Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2299/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil3, cavabdehin nümayəndəsi Nümayəndə və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin, ödənişin gecikdirilməsinə görə hər gecikdirilən gün üçün əmək haqqının 1 faizi miqdarında pul tutulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Nümayəndə və cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh təşkilatın Maddi-texniki təchizat və nəqliyyatın idarəedilməsi xidmətində 11-ci dərəcəli mühəndis (təchizat üzrə) işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin - cavabdeh təşkilatın rəsinin xx.xx.2022-ci il tarixli əmri ilə həmin tarixdən ləğv edilib. Əsas kimi ona istinad olunub ki, iddiaçı xx.xx.2022-ci il tarixdə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməyib. Hüquqi əsas kimi Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “a” bəndinə istinad olunub. Həmin maddələrə görə, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur və əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə bütün iş günü ərzində işə gəlməyib. Bunu iddiaçı özü də etiraf edir. Lakin iddiaçı bildirir ki, həmin gün saat 12-yə qədər polis şöbəsində olub, polis şöbəsindən buraxıldıqdan sonra, yəni saat 12-dən sonra özünü yaxşı hiss etmədiyinə görə evə gedib. Lakin iddiaçının həmin gün polis şöbəsində olduğu təsdiq olunmur. Belə ki, polis şöbəsinin məktubundan görünür ki, iddiaçı 1 gün əvvəl – xx.xx.2022-ci ildə, saat 19 radələrində polis şöbəsindən sərbəst buraxılıb (iş v. 55). O cümlədən iddiaçının həmin gün saat 12-dən sonra xəstəlik səbəbindən işə gələ bilməməsi müəyyən olunmur. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə bütün iş günü ərzində işdə olmamasının üzrlü səbəbdən baş verdiyini təsdiq edən sübutları birinci instansiya məhkəməsinə təqdim edə bilməyib. İddiaçı 1 gün əvvəl – xx.xx.2022-ci il tarizdə, saat 11:00-da iş yerini özbaşına tərk etdiyinə görə işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Növəti gün – xx.xx.2022-ci ildə iddiaçının heç bir üzrlü səbəb olmadan işə gəlməməsinə görə işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə əmək müqaviləsinin ləğv edilməsi bir xətaya görə bir neçə intizam tənbehinin verilməsi kimi qiymətləndirilə bilməz, çünki iddiaçı həmin pozuntulara fərqli günlərdə yol verib. Ona görə də Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinin tələbi pozulmayıb. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb, bu nəticə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “a” bəndinə uyğundur. Odur ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2299/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2299/2023
31.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver