Məhkəmə qərarları › İş №2(103)-2282/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2282/2024

21.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2282/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı yaşayış sahəsindən çıxarılma, təhvil verilməsi və köçürülmə barədə iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-2282/2024 (açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı yaşayış sahəsindən çıxarılma, təhvil verilməsi və köçürülmə barədə iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(008)-846/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X11 və Mahmudova (Zamanova) Mərziyyə Valeh qızı arasında bağlanılmış 13 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,0423 ha olan torpaq sahəsi sonuncuya satılmışdır.

2. Cavabdeh2 və X5 nikahına 14 iyul 2022-ci il tarixdə xitam verilmişdir.

3. Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci polis bölməsinin 08 sentyabr 2022-ci il tarixli qərarına əsasən X1 və Cavabdeh1 qarşılıqlı olaraq yazmış olduqları şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

4. Sabunçu Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(008)-6823/2022 saylı qətnaməsinə əsasən X2 180 gün müddətinə mühafizə orderi verilmiş, ərizəçiyə qarşı məişət zorakılığının təkrar törədilməsi, yəni ərizəçiyə qarşı fiziki zor və şiddətin törədilməsi, ərizəçinin təhqir edilməsi, icazəsiz olaraq ərizəçinin video və şəkillərinin çəkilməsi, ərizəçiyə narahatlıq gətirən digər hərəkətlərin edilməsi, eyni zamanda ərizəçiyə yaxınlaşması, ərizəçi ilə hər hansı ünsiyyət qurması, telefon əlaqəsi yaratması, ərizəçini izləməsi, evinə yaxınlaşmasının Cavabdeh1 qadağan edilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7260/2022 saylı qətnaməsinə əsasən qismən təmin edilərək, qətnamə ərizənin maraqlı şəxsin evə yaxınlaşmasının qadağan edilməsinin təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə ərizə rədd olunmuş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır və apellyasiya instansiyasının həmin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 966/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

5. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-58/2023 saylı hökmünə əsasən Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən təqsirsiz bilinib ona bəraət verilmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-83/2023 saylı, 20 iyun 2023- cü il tarixli qətnaməsinə əsasən Cavabdeh2 ilə X6 birgə nikah dövründə əldə edilmiş, sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, mənzil 23 və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinə dair Cavabdeh2 ½ və X6 ½ hissədə paylarının müəyyən edilməsi, X3 birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, bina 7-də yerləşən 705 saylı mənzilin satışından əldə edilmiş pulun 34772,50 manat hissəsinin tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2(103)-5464/2023 nömrəli qətnaməsinə əsasən X6 apellyasiya şikayəti təmin olunmamış, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-83/2023 saylı, 20 iyun 2023-cü il tarixli qətnaməsi tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, bina 7-də yerləşən 705 saylı mənzilin satışından əldə edilmiş pulun X3 tutulan məbləği ilə bağlı hissədə dəyişdirilmiş, X3 tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, bina 7-də yerləşən 705 saylı mənzilin satışından əldə edilmiş pulun 37150 manat hissəsi Cavabdeh2 xeyrinə tutulmuşdur.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı, X14 maraqlı şəxs qismində göstərildiyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1ndə inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin ona təhvil verilməsi və onun həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, 29 avqust 2022-ci il tarixdə səhər saatlarında şəxsi işləri ilə əlaqədar yaşadığı və mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1ndə inşa edilmiş fərdi yaşayış evindən çıxmışdır. Həmin gün axşam saat 19:00 radələrində evə qayıdarkən qapını öz açarı ilə açmaq istəmiş, lakin qapı içəridən bağlandığından bu mümkün olmamışdır. Qapını döymüş və evə icazəsi olmadan daxil olan qızı Cavabdeh1 ona qışqıraraq, “Gəlmə, bura sənin evin deyil” demişdir. Bir saat ərzində içəri daxil olmaq cəhdi baş tutmadıqda məcbur qalıb DİN-in 102 xidmətinə zəng edib şikayət etmişdir. Ondan sonra polis əməkdaşları gəlib nə qədər çalışsalar da, qızı onu içəri buraxmamışdır. Polis sahə müvəkkili ona gecəni polis bölməsində gözləməyi təklif edərək bildirmişdir ki, səhər saat 9-da evə onun daxil olmasını təmin edəcəkdir. Lakin növbəti gün həmin sahə müvəkkilinin bu istiqamətdə heç bir hərəkət etmədiyini görüb onu evə yerləşdirməsi xahişi ilə təkrar sahə müvəkkilinə müraciət etmiş, lakin sonuncu laqeyd şəkildə bildirmişdir ki, qız problem yaratdığından bunu bacarmayacaq. Bundan sonra Sabunçu RPİ-nin rəisinin qəbuluna getsə də, müsbət nəticəsi olmadığından, qonşunun həyətindən öz həyətinə daxil olmaq məcburiyyətində qalmışdır. Həmin vaxt qızı əlində belin sapı tərəfi ilə üzərinə hücüm edərək başına, qollarına zərbələr endirmişdir. Həmin anı dəqiq xatırlamır. Necəsə beli əlindən ala bilmiş, başından hicabını qopardaraq saçlarını yolmağa başlamış və eyni anda ona zərbələr endirmiş, üzərindəki paltarları cırmışdır. Hadisə zamanı qışqıraraq qonşudan polis əməkdaşlarını çağırmasını istəmişdir. Bu an qapı yenidən döyülmüş və qız polislərin gəldiyini görüb evin qabağına qaçıb əlindəki bıçağı pilləkənə qoymuşdur. Hətta bunu sahə müvəkkili və qonşular da görmüşlər. Daha sonra təcili tibbi yardım xidmətinin əməkdaşları gəlib onu müayinə etmişlər. O, dörd dəfə 102 xidmətinə zəng etdikdən sonra gecə saat 23:00 radələrində sahə müvəkkili ilə təhqiqatçı gəlib ondan və evə - qızın yanına daxil olub qızından izahat almışlar. O isə hələ də bayırda qalmış, içəri daxil ola bilməmişdir. Polislər bayıra çıxanda onlardan xahiş etmişdir ki, onunla birlikdə içəri girib paltar götürməyə icazə versinlər. Lakin hər iki polis əməkdaşı onu itələyərək bayıra atmış və qıza qapını bağlamağı bildirmişlər. Hesab edir ki, bu cür halların davam etməsi böyük faciə ilə nəticələnə bilər. Belə ki, bu ilk hal deyil. Oğlu Reyal və keçmiş əri də onu oxşar vəziyyətə salmışlar. Ona xəsarət yetirdiyinə görə, oğlunun barəsində CM-in 128-ci maddəsi ilə cinayət işi açılmışdır. Keçmiş əri Cavabdeh2 ona xəsarət yetirdiyinə görə, barəsində İXM-in 157-ci maddəsi ilə protokol tərtib edilmişdir. Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşı olsa da, Cavabdeh1 onu buraya gətirmiş, hazırda mübahisəli evdə yaşayırlar. Kiçik oğlu Vəli də bacısının təsiri altındadır, onu küçə sözləri ilə təhqir edərək hədə-qorxular gəlir. 14 iyun 2022-ci il tarixdə ona qısamüddətli mühafizə orderi verilsə də, orderin verilməsindən xəbərdar edilməmişdir. 19 sentyabr 2022-ci il tarixdə Cavabdeh2 və Cavabdeh3 münasibətdə ona qısamüddətli mühafizə orderi verilmişdir. Hazırda cavabdehlər ona məxsus ünvan 1ndə inşa edilmiş fərdi yaşayış evində qanunsuz və icazəsiz yaşamaqla onu evə buraxmadıqlarından, şəxsi əşyalarının heç birini götürə bilmir, küçədə qalmağa məcbur olur. Hesab edir ki, cavabdehlər onun mülkiyyətində olan ünvan 1ndə inşa edilmiş fərdi yaşayış evindən çıxmalı, mənzil ona təhvil verilməli və o, mənzilinə köçürülməlidir.

10. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı X8 onun anası, Cavabdeh2 isə atasıdır. Ailəvi olaraq uzun müddət Rusiya Federasiyasında yaşadıqdan sonra onlar Azərbaycana qayıtmış, atası isə orada qalıb işləməyə davam etmişdir. Atası orada işləyib qazandığı pulları anasına göndərmiş, eyni zamanda əmlakların idarə edilməsi ilə bağlı etibarnamə vermişdir. Həmin vəsait hesabına Bakı şəhəri, Nərimanov rayonunda bir və üç otaqdan ibarət iki ev alınmışdır. Həmin üç otaqlı mənzili anası atasının xəbəri olmadan satmış və pulunu mənimsəmişdir. Hazırda Nərimanov Rayon Məhkəməsinin icraatında atasının iddiası üzrə birgə nikah dövründə əldə olumuş əmlakın bölünməsi tələbinə dair mülki iş vardır. Belə ki, atası iddia qaldıraraq Nərimanov rayonundakı bir otaqlı və hazırkı iddia predmeti olan Zabrat qəsəbəsində yerləşən fərdi yaşayış evinin bölünməsini və üç otaqlı evin satışından əldə edilmiş vəsaitin yarısını tələb edir. İddia predmeti olan Zabrat qəsəbəsində yerləşən fərdi yaşayış evi ilə bağlı qeyd edir ki, həmin ev heç kimin adına qeydiyyatdan keçməmiş, özbaşına tikilidir. Həmin evin yerləşdiyi torpaq sahəsinin alınması barədə müqavilədə tərəf anası olsa da, əslində həmin əmlakın alınması üçün pulun böyük hissəsi onun qazancı, vəsaiti hesabına ödənilmişdir. Belə ki, anası heç vaxt heç yerdə işləməmiş, o isə, 18 yaşından “part-time” işləməkə ailəyə qazanc gətirmiş, hazırda da “Sea Breeze” kimi tanınan "xxxx" MMC-də çalışır. Torpağı alarkən ev də üzərində hazır tikilmiş vəziyyətdə olmuşdur. 2021-ci ilin oktyabr ayında həmin evə köçmüş, bir müddət anası ilə birlikdə orada yaşamışlar. Lakin sonradan anasının başqa kişi ilə münasibətinin olması və üçotaqlı evi də birlikdə satmaları ona məlum olduqdan sonra atasını Azərbaycana çağırıb, baş verənləri ona danışmışdır. Atası və qardaşları da məsələdən xəbər tutduqdan sonra artıq onların eyni evdə birgə yaşayışları mümkün olmamış, aralarında böyük münaqişə yaşanmış və bundan sonra anasını həmin evdən çıxarmışlar. Bundan sonra guya ona xəsarət yetirdiyinə görə, anası öz doğma oğlundan şikayət etmiş və qardaşı barəsində CM-in 128-ci maddəsi ilə cinayət işi açılmışdır. Lakin bir müddət əvvəl Sabunçu Rayon Məhkəməsinin hökmü ilə qardaşına bəraət verilmişdir. Anası ilə eyni evdə birlikdə yaşamalarının mümkün olmaması, eləcə də, həmin əmlakın onun vəsaiti hesabına alınması səbəbindən, hesab edir ki, anası, yəni iddiaçı həmin evə köçürülməməlidir.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(008)- 846/2023 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq X1 ünvan 1 ünvanında (özbaşına tikili olduğundan, ünvan şərtidir) inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi və qalan hissələrdə iddianın rədd olunması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi torpaq barədə X11 və X8 arasında 13 oktyabr 2021-ci alqı-satqı müqaviləsi bağlansa da, üzərində inşa edilmiş fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və özbaşına tikilidir. Həmçinin iş üzrə tərəflər X8 və Cavabdeh2 keçmiş ər-arvaddırlar, onlar arasında nikaha Abşeron Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qətnaməsi əsasında 14 iyul 2022-ci il tarixdə xitam verilmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 isə onların uşaqlarıdır. Həmçinin evin Mərziyyə Mahmudova və Cavabdeh2 birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçı ünvan 1ndə inşa edilmiş fərdi yaşayış evinə cavabdehlər tərəfindən buraxılmadığını iddia edib hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Eyni zamanda, qeyd olunmalıdır ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onların evdən istifadə hüquqlarının tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Odur ki, iddiaçı Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsi ünvanında inşa edilmiş fərdi yaşayış evinə köçürülməlidir. İddianın digər – cavabdehlərin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi barədə hissəsini isə məhkəmə ona görə əssassız hesab edir ki, iddiaçının tələbi göstərilən hissədə qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçı X4 araşdırılan hissələrdə iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud mübahisəli ev qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən yaşayış sahəsi faktiki olaraq özbaşına tikili olduğundan, iddiaçı mülkiyyət hüququnun yaradan əsaslara söykənərək, cavabdehi özbaşına tikilidən çıxara bilməz.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25.2-ci, 43.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək iddianın cavabdehlərin evdən çıxarılması hissəsində ləğv edilərək iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan xüsusatlarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, faktiki olaraq, torpaq ərazisi və onun üzərində inşa edilmiş ev iddiaçının sahibliyindədir və daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş mənada səlahiyyətləridir (ona məxsus əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddiaçının faktiki sahibliyində olan mənzildən onun bu evdə sərbəst yaşamasına ciddi maneələr törədən cavabdehlərin çıxarılması hissəsində rədd olunması barədə qətnamə qəbul edərək, iddiaçının AR Mülki Məcəlləsinin 157.8-ci maddəsi ilətəminat verilmiş hüquqlarını pozmuşdur. Məhkəmə özü-özlüyündə fiziki güclü olan cavabdehlərin istifadə hüququ olmadan özündən zəif olan iddiaçının çıxarılmasını təsdiqləmişdir. Məhkəmə iddiaçının onun faktiki sahibliyində olan mənzilə köçürülməsi hissəsində təmin etsə də, ona bu mənzildən sərbəst istifadə etməyə ciddi manelər törədən cavabdehlərin çıxarılmamağına qərar verərək, iddiaçının mənzilə köçürülməsini faktiki olaraq mümkünsüz etmişdir. Belə ki, cavabdehlər iddiaçının ailə üzvləri olmağına rəğmən iddiaçını evdən qovaraq, ona fiziki şiddət tətbiq etmişlər və buna davam etməkdədirlər. Belə ki, hazırda iddiaçının mənzilə yaxınlaşmağı belə mümkün deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirmişdir.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onlapın iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir;

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər; Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

23. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. ... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayəti ilə qətnamənin cavabdehlərin evdən çıxarılması hissəsində ləğv olunması xahiş olunduğundan və mübahisənin predmeti bölünən olduğu, digər hissələr cavabdeh tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun dolaylı mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. İşin mübahisləndirilməyən halları ondan ibarətdir ki, mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi cavabdehlərdən biri olan Cavabdeh2 ilə X6 birgə nikahda olduqları dövrdə əldə edilmişdir, münasibətlər pozulmamışdan əvvəl həm iddiaçı, həm də cavabdehlər həmin evdə yaşamışlar, yəni, həmin ev üzərində hüquqlar qeydə alınmasa da, faktiki əmlak kimi mövcud olmuşdur.

30. Birinci instansiya məhkəməsi iddianı rədd etdiyi hissələrdə əsaslardan biri kimi iddiaçının subyektiv hüququnun olmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası bu əsasla bağlı onu qeyd edir ki, iddiaçı evin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, əmlak birgə nikah dövründə əldə olunduğundan ½ hissəsinin mülkiyyətçisi olması barədə məhkəmə mübahisələri getməklə birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin qətnamələri mövcuddur, həmin qətnamələr qanuni qüvvəyə minməsə də, yuxarıda qeyd olunduğu kimi birgə nikahda olduqları dövrdə əldə edilməsi işin mübahisələndirilməyən halıdır. Mübahisə predmeti olan ev də həmin torpaq sahəsində yerləşir, istər alındığı vaxt mövcud olsa da, istərsə də sonradan inşa olunsa da ev bir əmlak, dəyər kimi mövcuddur və Cavabdeh2 ilə X6 həmin əmlak üzərində hüquqları mövcuddur. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır. Lakin ümumilikdə məhkəmənin gəldiyi nəticə düzgün olduğundan və MPM-nin 385.2-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, yalnız bu əsasla qətnamə ləğv oluna bilməz və işin halları digər əsaslar baxımından qiymətləndirilməlidir.

31. Yuxarıda qeyd olunduğu kimi əmlak birgə nikah dövründə əldə olunduğundan istər torpaq sahəsi, istərsə də ev üzərində X6 hansı hüquqları mövcuddursa, Cavabdeh2 da həmin hüquqları mövcuddur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın Cavabdeh2 münasibətdə rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgündür.

32. X6 digər cavabdehlərə, yəni, övladlarına münasibətdə iddianın rədd olunması ilə bağlı məhkəmə kollegiyası ilkin olaraq onu qeyd edir ki, analogiya üzrə həmin dövr üçün münasibətləri tənzimləyən Mənzil Məcəlləsinin normaları baxımından qiymətləndirimə aparılsa belə, cavabdehlər mülkiyyətçinin ailə üzvləridir və evdən onunla birlikdə istifadə etmək hüquqları vardır, bu hüququn saxlanılmaması üçün mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verilməsi halı da mümkün deyildir. Digər tərəfdən isə daşınmaz əmlak üzərində (məhkəmə qətnaməsi qanuni qüvvəsini almasa belə) X9 ilə bərabər Cavabdeh2 da hüquqları mövcuddur və digər cavabdehlərin oradan çıxarılması üçün onun iradə ifadəsi mövcud deyildir. Əksinə, tərəflərin arasında kəskin münasibətlərin olması, hazırkı iddianın Cavabdeh2 qarşı da irəli sürülməsi sonuncunun iddiaçı ilə eyni mövqedə olmasını mümkünsüz edir.

33. Bundan başqa iddianın əsası kimi istinad olunan hal ondan ibarətdir ki, münasibətlər kəskindir, iddiaçıya cavabdehlərə münasibətdə qısamüddətli və uzun müddətli orderlər verilmişdir və buna görə də onların birlikdə yaşaması mümkünsüzdür. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar cavabdehlərin yaşadıqları mənzildən məhrum edilməsi üçün əsas ola bilməz. Əgər onların birgə yaşaması mümkünsüz olsa belə, bu halda gələcəkdə iddiaçının payın naturada ayrılması, istifadə qaydasının müəyyən olunması və digər tələblərlə iddia qaldırmaq hüququ vardır.

34. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(008)- 846/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(008)- 846/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar