Məhkəmə qərarları › İş №2(103)-2289/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2289/2021

26.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2289/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdeh Şəki şəhərində yaşayır və Şəki şəhərində qeydiyyatdadır. Ona görə də, ona qarşı qaldırılmış iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində deyil, Şəki Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 8305/2019 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Cavabdeh mülki işin aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət vəsatətdə göstərilənlərlə əsaslandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İş materiallarından göründüyü kimi, hazırkı iddia tələbi Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsi ərazisində olan 500 kv.m. torpaq sahəsində inşa edilmiş iki mərtəbədən ibarət fərdi yaşayış evinə köçürülmə ilə bağlıdır. Belə olan halda kollegiya hesab edir ki, hazırki iş üzrə mübahisə Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin təsir dairəsinə düşür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Prosessual qanunvericiliyin tələblərini, yəni iddia ərizəsinin Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə icraata qəbul edildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki işin ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməsi barədə Cavabdeh vəsatətini təmin etməməklə, birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar