Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2285/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan Maraqlı şəxs və onun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3058/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan Maraqlı şəxs apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı cavabdehlərə münasibətdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46 saylı evin 48 saylı mənzilinə köçürülməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli, 2(103)- 364/2010 saylı qətnaməsi ilə cavabdehlər X8 və X2 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1902/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu N.M.Səmədov tərəfindən verilmiş 02 mart 2018-ci il tarixli vəsiyyətnaməyə əsasən Yusifov İmanverdi harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını, ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh vəsiyyət etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana aid olan iddiaçının mərhum qaynatası X4 qaldığı yaşayış sahəsinə daxil olmaq üçün Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edib.
6. İddiada göstərilib ki, İddiaçı 1987-ci ildə nikaha daxil olmaqla sabiq və mərhum həyat yoldaşı X6 ilə Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı iki mərtəbəli evdə yaşamaqla birgə təsərrüfat aparmışdır. Bu evlilikdən iki övladları -Vidadi və Əliəkbər adlı iki oğlu anadan olmuşdur. İddiaçı X6 ilə nikahları pozulmuş, həmin evdə yaşayan mərhum qayınatası X10 və sabiq mərhum yoldaşı X6 tərəfindən yaşayış yerindən çıxarılmağı ilə əlaqədar onlara qarşı mənzilə köçürülməyə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnaməsi ilə iddiaçının ünvan 2 ünvana köçürülməsi qət edilmişdir. X12 və Qafar Yusifov tərəfindən həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilir ki, mübahisəli ev iki mərtəbədən ibarətdir. Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 29 iyun 2011-ci il tarixli qərarı ilə müəyyən edilir ki, M.Əlizadə küçəsi, 46/48 saylı ünvandakı ev özbaşına tikintidir və evin kirayəşini X3. Hazırda iddiaçı qeyd olunan M.Əlizadə küçəsi, ev 46/48 ünvanında yaşayır. Evin kirayəşini İmanverdi Yusifov və iddiaçının sabiq həyat yoldaşı Qafar Yusifov dünyalarını dəyişmişlər. 02 mart 2018-ci il tarixli, 2 V-136 reyestr nömrəli vəsiyyətnamə ilə iddiaçının mərhum qaynatası İmanverdi Yusifov harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq ölüm gününədək ona məxsus olan bütün əmlakını, ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh vəsiyyət etməsini bildirmişdir. Hazırda Cavabdeh iddiaçının yaşadığı M.Əlizadə küçəsi, 46/48 ünvana aid olan özbaşına tikilinin alt qatında yerləşən X11 oturduğu otağın qapısını bağlayaraq həmin hissənin vəsiyyət üzrə ona məxsus olduğunu bildirir.
7. Cavabdeh məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək, iddianı tam olaraq qəbul etdiyini, eyni zamanda, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3058/2022 saylı, 26 iyul 2022ci il tarixli qətnaməsi ilə(hakim Rəşid Səmədov) iddia tələbinin təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə köçürülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdeh iddia tələbinin təmin edilməsinə razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan Maraqlı şəxs apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmaması barədə yeni qətnamə çıxarılması xahiş edib göstərir ki, mübahisə predmeti olan fərdi yaşayış evi atasına məxsus olduğundan onun, digər qardaş və bacılarının ümumi istifadəsindədir və eyni zamanda hamısı orada qeydiyyatdadır. Məhkəmə hazırki mülki işə baxarkən onları məhkəmə prosesinə cəlb etməli olduğuna baxmayaraq məhkəmə prosesinə maraqlı şəxs kimi cəlb etməmişdir. Ola bilsin ki, iddiaçı onların barəsində məhkəməyə məlumat verməmiş və buna görə də məhkəmənin onlar barədə məlumatı olmamışdır. Mübahisələndirdiyi qətnamə iki dəfə icra olunmuş, yəni 2023-cü il tarixində akt tərtib edilmişdir, guya maneə aradan qaldırılmış, iddiaçı birinci mərtəbəyə köçürülmüşdür. Bundan sonra, ikinci dəfə 2024-cü ilin iyun ayında iddiaçı köçürmə barədə İcra Şöbəsinə müraciət edərək köçürmə tələbi qoymuş, iddiaçı qanunsuz olaraq mənzilə (mübahisəli) köçürülmüşdür. Köçürmə zamanı o və qardaşı Aydın məcbur olaraq həmin mənzildən zor tətbiq etməklə çıxarmışlar. Qeyd olunanlardan məlum olduğu kimi İradənin (iddiaçı) əsas niyyəti atalarından miras qalmış əmlakı mənimsəmək olmuşdur. Bundan əlavə, İddiaçı artıq bir dəfə Bakı şəhəri Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evə istifadə hüququnun tanınması və qeydiyyata alınması barədə iddiası ilə məhkəməyə müraciət etmişdir. Həmin tələb üzrə cavabdeh atası X10 və qardaşı X6 olmuşdur. Bu mübahisə üzrə birinci instansiya məhkəməsinin 05 noyabr 2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2010-cu il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2009-cu il tarixli qətnaməsini ləğv olunmuş, Ali Məhkəmənin 12 avqust 2010-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2010-cu il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Yəni, İddiaçı M.Əlizadə, ev 46/48-ə hüquqi tanınması hissəsində iddiası rədd edilmişdir. Bundan başqa, İddiaçı eyni iddia tələbi ilə cavabdeh o və qardaşı Yusifov Aydın olmaqla cavabdehlər tərəfindən yaşayış sahəsinə daxil olmaq üçün yaradılmış maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülmə tələbinə dair Nəsimi Rayon Məhkəməsində iddia qaldırmış, xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Məhkəməsi iddia tələbini rədd etmişdir. Apellyasiya məhkəməsi qətnaməni qüvvədə saxlamışdır. İddiaçı iddia qaldırdığı şəxs Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 48 saylı evdə qeydiyyatda olsa da, onun başqa mənzili olduğundan qeyd olunan mənzildə faktiki olaraq yaşamır və oradan istifadə etmir. Qeyd olunan mənzil onun və qardaşı Yusifov Aydının istifadəsindədır. Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 3058/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmalı icranın geriyə dönüşü təmin olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında qətnamə ilə hüquq və vəzifələrinə toxunulan Maraqlı şəxs və nümayəndəsi X7 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib məhkəmədən təmin edilməsini, qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etdilər.
12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin edilməməsini, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu:
Maddə 13.1-13.2. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
24. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm analogiya üzrə tətbiq edilməli olan maddi hüquq normalarını tam tətbiq etməmiş, həm də tətbiq etdiyi normanı səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
25. Əvvəla, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş özbaşına tikiliyə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hazırkı işdə olduğu kimi hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa habelə cavabdeh(lər)in və digər şəxslərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır, eləcə də qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxsin etiraz və müdafiə hüquqlarına görə də aradan qaxdığından iddia haqlı sayılmırdı.
26. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2010-cu il tarixli, 2(103)- 694/2010 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2009-cu il tarixli, 2(006)-3036/2009 saylı qətnaməsi ləğv edilərək İddiaçı Ağabala qızının Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə istifadə hüququnun tanınması hissəsində iddiası təmin olunmamışdır. Bu qətnamədə Ali Məhkəmənin xx.xx.2010-cu il tarixli, 2(102)-2390/2010 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır(cild.1.i.v:224-242). Demək ki, iddiaçının mübahisəli tikiliyə istifadə hüququnun tanınması qanuni qüvvəyə minmiş qətnamə ilə rədd edilmişdir. İddiaçı bundan sonra cavabdehlər keçmiş qaynatası X8 və keçmiş əri X5 qarşı qeyd olunan ünvana köçürülmə barədə iddia tələbi ilə məhkəməyə müraciət edib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnaməsi ilə iddiası təmin edilərək cavabdehlərə münasibətdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46 saylı evin 48 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bu qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnaməsindən görünür ki, birinci instansiya məhkəməsi işə baxarkən İddiaçı köçmək istədiyi evə yerində baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, onun köçmək istədiyi ev(sahə) ikinci mərtəbədə yerləşərək bir açıq eyvandan və iki iç-içə otaqdan ibarətdir. Qətnamənin nəticə hissəsində İddiaçı köçürülməli olduğu sahə göstərilməsə də onun ikinci mərtəbədə yerləşən bir açıq eyvandan və iki iç-içə otaqdan ibarət sahəyə köçürüldüyü işin mübahisəsiz halına çevrilib. Birincisi ona görə ki, İddiaçı köçürüldüyü sahədə 10 ildən artıq müddətdə yaşayıb və bununla bağlı heç bir mübahisə olmayıb. İkincisi, o, yalnız ikinci mərtəbədə yerləşən bir açıq eyvandan və iki iç-içə otaqdan ibarət sahəyə deyil, evin birinci mərtəbəsi də nəzərə alınmaqla tikilinin bütün hissəsinə köçürülmüş olsa idi, yəqin ki, hazırkı iddia ilə yenidən həmin tikilinin birinci mərtəbəsinə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdi. Bu fakt, yəni iddiaçının tikilinin yalnız ikinci mərtəbəsinə köçürülməsi Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-963/2024 nömrəli qərarı ilə qüvvədə saxladığı Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(103)-5610/2023 nömrəli qətnaməsi ilə də təsdiq olunub(cild 6.i.v.126-133). Bir sözlə iddiaçı hazırkı iddiası ilə xx.xx.2010-cu il tarixli qətnamə ilə köçürüldüyü sahəyə deyil, həmin tikilinin birinci mərtəbədəki hissəsinə köçmək istəyib ki, birinci instansiya məhkəməsi də onun bu iddiasını haqlı hesab edərək təmin edib.
27. Hazırkı iş üzrə çıxarılan qətnamə ilə İddiaçı təkrarən köçürüldüyü hissənin mərhum keçmiş qaynatası İmanverdi Yusifova məxsus olması işin mübahisəsiz halıdır. İddiaçı X11 02 mart 2018-ci il tarixli vəsiyyətnaməsinə əsasən ölən günədək özünə məxsus bütün əmlaklarının ona(Cavabdeh) vəsiyyət etməsinə və mərhumun oturduğu otağın qapısını bağladığına görə Cavabdeh kimi göstərərək hazırkı iddianı irəli sürüb. Düzdü həmin vəsiyyətnamə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3809/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə etibarsız hesab edilib(cild 4.i.v.56-60). Ancaq Cavabdeh da qətnamənin çıxarıldığı tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsində iddianı tam etiraf etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsi də MPM-in 106.3, 191.3 və 220.4-cü maddələrinə istinad edib iddianı təmin etmişdir. Ancaq qeyd olunan normalarla yanaşı MPM-in 52.5-ci və 191.4-cü maddəsinə əsasən iddianın etiraf edilməsi qanuna zidd olduqda və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan maraqlarını pozarsa, məhkəmə belə hərəkətləri(etirafı) qəbul etməməli və mübahisəyə mahiyyəti baxılmasını davam etdirməli idi. Yəni, iddianın etiraf edilməsinin qanuna zidd olmasını və X11 vərəsələrinin, o cümlədən apellyasiya şikayəti verən Maraqlı şəxs vərəsəlik hüquqlarını və qanunla qorunan maraqlarını pozduğunu görməli idi. Düzdü sual oluna bilər ki, iddiaçının ikinci dəfə köçürülməsini istədiyi tikilinin birinci mərtəbəsi də qeydə alınmayan tikilidir və vərəsəlik münasibətlərinin predmeti olması mübahisəli ola bilər. Ancaq işin halları ilə açıq-aşkar təsdiq olunur ki, əslində mübahisənin əsl səbəbi iddiaçının artıq köçürülərək yaşadığı tikilinin ikinci mərtəbəsi ilə yanaşı, birinci mərtəbəsindən də istifadə ilə bağlı deyil, yəni iddiaçının birinci mərtəbədən də istifadə etməyə ehtiyacı ilə əlaqədar olmamışdır. Əsl səbəb həm iddiaçının, həm də onun keçmiş qayınları arasında X12a aid tikilinin gələcəkdə söküləcəyi təqdirdə alacaqları kompensasiya görədir və onlar arasında çoxsaylı mübahisələr də bununla bağlı olub və davam edir. Demək ki, söküntü nəticəsində veriləcək kompensasiyanın vərəsəlik münasibətlərinin predmeti olacağı real olduğundan qeyd olunan şəxslər məhz bunun uğrunda uzun müddətdir ki, çoxsaylı məhkəmə mübahisələrinin, həmçinin cinayət təqibi üzrə araşdırmanın iştirakçılarına çevrilib. İşdə olan çoxsaylı, müxtəlif xarakterli məhkəmə aktları, eləcə də cinayət təqbi orqanının qərarları da məhkəmə tərkibinin bu qənaətini birmənalı təsdiq etmiş olur.
28. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür özbaşına tikililərə hər hansı bir hüquq əldə etmədən və tanımadan köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Qeyd olunduğu kimi, hazırki iş üzrə iddiaçı artıq bir dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(006)- 3683/2010 saylı qətnaməsi mübahisəli tikilinin ikinci mərtəbəsinə köçürülüb və 10 ildən artıq müddətdə həmin hissədən istifadə edib. Demək ki, qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs və onun nümayəndəsinin mərhum qardaşının keçmiş arvadı olsa da hazırkı iddia ilə köçmək istədiyi özbaşına tikilinin birinci mərtəbəsinin yaşayış sahəsinə ehtiyacı da olmamışdır. Çünki apellyasiya baxışı zamanı da iddiaçı hazırkı iddia ilə köçmək istədiyi yaxud köçdüyü(işdən mübahisələndirilən qətnamənin artıq iki dəfə icra olunduğu məlum olur) özbaşına tikilinin birinci mərtəbəsində heç vaxt yaşamadığı, ikinci mərtəbədə yaşadığı təsdiq olunur və bu işin mübahisəsiz halıdır. Yəni, iddiaçının bu iddia üzrə köçmək istədiyi və ya köçdüyü tikilinin birinci mərtəbəsində heç vaxt yaşamadığı açıq-aşkar təsdiq olunur. Demək ki, iddiaçının başqa yaşayış yeri mövcuddur və mərhum əri ilə sağlığında nikahı pozulmuş, münasibətləri davam etməmiş və tikilinin eyni hissəsində yaşamayıblar. Ona görə də iddiaçı bu cür iddiası və davranışı ilə ikinci dəfə köçmək istədiyi tikilinin birinci mərtəbəsində həqiqətən yaşamaq üçün marağının və ehtiyacının olmadığını biruzə vermiş olur. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün özbaşına tikilinin birinci mərtəbəsinə yenidən köçürülməsi üçün zərurət də olmamışdır.
29. Bir daha qeyd olunur ki, əslində iddiaçının məqsədi heç də vərəsəlik münasibətlərinin predmeti ola biləcək özbaşına tikilinin birinci mərtəbəsinə köçmək olmamışdır. Çünki iddiaçını həmin tikilinin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnaməsi ilə köçürüldüyü ikinci mərtəbəsindəki iki otağı və eyvanı tərk etməyə məcbur edən şəxs, o cümlədən bu barədə hansısa məhkəmə aktı olmamışdır. Üstəlik 12 il sonra tikilinin birinci mərtəbəsinə real köçərək yaşamaq istəməsi də inandırıcı və ağlabatan deyildir. Demək ki, mübahisəli özbaşına tikilinin birinci mərtəbəsinə köçürülməsinə dair qətnamə çıxarılmasında iddiaçının məqsədi gələcəkdə həmin hissənin sökülməsi nəticəsində veriləcək kompensasiyanın da yalnız ona verilməsinə nail olmaq olub və bu iddianı da ona görə irəli sürmüşdür. Lakin bunun üçün, yəni nail olmağa çalışdığı məqsəd üçün iddiaçı düzgün yol (vasitə) seçməmişdir. Başqa sözlə mübahisəli özbaşına tikilinin birinci mərtəbəsinə köçürülməni yenidən tələb etməklə əslində həqiqi məqsədinə bu yolla çatacağına dair düşüncəsi onun yanlış iddia verməsinə səbəb olmuşdur.
30. Apellyasiya baxışı zamanı həmçinin müəyyən edildi ki, iddiaçı ilə mərhum qaynatasının vərəsələri olan keçmiş ərinin qardaşları arasında xoş olmayan münasibətlər mövcuddur. Belə ki, iddiaçının ikinci dəfə köçmək istədiyi mübahisəli özbaşına tikilinin birinci mərtəbəsi ilə bağlı müxtəlif icraatlarda(mülki, izibati, cinayət) çoxsaylı məhkəmə mübahisələri, eləcə də cinayət təqibi üzrə araşdırmalar getmiş və bu gün də davam edir. Demək iddiaçının həmin özbaşına tikilinin birinci mərtəbəsində ehtiyac və zərurət olmadan, sırf hüquqdan sui-istifadə etdiyinə görə köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz, münaqişəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə istifadə edəcəkləri də inandırcı və ağlabatan görünmür. Ona görə də, iddianın təmin edilməməsi həm də onların qarşılıqlı gərgin münasibətləri baxımından düzgün hesab edilməlidir.
31. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maraqlı şəxs da ən azından qanunla qorunan maraqlarını qorumaq və təmin etmək məqsədi ilə mübahisələndirilən qətnamədən apellyasiya şikayəti verməkdə haqlı olub. X11 bu ev üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaması da heç nəyi dəyişmir. Çünki mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur(MM.m.157.8). X11 sözügedən qeydə alınmayan tikiliyə sahiblik və ondan istifadə etməsi mübahisə predmeti deyil. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır (MM.m. 158.1.2.) Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər(MM.m.158.2.) Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir(MM.m. 158.4).X9 həmin tikiliyə əmlak hüquqları da mövcud olub. Ona görə də bu evin daşınmaz əmlakın dövlət reyestrində hansısa hüquqla qeydə alınmaması iddiaçıya hansısa üstünlük yaxud imtiyaz, eləcə də təkrarən məhkəmə qətnaməsi ilə həmin evin birinci mərtəbəsinə xoş olmayan niyyətlə köçürülməsinə də əsas vermir. Çünki mübahisə predmeti olan tikilinin dövlət reyestrində qeydə alınmaması X12la(onun vərəsələri ilə) dövlət orqanı arasında olan başqa bir məsələdir.
32. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəyinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutunun yaranmasına da zərurət və əsas olmazdı.
33. Şərh olunanlara əsasən, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməli; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-3058/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası təmin edilməməlidir.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.2, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qətetdi:
Apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3058/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.