Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2288/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “təsirli divarın sürüşməsinin qarşısının alınması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-425/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, 9 saylı mənzildə dəhlizdə çatmayan 1.5 metr uzunluğunda, 20 sm enində divarın mənzilin qapısı nəzərə alınmaqla 1,2 kv.m. hissəsinin sürüşməsinin qarşısının alınması məqsədi ilə cavabdeh tərəfindən mişar daşı ilə yerinə bərpa olunması, ilkin iddiaya görə 100 manat, apellyasiya şikayətinə görə 50 manat, Ali Məhkəmə rüsumuna görə 50 manat dövlət ödənişi, vəkil vasitəsi ilə Ali Məhkəməyə şikayətlə bağlı müqavilə bağlamaq üçün minimum 350 manat xərcin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəmənin 2(009)-425/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “qəzalı vəziyyətin aradan qaldırılması və zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış qərar qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraat dayandırılmışdır. Qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsində qəzalı vəziyyətin aradan qaldırması üçün 14a saylı mənzilin dəhlizində 2 kv.m. divarın yerinə bərpa olunmasına dair onun iddiasına baxılmış, iddiası təmin olunmamışdır. Hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin başqa hakimi tərəfindən “qəzalı vəziyyətin aradan qaldırılması üzrə 9a saylı mənzilin daxilində 7 mayırıcı divarın əlavə 50 sm qalınlaşdırılması tələbi üzrə Cavabdeh iddiasına baxılır. Həmin işdə o qarşılıqlı iddia verərək, sürüşmənin Cavabdeh günahından olmaqla 9 saylı mənzildə sürüşən divarın çatmayan 1,5 m divar səbəbindən baş verməsini, bu səbəbdən bu divarın yerinə bərpa olunmalı olmasını iddia etmiş, qarşılıqlı iddiası icraata götürülməmişdir. Qarşılıqlı iddianın icraata götürülməməsindən apellyasiya şikayətinə baxılmış və nəticədə ona qarşılıqlı iddiaya müstəqil tələbdə baxılması izah edilmişdir. Bu əsasla müstəqil icraatda iddia qaldırmış, lakin iş üzrə sonuncu qərardad verilmişdir. Hesab edir ki, hazırki işlərinin apellyasiya məhkəməsi tərəfindən birləşdirilməsi ədalət mühakiməsi üçün zəruridir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-425/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra cavabdeh tərəfindən şikayətə qarşı yazılı etiraz təqdim edilərək, qərardadın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Hər hansı başqa sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir; 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər; 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır; 256.0.3-cü maddəsinə əsasən Mülki-Prosessual Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır; 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına istinadən qeyd edir ki, qanunverici Mulki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı cavabdehə məxsus olan 9 saylı mənzilin dəhlizində çatmayan 1.5 metr uzunluğunda, 20 sm enində divarın mənzilin qapısı nəzərə alınmaqla 1.2 kv.m hissəsinin sürüşməsinin qarşısının alınması məqsədi ilə cavabdeh tərəfindən mişar daşı ilə yerinə bərpa olunmasını xahiş etmişdir. Bu iş üzrə icraatın dayandırılmasına əsas olmuş mülki iş üzrə isə Cavabdeh İddiaçı qarşı qaldırdığı iddiada cavabdehin mülkiyyətində olan 9 a saylı mənzildə sökülmüş 7 metr uzunluğu və 0,70 metr eni olan istinad divarının öz yerində bərpa edilməsini (həmçinin, maddi və mənəvi zərərin tutulmasını) tələb edir. Bununla belə, hər iki mülki iş üzrə iddiaların predmeti fərqlidir və hüquqi nəticə etibarı ilə müxtəlif mənzillərin biri-birinə hər hansı aidiyyəti olmayan divarının bərpasından gedir. Belə olan halda, iddiaçı Cavabdeh iddiası üzrə çıxarılmış məhkəmə aktının hüquqi baxımdan hazırki işə hər hansı təsiri yoxdur. Qeyd edilənlər öz növbəsində iddiaçı Cavabdeh İddiaçı qarşı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış qərarın qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraatın dayandırılmasını istisna edir. Qeyd edilən mülki işlər üzrə bərpa edilməsi tələb edilən divarların biri-birinə aidiyyətinin olması isə hazırki mülki iş üzrə icraatın dayandırılmasını deyil, onların bir icraatda baxılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmamış, o cümlədən bu qənaətə gələrkən işə Mülki Prosessual Məcəllənin 43-cü maddəsinin tələblərinin tətbiq edilməsinin mümkünlüyünü araşdırmamışdır. Bu səbəbdən şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-425/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi (işə mahiyyəti üzrə baxılması, o cümlədən Mülki Prosessual Məcəllənin 43-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməsi) üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-425/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi (işə mahiyyəti üzrə baxılması, o cümlədən Mülki Prosessual Məcəllənin 43-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməsi) üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2288/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2288/2025
19.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver