Məhkəmə qərarları › İş №2(103)-2285/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2285/2021

06.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2285/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Taryel oğlunun, Cavabdeh3 Taryel oğlunun və Cavabdeh4 Taryel oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Taryel oğluna, Cavabdeh3 Taryel oğluna və Cavabdeh4 Taryel oğluna qarşı “evdən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair” 2(002)-2370/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Taryel oğluna, Cavabdeh3 Taryel oğluna və Cavabdeh4 Taryel oğluna qarşı “evdən istifadə hüquqlarına xitam verilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Taryel oğlunun, Cavabdeh3 Taryel oğlunun, Cavabdeh4 Taryel oğlunun iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, 20 saylı evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, 20 saylı ev anası tərəfindən ona bağışlanmışdır, daha sonra anası xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Həmin evə dair öz adına çıxarış almış və ev onun şəxsi mülkiyyətində olmuşdur. Cavabdehlər olan bacısı və bacısı uşaqları sözügedən ünvanda qeydiyyatda qalmışlar. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən 2,5 sotu və üzərində tikdirdiyi 6 otaqlı, 152,4 kv.m. sahəsi olan B tikilisini onlara bağışlamışdır. Cavabdehlərə verdiyi evin ünvanı ünvan 1na Cavabdeh1 adına xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Beləliklə, cavabdehlər onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxıb yeni ünvana qeydiyyata düşməli idilər. Lakin cavabdehlər qeydiyyatdan çıxmamaqla ona məxsus evdə qeydiyyatda qalmaqdadırlar. Həmçinin cavabdehlərdən Cavabdeh2 Taryel oğlu və Cavabdeh3 Taryel oğlu evli olmaqla ayrı-ayrı ünvanlarda yaşayırlar, qeyd olunan ünvanda yalnız bacısı Zöhrə və oğlu İmran yaşayırdı. Hazırda cavabdehlər onun bağışladığı torpaq sahəsini və evi satdıqlarını bildirərək, qeydiyyatdan çıxmaq üçün əlavə kompensasiya tələb edirlər. Hesab edir ki, dəyəri 100 mindən artıq olan əmlakı onlara əvəzsiz bağışladığı halda, ondan əlavə kompensasiyanın tələb edilməsi tam əsassızdır. Cavabdehlərin bu hərəkətləri və ona məxsus evdə qeydiyyatda qalmaları onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Ona görə də məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin onun barəsində ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı bacısıdır, digər cavabdehlər isə öz övladlarıdır. Hazırda cavabdehlər də iddia tələbinə etiraz edir. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, 20 saylı ev onların mərhum analarının adına olmuş, anası vəfat etməmişdən əvvəl onun razılığı ilə həmin evi bacısı İddiaçı adına keçmişdir. Hesab edir ki, bunun nəticəsində ona qarşı haqsızlıq olmuş, lakin vaxtında bu məsələni mübahisələndirməmişdir. Belə ki, həmin evdə doğulmuşdur və qeydiyyatdadır. Həmin ev iddiaçının adına qeydiyyatdan keçsə də, faktiki olaraq iddiaçı başqa ünvanda yaşayır. İddia tələbi ilə yalnız əlavə kompensasiya ödənilməsi şərti ilə təmin edilməsinə razıdır Apellyasiya baxışı zamanı Cavabdeh1 şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını və iddianın rədd edilməsini xahiş etdi. O, əlavə olaraq göstərdi ki, oğlanlarından Fərhad və Kamraq ailəlidir, İmran isə onunla birgə özünə məxsus olan Xırdalan şəhərində yerləşən evində yaşayır. Cavabdehlər Cavabdeh2 Taryel oğlu, Cavabdeh3 Taryel oğlu və Cavabdeh4 Taryel oğlu apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, ev 20 (daşınmaz əmlakın ümumi sahəsi 208,2 kv.m., torpaq sahəsi 0,14605 ha) İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 201a nömrəli reyestr kitabının 18548 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2018-ci il tarixində qeydiyyat aparılmışdır. Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, ev 20 ünvanında 0,0248 ha torpaq sahəsini və ümumi sahəsi 152,4 kv.m. olan 6 otaqlı B tikilisini Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, ev 20 (daşınmaz əmlakın ümumi sahəsi 55,8 kv.m., torpaq sahəsi 0,12125 ha) İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 505 nömrəli reyestr kitabının 47461 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, ev 20C (daşınmaz əmlakın ümumi sahəsi 152,4 kv.m., torpaq sahəsi 0,0248 ha) Cavabdeh1 xüsusi mülkiyyətindədir və bu barədə 502 nömrəli reyestr kitabının 47209 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, ev 20C ünvanında yerləşən ümumi sahəsi 152,4 kv.m. olan fərdi yaşayış evini 54 min manata, 0,0248 ha torpaq sahəsini 6 min manata X1. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 saylı, xx.xx.2020-ci il tarixli Forma-2 arayışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, 20 saylı ev İddiaçı məxsusdur. Həmin evdə Cavabdeh1, Cavabdeh2 Taryel oğlu, Cavabdeh3 Taryel oğlu, Cavabdeh4 Taryel oğlu qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarına əsasən, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Kollegiya hesab edir ki, cavabdehlərin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquqları qeydə alınmadığından, habelə onlar mülkiyyətçi olan iddiaçının ailə üzvləri olmamaqla onunla birgə yaşamadığından, onların hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir. Bundan əlavə, cavabdehlərin etirazının əsası olan kompensasiya barədə dəlil də tamamilə əsassızdır. Belə ki, iddiaçı bir il əvvəl özünə məxsus həmin daşınmaz əmlakdan 0,0248 ha torpaq sahəsini və ümumi sahəsi 152,4 kv.m. olan 6 otaqlı B tikilisini cavabdeh tərəfə bağışlamışdır (tikililər baxımından 208,2 kv.m. sahənin 152,4 kv.m. hissəsi cavabdehə bağışlanmış, son çıxarışa əsasən iddiaçının özünə 55,8 kv.m. qalmışdır). Cavabdeh tərəf həmin daşınmaz əmlakı bu ilin sentyabr ayında 60 min manata satmaqla mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində oxşar şəraitdə yaşamaq imkanı əldə etmişdir. Cavabdeh1 izahatında bildirmişdir ki, hazırda Xırdalan şəhərində özünə məxsus evdə yaşayır. Digər tərəfdən, izahatlara əsasən bəzi cavabdehlərin iddiaçıya məxsus evdə faktiki yaşamadan qeydiyyatda qalmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Ona görə də cavabdehlərin iddiaçıya məxsus evin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməlidir. Beləliklə, iddianın təmin edilməsinə dair mübahisələndirilən qətnamə qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2370/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar