Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2277/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi, mənəvi zərərin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğvi, işə bərpa və s. tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-5295/2024 nömrəli qətnaməsindən və xx.xx.2025-ci il tarixli, e-2(006)- 5295/2024 nömrəli əlavə qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2023-cü il tarixdə Sərnişin Daşımaları Departamenti İstismar Xidmətində təchizat sexinə hərəkət heyətinin yuyucu və təmizləyici vəzifəsinə qəbul edilmiş və iddiaçının öz xahişi əsasında cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Əmr departament rəisinin müavini, rəis vəzifəsini müvəqqəti icra edən X3 tərəfindən imzalanmışdır.
2. Əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı tərəfindən əmək müqaviləsinin ləğv edilməsi barədə Sərnişin departamentinin rəisi X1 adına ünvanlanmış ərizə forması doldurulmuş, öz xahişi ilə xx.xx.2024-cü il tarixdən işdən azad olunması barədə qeyd etmişdir.
3. Sərnişin Daşımaları Departamentinin əsasnaməsinin 1.1, 1.5, 5.3.11 və 5.4-cü bəndlərində qeyd olunmuşdur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – ADY) Sərnişin daşımaları departamenti (bundan sonra – Departament) ADY-nin bu Əsasnamə ilə müəyyən edilən səlahiyyətləri həyata keçirən onun tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan struktur qurumudur. Departamentin ştat vahidlərinin sayı müvafiq qaydada ADY-nin sədri tərəfindən təsdiq edilir. Departament rəisi - vəzifəyə təyin və vəzifədən azad edilməsi ADY tərəfindən həyata keçirilən işçilər istisna olmaqla, əmək qanunvericiliyinə və ADY-nin daxili qaydalarına uyğun olaraq Departamentin işçiləri ilə əmək müqavilələri bağlayır, onların şərtlərini dəyişdirir və müəyyən edilmiş qaydada ləğv (xitam) edir, işçilər barəsində qanunvericiliklə müəyyən olunmuş hədlərdə həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsini təmin edir. Departament rəisi ezamiyyətdə, məzuniyyətdə olduqda, habelə bu və ya digər səbəbdən vəzifələrini icra edə bilmədikdə, onun səlahiyyətlərini ADY-nin sədrinin əmri ilə müəyyən edilən müavini və ya digər şəxs həyata keçirir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmrin ləğvi, işə bərpa və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun öz xahişi ilə işdən çıxma ərizəsinin etibarsız hesab edilməsi; cavabdeh "xxxx" QSC-nin struktur bölməsi olan sərnişin daşımaları departamentinin rəisinin müavininin xx.xx.2024-cü il tarixli 13-1-19/3-10- 5611/2024 saylı əmrinin ləğv edilməsi; onun "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin təchizat sexinə hərəkət heyətinin yuyucu-təmizləyicisi vəzifəsinə bərpa edilməsi; qanunsuz işdən çıxarıldığına görə, işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq cavabdeh "xxxx" QSC tərəfindən ona ödənilməsi; 60 manat mediasiya xərcinin cavabdeh "xxxx" QSC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh "xxxx" QSC-nin struktur bölməsi olan sərnişin daşımaları departamentinin rəisinin müavininin xx.xx.2024cü il tarixli 13-1-19/3-10-5611/2024 saylı əmri ilə "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin təchizat sexinə hərəkət heyətinin yuyucu-təmizləyicisi vəzifəsindən xx.xx.2024-cü il tarixdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Cavabdeh "xxxx" QSC-nin struktur bölməsi olan sərnişin daşımaları departamentinin rəisinin müavini xx.xx.2024-cü il tarixli 13-1-19/3-10-5611/2024 saylı əmrini «İddiaçı ərizəsi» ilə əsaslandırmışdır. O, əmri qanunsuz və əsassız hesab edir. Belə ki, o, 2014-cü ildən cavabdeh "xxxx" QSC-nin müxtəlif struktur bölmələrində işləmiş, əmək funksiyalarını əmək müqaviləsinə uyğun şəkildə yerinə yetirmişdir. Lakin son dövrdə departamentinin rəhbər işçiləri dəyişdikdən sonra ona əsassız olaraq iş yerini dəyişməyi təklif edilmiş, işdən çıxmaq barədə təzyiqlər edilməyə başlanılmışdır. Sonra isə departamentin rəhbər işçiləri onu aldadaraq ona işdən çıxma barədə ərizə yazmağı təklif etmiş, bunun guya formal olmasını bildirmiş, 1 aydan sonra onu "xxxx" QSC-də başqa işlə təmin edəcəklərinə söz vermişlər. O, departamentin nümayəndələrinin sözlərinə inanaraq həmin ərizəni vermiş, amma onun barəsində guya öz ərizəsinə əsasən işdən çıxması barədə xx.xx.2024-cü il tarixli əmr imzalandığını öyrənmişdir, halbuki, onun öz xahişi ilə işdən çıxmasına dair heç bir istəyi, fikri olmamışdır. Bundan sonra dəfələrlə "xxxx" QSCnin rəhbərliyinə şikayət etsə də, bunun heç bir nəticəsi olmamış, o, işə bərpa edilməmişdir. Beləliklə, cavabdeh onu faktiki olaraq aldadaraq, ona iradəsi əleyhinə, guya öz xahişi ilə işdən çıxma ərizəsi yazdırılmış, 1 ay keçdikdən sonra isə qanunsuz olaraq işdən çıxarılmışdır. Bundan başqa, cavabdeh "xxxx" QSC-nin struktur bölməsi olan sərnişin daşımaları departamentinin rəisinin müavininin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 13-1-19/3-10-5611/2024 saylı əmrini imzalamaq səlahiyyəti də olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək mübahisəsinin həll edilməsi üçün mediasiya təşkilatına müraciət edilmişdir, müvafiq arayış alınmışdır
6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəyə əsasən iddiaçı xx.xx.2024-cü il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Əmr tam qanuni və əsaslıdır. Həmçinin, iddiaçı aldadılaraq işdən çıxma barədə ərizə yazdığını bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
7. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbi həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehdən vurulmuş mənəvi zərərə görə 5.000 manat məbləğində pul tutulmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkilinin) vəsatəti ilə dindirilmiş Şahid3 öz izahatında bildirmişdir ki, 2013-cü ildən pandemiyaya qədər 37 və 38-ci qərargah vaqonlarında bələdçi işləmişdir. İşlərinin öhdəsindən uğurla gəlmişdir. Həmişə nümunəvi işçi olmuşdur. Onları yəni, Sütunla onu aldadaraq çağırmışlar. Emil Qafanlı onların bilavasitə rəhbərləridir və rəhbər olan gündən yuxarı rəhbərliyin onlarla işləmək istəmədiklərini bildirmişdir. Emil Qafanlı onları müqavilənin uzadılması bəhanəsi ilə kadrlar şöbəsinə getmələrini bildirmişdir. Asim müəllim onları qəbul etdi. Ona dedi ki, Emil və Azər müəllim deyib ki, onlardan narazıdır və onlarla işləmək istəmirlər. Bu səbəbdən yoxlama məqsədi ilə 1 aylıq müqavilə uzadılacaq və müddət bitəndən sonra onların məsələsinə baxılacaq. Ərizəni yazmağa məcbur etdi və bildirdi ki, ərizəni yazıb imzalamasalar maddə ilə işdən çıxarılacaqlar. Ərizəni yazıb imzalamışlar və ərizənin məzmunu ilə tanış deyillər. Həmçinin bildirmişdir ki, 2020-də vəzifəsi ixtisara düşdü. Daha sonra DOST agentliyi onları yuyucu-təmizləyici vəzifəsində ADY-də işlə təmin etdi. Bir müddət o vəzifədə işləmişlər. Son vaxtlarda yeni işçilər qəbul edilmişdi, yeni işçilər hətta qapıların necə açılıbbağlanmasını belə bilmirdilər, yeni işçilərə işi Sütunla birlikdə öyrədib. Hətta müqavilənin 23 avqustda bitməsinə baxmayaraq 24 avqustda da onları işlətmişdilər. Sonrakı gün səhər onlara zəng edib dedilər ki, işdən çıxarılıblar, daha gəlməsinlər. O da, Sütun da bunu bilən kimi mediasiyaya müraciət etmişlər. Lakin Sütundan fərqli olaraq o, daha sonra bu məsələni məhkəmədə mübahisələndirməmişdir. Heç bir səhvi olmadan eyni vaxtda çıxarılmışlar, Emil Qafanlı onları aldatmışdır, onun da Sütunun da heç vaxt işdən çıxmaq niyyəti olmamışdır.
9. Məhkəmə iclasında cavabdehin vəsatətinə əsasən dindirilmiş Şahid2 öz izahatında bildirmişdir ki, "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamentində hüquq məsləhətçisi vəzifəsində çalışır. Sütun xanımı cəmi 1 dəfə görüb. Onu işə götürən də, müqaviləsinə xitam verən də rəhbər X2r. Sütun xanımı qəbul edəndə müəyyən etdi ki, öz ərizəsi ilə işdən çıxmaq istəyir. Məsləhət gördü ki, rəhbərin yanına getsin. Orada ifadə verdi ki, iş yükü ağırdır və çatdıra bilmir. Sütun xanım 24 iyulda ərizəsini yazdı. Ona izah etmişdir ki, əgər tarixi bu günə qoysa onunla bu gün sağollaşacaqlar. Bu səbəbdən məsləhət görmüşdür ki, tarixi 1 ay sonraya yəni, 24 avqust qeyd etsin. Vaxtı çatanda əmr verildi və bununla bağlı sistemdə müvafiq düzəlişləri etmişdir. Xatırladığı qədəri ilə, Sütun xanım özü gəlmişdi. Onu heç kəs yönləndirməmişdi. Ərizəni insan resurslarında yazıb. Ərizəni özü öz xətti ilə yazmış və öz imzası ilə imzalamışdır.
10. Məhkəmə iclasında cavabdehin vəsatətinə əsasən dindirilmiş Şahid1 öz izahatında bildirmişdir ki, "xxxx" QSC-nin İnsan Resursları şöbəsində rəis müavini vəzifəsində çalışır. Sütun xanım xx.xx.2013-cü il tarixdə işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, 1 ay sonra müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Həmin tarixdən sonra onlara ərizəni geri götürməsi barədə məlumat daxil olmamış və əmək müqaviləsinə xitam verilmişdir. Sütun xanım xx.xx.2024-cü il tarixdə şöbəyə yaxınlaşaraq bildirdi ki, müqaviləsinə xitam verilsin. Prosedur belədir ki, ərizə verilir və hüquq şöbəsi ilə məsləhətləşdirildikdən sonra xitam verilir. Asim müəllimlə məsləhət olunduqdan sonra məlum oldu ki, heç bir qanun pozuntusu yoxdur və müqaviləsinə xitam verildi. Ona ərizədə xitamı bir ay sonra üçün qeyd etməsi barədə heç bir təklif, tövsiyə və ya məsləhət olunmayıb. Öz iradəsi ilə ərizəni o formada yazaraq işdən çıxıb. Ona blank verilmişdi ki, ərizədəki müvafiq yerləri doldurub imza çəksin. 2020-də bəzi vəzifələr ixtisar edildikdən sonra DOST agentliyi ilə müqavilə bağlanmışdı. Sütun xanımı da DOST agentliyi ADY-yə bərpa etmişdi. Həmçinin, əvvəlki dövrdə yoxlamalar aparılmışdı və şöbəyə təqdimat daxil olmuşdu ki, təmizlik işlərində bəzi problemlər var. Bununla bağlı Sütun xanıma xəbərdarlıq edilmişdi.
11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 5295/2024 nömrəli qətnaməsi ilə (hakim V.V.Musayeva) iddia tələbi təmin edilmiş, İddiaçı öz xahişi ilə işdən çıxma barədə xx.xx.2024-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, İddiaçı işdən azad olunması barədə "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1-19/3-10- 5611/2024 saylı əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" QSC-də Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Təchizat sexinin Hərəkət heyətinin yuyucutəmizləyicisi vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq İddiaçı ödənilməsinin "xxxx" QSC-yə həvalə edilməsi, ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
12. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı 2014-cü ildən etibarən hazırki iş üzrə cavabdeh olan təşkilatda müxtəlif vəzifələrdə əmək fəaliyyəti göstərmişdir. Hətta işçi vəzifə dəyişikliyi ilə əlaqədar bir neçə dəfə işdən azad olunma barədə ərizə yazaraq işdən azad olunmuş, lakin əmək kitabçasında aparılan qeydlərə əsasən elə eyni tarixlərdə (həmin gün və ya növbəti gün) eyni təşkilatda başqa vəzifələrdə işə yenidən qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş birbaşa rəhbər şəxs kimi E.Qafarlı ilə iddiaçı arasında olan yazışmalardan və səsli mesajlardan aydın olur ki, iddiaçı məhz həmin şəxsin təsiri ilə (iddiaçıya yenidən işə qəbul olunacaqlarına dair vəd verilməsi ilə) işdən çıxma barədə ərizə yazmışdır. Hazırki əmək bazarında işlə təmin olunması baxımından çətinlik çəkmək ehtimalı yüksək olan 50 yaşlarında bir xanımın yuyucutəmizləyici işindən azad olunmasına dair ərizə verməsi bir o qədər də ağlabatan görünmür. Cavabdehin nümayəndəsi adətən belə bir halın daha çox iddiaçı kimi əmək funksiyalarının ağırlığından narazı olan xanımların rahat iş tapmaları, lakin sonradan həmin işin alınmaması ilə əsaslandırsa da, göründüyü kimi iddiaçı belə bir iş tapması müqabilində işdən azad olma barədə ərizə yazmamışdır. İddiaçı həqiqətən daha rahat iş tapmış olsa idi, həmin rahat işi itirməmək üçün daha tez əmək münasibətlərinə xitam verilməsi xahişi ilə çıxış edərdi. İddiaçı işdən azad olunduğunu bildiyi andan təxirə salınmadan mediasiya prosesinə başlamışdır (Mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü ildə qarşı tərəfə göndərilmişdir).
13. Cavabdeh tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı və onun kimi eyni gündə işdən azad edilmiş şəxs tutduqları vəzifədə əmək funksiyalarının ağırlığından narazılıq etmişlər və nəticədə işdən azad olunmalarına dair ərizə ilə müraciət etmişlər. Məhkəmə iddiaçı və onunla eyni gündə işdən azad edilmiş şəxsin birbaşa tabe olduqları rəhbər şəxsin təsiri ilə işdən azad olunmalarına dair ərizə yazmalarını daha inandırıcı hesab edir, onların işin ağırlığından narazılıqlarının olması istisna olunmasa da, bu narazılıqla işdən tam olaraq azad edilmələri üçün ərizə yazmaq həddində olmalarını inandırıcı hesab etmir. İddiaçı tərəfindən təqdim edilmiş E.Qafarlı ilə yazışmalardan aydın olur ki, iddiaçı işdən azad olmaq istəməmişdir. Tam olaraq iddiaçının məhz həmin şəxsin təkidi ilə insan resursları şöbəsinə yaxınlaşması yazışmaların ekran görüntüsündə öz əksini tapmışdır. Habelə həmin şəxs iddiaçıya həmin şöbədə Bəyim adlı xanıma yaxınlaşmasını aydın şəkildə yazmışdır. Bundan başqa, iddiaçı bundan sonrakı yazışmalarda da həmin şəxsdən iş barədə maraqlanmış, şəxs isə ona “çalışarıq alınsın” deyə ümid vermişdir. Həqiqətən də 23 iyul 2024-cü ildə ərizə yazaraq xx.xx.2024-cü il tarixdən işdən azad olunmasını arzulayan şəxs rəhbərinə bu cür məzmunlu mətnlər ünvanlamaz. Aydındır ki, iddiaçı hansısa vəd qarşılığında yanılaraq bu addımı atmışdır.
14. Hazırki işdə isə məhkəmə yuxarıda qeyd edilən halları və iddiaçının təqdim etdiyi sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab etmişdir ki, iddiaçı işdən çıxmaq barədə ərizəsini öz iradəsi əsasında deyil, baş vermiş hadisələrdən dolayı aldadılma nəticəsində iradəsi əleyhinə yazmağa məcbur qalmış və bu fakt məhkəmə gedişatında tədqiq edilmiş sübutlarla, işin halları ilə və məhkəmə iclasında iddiaçı tərəfin verdiyi izahatlarla, habelə dindirilmiş şahid ifadələri öz təsdiqini tapmışdır. Yazışmaların və məhkəmə iclasında dinlənilmiş səs yazılarının məzmunu iddiaçının öz xahişi ilə işdən azad olunmasına dair ərizəni könüllü şəkildə yazmadığı, işdən çıxmaq məqsədi və niyyəti olmadığı qənaətinə gəlməyə kifayət qədər əsas verir.
15. Göründüyü kimi, iddiaçı iradəsinin əleyhinə olaraq işəgötürənin öz xahişi ilə işdən azad edilməsi barədə təqdim etdiyi formanı doldurmuş, işdən öz xahişi ilə azad olunmaq niyyəti və istəyi olmamış, həmin ərizə əsas götürülərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
16. İddiaçının 23 iyul 2024-cü il tarixli işdən çıxma barədə ərizəsinin etibarsız hesab edilməsi tələbi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iş üzrə araşdırılmış hallar iddianın bu hissədə də əsaslı hesab edilməsinə və iddiaçı tərəfindən işdən azad edilməsinə dair yazdığı ərizənin onun həqiqi iradə ifadəsini əks etdirməməsinə dair nəticəyə gəlməyə əsas verir. Bu səbəbdən, iddia tələbi əsaslı hesab edilməklə iddiaçının işdən azad olunması barədə verdiyi ərizəsi etibarsız hesab edilməli, həmin ərizə əsasında barəsində verilmiş işdən çıxma barədə əmr ləğv edilməli, iddiaçı işə bərpa edilməli, işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir.
17. Məhkəmə iddia tələbinin cavabdeh "xxxx" QSC-nin struktur bölməsi olan sərnişin daşımaları departamentinin rəisinin müavininin İddiaçı vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli əmr verməyə səlahiyyətinin olmamasına dair dəlili ilə bağlı bildirmişdir ki, iddiaçının işdən azad edilməsinə dair əmr iddiaçının hazırki məhkəmə qətnaməsi ilə etibarsız hesab edilən ərizəsi əsasında verildiyindən əsassız sayılmaqla ləğv edilməlidir, əmrin əlavə olaraq səlahiyyətli şəxs tərəfindən imzalanıb-imzalanmaması baxımından qiymətləndirilməsinə zərurət yoxdur.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddənin İİ və Vİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, 125-ci maddəsinin 7-ci hissəsinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə, Əmək Məcəlləsinin 2, 10-cü maddələrinə, 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə, 69-cu maddəsinin 1-5-ci hissələrinə, 7-ci hissəsinə, 76-cı maddəsinin 2-ci bəndinə, 83.1, 83.2, 300-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 2.3, 339.1, 339.2, 339.3 və 339.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verilmədiyindən, xx.xx.2025-ci il tarixli, e-2(006)-5295/2024 nömrəli əlavə qətnamə ilə İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğvi və işə bərpa» tələbinə dair iddiası mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilmiş, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən vurulmuş mənəvi zərərə görə 500 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
20. Əlavə qətnamə belə əsaslandırılmışdır ki, iddiaçının işə bərpa barədə tələbi üzrə aparılmış araşdırma zamanı onun əsassız olaraq işdən azad edilməsi müəyyən edilmiş, kifayət qədər əziyyətli əmək funksiyalarını icra edən işçinin aldadılaraq işdən azad edilməsi və bunun nəticəsində minimal gəlirindən məhrum olması onda mənəvi sarsıntı yaratmaya bilməzdi. Odur ki, işçiyə əsassız olaraq işdən azad edilməsi nəticəsində vurulmuş mənəvi zərərə görə ağlabatan həddə pul kompensasiyası ödənilməlidir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195ci maddəsinin b yarımbəndinə, 196-cı maddəsinin 5-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 229.1.1, 229.1.2, 229.1.3, 229.2, 229.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin və əlavə qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı öz iradə ifadəsini, yəni işdən çıxma istəyini bir təqvim ayı qabaqcadan yazılı ərizə formasında işəgötürənə təqdim etmiş, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra iddiaçı işə çıxmamış, əmək kitabçasını təhvil almışdır. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borclu olduğu üçün iddiaçının həmin istəyini əsas götürərək, bir təqvim ayı tarixinin tamamında iddiaçının işdən azad olunmasına dair əmr vermişdir. Həmin ərizəni iddiaçı öz əlyazması ilə yazmış və şəxsən imzalamışdır. Lakin məhkəmə bu sübutu iddiaçının iddia tələbinin rədd edilməsinin mötəbər sübutu kimi qiymətləndirməmişdir. Digər tərəfdən, iddiaçı onun aldadılması və ya ona qarşı hər hansısa zor tətbiq edilməsinə dair heç bir hüquq mühafizə orqanlarına və ya əmək müfəttişliyinə müraciət etməmiş, həmçinin, xəbərdarlıq müddəti bitənədək ərizəsini geri götürməmiş və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verməmişdir. Bu da onu sübut edir ki, cavabdeh tərəfindən iddiaçıya heç bir qanunsuz hərəkət, o cümlədən də hər-hansı bir formada təzyiq edilməmiş, iddiaçı öz iradəsi ilə əmək müqaviləsinin ləğv edilməsini istəmişdir. Birinci instansiya məhkəməsi isə məsələyə səthi yanaşaraq Avropa Məhkəməsinin müxtəlif qərarlarında təsbir olunmuş ədalətli yanaşma və araşdırma prinsiplərini pozmuşdur. Həmçinin, əgər məhkəmənin qeyd etdiyi kimi ərizə işəgötürən tərəfindən iddiaçıya aldadılma nəticəsində yazdırılmışdırsa məntiqi nəticəyə görə işəgötürən bu zaman ərizədə əmək müqaviləsinin ləğv edilməsi tarixini 1 ay xəbərdarlıq müddəti gözləmədən daha tez bir tarixə yazdırardı (Məsələn, ərizənin yazıldığı tarixlə eyni gün, 24 iyul). Təəssüflər olsun ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qeyd etdiyimiz əsas xüsusatlardan heç birinə nəzər yetirməmiş və ümumiyyətlə qətnamədə bu məsələyə dair qeydlər etməkdən yayınmışdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələbə baxarkən iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunun hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini, onun hansı mənəvi sarsıntı və iztirablar keçirməsini aydınlaşdırmamış, məhkəmə iclasında bu məsələlər müzakirə olunmamışdır. Məhkəmə iddiaçının işə bərpa olunması barədə qətnamə qəbul etdiyi üçün mə nə vi ziyan tələbini törəmə tələb adlandırmış, formal olaraq mənəvi ziyana görə 500 manat ödənilməsi barədə qətnamə (əlavə qətnamə) qəbul etmişdir. Məhkəmə iddiaçı tərəfindən sübut kimi təqdim edilən “WhatsApp” tətbiqi ilə aparılan yazışmaların (telefonun ekran şəklinin) kim tərəfindən yazılmasını, təqdim edilən yazışmaların hansı nömrələr arasında aparılmasını, həmin nömrələrin kimə məxsus olmasını, eyni zamanda səs yazılarındakı səsin kimə məxsus olmasını, yəni həmin səs yazısının Emil Qafarlıya məxsus olmasının həqiqiliyini müəyyən etməmişdir. Bununla bağlı, hər hansı ekspertiza təyin etməmiş, Emil Qafarlı məhkəmə iclasına şahid qismində dəvət olunmamış, şəxsiyyəti müəyyən edilməmişdir. Yalnız şəkillər üzrə və məhkəmə iclasında dinlənilən səs yazısı əsasında məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı birbaşa rəhbəri tərəfindən aldadılaraq işdən çıxma barədə ərizə yazmışdır. Bu halda məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxması faktı, sübutu düzgün qiymətləndirməsi şübhə doğurur. Bunu da qeyd etmək istəyirik ki, həmin səs yazısı və yazışmalar Emil Qafarlı tərəfindən aparılmış olsa belə o, işəgötürən şəxs deyil, onun iddiaçını işə götürmək və ya işdən azad etmək səlahiyyəti yoxdur. İşəgötürən isə Emil Qafarlının hərəkətlərinə görə cavabdeh deyil. İddiaçı ilə Emil Qafarlı arasında şəxsi münasibətlər zəminində müəyyən söhbətlər olubsa belə onun verdiyi vədə görə “ADY” məsuliyyət daşımır. Beləliklə, məhkəmə tərəfindən iddianın heç bir əlavə araşdırma aparılmadan təmin edilməsi onun mübahisəyə birtərəfli yanaşmasının göstəricisidir. Həmçinin, məhkəmə qətnaməsindən görünür ki, iddiaçının vəsatəti ilə dindirilmiş Şahid3 öz izahatında bildirmişdir ki, iddiaçı ilə birgə ərizəni yazaraq imzalamışlar, lakin ərizənin məzmunu ilə tanış deyillər. Lakin iş materiallarında olan ərizəyə baxdıqda müəyyən olunur ki, əmək müqaviləsinin ləğv edilməsi barədə ərizənin sol hisəsində yalnız hazır şablon hissə, sağ hissəsində isə iddiaçının öz xətti ilə qeyd etdiyi məlumatlar yerləşir. Oradakı məlumatların hamısı ərizə yazan şəxsin özü tərəfindən doldurulmalıdır. Bu halda həmin şəxsin ərizənin məzmunu ilə tanış olmaması faktı həqiqət deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, apellyasiya şikayətini tamamilə əsassız hesab edir. Həmçinin, İddiaçı bildirir ki, cavabdeh "xxxx" QSC-nin təqdim etdiyi aktda göstərilən vəzifələr onun əvvəlki vəzifəsinə uyğun deyildir (əvvəlki vəzifəsi hərəkət heyətinin yuyucu-təmizləyicisi olduğu halda, aktda xidməti otaqları yığışdıran vəzifəsinin təklif olunduğu qeyd edilib) və aktda təklif edilən iş yerlərinin Bakı şəhərinin ətraf qəsəbələrində və ya ümumiyyətlə, daha uzaqda, Sumqayıtda yerləşdiyi göstərilir. Buna görə də, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5295/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, Emil Qafarlı sahə rəisi olaraq işləyib, o, işəgötürən şəxs deyil. Sosial şəbəkə vasitəsi ilə danışmaları, vədlər vermələri onların arasında baş verən prosesdir. Emil Qafarlı sosial şəbəkə yazışmalarında olan səs yazısının ona məxsusluğunu qəbul etsə belə, bu Emil Qafarlını işəgötürənlə eyniləşdirmir. Belə olan halda işəgötürən, Emil Qafarlının etdiklərinə və dediklərinə görə məsuliyyət daşımamalıdır. İddiaşı 20 Yanvar ərazisində yaşayır. Təklif olunan vəzifələr həmin əraziyə yaxın yerlərdə yerləşdir. Nümayəndə ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçının əmək kitabçasına diqqət yetirilsə, onun 2021-ci ildə cavabdeh təşkilatdan işdən çıxdıqdan sonra DOST xidmətində işə qəbul olunmuşdur. Belə ki, pandemiya dövründə dəmir yollarında boşdayanma mövcud idi. Əgər cavabdeh iddiaçıya qərəzli mövqedə olsaydı, DOST xidmətinə qəbul edildikdən sonra onu işə qəbul etməzdi. 2023-cü ildə işə qəbul edilərkən iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanılmışdır. O, işdən çıxan zaman əmək müqaviləsinin müddəti bitməmişdi. İddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə işə qəbul edilmişdir.
26. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
27. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, iddiaçı hüquqşunasın ona ərizəni bir ay sonrakı tarixə yazmasını dediyini bildirir. Lakin əgər bu işəgötürənin təşəbbüsü ilə baş versəydi, bir aya deyil, daha qısa müddətə yazdırardı. Mənəvi ziyanla bağlı hissədə birinci instansiya məhkəməsi iddiaçının hansı mənəvi sarsıntı keçirtməsini araşdırmamış və təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim olunmamış, formal nəzəriyyə əsasında qətnamə qət edilmişdir. Hesab edir ki, bu hissədə də qətnamə əsassızdır. Bundan başqa, Emin Qafarlı iş üzrə şahid qismində cəlb edilməmiş, habelə ekspertiza keçirilməmişdir. Məhkəmə iş materiallarında olan yazışmaların Emil Qafarlı ilə olmasını, telefon nömrəsinin ona məxsusluğunu araşdırmamışdır. Nümayəndə ona verilmiş suala cavab olaraq bildirmişdi ki, birinci instansiya məhkəməsi icraatı zamanı Emil Qafarlının şahid qismində cəlb edilməsi ilə bağlı cavabdeh tərəfindən vəsatət verilməmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2.”a”. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69.4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 104.6. Şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırki işdə qətnamə və əlavə qətnamə ilə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin əlavə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək mənəvi zərərin tutulması ilə bağlı iddia tələbi təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
34. İşdən görünür ki, iddiaçı 2014-cü ildən etibarən hazırki iş üzrə cavabdeh olan təşkilatda müxtəlif vəzifələrdə əmək fəaliyyəti göstərmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Sərnişin Daşımaları Departamenti İstismar Xidmətində təchizat sexinə hərəkət heyətinin yuyucu və təmizləyici vəzifəsinə qəbul edilmiş və cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işdən azad edilməsinə dair iddiaçının yazdığı ərizə onun həqiqi iradə ifadəsini əks etdirməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş birbaşa rəhbər şəxs kimi Emil Qafarlı ilə iddiaçı arasında olan yazışmalardan və səsli mesajlardan aydın olur ki, iddiaçı məhz həmin şəxsin təsiri ilə (iddiaçıya yenidən işə qəbul olunacaqlarına dair vəd verilməsi ilə) işdən çıxma barədə ərizə yazmışdır. Əgər iddiaçı həqiqətən başqa iş tapması müqabilində ərizəni yazsaydı, həmin rahat işi itirməmək üçün əmək münasibətlərinə daha tez xitam verilməsi xahişi ilə çıxış edərdi.
36. Həmçinin iddiaçının E.Qafarlı ilə yazışmalarından aydın olur ki, o, işdən azad olmaq istəməmiş, əksinə, işi barədə maraqlanmışdır.
37. İşdən o da müəyyən edilir ki, cavabdeh təşkilatda işçilərin öz xahişi əsasında işdən azad olunması, sonradan yenidən həmin təşkilatda işə qəbul edilməsi praktikası mövcuddur.
38. Belə ki, işdə olan iddiaçının əmək kitabçasının surətindən müəyyən olunur ki, onunla bağlanmış əmək müqaviləsinə işçinin öz xahişi əsası ilə xx.xx.2021-ci il tarixdə xitam verilmiş, həmin tarixdə yenidən cavabdeh təşkilatda işə qəbul olunmuş, bundan sonra xx.xx.2022-ci il tarixdə yenidən onunla bağlanmış əmək müqaviləsinə işçinin öz xahişi əsası ilə xitam verilmiş, xx.xx.2022-ci il tarixdə yenidən cavabdeh təşkilatda işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə yenidən onunla bağlanmış əmək müqaviləsinə işçinin öz xahişi əsası ilə xitam verilmiş, növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə yenidən cavabdeh təşkilatda işə qəbul edilmişdir.
39. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı məhz cavabdehin əvvəlki rəftarına güvənərək xx.xx.2024-cü il tarixli öz xahişi ilə işdən azad olunması barədə ərizəsini yazmışdır.
40. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan səs yazısının və telefon nömrəsinin Emil Qafarlıya məxsus olmasının müəyyən edilməsi barədə ekspertizanın təyin olunması, habelə Emil Qafarlının şahid qismində cəlb edilməsi ilə bağlı vəsatət təqdim etməmiş, beləliklə də öz prosessual hüquqlarından istifadə etməmişdir.
41. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh təşkilatda işçilərin sayının çox olması və iddiaçının işlədiyi vəzifə nəzərə alınmaqla onun tərəfindən cavabdeh təşkilatın rəhbərliyi ilə birbaşa əlaqə qurma imkanı çox aşağı olduğundan, işlədiyi bölmənin (şöbənin) rəhbəri, daha sonra kadr şöbəsinin əməkdaşı və hüquq məsləhətçisi ilə müzakirələrin aparılması, bunun nəticəsində xx.xx.2024-cü il tarixdə onun həqiqi iradəsini əks etdirməyən ərizənin yazılmasına görə məsuliyyət iddiaçının üzərinə qoyula bilməz.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
43. Bununla belə, məhkəmə kollegiyası iddiaçının mənəvi zərər tələbi ilə bağlı çıxarılmış əlavə qətnaməyə münasibətdə hesab edir ki, əlavə qətnamə ləğv edilməli və bu tələb təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin hərəkətlərin nəticəsində mənəvi zərərə məruz qalması ilə bağlı hər hansı sübutu birinci instansiya məhkəməsinə təqdim etməmişdir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 5295/2024 nömrəli əlavə qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərər” tələbinə dair iddiası təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 5295/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: