Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2286/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2286/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 Rüfət oğlunun, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-140/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 aprel 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X4 cavabdeh “Pilot Residence" Mənzil-Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən (çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Ratropoviçlər küçəsi 9, m7, m1) mənzilinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 34.960 manat və dövlət rüsumu kimi ödənilmiş 199.88 manatın Cavabdehndən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh şirkətlə 19 aprel 2017-ci il tarixli, 1/05 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilə bağlayaraq Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 7- ci mərtəbəsində 4 otaqlı ümumi sahəsi 221.35 kv.m-dən ibarət mənzilin tikilib təhvil verilməsi üçün razılığa gəlmişdir. Həmin mənzilin müqavilə üzrə bir kv.m qiymətinin dəyəri 1600.0 manat müəyyən edilmişdir. Mənzilin tam dəyərini ödəyərək heç bir borcu qalmamışdır. 19 aprel 2017-ci il tarixli, 1/05 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilədə göstərilən 221.35 kv.m mənzilə dair xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığı zaman məlum olmuşdur ki, mənzilin sahəsi müqavilədə göstərilən sahədən 21.85 kv.m əksik yəni 199.50 kv.m göstərilmişdir. Göründüyü kimi tərəflərin müqavilə üzrə ondan 34.960 (otuz dörd min doqquz yüz altmış) manat artıq pul alınmışdır. Hesab edir ki, Cavabdeh ondan mənzilin hər kv.m-nə görə aldığı artıq məbləği geri qaytarmalıdır. Bununla bağlı Cavabdehnə pretenziya məktubu yollamış pulun geri qaytarılmasını tələb etsə də cavabdeh heç bir hərəkət etməmişdir. Məcburiyyət qarşısında qalaraq pozulmuş hüququnun bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh müqavilə üzrə götürmüş olduğu öhdəliyi pozmuş və ondan artıq pul almışdır.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-140/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MTK-dan 25.520 manat pul vəsaiti və dövlət rüsumunun 166.56 manat hissəsinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manatın 30 manat hissəsinin Cavabdeh MTKdan, 20 manat hissəsi İddiaçı tutulması qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1, 390.2, 390.6, 425, 442, 578.1, 752.1, 752.2-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 103.1, 119.1, 206.1, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun iddianın təmin edilən hissəsində ləğv edilməsi, iddia ərizəsinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin arasındakı 19 aprel 2017-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən, tərəflər mənzilin sahəsinin oxdan-oxa hesablanmasını razılaşdırıblar. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, mənzilin oxdan-oxa sahəsi, həqiqətən də, razılaşdırılmış həcmdədir (221 kv.m). Lakin ekspert mənzil sahəsinin hesablanmasına dair ümumi normaları nəzərə aldıqda mənzilin sahəsinin 205 kv.m olduğunu qeyd etmiş və məhkəmə də bunu əsas götürmüşdür. Halbuki müqavilədə tərəflər sahənin oxdan-oxa ölçüsündə razılaşmışlar. Bu, qanuna zidd deyil. Qanunla nəzərdə tutulmuş hesablama o vaxt tətbiq edilir ki, tərəflər fərqli razılaşmaya gəlməmiş olardılar. Məsələn, müqavilədə yazılardı ki, mənzilin sahəsi 221 kv.m olmalıdır, bu zaman qanunda nəzərdə tutulan hesablama tətbiq edilməli idi. Tərəflərin gəldiyi razılaşma (sahənin oxdan – oxa razılaşdırılması) qanuna zidd deyildir. Məhkəmə ekspertin rəyini qanunun tələbinə və tərəflərin arasında mövcud olan, qanuna zidd olmayan, qanunla qadağan olmayan müqavilə şərtlərinə uyğun qiymətləndirməmişdir. Rəylə təsdiq edilmişdir ki, mənzilin sahəsi oxdan-oxa müqavilədə nəzərdə tutulduğu ölçüdədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
10. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
15. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
16. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
17. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
18. Maddə 531.1. Öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
22. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən və cavabdeh iddianın təmin edilən hissəsini mübahisələndirdiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
27. Birinci instansiya məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir ki, bu da qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır.
28. Belə ki, Cavabdeh ilə X4 arasında bağlanmış 26 nömrəli, 19 aprel 2017-ci il tarixli müqavilənin 5.2.23-cü bəndindən görünür ki, mənzildə divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilməklə sahənin 160.00 kv.m olmasını təmin etmək tikinti şirkətinin hüquq və vəzifələridir.
29. Həmçinin Cavabdeh ilə X4 arasında bağlanmış 1/05 nömrəli, 19 aprel 2017-ci il tarixli çoxmənzilli yaşayış binasında mənzil hissəsinin tikintisi haqqında müqavilədən görünür ki, podratçı Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində, sahəsi 50.00 m2 dən ibarət mənzilin hissəsini tikib «sifarişçi»yə təhvil verməyi, «sifarişçi» isə öz növbəsində onun sifarişi ilə tikilən mənzil hissəsini qəbul etməyi və həmin mənzil hissəsinin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. Bu müqavilənin 1.1.bəndində qeyd edilən mənzilin hissəsi tərəflər arasında bağlanmış 19 aprel 2017-ci il tarixli, “müqavilə № 26” ilə “sifarişçi”nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş 160.00 m2 -dən ibarət təmirsiz mənzilə birləşdiriləcəkdir. Həmin təmirsiz mənzilin sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr də hesablanmaqla (oxdan-oxa) sahəsi 221.35 m2-dən ibarət olmaqla 4 otaqdan və köməkçi sahələrdən ibarətdir.
30. Həmçinin müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron Çıxarışa əsasən, yeni qaydalarla: AZ 1001, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, giriş 9, M7, m1 xx.xx.2024-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. X4 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir.
31. Adı çəkilən iş materiallarından görünür ki, tərəflər ilk növbədə aralarında xx.xx.2017-ci il tarixdə müqavilə bağlasalar və plintuslar nəzərə alınmadan 160 kv.metr sahənin təhvil verilməsi ilə bağlı razılaşsalar da, sonradan novasiya baş vermiş, eyni tarixli digər bir müqavilə ilə aralarındakı razılaşmanın mahiyyətini dəyişərək yeni şərtlərlə müqavilə bağlamışlar.
32. Belə ki, həmin müqaviləyə əsasən tərəflər həm veriləcək mənzilin ölçüsünü müvafiq olaraq dəyəri ödənilməklə 221.35 kv metr həcmində müəyyən etmiş, həm də ölçünün hesablanma qaydasının oxdan-oxdan aparılmasını təsbit etmişlər.
33. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mənzilin ölçülərinin oxdan-oxa hesablanması şəhərsalma və tikinti qanunvericilinə uyğun olmadığından müqavilənin həmin bəndinə istinad oluna bilməz. Lakin kollegiya qeyd edilən mülahizə ilə razılaşmır.
34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
35. Həmin Məcəllənin 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir.
36. Qanunvericiliyin qeyd edilən normalarına əsasən tərəflər aralarındakı razılaşmaya əsasən bağlanmış müqavilə üzrə öhdəliklərini fərqli predmet və ya icra üsulu ilə əvəz etməklə yeni müqavilə bağlaya və həmin müqavilənin şərtlərini də azad surətdə müəyyənləşdirə bilərlər.
37. Hazırki işin hallarından da göründüyü kimi tərəflər arasında eyni tarixdə daha sonra bağlanmış müqavilə ilə veriləcək mənzilin ölçüsü artırılmış və ölçülmənin oxdan-oxa hesablanması təsbit olunmuş, müqavilə tərəflərin, o cümlədən iddiaçının mərhum ərinin imzası ilə təsdiqlənmiş, qeyd edilən şərt hansısa formada mübahisələndirilməmişdir. Bu isə o deməkdir ki, tərəflər öz aralarındakı razılaşmaya əsasən müqavilənin müfəssəl şərtini azad qaydada müəyyən etdiyindən, üstəlik əvvəlcə fərqli hesablanma qaydası nəzərdə tutan müqaviləni də məhz həmin şərtin dəyişməsi ilə novasiya qaydasında yenisi ilə əvəz etdiyindən bu halda həmin şərtin etibarlı hesab edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı hesab edilə bilməz.
38. Həmin şərtə əsasən cavabdehin öz üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra edib-etməməsinə münasibətdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2024-cü il tarixli 3-16-16/2- 10/830 nömrəli rəyindən görünür ki, Cavabdeh MTK ilə X4 arasında bağlanmış 19 aprel 2017-ci il tarixli, 1/05 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzillərin alqı-satqısına dair müqavilənin predmeti olan ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 7-ci mərtəbədə yerləşən 1 nömrəli mənzilin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr də hesablanmaqla (oxdan-oxa) sahəsinin 221,35 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.
39. Bu isə o deməkdir ki, cavabdeh adı çəkilən müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etmiş, müqavilədə göstərilən hesablama qaydasına əsasən qeyd edilən həcmdə mənzilin iddiaçıya təhvil verilməsini təmin etmişdir.
40. Bu səbəbdən kollegiya hesab edir ki, iddianın təmin olunması üçün hər hansı hüquqi əsaslar mövcud olmadığından apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia həmin hissədə də rədd edilməlidir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
42. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
44. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
45. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun dəyəri isə iddiaçıdan alınaraq cavabdehə ödənilməlidir.
47. Həmçinin birinci instansiya məhkəməsində təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul iddiaçıdan tutulmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-140/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə də təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun dəyəri isə İddiaçı tutularaq Cavabdeh MTK-ya ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev