsində yerləşən evə köçüb gedəcəklər. O, da oğlunun bu xahişinə etiraz etməmişdir. Beləliklə də oğlu və Cavabdeh1 ailə quraraq onun evində yaşamağa başladılar. Məhkəmənin nəzərinə onu da çatdırır ki, o, oğlu Cavabdeh2 Şüvəlan qəsəbəsində yerləşən ev bağışlamışdır. Lakin Cavabdeh1 Şüvəlan qəsəbəsində yerləşən evdə yaşamaq istəmədiyi üçün indiyə kimi oğlu və Cavabdeh1 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 2/7, mənzil 79-da yaşamağa davam edirlər. Cavabdehlər mütəmmadi olaraq öz aralarında səbəbsiz yerə mübahisə edirlər, evinə qonaqlar çağırırlar, səs-küy yaranır. O, və həyat yoldaşı X3 yaşlı insanlardır, bu kimi hallar onlara çox pis təsir edir. Onlar öz mənzillərində sakit yaşaya bilmirlər. Sadaladığı hallar bir mülkiyətçi kimi onun hüquqlarını pozur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-570/2025 saylı 17 yanvar 2025ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, nə qədər ki, Cavabdeh2 iddiaçının ailə üzvü olaraq iddiaçının mülkiyyətində olan mənzildə rəsmi qeydiyyatda olmaqla yaşadığından, yəni hazırda onun iddiaçının mülkiyyətində olan mənzildə istifadə hüququna xitam verilmədiyindən iddia tələbi təmin edilə bilməz. Cavabdeh1 yönəlmiş hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, nə qədərki iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməmişdir, onun arvadına yəni Cavabdeh1 münasibətdə də təmin edilə bilməz. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iştirak edən Cavabdeh2 2016-cı il tarixdən həmin evdə qeydiyyatda olmaqla yaşadığını, digər Cavabdeh1 isə 2019-cu il tarixdən həmin evdə rəsmi qeydiyyatda olmaqla yaşadığını bildirmişlər. Belə olan halda məhkəmənin qətnaməni əsaslandırmaq üçün Azərbaycan SSR-in xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcələsinə istinad etməsi əsassızdır. Həmçinin cavabdehlərin yaşaması üçün oğlu Cavabdeh2 Şüvəlan qəsəbəsində yerləşən ev bağışlamışdır. Lakin Cavabdeh1 Şüvəlan qəsəbəsində yerləşən evdə yaşamaq istəmədiyi üçün indiyə kimi oğlu və Cavabdeh1 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhələ, ev 2/7, mənzil 79-da yaşamağa davam edirlər. Göründüyü kimi, cavabdehlərin yaşamağa evi var və bu hal onların mübahisəli mənzildən istifadə etmək zərurətini aradan qaldırır. Həmçinin hesab edir ki, məhkəmənin Cavabdeh1 onun ailə üzvü kimi qiymətləndirərək, mülkiyyətində olan məzildən çıxarılmasını əsassız hesab etməsi qanunun tələbinə uyğun deyildir. Qeyd edilənlərə əsasən hesab edir ki, mükli işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halar aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Cavabdeh1 onun ailə üzvü sayılmır. Belə olan halda onun mübahisəli mənzildən istifadə hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014cü il tarixli qərarı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi – iddia tələbinin Cavabdeh1 yönəlmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, 2/7 nömrəli evin 79 nömrəli mənzili xx.xx.1994cü il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə iddiaçının oğlu və gəlini olmaqla oğlu Cavabdeh2 2016-ci il tarixdən sözügedən mənzildə rəsmi qeydiyyata düşməklə, iddiaçının gəlini Cavabdeh1 isə 2019-cu il tarixdən sözügedən mənzildə qeydiyyatda olmaqla yaşamağa başlamışlar. İddiaçı hazırda cavabdehlərin onun mülkiyyətində olan evdə tez-tez dava dalaş saldığlarından və mülkiyyətində olan mənzildən sərbəst istifadəsinə maneə yaratdığından onun mülkiyyətində olan mənzilindən əşyaları ilə birlikdə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh1 aid hissədə dəlillərinə qiymət vermədən öncə iddianın Cavabdeh2 yönəlmiş hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh2 iddiaçının oğlu olmaqla mübahisəli mənzildə 2016-cı ildən etibarən qeydiyyatda olmaqa yaşamaqla iddiaçıya münasibətdə ailə üzvü olduğundan eləcə də mübahisəli mənzildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin istinad edilən qərarları baxımından onun həmin mənzilə istifadə hüququ mövcuddur və həmin hüquqa xitam verilməmişdir. Belə olan halda iddia tələbi Cavabdeh2ya münasibətdə əsassız olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə kollegiya razılaşır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin digər Cavabdeh1 aid hissəsində gəldiyi nəticə ilə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında mübahisəli hüquq münasibətləri 2009-cu ildən sonrakı dövrdə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin istinad edilən qərarlarına əsasən hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəları tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi isə Azərbaycan SSR-in xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123.1-ci maddəsinə və 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə istinad etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi mübahisəyə eyni zamanda 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə istinad etsə də, nəzərə almamışdır ki, cavabdehin mülkiyyətçinin razılığı ilə mənzilə qeydiyyata alınması və köçürülməsi faktı olmuş olsa belə Cavabdeh1 mənzilə istifadə hüququ yaranmamış və yaranmadığı hüquqa isə xitam verilməsindən söhbət gedə bilməz. Həmçinin də kollegiya hesab edir ki, Cavabdeh1 mülkiyyətçinin ailə üzvü statusuna malik olmamaqla yanaşı mənzilə istifadə hüququ yaranmadığı üçün iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməsi, iddianın onun arvadı olan Cavabdeh1 münasibətdə də təmin edilə bilməməsi kimi hüquqi nəticəyə səbəb olmur. Başqa sözlə, Cavabdeh1 istifadə hüququ yalnız öz ailə üzvlərinə (ər, övlad, ata, ana) münasibətdə sonunculara məxsus evdə köçüb yaşamaqla yarana bilər. Sadalanan xüsusatlara və istinad edilən qanunvericilik aktlarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 qeyd edilən mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü olmadığından onun 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin tələbləri baxımından mənzildən istifadə hüququ yaranmasına dair birinci instansiya məhkəməsinin nəticəsi səhvdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 mübahisəli əmlaka istifadə hüquqları yaranmadığından iddiaçı onun mənzildən çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 aid hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin Cavabdeh1 yönəlmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-570/2025 saylı 17 yanvar 2025-ci il tarixli qətnaməsi iddia tələbinin Cavabdeh1 yönəlmiş hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, 2/7 nömrəli evin 79 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxarılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar