Məhkəmə qərarları › İş №2(103)-2294/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2294/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2294/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: pulun tutulması X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pulun tutulması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-749/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə 5.000 manat məbləğində cərimə cəzasının təyin edilməsi hökm edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1070/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X8 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1388/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 13.200 manat pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumu əvəzində 129,60 manat, cəmi 13.329,60 manat məbləğində pul iddiaçı X8 xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qeyd edilən məhkəmə aktları qanuni qüvvəsini almışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 13.200 manat məbləğində pulun və 129,60 manat məbləğində dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət tanıdığı X6 18.200 manat pul alıb həmin pulun 13.200 manatını Cavabdeh vermişdir. Cavabdeh Vüqarın tanıdığı şəxslərə pensiya düzəldəcəkdi. Tural oğlu Əzizov Elminlə sinif yoldaşı olmuşlar. Cavabdeh həmin işi düzəldə bilmədiyi üçün o cavabdehdən həmin pulları tələb emişdir. Cavabdeh həmin pulu X7 verdiyini, sonuncu isə vədlərinə əməl etmədiyindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Pulu cavabdehə verdiyini tanışı olan X14 da bilirdi. Cavabdeh pulu qaytarmadığı üçün X14 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 18.200 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, buna əsas kimi məhkəmə qətnaməsində qeyd edilmişdir ki, X8 Cavabdeh qarşı iddia qaldırmaq, onun da Cavabdeh qarşı iddia tələbinə baxılması da digər hüquq münasibəti kimi mümkündür. Daha sonra X14 ona qarşı pul tələbinə dair iddia qaldırmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ondan 13.200 manat məbləğində pul və 129,60 manat məbləğində dövlət rüsumu tutularaq, X10 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsində də onun cavabdehə qarşı iddia qaldırmaq hüququ izah edilmişdir. Hər iki qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh məhkəmədə və məhkəməyə göndərdiyi ərizələrdə ondan 13.200 manat pul aldığını etiraf etmişdir. Cavabdehdən pulunu ala bilmir. Dəfələrlə cavabdehin istifadəsində olan telefon nömrəsinə zəng edərək, pulunu qaytarmasını tələb etsə də, cavabdeh borcunu ödəməkdən yayınmışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-749/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim X2 qızı).

5. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, İddiaçı tanışı X6 18.200 manat pul alıb həmin pulun 13.200 manatını tanışlarına pensiya düzəltmək üçün Cavabdeh tanışı X7 vermişdir. Nəticə etibarilə, Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-172/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 5.000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, X12 ona irəli sürülmüş epizodlar üzrə vətəndaşlara vurulmuş maddi ziyanı ödəmişdir. X8 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1070/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir. Daha sonra V.Hüseynov İddiaçı qarşı “pulun tutulması” tələbinə dair iddia qaldırmış, nəticə etibarilə Salyan Rayon Məhkəməsinin 2(057)-1388/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı 13.200 manat pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumu əvəzində 129,60 manat olmaqla, cəmi 13.329,60 manat məbləğində pulun alınaraq, iddiaçı X10 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı müvafiq qətnamə ilə ondan tutulan məbləğin Cavabdeh tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş hökmdən görünür ki, C.Məmmədov vətəndaşlara vurulmuş maddi ziyanı ödəmişdir. İddiaçı iddiasının əsaslığını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-386-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1070/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində müəyyən edilmişdir ki, (şahidlərin ifadələri, tərəflərin (xüsusən iddiaçının özü) izahatları və s.) iddiaçı X14 pulu mülki iş üzrə şahid qismində dindirilmiş İddiaçı vermiş, sonuncu isə həmin pulu iddiaçının təqdim etdiyi pul kimi və ya iddiaçının nümayəndəsi və ya təmsilçisi kimi deyil, məhz öz adından Cavabdeh vermişdir. Yəni, iddiaçı X14 ilə Cavabdeh arasında hər hansı öhdəlik münasibətləri yaranmamışdır. Hüquq münasibətlərinin tərəfi kimi öhdəlik münasibətləri iddiaçı X14 ilə onun, daha sonra onunla hazırki Cavabdeh arasında yaranmışdır. Nəticə etibarilə, mövcud münasibətlərin mahiyyəti, tərəflər fərqlidir, odur ki, həmin hüquq münasibətlərini eyniləşdirmək olmaz. Qeyd olunan xüsusatlar isə məhkəmə iclaslarında şahidlərin və tərəflərin izahatlarına əsasən (izahatlar müvafiq məhkəmə iclas protokollarında qeyd edilmişdir) müəyyən edildiyindən iddiaçıya cavabdehin əsl cavabdehlə əvəzlənməsinin təklif edilməsi mümkün olmamışdır (xüsusatlar yekun olaraq məhkəmə baxış mərhələsində aydın olmuşdur). Məhkəmədə iddiaçıya izah edilmişdir ki, o, müvafiq iddia tələbi ilə bağlı öhdəlik münasibətlərinə birbaşa daxil olduğu ona qarşı iddia qaldırmaq hüququ vardır. Onun da Cavabdeh qarşı iddia tələbinə baxılması da digər hüquq münasibəti kimi mümkündür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1070/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində Cavabdeh izahatında tələb olunan pul vəsaitinin onun tərəfindən verildiyini etiraf edərək, həmin pul vəsaitini Bakı Hərbi Məhkəməsinin 1-1(093)-172/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən məhkum edilmiş Ceyhun Məmmədova verdiyini bildirsə də, X12 məhkəmədə şahid qismində vermiş olduğu izahatında Cavabdeh tərəfindən qeyd edilən məbləğdə pul vəsaitini qəbul etmədiyini bildirmişdir. Cavabdeh isə həmin pul vəsaitinin Ceyhun Məmmədova verdiyinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh iddiaya qarşı etiraz (ərizələr) təqdim edərək, iddiaçının ondan tələb etdiyi pulu ona deyil, X12 adlı şəxsə verdiyini, iddiaçının 2021-ci ilin oktyabr ayının əvvəllərində Salyan rayonu Dayıkən sakini olan Xeyirağa adlı bir şəxsdən onun oğlunu güya Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə ondan 13.500 manat pul aldığını, 1.500 manat hissəsini xərclədiyini, sonradan da bu məsələ ilə bağlı ona müraciət edərək, ondan köməklik istədiyini, lakin şəxs barədə ona ümumi məlumat verdiyini, həmin pulun 12.000 manat hissəsini iki dəfəyə hər dəfə 6.000 manat olmaqla ona verdiyini, təxminən 10 gün sonra bu pulun 2.000 manat hissəsini qaytardığını, bundan sonra həmin pulun Xeyirağa məxsus olduğunu bildiyini, bir müddət sonra isə qalan 10.000 manat pulu da “Zefir” molun qarşısında təkidlə iddiaçının oğluna qaytardığını qeyd etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdirlər.

11. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, bildirmişdir ki, hazırda yaranmış mübahisə X8 qurmuş olduğu oyundan ibarətdir. Belə ki, Vüqarla onun arasında artıq uzun illərdir ki, düşmənçilik münasibətləri vardır. Ümumilikdə isə 6 nəfərdən müxtəlif məbləğlərdə pullar alınmış, onlardan iki nəfərin pulu iddiaçı vasitəsi ilə, digər dörd nəfərin pulu isə bilavasitə Vüqarın özü tərəfindən Ceyhuna verilmişdir. Daha sonra isə Ceyhun tərəfindən geri qaytarılmışdır. Mübahisənin faktiki hallarına gəlincə isə iddiaçı onun Vüqarla düşmən olmağını bildiyi üçün öz adından ona müraciət edərək, iki qohumunun pensiyasının kəsildiyini və bunun bərpa olunmasının mümkün olub-olmamasını soruşmuşdur. O, bele işlərlə məşğul olmadığını bildirmiş və Sevdanı Ceyhun adlı dostu ilə tanış etmişdir. Lakin təsadüfən Ceyhun və Vüqar qohum çıxmışlar. Bundan sonra Vüqar Ceyhuna 100.000 manata yaxın pul vermiş, bir müddət sonra isə Ceyhunun dələduz olmasından xəbər tutmuşdur. Vüqar pulunun bir hissəsini geri qaytara bilsə də, 64.000 manatını geri ala bilməmişdir. Vüqar da düşünmüşdür ki, onun rəsmi iş yeri və əmək haqqısı var, pulu ondan ala bilər. Ona görə də ona qarşı əsassız iddia tələbləri ilə məhkəməyə müraciət etməyə başlamışdır. Ceyhun onun məlumatı olan pulu Vüqara geri qaytarmışdır. Yerdə qalan məbləğlə bağlı isə onun heç bir məlumatı yoxdur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir.

19. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

20. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

21. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

22. Bu baxımdan iddiaçı cavabdehə 13.200 manat məbləğində pulun verməsini sübut etməli idi. İddiaçı da işin faktiki hallarına və qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1070/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və Salyan Rayon Məhkəməsinin 2(057)-1388/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnamələrinə istinadən tərəfindən cavabdehə 13.200 manat məbləğində pul vəsaitinin verilməsinin öz təsdiqini tapdığını bildirir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, X8 aralarındakı düşmənçilik səbəbi ilə ondan qisas almaq məqsədilə İddiaçı vasitəsilə ondan pul tələb etdiyini, iddia üzrə tələb edilən pulun iddiaçı tərəfindən ona deyil, X12 adlı şəxsə verildiyini bildirir və iddianın rədd edilməsini xahiş edir.

23. Məhkəmə kollegiyası istinad edilən məhkəmə aktları ilə bağlı qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1070/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X8 Cavabdeh qarşı 18.200 manat pulun tutulması tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı həmin iş üzrə şahid qismində ifadə vermişdir. Həmin icraat çərçivəsində X8 pulu İddiaçı, sonuncunun isə həmin pulu onun təqdim etdiyi pul kimi deyil, məhz öz adından (özünə aid pul kimi) Cavabdeh verdiyi, yəni X14 ilə Cavabdeh arasında hər hansı öhdəlik münasibətlərinin yaranmadığı, hüquq münasibətlərinin tərəfi kimi öhdəlik münasibətlərinin X14 ilə İddiaçı, daha sonra İddiaçı ilə Cavabdeh arasında yarandığı müəyyən edilmişdir. Eyni zamanda, qətnamə ilə iddiaçı X10 izah edilmişdir ki, onun müvafiq iddia tələbi ilə bağlı öhdəlik münasibətlərinə birbaşa daxil olduğu İddiaçı qarşı iddia qaldırmaq hüququ vardır. İddiaçı da X13 qarşı iddia tələbinə baxılması da digər hüquq münasibəti kimi mümkündür.

24. Bunun nəticəsi olaraq X14 (Cavabdeh üçüncü şəxs qismində işə cəlb edilməklə) Salyan Rayon Məhkəməsində İddiaçı qarşı iddia qaldıraraq ondan 18.200 manat məbləğində pulun tutulmasını tələb etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)- 1388/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun iddiası qismən, 13.200 manat məbləğin İddiaçı tutulması hissəsində təmin edilmişdir. Həmin qətnaməyə əsasən müəyyən edilmişdir ki, İddiaçı X8 müxtəlif şəxslərin pensiya təminatı ilə bağlı müvafiq işlərin görülməsi üçün ümumilikdə 13.200 manat pulunu alaraq Cavabdeh vermişdir. Cavabdeh da pensiya ilə bağlı işlərin görülməsi üçün həmin pulu özü və ya tanışları vasitəsi ilə qəbul etmişdir.

25. Bununla belə, İddiaçı X6 aldığı pulu (cavabdehlə Vüqar Hüseynov arasında münasibətlər gərgin olduğundan) cavabdehə öz adından təqdim etməsi və həmin pulun məbləğ etibarı ilə 13.200 manat təşkil etməsi qeyd edilən məhkəmə aktları ilə öz təsdiqini tapmışdır.

26. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən məbləğdə pulu iddiaçıdan almaması, həmin pulun iddiaçı tərəfindən X12 adlı şəxsə verilməsi barədə mövqeyi ilə bağlı qeyd edir ki, X8 iddiasına Salyan Rayon Məhkəməsində baxılan zaman üçüncü şəxs olan Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək (i.v. səh.6), iddiaçıdan onun oğlunu işə düzəltmək məqsədilə pul götürdüyünü, həmin pulun Vüqar Hüseynova heç bir aidiyyətinin olmadığını, iddiaçının şəxsi pulu olduğunu, iddiaçının oğlunu işə düzəldə bilmədiyi üçün 2 ay sonra, təxminən 2021-ci ilin yay aylarında qaytardığını etiraf etmişdir.

27. Lakin həmin ərizə üzrə 12.000 manat pulun qaytarılması mövqeyindən çıxış etməsinə baxmayaraq, nəinki bu halı sübuta yetirə bilməmiş (iddiaçı bu halı qəti qəbul etmir), ümumiyyətlə hazırki icraatda tam fərqli mövqedən çıxış edərək (artıq 25-ci bənddə göstərdiyini bildirmir), 13.200 manat pulun ona deyil, X12 adlı şəxsə verildiyini bildirmiş, məhkəmə kollegiyasına təqdim etdiyi ərizələrdə isə iddiaçının ona 2022-ci ilin mart-aprel aylarında Salyan rayonu Dayıkən sakini olan Xeyirağa adlı şəxsə məxsus olan 12.000 manat pulu (sonuncunun oğlunu işə düzəltmək məqsədi ilə) verdiyini, həmin pulun da sonradan onun tərəfindən 2.000 manat (kart vasitəsi ilə göndərməklə) və 10.000 manat (iddiaçının oğluna verməklə) olmaqla qaytarıldığını qeyd etmişdir.

28. Cavabdeh tərəfindən istinad olunan X12 ilə bağlı isə qeyd edilməlidir ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə bu şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona həmin maddələrlə 5.000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. İddiaçı həmin işə hər hansı formada cəlb edilməmiş, X8 və cavabdehin isə şahid qismində ifadəsi alınmışdır. Lakin hazırki mübahisədən irəli gələn məsələyə nə bu şahidlər, nə də ki, təqsirləndirilən şəxsin özü toxunmamışdır. Başqa sözlə, bu hal, yəni iddiaçının X7 hər hansı məbləğdə pul verməsi cinayət işi üzrə araşdırma predmeti olmamışdır. Belə olan halda, həmin icraat çərçivəsində X12 tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq vətəndaşlara (zərər çəkmiş şəxslərə) ödənilmiş pulun hazırki iddia üzrə tələb edilən məbləğə hər hansı aidiyyətinin olması, yəni bu məbləğin də ödənilməsi istisna olunur.

29. Bundan başqa X8 Cavabdeh qarşı iddiasına Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılan zaman iddiaçının və X5 şahid qismində ifadəsi alınmış, lakin onların hər hansı biri cavabdehin mövqeyinə uyğun olan ifadə verməmişlər. Əksinə həminş iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh 18.700 manat məbləğində pulu aldığını etiraf etmiş, lakin bu məbləğin X7 verdiyini bildirmişdir. Sonuncu isə öz şahid ifadəsində bu halı etiraf etməmişdir.

30. Cavabdeh tərəfindən təqdim edilmiş səs yazısı isə mötəbər sübut kimi qəbul edildiyi halda belə hazırki iddianın əsassız olduğunu təsdiq etmir. Belə ki, həmin səs yazısının məhz hazırda mübahisə predmetini təşkil edən münasibətlər çərçivəsində verilən pul vəsaiti olması öz təsdiqini tapmır.

31. Bununla belə, iddia üzrə tələb edilən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi və onun tərəfindən bugünədək qaytarılmaması hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olan məhkəmə aktı və ümumiyyətlə işin faktiki halları ilə öz təsdiqini tapır. Hüquqi nəticə etibarı ilə məhz cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya birbaşa 13.200 manat məbləğində maddi zərər vurulmuşdur. Belə ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1388/2024 nömrəli mülki iş üzrə cavabdeh özü də pul vəsaitinin icraat zamanı iddiaçının oğlunu işə düzəltmək məqsədilə alındığını bildirmişdir. Halbuki, qüvvədə olan və məhz bu sahəni tənzimləyən qanunvericilikdə müxtəlif sahələr üzrə işə qəbul proseduru, habelə əlillik dərəcəsi üzrə təqaüdün təyin edilməsi qaydaları müfəssəl şəkildə təsbit edilmişdir. Cavabdehin işə qəbul prosedurunda və ya əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı komissiyada rəsmi olaraq iştirak etməsi və ya hər hansı formada onun fəaliyyətinə cəlb edilməsi, ümumiyyətlə qeyd edilən məsələni bu qaydada həll etmək səlahiyyətinə malik olması müəyyən edilməmişdir. Buna baxmayaraq, cavabdeh nəticə etibarı ilə işlədiyi hərbi qulluqçu vəzifəsindən kənar, onun səlahiyyətləri ilə əlaqəsi olmayan sahələrə keçid almış və bununla bağlı öz üzərinə öhdəlik götürərək, iddiaçının oğlunu işlə təmin etmək və ya 3-cü şəxslərə təqaüd təyin edilməsi üçün tədbirlər görəcəyini vəd vermişdir.

32. Bu səbəbdən cavabdeh iddiaçıya münasibətdə yol verdiyi təqsirli, hüquqa zidd əməllər nəticəsində ona vurduğu ziyanın məsuliyyətini daşımalı və özünə aid olmayan işin yerinə yetirilməsi vədi ilə ondan aldığı 13.200 manat məbləğində pulu iddiaçıya qaytarmalıdır.

33. Məhkəmə kollegiyası iddianı əsaslı hesab etdiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 129,60 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir.

34. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-749/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 13.200 (on üç min iki yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129,60 (bir yüz iyirmi doqquz manat, altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar