Məhkəmə qərarları › İş №2(103)-2287/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2287/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2287/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(004)-6302/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona verdiyi 28.000 (iyirmi səkkiz min) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh ilə aralarında bağlanmış 15.04.2019-cu il tarixli podrat müqaviləsinə əsasən ünvan 1 ünvanında 170 kv.m torpaq sahəsinin üzərində yerləşən tikinti sahəsi 70 kv.m təşkil edən 5,40 metr hündürlüyü, 3,00 metr tavan hündürlüyü 7 daş kürsüdə olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Cavabdeh müqavilə üzrə nəzərdə tutulan 28.000 manat məbləğində pul vəsaitini ondan almış, lakin üzərinə düşən öhdəlikləri icra etməmişdir. Öhdəliklərin icra edilməsi üçün cavabdehin yaşadığı ünvana pretenziya məktubu tərəfindən göndərilmiş, lakin hər hansı nəticə əldə edə bilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(004)-6302/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(004)-6302/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Podrat Müqaviləsi 15.04.2019-cu il tarixdə bağlanmış, İddiaçı isə podrat müqaviləsi üzrə borc tələbi ilə bağlı iddia ərizəsini müqavilənin bağlandığı tarixdən 2 il 5 ay sonra, yəni 20 sentyabr 2021-ci il tarixdə məhkəməyə vermişdir. Beləliklə İddiaçı iddia müddətini ötürmüşdür. Məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək, İddiaçı qanunla müəyyən olunmuş iddia müddətini üzürsüz səbəbdən ötürdüyündən, iddia müddəti tətbiq edilməklə iddiaçının 15.04.2019-cu il tarixli Podrat Müqaviləsi üzrə pul tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin məhkəmə iddia müddətini tətbiq etməmişdir. Mülki qanunvericiliyin normalarına görə tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə iddiaçının iddia qaldırmaq üçün iddia müddəti 1 il müəyyən edilmişdir. İddiaçı isə bu müddəti ötürərək, iddia ərizəsini məhkməyə vermişdir. Lakin məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “podrat müqaviləsi üzrə iddia müddəti məhz görüləcək işin qəbul edildiyi gündən hesablanır. Hazırki iş üzrə isə məhkəmə iclasında cavabdeh tərəfindən podrat müqaviləsində nəzərdə tutulmuş işlərin görülüb sifarişçiyə təhvil verilməsi müəyyən edilməmişdir”. Hesab edirik ki, məhkəmə sübtlara düzgün qiymət verməmişdir. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında, Cavabdeh tərəfindən evin tikildiyini, qəzalı vəziyyətdə olduğuna görə İddiaçı qəbul etmədiyini bildirmişdir. Buna görə də verdiyi pulu geri tələb edir. Ancaq məhkəmə iddiaçının evin tikildiyini, qəzalı vəziyyətdə olduğu üçün qəbul etmədiklərini bildirməyinə baxmayaraq buna qiymət verməmişdir. Məhkəmə evin tikilməsi və iddiaçı tərəfindən qəbul edilməməsi sübut olunmasına baxmayaraq, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(004)- 6302/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ətizəsində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(004)-6302/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdehin iddiaçıdan Podrat müqaviləsinə əsasən 28.000 manat aldığını etiraf etmiş, lakin müqavilə öhdəliklərinin yerinə yetirilməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443, 752, 759 və 776-cı maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil1 çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Cavabdeh ilə İddiaçı arasında 15 aprel 2019-cu il tarixdə bağlanmış Podrat müqaviləsindən görünür ki, birinci tərəf öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında 170 kv.m torpaq sahəsinin üzərində yerləşən tikinti sahəsi 70 kv,m təşkil edən 5.40 metr hündürlüyü, 3.00 metr tavan hündürlüyü 7 daş kürsüdə olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Hazırki müqavilə üzrə podratçı tərəfindən ica olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 28000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 25000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ödəyir. 3000 manatı isə 3 gün müddətinə ödəməyi öhdəsinə götürür.(İ.vər. 7) İş materiallarında olan, pretenziya məktubundan görünür ki, cavabdeh 5 gün müddətində müqavilə üzrə öhdəlikləri icra etməyi və ya ödənilmiş 28.000 manat məbləğində pul vəsaitini İddiaçı qaytarması, əks təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.(İ.vər. 6) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759-cu maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsi iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab etmişdir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Odur ki, məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinin hazırki işə iddia müddətinin tətbiq edilməsi barədə dəlilini əsassız hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası yuxarıda qeyd edilən sübutlara və maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, cavabdehin iddianı etiraf etməsi qəbul olunmalıdır. Göründüyü kimi Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərək şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(004)-6302/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(004)-6302/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar