Məhkəmə qərarları › İş №2(103)-2281/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2281/2023

27.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2281/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təmir-Tikinti İdarəsinə qarşı mülki iş (Açar sözlər: «əmrin ləğv edilməsi və işə bərpa») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5620/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Cavabdeh Təmir-Tikinti İdarəsi ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və işçi Qəza, təmir-bərpa sahəsinin 1 saylı qəza təmir-bərpa xidmətinə 4-cü dərəcəli yeraltı qaz kəmərlərinin istismarı və çilingəri vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixli istehsalat əmri və xx.xx.2022ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, yəni 72-ci maddəsinin “a” bəndinə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə ləğv edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Təmir-Tikinti İdarəsinin 30 iyun 2022-ci il tarixli, № SOCAR**********00040020A00166 saylı və 07 iyul 2022-ci il tarixli № SOCAR**********00070020B00176 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlərinin ləğv edilməsi, onun Təmir-Tikinti İdarəsinin 104-Çağrı sahəsinin 2 saylı çağrı xidmətində nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilməsi və xx.xx.2022-ci il tarixindən etibarən boş dayanmasına görə həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə əmək haqqı məbləğinin məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, cavabdehin 30 iyun 2022-ci il tarixli, № SOCAR**********00040020A00166 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş və onunla bağlanmış xx.xx.2016-cı il tarixli, 183 saylı əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin 30 iyun 2022-ci il tarixli, SOCAR**********00040020A00166 saylı əmri əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. 2016-cı ildən 2022-ci il tarixinə qədər cavabdehin Təmir-Tikinti İdarəsinin 104- Çağrı sahəsinin 2 saylı çağrı xidmətində çalışmışdır. Çalışdığı bu illər ərzində əmək fəaliyyətində heç bir qüsur olmamış, rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və qüsursuz şəkildə yerinə yetirmişdir. Mütəmadi olaraq müalicə alması səbəbi ilə işə gedə bilməmiş və işə çıxmamasının səbəblərini cavabdehə bildirmişdir. Cavabdeh tərəfindən onu işə çağıracaqlarını bildirsələr də, sonradan iddiaçıya işdən azad olma əmrinin verildiyi bildirilmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5620/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın təmin edilərək Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli, SOCAR**********00040020A00166 saylı və xx.xx.2022-ci il tarixli SOCAR**********00070020B00176 saylı əmrləri ləğv edilmiş və İddiaçı Cavabdeh İB-nin Təmir-Tikinti İdarəsinin 104-Çağrı sahəsinin 2 saylı çağrı xidmətində nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilməsi; xx.xx.2022-ci il tarixdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdehin tabeliyində olan İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 104-Çağrı sahəsinin 2 saylı çağrı xidmətinin 4-cü dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə, sonradan xx.xx.2022-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilmişdir. ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsasları Məcəllənin 71-ci maddəsinin 2-ci bəndi ilə məhdudlaşdırılmaqla daha da konkretləşdirilmişdir. Belə ki, işçinin əmək müqaviləsi ƏMnin 70-ci maddəsinin ç) bəndi ilə o halda ləğv edilə bilər ki, Məcəllənin 71-ci maddəsinin 2ci bəndində nəzərdə tutulmuş nəticələr baş vermiş olsun. Bu halda, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün 3 vacib şərt də nəzərə alınmalıdır: 1) işçinin təqsiri (işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi); 2) işçinin təqsirli hərəkətlərindən doğan nəticə (müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmas; 3) işçinin təqsirli hərəkətləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması. Konkret mübahisəyə gəldikdə, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən iddiaçının xx.xx.2022-ci il tarixdən üzrlü səbəblər olmadan bütün iş günü işə gəlməməsini səbəb kimi göstərmişdir İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan müəyyən olunur ki, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər Poliklinikada müalicə olunmuş və onun xəstəlik vərəqəsi xx.xx.2022-ci il tarixdən bağlanmaqla işə yazılmışdır. İddiaçı bildirir ki, növbəli iş rejiminə uyğun olaraq həmin gün onun gecə növbəsi olduğu üçün işə getmiş, növbəti iş günü isə xx.xx.2022xx.xx.2022-ci il tarixləri olmuşdur. Göründüyü kimi cavabdeh xx.xx.2022-ci il tarixdən iddiaçının işə çıxmaması əsası ilə əmək müqaviləsinə xitam versə də, iddiaçı xx.xx.2022-ci il tarixə qədər sağlamlığında yaranmış problemlə əlaqədar poliklinikada müalicə aldığını, (bu hal iş materialları ilə də sübut olunur) yalnız həmin tarixdən xx.xx.2022-ci il tarixə qədər iş növbəsinə uyğun olaraq işdə olmasını və həmin tarixlər üçün ona əmək haqqı verilməməsini bildirmişdir. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrlərdə qeyd olunmuş halların yəni, iddiaçının xx.xx.2022-ci il tarixdən etibarən işə çıxmadığını, bunun səbəbinin araşdırılması məqsədilə onun yaşadığı ünvana nümayəndələrin göndərilməsini, dəfələrlə telefon əlaqəsi saxlanıldığını, iddiaçı tərəfindən onun xəstəliyi ilə bağlı təsdiqedici sənədləri təqdim edilmədiyini və digər halların aydınlaşdırılması məqsədilə cavabdeh məhkəmə iclasına çağırılsa da, nə məhkəmə iclasında iştirak etməmiş, nədə əmrdə qeyd olunan halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, əmrdə qeyd olunduğu kimi işçi xx.xx.2022-ci il tarixdən heç bir təsdiqedici sənəd təqdim etmədən işə çıxmadığı halda işəgötürənin (cavabdehin) 4 aydan artıq müddətdə bu barədə heç bir tədbir görməməsi və yalnız 4 ay 9 gün sonra bu barədə əmr tərtib edərək əmək münasibətlərinə xitam verməsi ağlabatan və inandırıcı deyil. Bu hal özü də əmrdə qeyd olunduğu kimi iddiaçının xx.xx.2022-ci il tarixindən işə çıxmadığını şübhə altına almış olur. Həqiqətən də iddiaçı bu qədər müddət ərzində işə gəlməmiş olsaydı, cavabdeh tərəfindən qısa müddət ərzində müvafiq tədbirlər görülər, işə gəlməməsinə görə iddiaçının izahatı alınardı. Şərh edilənlərdən də göründüyü kimi, ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə, yəni işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması hər bir halda deyil, yalnız konkret əsaslar olduqda əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilər. Başqa sözlə, qanunvericilik tələb edir ki, tətbiq edilən hər bir norma törədilmiş pozuntunun xarakterinə və ağırlıq dərəcəsinə mütənasib olmalıdır. Bundan başqa, ƏM-nin 187-ci maddəsinin 2-ci hissəsində intizam tənbehinin aşkar edilməsindən sonra onun tətbiq edilməsi konkret müddət - 1 ay müəyyən edilmişdir. Cavabdeh isə, intizam tənbehinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Belə ki, iş materialları əsasında müəyyən edilir ki, cavabdeh iddiaçı tərəfindən yol verilən intizam pozuntusunu xx.xx.2022-ci il tarixdə aşkar etməsinə baxmayaraq, onunla əmək müqaviləsinə xitam verilməsi barədə inzibati tənbehi barədə əmri birinci dəfə xx.xx.2022-ci il tarixdə vermişdir. Halbuki, iddiaçı barəsində müvafiq əmələ görə intizam tənbehinin tətbiq edilməsi xx.xx.2022-ci il tarixədək verilə bilərdi. Cavabdeh isə pozuntu aşkar olunduqdan 4 ay sonra iddiaçı barədə inzibati tənbehin tətbiq edilməsinə səbəb olan halları məhkəməyə bildirməmiş və ya bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən qanunvericliyin imperativ normalarının pozulması ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilmişdir. Bundan başqa, qanunvericilikdə bir intizam xətasına görə bir intizam tənbehinin verilməsini müəyyən edilsə də, iş materialları əsasında müəyyən olunur ki, iddiaçıya eyni intizam xətasına görə (üzrlü səbəblər olmadan bütün iş günü işə gəlmədiyinə görə) həm xx.xx.2022-ci il tarixində, həm də xx.xx.2022-ci il tarixində eyni əsasla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir ( § 19). Digər bir tərəfdən, iddiaçıya intizam tənbehləri verilərkən ondan izahat alınmamışdır. Məhkəmə qeyd edir ki, bu iş materialları əsasında müəyyən olunur. Qeyd edilən halların araşdırılması və iş üzrə sübutların məhkəməyə təqdim edilməsi məqsədilə cavabdehə dəfələrlə məhkəmə iclası barədə məlumat verilərək məhkəmə iclasına çağrılsalar da, səlahiyyətli nümayəndələrinin iştirakını məhkəmədə təmin etməmişlər və iş üçün əhəmiyyətli olacaq sübutlarını məhkəməyə təqdim etməmişlər (§ 17). Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə səbəb olan həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələrin baş verməsi cavabeh tərəfindən sübuta yetirilmədiyindən, habelə intizam tənbehinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyindən, bununla da cavabdehin xx.xx.2022-ci il tarixli, SOCAR**********00040020A00166 saylı və xx.xx.2022-ci il tarixli SOCAR**********00070020B00176 saylı əmrləri qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməsi hissəsində də iddia təmin edilməlidir. Belə bu halda əmək haqqının ödənilməsinin hüquqi əsasları Əmək Məcəlləsinin 300-cü maddəsində nəzərdə tutulmuşdur.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh İistehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilir ki, məhkəmə iddiaçı tərəfin qanunazidd davranışı nəticəsində 21 fevral 2022-ci il tarixindən 07 iyul 2022-ci il tarixədək heç bir üzrlü səbəb göstərmədən işə çıxmayaraq əmək vəzifələrini kobud şəkildə pozmağına əhəmiyyət vermədən cavabdeh tərəfindən verilmiş SOCAR**********00070020B00176 saylı 07 iyul 2022-ci il tarixli əmrin ləğv edilmə qənaətinə gəlmiş və nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. İddaçı İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək işə çıxmadığından onunla dəfələrlə telefon əlaqəsi yaradılmış, məktub yazılmış və iddiaçı xəstə olduğunu iddia etmişdi. Bunun doğru olub-olmamasını dəqiqləşdirmək məqsədilə Bakı şəhər Baş Səhiyyə İdarəsinə socar **********30560046x000080 saylı xx.xx.2022-ci il tarixli məktub yazılmışdır. Bakı şəhər Baş Səhiyyə İdarəsi cavab olaraq xx.xx.2022-ci il tarixli PHŞ/1.1.1-2-2-2022- 919 saylı məktubla bildirmişdir ki, İddiaçı Baş Səhiyyə Mərkəzi X4 tabeliyində olan tibb müəssisələrinə müraciət etməmiş və qeydiyyata alınmamışdır. Məhkəmənin nəzərinə çatdırırlar ki, İddiaçı xx.xx.2022-ci il tarixdən heç bir üzürlü səbəb olmadan işə gəlməmişdir. İddiaçı Biləcəri qəsəbəsi, 2 saylı Bakı Dəmir Yol Poliklinkası MMC-dən aldığı əmək qabiliyyətinin olmaması vərəqəsini işəgötürənə təqdim edərkən saxtakarlığa yol vermiş və özbaşına həmin vərəqədə işdən azad edilmə müddətini özbaşına iyun ayınadək düzəliş etmişdir. Bundan tam əmin olmadıqları üçün Biləcəri qəsəbəsi 2 saylı Bakı Dəmir Yol Poliklinkasına müraciət edilmiş və işçi tərəfindən işəgötürənə təqdim edilən xəstəlik vərəqəsi xəstəxana tərəfindən araşdırıldıqda məlum olmuşdur ki, sözügedən əmək qabiliyyətinin olmaması vərəqəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək verilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli, 97 nömrəli arayış verilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. Maddə 11 «b» bəndi. Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Maddə 70 «ç» bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 71.2 və 71.3. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 79.1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Madddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 186. 1-ci hissə. İşəgötürən və işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Maddə 187.2-ci hissə. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsasdır.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşmır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından, iddia haqlı sayılmır.

20. Belə ki, işdə olan sübutlarla, o cümlədən apellyasiya şikayətinin dəlilləri və ona əlavə edilmiş sənədlərlə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini, yəni 72-ci maddəsinin “a” bəndindəki halı pozması açıq-aşkar təsdiq olunur.

21. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır.

22. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini, yəni 72-ci maddəsinin “a” bəndindəki halı pozması əsası ilə ləğv etmiş, eyni zamanda iddiaçının xx.xx.2022-ci ildən üzrsüz səbəbdən işə çıxmamasına görə əmrdə müqavilənin ləğv edilməsinin tarixi kimi xx.xx.2022-ci il göstərilmişdir.

23. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə üzrlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməməsi müəyyənləşdirilməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əlbətdə ki, 4 aydan artıq bir müddətdə iddiaçının işə çıxmaması iş yerində işin normal ahəngini pozmaya bilməzdi.

24. İşdən görünür ki, iddiaçı 21 fevral 2022-ci ildən 07 iyul 2022-ci ilədək heç bir üzrlü səbəb olmadan işə gəlməmiş, yəni iş yerində olmamışdır. Bu işin mübahisəsiz halıdır. Ancaq nədənsə birinci instansiya məhkəməsi bu fakta heç bir əsas olmadan şübhə ilə yanaşmışdır. Yəni, məhkəmə iddiaçının xx.xx.2022-ci ildən ...xx.xx.2022-ci il tarixə qədər iş növbəsinə uyğun olaraq işdə olmasını və həmin tarixlər üçün ona əmək haqqı verilməməsini bildirdiyini göstərir. Lakin iddiaçı nə iddia ərizəsində, nədə hansısa izahatlarında belə bir fikir söyləməmişdir. Məhkəmənin nəyə əsasən bu qənaətə gəldiyi bəlli olmamışdır. Düzdü, iddiaçı apellyasiya baxışı zamanı izahatında 21 fevral 2022-ci ildən cavabdeh qurumun səlahiyyətli şəxsləri tərəfindən işə buraxılmadığını bildirdi. Ancaq o, bu barədə nə iddia ərizəsində, nədə birinci instansiya məhkəməsində verdiyi izahatında hər hansı bir məlumat verməmişdir. Əksinə, apellyasiya baxışı zamanı 21 fevral 2022-ci il tarixdən işə çıxmadığını təsdiq edildi.

25. Bundan əlavə, birinci instansiya məhkəməsinin sorğusuna əsasən 2 saylı Bakı Dəmir Yolu Poliklinikası MMC-nin xx.xx.2022-ci il tarixli 187 nömrəli arayışı ilə iddiaçının xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək Poliklinikada müalicədə olduğu və xx.xx.2022-ci ildən başlamaqla işə yazıldığı göstərilmişdir. Deməli, iddiaçının 19 fevral 2022-ci ildən əmək müqaviləsinin ləğv edildiyi tarixədək əmək qabiliyyətini müvəqqəti itirməməsi və işdə olmalı olması işin mübahisəsiz halıdır, yəni bu fakt hər hansı bir formada nə iddiaçı, nədə cavabdeh tərəfindən mübahisələndirilməyib. Mübahisələndirilən hal iddiaçının 21 fevral 2022-ci ildən cavabdeh qurumunun səlahiyyətli şəxslərinin onu işə buraxmamaları ilə bağlıdır. Ancaq bu hal iddianın əsaslı olduğunu təsdiq etmir. Çünki, bu barədə yalnız iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatı mövcuddur. İddiaçının bəyan etdiyi həqiqi idisə ən azından həmin dövrdə bu barədə aidiyyəti orqanlara, o cümlədən əmək müfəttişliyinə məlumat verə bilərdi yaxud bəyan etdiyi hal baş vermişdirsə hansısa formada bunu rəsmiləşdirə və məhkəməyə də sübut qismində təqdim edə bilərdi, ancaq etməmişdir. 26.Əksinə, iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatda(bax.i.v.31) fevral, mart və aprel aylarında bülleten pulu aldığını bildirmişdir. Bu halla cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər üst-üstə düşməklə bir-birini tamamlayır. Belə ki, cavabdeh şikayətində iddiaçının xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək işə çıxmadığından onunla dəfələrlə telefon əlaqəsi yaradıldığını, məktub yazıldığını ancaq iddiaçı xəstə olduğunu iddia etdiyini göstərmişdir. İddiaçının xəstə olmasını iddia etməsi ilə əlaqədar həqiqətən Bakı şəhər Baş Səhiyyə İdarəsinə xx.xx.2022-ci il tarixli məktub yazılması, xx.xx.2022-ci il tarixli cavab məktubunda isə iddiaçının Baş Səhiyyə Mərkəzi X4 tabeliyində olan tibb müəssisələrinə müraciət etmədiyi və qeydiyyata alınmadığı bildirilmişdir. Eyni zamanda iddiaçının 2 saylı Bakı Dəmir Yol Poliklinkası MMC-dən aldığı əmək qabiliyyətinin olmaması vərəqəsini işəgötürənə təqdim edərkən saxtakarlığa yol verildiyi və həmin vərəqədə işdən azad edilmə müddətini özbaşına iyun ayınadək uzadılması ilə bağlı düzəliş də edilmişdir(bax.i.v.57-58). Cavabdeh tərəf bundan tam əmin olmadıqları üçün 2 saylı Bakı Dəmir Yol Poliklinkasına müraciət etmiş və işçi tərəfindən işəgötürənə təqdim edilən xəstəlik vərəqəsi xəstəxana tərəfindən araşdırıldıqda məlum olmuşdur ki, sözügedən əmək qabiliyyətinin olmaması vərəqəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək verildiyi məlum olmuş, bu barədə xx.xx.2022-ci il tarixli, 97 nömrəli arayış da verilmişdir. Bu fakt məhkəmənin sorğusuna əsasən həmin Poliklinikanın verdiyi xx.xx.2022-ci il tarixli 187 nömrəli cavab məktubundada öz təsdiqini tapmışdır. Göründüyü kimi, bu hallar iddiaçını cavabdeh qurumun səlahiyyətli şəxsləri tərəfindən işə buraxılmamasını təkzib etməklə yanaşı, onun xəstəliyini bəhanə gətirərək işə çıxmaq istəmədiyini təsdiq etmiş olur.

27. Bu cür vəziyyətdə cavabdehin qeyd olunan əsasla əmək müqaviləsini ləğv etməyi gecikdirməsi anlaşılan olmalıdır. Çünki, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmişdir. Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsində də göstərilir ki, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Yəni, qeyd olunan normaların məzmunundan da görünür ki, qadağa əmrin tarixi ilə deyil, əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlıdır, başqa sözlə işçiyə əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində intizam tənbehi verilə bilməzdi. Ancaq hazırki işdə iddiaçıya intizam tənbehi əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində verilməmişdir. Ona görə də cavabdehin iddiaçı ilə bağladığı əmək müqaviləsini qeyd edilən əsasla ləğv edənədək Əmək Məcəlləsinin 79 və 189-cu maddələrinin tələblərini pozmaması üçün 4 aydan artıq müddətdə əlavə araşdırma aparması zəruri və əsalı olmuşdur. Çünki, iddiaçı da bununla bağlı, yəni hansı tarixlərdə əmək qabiliyyətini müvəqətti itirib-itirməməsi barədə cavabdehə məlumat verməmiş yaxud da bilərəkdən vermək istəməmişdir.

28. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə iddiaçının xx.xx.2022-ci il tarixdən etibarən işə çıxmadığına görə müqavilənin ləğv edilməsi tarixinin həmin vaxtdan göstərilməsi də əmək qanunvericiliyinin tələblərinin pozulması sayıla bilməz. Əksinə, əmək müqaviləsinin ləğv edildiyi tarixin 21 fevral 2022-ci ildən göstərilməməsi o mənanı verərdi ki, iddiaçıya əmək müqaviləsinin ləğv edildiyi tarixədək məcburi iş buraxmaya yaxud boşdayanmaya görə vəsait ödənilməlidir. Lakin bu yolverilməzdir. Çünki, iddiaçı 21 fevral 2022-ci ildən əmək müqaviləsi ləğv edildiyi tarixədək intizam xətası törədərək üzrlü səbəb olmadan işə çıxmamışdır. Bu cür vəziyyətdə isə ona həmin dövr üçün hər hansı bir vəsait ödənilə bilməzdi.

29. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsində intizam tənbehinin xətanın aşkar edilməsindən sonra onun tətbiq edilməsi müddəti - 1 ay müəyyən edilsə də cavabdeh intizam tənbehinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr verməmişdir. Belə ki, cavabdeh iddiaçı tərəfindən yol verilən intizam pozuntusunun başlanğıcının xx.xx.2022-ci il tarixdə aşkar etməsinə baxmayaraq, onunla əmək müqaviləsinə xitam verilməsi üçün intizami tənbehi barədə əmri gec verməsinin səbəbləri yuxarıda qeyd olundu. Bununla yanaşı, cavabdeh tərəfindən intizam tənbehi iddiaçının yalınz bir gün, yəni xx.xx.2022-ci ildə üzrsüz səbəbdən işə çıxmamasına görə deyil, əmək müqaviləsinin ləğv edildiyi tarixədək işə çıxmaması ilə əlaqədar verilmişdir. Başqa sözlə bu intizam xətası xx.xx.2022-ci ildən başlayaraq əmək müqaviləsinin ləğv edildiyi tarixədək hər gün uzanmış-davam etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi qənaət də əsaslı olmamışdır.

30. Bundan başqa, qanunvericilikdə bir intizam xətasına görə bir intizam tənbehinin verilməsi müəyyən edilsə də, iddiaçıya eyni intizam xətasına görə (üzrlü səbəblər olmadan bütün iş günü işə gəlmədiyinə görə) həm xx.xx.2022-ci il tarixində, həm də xx.xx.2022-ci il tarixində eyni əsasla iki intizam tənbehi verilməmişdir. Apellyasiya baxışı zamanı da cavabdehin nümayəndəsinin izahatından və xx.xx.2022-ci il tarixli əmrin məzmunundan bəlli oldu ki, həmin əmr istehsalat əmri kimi verilmişdir. Bu isə heç bir halda eyni intizam xətasına görə iki intizam tənbehinin verilməsi demək deyildir. İddiaçıya intizam tənbehi verilərkən onun izahat verməkdən imtina etməsi yaxud izahatının alınmaması da intizam tənbehin verilməsini istisna etmir.

31. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5620/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5620/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə(Təmir-Tikinti İdarəsinə) qarşı əmrin ləğv edilməsi və işə bərpa barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar