Məhkəmə qərarları › İş №2(103)-2298/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2298/2024

14.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2298/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Elşən Cələddin oğlu Kazımov və X2 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(011)-114/2023 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı – Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 41 saylı yaşayış binasının yaxınlığında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0,6 ha torpaq sahəsinin Cavabdeh MTK tərəfindən boşaldılması və həmin sahəni ətrafdan təcrid edən dam örtüyü materialından çəkilmiş hasarın cavabdehin öz hesabına sökülərək ona məxsus sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, iddianın verilməsi üçün tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(011)-114/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-7123/2023 saylı qərardadına əsasən iddiaçının vəkili və nümayəndəsinə verilmiş etibarnamənin müddəti bitdiyindən şikayət qeyri-mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin göstərişləri nəzərə alınmaqla, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixdə yenidən apellyasiya şikayət vermiş, eyni zamanda həmin tarixdə ərizə ilə müraciət edərək qətnamədən apellyasiya şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(011)-114/2023 saylı qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(011)-114/2023 saylı qərardadından iddiaçının vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət həmin məhkəmənin 24 yanvar 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunmuşdur ki, əvvəla, məhkəmə tərəfindən hazırki halda 1 aylıq prosessual müddətin hansı vaxtdan hesablandığı qətnamədən məlum olmur. Məhkəmə apellyasiya şikayətinin hansı tarixədək elektron məhkəmə sisteminə yerləşdirilməli olduğunu da qərardadda göstərməmiş, bir sözlə, anlaşılmaz nəticə yaranmışdır. İş materiallarından da görünür ki, elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş iş üzrə qətnamədən apellyasiya şikayəti onun tərəfindən vaxtında, yəni xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə yüklənmişdir. Digər tərəfdən, etibarnamənin müddətininbitməsi səbəbindən göstərilən apellyasiya şikayətini imzalamaq səlahiyyətinin olmaması halı ona apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən xx.xx.2023-cü il tarixli qərardadından məlum olmuşdur. Qeyd edir ki, xx.xx.2023-cü il tarixli etibarnamə ona obyektiv, yəni işə çıxmamağı səbəbindən xx.xx.2023-cü il tarixdə çatdırılmış (bunun səbəbləri aşağıda qeyd olunur) və növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə iş üzrə qətnamədən apellyasiya şikayəti onunla eyni ərazidə yaşayan vəkil həmkarı X1 ilə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Noyabr ayının əvvəllərindən səhhəti ilə bağlı, yəni gözlərində başlayan ağrılar səbəbindən kompyüterdə işləyə bilməmiş, bu vəziyyətinin iş yükünün ağır olması ilə əlaqədar olduğunu, odur ki, keçib gedəcəyini düşünmüş, lakin ağrılar keçmədiyindən və görmə qabiliyyətinin günü-gündən pisləşdiyindən, nəhayət yaşadığı ərazi üzrə Bakı şəhəri 4 saylı poliklinikaya müraciət etmiş, bir neçə gün ərzində müvafiq həkimlər tərəfindən müayinə olunmuş, nəhayət 28 noyabr 2023-cü il tarixdə oftalmoloq tərəfindən bir neçə dərman yazılmış, təxminən 4-5 gün ərzində həmin dərmanları qəbul etdikdən sonra sağ gözünün görmə qabiliyyəti tamamilə itmişdir. Odur ki, ailə üzvləri tərəfindən “Dünyagöz” mərkəzinə aparılaraq orada ətraflı müayinə olunmuş və müayinə nəticəsində sağ göz dibində “tor qişanın cırılıb-qopduğu, boşluğa qan yığıldığı” və s. patalogiyalar müəyyən edildiyindən təcili əməliyyat məsləhət görülmüş, nəhayət 13 dekabr 2023-cü il tarixdə Badamdar qəsəbəsində yerləşən “Biovista Hospital”da əməliyyat olunmuşdur. Bütün yuxarıda göstərilənlər baxımından hesab edir ki, hazırki halda apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi əsaslı deyildir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qərardadının ləğv edilməsi üçün əsas olmadığına görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən olunur ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə iddiaçının vəkili və nümayəndəsinin elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2023-cü il tarixdə isə iddiaçı tərəfindən xəbərnaməyə imza etməklə qəbul edilmişdir. Apellyasiya şikayəti xx.xx.2023-cü il tarixində elektron qaydada məhkəməyə göndərilmişdir. Göründüyü kimi apellyasiya şikayəti bir ayın tamamında (xx.xx.2023-xx.xx.2023) verilmişdir. Bundan sonra həmin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən qeyri-mümkün hesab edilmiş, sözügedən qərardad isə xx.xx.2023-cü il tarixdə AZEMİS “Elektron Məhkəmə” İnformasiya sistemində yerləşdirilmiş, iddiaçının vəkili və nümayəndəsinin isə elektron kabineti mövcud olmuşdur. İddiaçı isə sözügedən qərardadı xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmişdir. İddiaçınının nümayəndəsi və vəkili Nümayəndə şikayətində və 13 mart 2024-cü il tarixdə elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində apellyasiya şikayətini imzalamaq səlahiyyətinin olmaması halının ona apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən xx.xx.2023-cü il tarixli qərardadından məlum olduğunu qeyd etmişdir. Məhkəmə prosessual müddətin axımının başlanmasının qərardadın iddiaçı, yoxsa onun vəkili və nümayəndəsi tərəfindən qəbul edildiyi tarixdən hesablanması ilə bağlı qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi iddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixli etibarnamə ilə vəkil Nümayəndə 1 il müddətinə məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktlarını və sənədləri almaq, məhkəmə aktlarından şikayət vermək (imzalamaq) və digər səlahiyyətləri etibar etmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmiş, iddiaçıya rəsmi qaydada çatdırılmışdır. Qərardadda qeyd edilmiş nöqsanlar aradan qaldırılmaqla yenidən elektron kabineti vasitəsilə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti göndərilmişdir. İş matareallarında olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, iddiaçı vəkilə bütün məhkəmə aktlarını və sənədləri almaq, məhkəmə aktlarından şikayət vermək (imzalamaq) və digər səlahiyyətləri etibar etmişdir. Buna baxmayaraq iddiaçının apellyasiya şikayəti həmin nümayəndə və vəkilin elektron kabinet vasitəsilə xx.xx.2023-ci il tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddət ötürülmüşdür. Kollegiya qeyd edir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən alınmış etibarnamə ilə vəkilə səlahiyyətlər verildiyi iddiaçıya və vəkillə bəlli idi. Belə ki, vəkil şikayətində və 13 mart 2024-cü il tarixdə elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində apellyasiya şikayətini imzalamaq səlahiyyətinin olmaması halının ona apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən xx.xx.2023-cü il tarixli qərardadından məlum olduğunu qeyd etdiyi halda, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixdə verilmiş etibarnamə üzrə ağlabatan müddətdə (hüquqdan suiistifadə hallarına yol verilmədən) apellyasiya şikayətini verməli olduğu halda, heç bir üzürlü səbəb olmadan apellyasiya şikayətini xeyli müddət keçəndən sonra xx.xx.2023-cü ildə vermişdir. Kollegiya iddiaçının nümayəndə və vəkilinin şikayətdə istinad etdiyi özünün xəstəliyi ilə bağlı dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili müddət bərpası barədə ərizədə xəstəliyi ilə bağlı heç bir dəlilə istinad etməmiş, üzürlü səbəb kimi texniki diqqətsizliyin olmasını qeyd etmişdir. Xəstəliyi ilə bağlı dəlilə isə şikayətində istinad etmişdir. Hətta şikayətə əlavə edilmiş tibbi sənədlərə nəzər yetiriləndə məlum olur ki, tibbi sənədlər xx.xx.2023-xx.xx.2023-cü illərə aid dövrü əhatə edir. Hansı ki, apellyasiya şikayəti gecikdirilməklə xx.xx.2023-cü ildə, yəni xəstəlikdən əvvəl verilmişdir. Daha dəqiq ifadə olunsa, apellyasiya şikayətinin verilməsi dövrü xəstəliyə aid dövrlə əhatə olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 14.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunlanəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Qeyd olunanlara əsasən kollegiya iddiaçının nümayəndəsi və vəkili tərəfindən ərizədə qeyd olunan etibarnamənin ona iddiaçı tərəfindən gec çatdırılması ilə əlaqədar dəlilini əsassız hesab edərək qeyd edir ki, geç çatdırılma faktının özü də hər hansı bir mötəbər sübutla təsdiq olunmamaqla yanaşı, menafeyini təmsil etdiyi proses iştirakçısı tərəfindən hər hansı üzürlü səbəb olmadan etibarnamənin gec çatdırılması müddətin ötürülməsinin hər hansı qarşısıalınmaz obyektiv səbəblərdən baş verməsi kimi şərh oluna və üzürlü hesab edilə bilməz. Məhz noyabr ayının əvvələrində nümayəndə və vəkilin gözlərində ağrıların başlaması ilə əlaqədar şikayətin dəlilləri heç bir mötəbər sübutla təsdiq edilmədiyindən, məhkəmə kollegiyası şikayəti əsassız hesab edərək qeyd edir ki, 13 dekabr 2023-cü il tarixdə əməliyyat olan nümayəndə və vəkilin 01 dekabr 2023-cü il tarixdə apellyasiya şikayətini elektron kabinetə yerləşdirə bilməsi faktı onu deməyə əsas verir ki, apellyasiya şikayətinin hüquqdan sui-istifadə hallarına yol verilmədən daha əvvəl də təqdim olunması mümkün olmuşdur. Məhkəmə kollegiası məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyənləşdirilmiş 1 aylıq müddətin ötürülməsi ilə bağlı iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizədə göstərilmiş səbəblər üzrlü hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası barədə ərizə təmin olunmamaqla düzgün nəticəyə gəlmiş, mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur. Ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilən şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(011)-114/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Elşən Kazımov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar