Məhkəmə qərarları › İş №2(103)-2282/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2282/2021

22.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2282/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı nümayədəsi və vəkili Vəkil, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4362/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 40ş/h saylı əmrin ləğv edilməsi və onun həmin Cəmiyyətin Sərnişin Daşımalarının Tənzimlənməsi Şöbəsinin Müntəzəm və qeyri-müntəzəm X1 Bölməsinin rəisi vəzifəsinə işə bərpa edilməsi, əmrin verildiyi xx xxxx 2020-ci il tarixdən işə bərpa olunma tarixinə qədər aylıq 450 manat hesablanmaqla cavabdehdən işburaxma müddəti üçün əmək haqqının tutularaq ona ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 6000 manatın, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4362/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericilik əmək qabiliyyətini müvəqqəti itirən işçinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edən əsaslarla ləğv edilməsini qadağan etmişdir. Lakin birinci instansiya məhkəməsi həmin normanı mübahisəyə düzgün tətbiq etməyərək, barəsində araşdırma aparılan zaman işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı şifahi məlumat verilmədiyi qənaətinə gəlmişdir. Halbuki, araşdırma ilə bağlı norma Əmək Məcəlləsinin 187-ci maddəsində müəyyən edilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsində isə konkret olaraq əmək qabiliyyətini müvəqqəti itirən işçinin əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmis əsaslarla xitam verilməsi qadağan edilmişdir.

2. İddiaçı tərəfindən hansı hərəkətləri ilə kobud səhvlərə yol verdiyi və bu səhvlərin nəticəsində işəgötürənin xələl gəlmiş qanuni mənafeyinin nələr olduğu xx.xx.2020-ci il tarixli 40 ş/h saylı qanunsuz əmrdə olduğu kimi məhkəmənin də qətnaməsində qeyd olunmamışdır. Dörd nəfərin işdən çıxarılması ilə bağlı əsas olan sənədlər və vətəndaş X2 şikayət ərizəsi, “xxxx” MMC-nin rəhbər şəxsləri tərəfindən sonradan planlı şəkildə hazırlanmışdır. Belə ki, dörd şəxsin əmək müqaviləsinə xitam verilən xx.xx.2020-ci il tarixli 40 ş/h saylı qanunsuz əmrin əsası olan vətəndaş X3 şikayəti sonradan cavabdehin əməkdaşları tərəfindən yazdırılmışdır. Bu hal mübahisəli əmrlə əmək müqaviləsinə xitam verilən digər işçi X4 işi üzrə Binəqədi Rayon Məhkəməsində və Bakı Apelyasiya Məhkəməsində şahid qismində dindirililən X3 tərəfindən etiraf edilmiş və şikayəti “xxxx” MMC-nin əməkdaşı (hüquq şöbəsinin müdiri) Əfqan Məmmədovun sözləri ilə yazdığını bildirmişdir (2(001)-4211/2020 saylı qətnamə, 8-ci vərəq, 3-cü abzas). Bundan əlavə, “xxxx” MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin rəisi Anar Məmmədov və həmin şöbənin rəis müavini Mais Usubov öz izahatlarında bildirmişlər ki, avtobusun saxlanıldığı gün xx.xx.2020-ci il tarixdə onların qəbulunda olanda İsmayılzadə Elzaminə əməkdaşların hərəkətlərindən idarə rəisinin ünvanına şikayət yazmağı təklif etsələr də, İsmayılzadə Elzamin qəti şəkildə bundan imtina etdiyi və həmin günü İsmayılzadə Elzaminin avtomobili şöbə rəisinin göstərişi ilə ona qaytarılmışdır. Avtomobili əlindən alındığı gün şöbə rəisi və müavinin təkidləri ilə şikayət yazmaqdan imtina edən vətəndaş, avtomobilini almasından 13 gün sonra (xx.xx.2020-ci il) həmin şəxslərdən şikayət etməsi, cavabdeh tərəfindən bunların planlı şəkildə həyata keçirildiyini sübuta yetirir. İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixdə dörd nəfəri Cəmiyyətə çağıraraq yuxarıdan tapışırıq gəldiyi və öz ərizələrilə işdən çıxmaqları tələb edilmiş, bu şəxslər isə öz ərizələri ilə işdən çıxmadıqları üçün özləri vətəndaşa şikayət yazdıraraq sonradan tərtib etdikləri qurma sənədlərlə onları qanunsuz və əsassız əmrlə işdən çıxarmışdılar. Eyni zamanda, xx.xx.2020-ci il tarixdə şöbənin iki əməkdaşı şöbə rəisi Anar Məmmədovun göstərişinə əsasən qanunsuz fəaliyyət göstərən İsmayılzadə Elzaminin idarə etdiyi avtobusunu dayancağa gətirmiş və iddiaçı o adamı ilk dəfə orda görmüşdür. Həmin şəxs İddiaçı “niyə mənim maşınımı içəri qoymuşunuz” sualını verəndə, iddiaçı da onu səlahiyyətli olan şöbə rəisinin yanına yönləndirmişdir. Anlaşımaz olaraq qalır ki, iddiaçı qeyd olunan hərəkətləri ilə (səlahiyyətli olan şəxsə yönləndirmək) hansı normanı pozmuş və ya kobud səhvə yol verdiyi məhkəmə tərəfindən müəyyən oluna bilməmişdir. Bundan əlavə, bir səhifəlik əmrlə 4 nəfərin əmək müqaviləsinə xitam verən Cəmiyyət həmin əmrdə 4 ədəd işçinin əmək müqaviləsinə hansı əsaslarla 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsini əsaslandırmamış, işçilərin hansı hərəkət (hərəkətsizliyi) nəticəsində işə götürən Cəmiyyətə hansı formada ziyan dəydiyi qeyd olunmamışdır. Göründüyü kimi yenə əmək qanunvericiliyinin tələbləri pozularaq, iddiaçı tərəfindən hansı əmək vəzifələrini kobud şəkildə pozduğu göstərilməmiş, habelə bu pozuntu nəticəsində Cəmiyyətin qanunla qorunan mənafelerinə hər hansı formada zəər dəyməsi sübut ediməmişdir. Çünki, iddiaçı bütün əmək funksiyalarını və vəzifə öhdəliklərini yerinə yetirmiş, cavabdehə hər hansı formada ziyan vurmamışdır.

3. Birinci instansiya məhkəməsi mübahisəli qətnaməsində iddiaçının xidməti araşdırmadan yayındığını, işəgötürənin çağırışlarına cavab vermədiyini, aparılan araşdırmaya heç bir rəsmi məlumat vermədiyini qeyd etmişdir. Bununla bağlı, iddia ərizəsində və məhkəmə prosesin iddiaçı tərəfindən telefonla (şöbə rəisinin müavini M.Usubova) məlumat verildiyi bildirilsə də qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya göndərilmiş teleqramda, tərtib olunmuş aktlarda hansı səbəbdən işə gəlmədiyi qeyd olunmamışdır.

4. Cəmiyyətin xx.xx.2020-ci il tarixli 40 ş/h saylı əmrinin məzmunu və əmək müqaviləsinə xitam verilmə qaydası əmək qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, xx.xx.2020-ci il tarixli 40 ş/h saylı əmrdə əmək müqaviləsinin ləğv edilmə əsasları göstərilməmiş, əmrin sürəti və əmək kitabçası nümayəndə vasitəsi ilə xx.xx.2020-ci il tarixdə müraciətindən sonra ona verilmiş, son haqq-hesab isə əmək müqaviləmə xitam verilməsindən bir neçə həftə sonra ödənilmişdir. Yenə əmək müqaviləsinə xitam vermədən əvvəl iddiaçının izahatı alınmamışdır. Həmçinin, karantin rejimində işçilərin hüquqları müdafiə olunması və işdən azad edilmələrə yol verilməməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıqlarının heçə sayılması, qeyd olunan hakimin zənnicə sosial şəraitin təmin edilməsidir. Lakin cavabdeh Cəmiyyət bunlara da məhəl qoymamışdır. Məhkəmə iclasında iddiaçının nümayədəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, “xxxx” MMC-nin baş direktoru Vüqar Süleymanzadə tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, 40-ş/h nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmunundan görünür ki, “xxxx” MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin əməkdaşları – İddiaçı və digər əməkdaşların əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvləri və hüquq pozuntuları nəticəsində Cəmiyyətin qanuni mənafeyinə ciddi xələl gətirdikləri və bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi ilə təsbit edilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunan hallara yol verdikləri müəyyən olunduğundan Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi rəhbər tutularaq İddiaçı sərnişin daşımaları tənimlənməsi şöbəsinin Müntəzəm sərnişin daşımalarında cəlbetmə bölməsinin rəisi vəzifəsindən azad edilməklə əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən xitam verilməsi barədə əmr verilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, tərəflər arasında əmək münasibətləri olmuş, X2 şikayəti əsasında araşdırılma başlanmış və müəyyən edilmişdir ki, həmin şəxsin avtomobili “xxxx” MMC-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə saxlanılaraq qeyri-qanuni olaraq “xxxx” MMC-nin qarajına yerləşdirilmişdir. E.İsmayılzadənin ərizəsi əsasında cavabdeh təşkilat tərəfindən əmək qanunvericiliyndə nəzərdə tutulmuş müddətlər çərçivəsində araşdırma aparılaraq yazılı izahatlar alınmış və nəticədə hazırda mübahisələndirilən əmr verilmişdir. Məhkəmənin qənaətinə görə hazırkı halda iddiaçının hərəkətlərində əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi halı baş verdiyindən xx.xx.2020-ci il tarixli 40 ş/h sayı əmrin qanunsuz hesab edilməsi əsaslı deyil. İşin müəyyən edilən hallarına görə iddiaçı barəsində aparılmış xidməti araşdırmadan yayınmış, işəgötürənin çağırışlarına cavab verməmiş, aparılan araşdırmaya heç bir rəsmi münasibət bildirməmişdir. Bununla yanaşı, məhkəmə iddiaçının xx.xx.2020-ci il tarixdə əmək qabiliyyətinin olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, məhz barəsində araşdırma aparılan ərəfədə iddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyini bildirsə də, bununla bağlı işəgötürənə nə yazılı, nə şifahi məlumat verməsi iş üzrə müəyyən edilmir. Beləliklə, işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının barəsində verilmiş əmr Əmək Məcəlləsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmışdır, yəni, iddiaçının işdən çıxarılma barədə verilmiş əmrə qədər barəsində araşdırma aparılmış, iddiaçı dəvət olunmuş, işçilərin izahatları alınmış, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmış, işdən azad olunarkən isə işəgötürən tərəfindən onun müəssisədaxili intizam qaydalarını pozulması ilə müşaiyət olunan hərəkətləri ilə əlaqədar əmək qanunvericiliyin tələblərinə uyğun qanuni və əsaslı əmr verilmişdir. Ona görə də, iddia əsassız olduğundan təmin edilə bilməz. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin e) bəndinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisəsnin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın tam təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin e) bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 72-ci maddənin e) bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək fəaliyyəti zamanı kobud səhvlərə, hüquq pozuntularına yol verdiyi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun(kobud səhvin, hüquq pozuntusunun) nəticəsində işəgötürənin, müəssisəsnin və ya mülkiyyətçinin qanuni mənafeyinə mütləq ciddi xələl gətirməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyəti zamanı kobud səhvlərə, hüquq pozuntusuna yol verməsinə və bunun nəticəsində cavabdeh müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsinə yaxud da hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsinə dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. İkincisi, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olmuş Elzamin İsmayılzadənin izahatında göstərilən halların həqiqiliyi təsdiq olunsa belə, bunlar iddiaçının əmək fəaliyyəti zamanı kobud səhvi kimi qiymətləndirilə bilməz. İddiaçının konkret olaraq hüquq pozuntusuna yol verməsi də cavabdeh müəssisənin yaxud da hansısa orqanın qanuni qüvvədə olan qərarı ilə rəsmiləşdirilməmişdir. Ona görə də iddiaçının əmək fəaliyyəti zamanı kobud səhvi və hüquq pozuntusu törətməsi ümumiyyətlə təsdiq olunmadığı halda cavabdeh müəssisənin qanuni mənafeyinə də ciddi xələl gəlməsindən söhbət gedə bilməz. Üçüncüsü, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan intizam tənbehlərdən birbaşa ən ağırının verilməsi üçün də əsaslar olmalı yaxud da ilk dəfə intizam pozuntusu törədilməsi təsdiq olunsa belə ən ağır intizam tənbehin verilməsi əsaslandırılmalı idi. Əksinə iddiaçının gətirdiyi dəlillər daha mötəbər olmuşdur. Belə ki, Bakı şəhər Baş Səhiyyə İdarəsi 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinə və arayışa əsasən İddiaçı xx xxxx 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sol diz oynağının gərilməsi hemoartroz” diqanozu ilə ammbulator müalicədə olmuşdur. Həmin xəstəlik vərəqəsinin həqiqətən 15 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilməsi, xəstəlik vərəqəsinin düzgün olduğu imza və möhür ilə təsdiq edildiyi qeyd edilmişdir. Göründüyü kimi, yalnız bu əsas kifayət edirdi ki, cavabdeh tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsin. Çünki, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmişdir. Bununla yanaşı, apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddia tələbinin “əmrin verildiyi xx xxxx 2020-ci il tarixdən işə bərpa olunma tarixinə qədər... cavabdehdən işburaxma müddəti üçün əmək haqqının tutularaq ona ödənilməsi” hissəsi əsaslı olsada həmin hissə “aylıq 450 manat hesablanmaqla” təmin edilə bilməz. Əvvəla ona görə ki, iddiaçının aylıq əmək haqqınını 450 manat olmasına dair işdə mötəbər sübut yoxdur. İkincisi də qətnamə icra olunarkən onsuzda işburaxma müddəti üçün mövcud olan əmək haqqı tutulacaqdır. Bu zaman əmək haqqının məbləğinin fərqli olması mümkündür. İddia tələbinin “mənəvi zərərin əvəzi olaraq 6000 (altı min) manatın ödənilməsi” hissəsi üzrə də iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən, həmin hissədə də iddia təmin edilə bilməz. Çünki, bu halı sübuta yetirmək yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı ona mənəvi zərər dəydiyini sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.3-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiyası məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4362/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 40ş/h saylı əmrin İddiaçı aid hissəsi ləğv edilməli və o, həmin Cəmiyyətin Sərnişin Daşımalarının Tənzimlənməsi Şöbəsinin Müntəzəm və qeyri-müntəzəm X1 Bölməsinin rəisi vəzifəsinə bərpa edilməli və məcburi işburaxma günləri üçün ona əmək haqqı ödənilməli, iddianın qalan hissəsi isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin.Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4362/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 40ş/h saylı əmrin İddiaçı aid hissəsi ləğv edilsin, o, əvvəlki vəzifəsinə bərpa edilsin və məcburi işburaxma günləri üçün ona əmək haqqı ödənilsin. İddia ərizəsi və apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar