Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2278/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2313/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. 19 saylı MİS tərəfindən verilmiş mənzil kirayəçisi haqqında 19009 saylı məlumata əsasən İddiaçı Salyan yolu, dalan 3, 3 saylı özbaşına tikili olan evin xx.xx.2011-ci ildən kommunal xidmətlərini ödəmək məqsədilə ərizəsi əsasında 28 saylı forma üzrə arayış tərtib edilmişdir.
2. Mənzil-Kommunal xidməti üçün DĞM seriyalı 346304 nömrəli xx.xx.2011-ci tarixli mədaxil qəbzinin kserosurətindən görünür ki, Bakı şəhəri, Salyan yolu, dalan 3, ö/t 3A ünvan üzrə kommunal ödənişləri İddiaçı tərəfindən ödənilmişdir.
3. Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yaşayan X2 xx.xx.2020-ci il tarixli ərizəsinin baxılmasına dair Səbail RPİ-nin 8-ci polis sahə inspektoru tərəfindən tərtib edilmiş arayışından görünür ki, ərizədə T.Məmmədova Salyan yolu, 3 ünvanında foto atelye kimi istifadə olunan yerinə ona məxsus olmasını bacısı rəhmətə getdikdən sonra oranın kimin istifadə etdiyini bilməməsini qeyd etmişdir. Araşdırma aparılmış və həmin yerdə gözəllik salonunda işləyən Cavabdeh izahatı alınmışdır. İzahatında o, 7-8 ildir ki, orada işlədiyini və Gülnarə Əliyeva adlı qadınla müqaviləsinin olduğunu, hazırda həmin qadının rəhmətə getməsi səbəbindən heç kimlə müqavilə bağlamadan işlədiyini bildirmişdir.
4. Səbail RPİ-nin 8-ci PB-nin rəisi adına yazılmış Cavabdeh izahatının surətindən görünür ki, o, 7-8 ildir ki, Salyan yolu, 3-də yerləşən qadın gözəllik salonunda tək işləyir. O, Gülnarə Əliyeva adlı qadınla müqavilə bağlamışdır. 2019-cu ildə Gülnarə Əliyeva rəhmətə getmişdir və bu səbəbdən o, heç kimlə müqavilə bağlamadan işləyir.
5. Səbail RPİ-nin 8-ci PB-nin rəisi adına yazılmış İddiaçı izahatların surətlərindən görünür ki, onun Səbail rayonu, Salyan yolu, 3a ünvanında evləri var, orada ona məxsus şəxsi yeri qadın atelyesi vardır. Həmin yeri anası və xalası Gülnarə işlədirdilər, oranı icarəyə Südabə adlı qadın götürüb işlədir. Xalası Gülnarə rəhmətə getmişdir. Hal-hazırda həmin yeri sənədləşdirib işlətmək istəyir. Xalası qızı Günay ona məxsus olan yerini işlətməyə imkan vermir, heç bir müqavilə olmadan ona məxsus olan yerini icarəyə verərək hər ay oradan 200 manat icarə pulu alır.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, dalan 3-də istifadədə olan 0,01318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54,8 kv.m yaşayış, 27,9 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Maraqlı şəxs1 1/3 hissə, Maraqlı şəxs3 1/3 hissə, Maraqlı şəxs2 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Maraqlı şəxs1 və qeyriləri cavabdeh X3 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 3, ev 3 ünvanında iddiaçıların qanuni şəxsi mülkiyyətləri hesab olunan birmərtəbəli həyət evlərinin arxa divarına bitişik qanunsuz inşa edilmiş və cavabdeh X3 aid olan özbaşına tikilmiş evin və dərzi dükanının sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı Maraqlı şəxs1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsində yerləşən Maraqlı şəxs1 istifadəsində olan 3 saylı yaşayış evinin tikililərinin konstruktiv elementləri üzərində hər hansı nəmlənmə və kiflənmə izlərinin olmadığından, cavabdeh T.Məmmədovanın istifadəsində olan tikilinin həmin 3 saylı evin pəncərələrinin qarşısında yerləşmədiyindən, tədqiq olunan evlərin hər birinə giriş-çıxışın ayrı-ayrı tərəflərdən olduğundan, yəni Maraqlı şəxs1 evin giriş-çıxışı həyətyanı sahəyə açılan qapı vasitəsi ilə olduğundan T.Məmmədovaya məxsus tikilinin mövcudluğu Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və digər sakinlərinin 36 saylı evdən istifadələrinə, evin işıqlanmasına, havalanmasına və ümumiyyətlə onların hər hansı mənafelərinə heç bir məhdudiyyəti və maneəsi yoxdur. Bu səbəbdən məhkəmə iddianın təmin olunması üçün hüquqi əsaslar müəyyən etməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı Cavabdeh qarşı sahədən çıxarılma və əmlakı qanunsuz istifadədən geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, boşaldılması və geri tələb edilməsinə dair tələbin yönəldiyi tikili sahəsinin aid olduğu Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən mənzil ona məxsusdur. Həmin bir otağının küçəyə açılan qapısı vardır və əvvəllər foto atelye kimi işlədilmiş, son illərdə isə qadın bərbəri salonu kimi istifadə olunur. Əvvəllər həmin sahənin icarə və işlədilməsinə xalası X6 baxırdı. Kirayə haqqı olaraq hər ay ona 300 manat verirdi. X5 vəfatından sonra, onunla işləyən qadın bərbəri Cavabdeh, salonu işlətməkdə davam etmiş, lakin hər dəfə bir bəhanə ilə kirayə haqqını ödəmir. Salondan çıxıb, boşaldılmasından da imtina edir. Sonuncunun iradəsinə zidd əmlakından istifadə etməsi kimi qanunsuz özbaşınalığı ilə bağlı şikayətinə Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsində baxılmışdır. Cavabdeh salonla bağlı qeyd etdiklərini izahatında təsdiqlənmiş, eyni zamanda salonda tək çalışdığını və çıxmayacağını bildirmişdir. Məsələnin mülki xarakterli olduğu qənaəti ilə polis araşdırmanı dayandırmış, bu barədə arayış vermiş və mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Bundan sonra da cavabdehlə məsələni mübahisəyə çevrilmədən, həll etməyə çalışsa da, nəticəsi olmamışdır. Bu səbəbdən də məsələni məhkəmə qaydasında həll etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ona məxsus Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən mənzilinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahədən çıxarılması, həmin sahənin boşaldılıb, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2313/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Şahin Abdullayev) iddia təmin edilərək Cavabdeh Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanında yerləşən yaşayış evinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahədən çıxarılması, həmin sahə boşaldılıb İddiaçı təhvil verilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin əmlakla bağlı hər hansı tələb irəli sürməni məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, iddiaçıya hazırki tələblə çıxış etməyə mane deyil. Məhkəmə qeyd etmişdir ki, mülkiyyətçi olmayan şəxsin əmlak (əşya) hüquqları istənilən şəxsin, o cümlədən mülkiyyətçinin qanunsuz hərəkətlərindən müdafiə edilir. Cavabdeh iddiaçının istifadəsində olan sahənin şifahi qaydada razılaşdırılma əsasında icarəyə götürmüş, həmin razılaşma iddiaçının xalası olan mərhum Gülarə Əliyeva ilə həyata keçirilmişdir. İddiaçının xalası G.Əliyevanın vəfatından sonra cavabdeh əmlakdan istifadə etsə də, əvvəllər icarəçi kimi işlətdiyi əmlaka dair icarə haqqını ödəmir. Tərəflər arasında icarə münasibətinin yaranması hüquqi əsası kimi onlar arasında bağlanılmalı və notariat qaydada təsdiq edilməli olan əqdin mövcudluğunu müəyyən edir. Lakin belə bir müqavilənin bağlanılması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, cavabdehin iddia etdiyi icarə müqaviləsi özlüyündə etibarlı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə mübahisəli yaşayış sahəsinin qanuni sahibi kimi iddiaçının tələbini əsaslı hesab edir və hesab edir ki, cavabdeh qadın salonu kimi işlətdiyi sahədən çıxarılmalı, həmin sahə boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Qətnamədən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 birgə apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5361/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov, iş № 2(103)-4361/2021) maraqlarına toxunan üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2313/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı ona məxsus Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən mənzilinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahədən çıxarılması, həmin sahənin boşaldılıb, ona təhvil verilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4361/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı “sahədən çıxarılma və əmlakı qanunsuz istifadədən geri tələb edilməsi barədə” iddiası ilə bağlı işin təkrarən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 380/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim Vüqar Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər Əhməd Əhmədovdan və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5361/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
16. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
17. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.
18. Kassasiya şikayətinin dəlilləri ilə bağlı ilkin olaraq qeyd edilmişdir ki, iddiaçı Cavabdeh əmlakın qanunsuz istifadəsinə son qoyulmasını və sahədən çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi onun iddiasını təmin etmiş, qətnamədən cavabdeh deyil, üçüncü şəxslər şikayət vermiş, şikayətlərində isə mübahisəli tikililərin onların mülkiyyətində olan sahənin daxilində yerləşməsini göstərmişlər.
19. Apellyasiya instansiyası məhkəməsi mübahisəli sahənin üçüncü şəxslərin mülkiyyətində olan sahəyə aid olması, texniki sənədlərdə əks etdirilməsini göstərmişdir.
20. Bu nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi mübahisəli ev və tikilini yerində müayinə etmiş, mübahisəli sahənin texniki pasportunda göstərilən sahənin daxilində yerləşməsini müəyyən etmiş və iş materiallarının 68 vərəqində olan texniki pasportda əks etdirilmiş göstəricilərə istinad etmişdir.
21. Lakin bu zaman apellyasiya instansiyası məhkəməsinin müayinə yerinə mütəxəssis dəvət etməsi və xüsusi biliyin zəruri olmasına baxmayaraq ekspertiza təyin olunması ilə bağlı məsələnin tərəflərlə birlikdə müzakirə etməsi müəyyən olunmur.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hal (tikililərin texniki pasportda göstərilən tikililərlə eynilik təşkil etməsi və onların üçüncü şəxslərin mülkiyyətində olan sahənin daxilində yerləşməsi) məhkəmə tərəfindən müəyyən edilə bilən hallar kimi qəbul oluna bilməz. Bu halda məhkəmə xüsusi biliyin mövcudluğuna əsaslanaraq iş üzrə ekspertiza təyin olunmasını tərəflərlə birlikdə müzakirə etməli və məhz həmin rəylə müəyyən olunmuş halları işdə olan digər sübutlarla birlikdə qiymətləndirərək müvafiq nəticəyə gələ bilərdi. Apellyasiya instansiyası məhkəməsi yerində müayinə ilə müəyyən olunmuş halların iş materiallarında olan hansı sübutlarla təsdiq olmasını və ümumiyyətlə belə prosessual hərəkətlər nəticəsində müəyyən ediləcək halların xüsusi biliklə əlaqədar olmasına əhəmiyyət verməmişdir.
23. Bununla yanaşı, iddiaçı tərəf qanuni qüvvədə olan Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə istinad edir və göstərir ki, həmin iş hazırki iş üzrə 3-cü şəxslərin iddiası ilə başlanmış və onların tələbləri aşağıdakılardan ibarət olmuşdur: “Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ünvana bizim qanuni şəxsi mülkiyyətimiz hesab olunan bir mərtəbəli həyət evinin arxa divarına bitişik qanunsuz inşa edilmiş və cavabdeh X3 (iddiaçının anası) aid 2 otaqlı özbaşına tikilmiş ev və dərzi dükanının (hazırda qadın salonu) sökülməsinə dair qətnamə qəbul edilsin.”
24. İddiaçı göstərir ki, hər iki iş üzrə mübahisə predmetləri, yəni həmin iş üzrə sökülməsi tələb olunan tikililərlə, hazırda cavabdehin çıxarılması tələb olunan tikililər eynilik təşkil edir.
25. Məhkəmə kollegiyası bu dəlillərlə bağlı da qeyd edir ki, iddiaçının göstərilən dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığı və işdə olan sübutlarla qarşılıqlı olaraq qiymətləndirilmədiyi aşkardır.
26. Həmin dəlillərin araşdırılması nəticəsində müəyyən edilə bilərdi ki, Maraqlı şəxs1 və qeyriləri (qızı və oğlu), hazırkı iş üzrə boşaldılmasına tələb yönəldilmiş sahə də daxil olmaqla tikililərin onların hüquqlarını məhdudlaşdırdığından sökülməsini tələb etdikləri halda, indi həmin tikili sahəsinin onlara aid olduğunu iddia edirlər.
27. Bu halda da məhz hər iki mülki iş üzrə iddia tələbinə daxil olan tikililərin eyni tikili olması və kimin istifadəsində olması, 3-cü şəxslərin hüquqmüəyyənedici sənədlərində göstərilən tikililərlə eynilik təşkil etməsinin müvafiq ekspertiza təyin olunaraq alınmış rəy əsasında müəyyən edilə biləcəyi nəzərə alınmamışdır.
28. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı)
30. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
31. Qətnamədən, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.
32. Apellyasiya şikayətində göstərmişlər ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Belə ki, sözügedən əmlak heç vaxt ona məxsus olmamış, onun məhkəməyə təqdim etdiyi sənədlər isə saxtadır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
33. Məhkəmə iclasında qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
34. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
35. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, Cavabdeh, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1 və 700.2. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
37. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
39. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
40. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
41. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
43. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
44. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
45. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
46. Əvvəla, kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri ilə əlaqədar iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş və ekspert qarşısında mübahisə predmeti olan (Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 3, 3 saylı 1 mərtəbəli həyət evinin arxa divarına bitişik inşa edilmiş və X2 istifadəsində və sahibliyində, hazırda isə iddiaçının istifadəsində olan 2 otaqlı özbaşına tikilmiş ev və dərzi dükanının (hazırda qadın salonu) kimi istifadə olunan tikilinin paylı mülkiyyət hüququ üzrə Maraqlı şəxs1 1/3, Maraqlı şəxs3 1/3 və Maraqlı şəxs2 1\3 hissədə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, dalan 3-də, istifadədə olan 0.01318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı , 54.8 kv.m yaşayış, 27.9 kv. m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinin tərkib hissəsinə aid olmasına(həmin evin sərhədləri daxilində olmasına), yoxsa ayrı tikili olmasına dair sual qoyulmuş, eləcə də ekspertiza keçirilərkən işdə olan Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2014-cü il tarixli, 2(009)- 2097/2014 saylı qətnaməsində və həmin iş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının rəyində müəyyən edilənlərin qəbul edilib-edilməməsi məsələsinə ekspertiza tədqiqatı baxımından qiymət verilməklə rəy verilməsi göstərilmişdir.
47. Məhkəmə tikinti-texniki ekspertizanın 15 iyul 2022-ci il tarixli 10/1856 nömrəli rəyinə əsasən Bakı şəhəri Səbail rayonu ünvan 7 ünvanda yerləşən yaşayış evinə dair texniki pasportun məlumatları ilə faktiki vəziyyət müqayisə olunan zaman, mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 3, 3 saylı 1 mərtəbəli həyət evinin arxa divarına bitişik inşa edilmiş X2 istifadəsində və sahibliyində, hazırda isə iddiaçının istifadəsində olan 2 otaqlı özbaşına tikilmiş ev və dərzi dükanının (hazırda qadın salonu kimi istifadə olunan) tikili paylı mülkiyyət hüququ bildirən Maraqlı şəxs1 1/3, Maraqlı şəxs3 1/3 və Maraqlı şəxs2 1\3 hissədə məxsus olaraq, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi dalan 3, 3 nömrəli fərdi yaşayış evinin tərkib hissəsinə aid olmadığı və ayrı tikilinin olduğu müəyyən edilir. Lakin Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 3, 3 saylı 1 mərtəbəli həyət evinin arxa divarına bitişik inşa edilmiş X2 istifadəsində və sahibliyində, hazırda isə iddiaçının istifadəsində olan 2 otaqlı özbaşına tikilmiş ev və dərzi dükanın (hazırda qadın salonu kimi istifadə olunan)sahənin bir hissəsi, sahəsi 11,3 kv.m(4,50x2,50) olan tikilinin faktiki olaraq Maraqlı şəxs1 istifadəsində olduğu müəyyən edilir. 48.Göründüyü kimi, məhkəmə tikinti-texniki ekspertizanın rəyi ilə də mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 3, 3 saylı 1 mərtəbəli həyət evinin arxa divarına bitişik inşa edilmiş X2 istifadəsində və sahibliyində, hazırda isə iddiaçının istifadəsində olan 2 otaqlı özbaşına tikilmiş ev və dərzi dükanının (hazırda qadın salonu kimi istifadə olunan) tikilinin Maraqlı şəxs1 1/3, Maraqlı şəxs3 1/3 və Maraqlı şəxs2 1\3 hissədə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, dalan 3-də, istifadədə olan 0.01318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı , 54.8 kv.m yaşayış, 27.9 kv. m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinin tərkib hissəsinə aid olmadığı(həmin evin sərhədləri daxilində olmadığı), ayrı tikili olduğu təsdiq olunmuş, əksinə ddiaçının istifadəsində olan sahənin bir hissəsi, yəni sahəsi 11,3 kv.m(4,50x2,50) olan tikilinin faktiki olaraq Maraqlı şəxs1 istifadəsində olduğu müəyyən edilmişdir.
49. Bu cür vəziyyətdə Maraqlı şəxs1 və övladlarının birgə verdiyi şikayətdə göstərdiyi mübahisəli əmlakın heç vaxt iddiaçıya məxsus olmadığına dair dəlilləri əsaslı ola və qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, Maraqlı şəxs1 və övladlarına paylı mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evi ilə mübahisəli tikili ayrı-ayrı tikililərdir və onların bu tikiliyə heç bir hüquqları mövcud deyildir.
50. Bu fakt qanuni qüvvədə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2014-cü il tarixli, 2(009)-2097/2014 saylı qətnaməsi ilə və həmin iş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının rəyi ilə də təsdiq olunmuşdur. Belə ki, həmin iş də hazırki iş üzrə qətnamədən apellyasiya şikayəti verən şəxslərin iddiası ilə başlanmış və onların tələbləri Bakı şəhəri, Səbail rayonu, ünvan 6 bir mərtəbəli həyət evinin arxa divarına bitişik qanunsuz inşa edilmiş və cavabdeh X3 (iddiaçının anası) aid 2 otaqlı özbaşına tikilmiş ev və dərzi dükanının (hazırda qadın salonu) sökülməsi ilə bağlı olmuşdur. Demək ki, hər iki iş üzrə mübahisə predmetləri, yəni həmin iş üzrə sökülməsi tələb olunan tikililərlə, hazırda cavabdehin çıxarılması tələb olunan tikililər eynilik təşkil edir. Başqa sözlə, Maraqlı şəxs1 və qeyriləri (qızı və oğlu), həmin iş üzrə özbaşına tikililərin onların hüquqlarını məhdudlaşdırdığından sökülməsini tələb etdikləri halda, indi həmin tikili sahəsinin onlara aid olduğunu iddia edirlər. Bu halın özü də apellyasiya şikayətinin açıq-aşkar əsassız olduğuna dəlalət edir.
51. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2313/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2313/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.