Məhkəmə qərarları › İş №2(103)-230/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-230/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-230/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borclarının tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli 2(004)-1950/2019 saylı qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borclarının tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 15R000004051 nömrəli kredit razılaşması üzrə 122375,27 ABŞ dolları kredit borcu, 52471,31 ABŞ dolları faiz borcu, 76441,47 ABŞ dolları cərimə olmaqla, cəmi 251288,05 ABŞ dolları; 15R000005116 nömrəli kredit razılaşması üzrə 397742,53 ABŞ dolları kredit borcu, 181941,79 ABŞ dolları faiz borcu, 241926,01 ABŞ dolları cərimə olmaqla, cəmi 821610,33 ABŞ dolları; 15R000005586 nömrəli kredit razılaşması üzrə 191876,64 ABŞ dolları kredit borcu, 68650,48 ABŞ dolları faiz borcu, 96722,84 ABŞ dolları cərimə olmaqla, cəmi 357249,96 ABŞ dolları; 15R000005891 nömrəli kredit razılaşması üzrə 285370,11 ABŞ dolları kredit borcu, 118880,70 ABŞ dolları faiz borcu, 154486,54 ABŞ dolları cərimə olmaqla, cəmi 558737,35 ABŞ dolları olmaqla 4 kredit razılaşması üzrə ümumilikdə cəmi 1988885,69 ABŞ dolları borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 60 manat rüsumu və 120 manat xidmət haqqının tutulması; tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 78.40 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə; ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən 31.30 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə; Cavabdeh6-yə məxsus Mingəçevir şəhəri “Kür” elektron avadanlıqları istehsalı zavodu ilə “Şüşə lifi” zavodunun arasında mülkiyyətdə olan 1.04 ha torpaq sahəsinə; Cavabdeh2 məxsus Bakı şəhəri Yasamal rayonu Murtuza Muxtarov küçəsi 44 nömrəli evin 41.5 m2 ümumi 18 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı mənzilinə; Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən 3 mərtəbəli 1151.18 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına; Cavabdeh5 məxsus Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi 22 nömrəli evin 87.3 m2 ümumi sahədən ibarət 28 nömrəli mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracda satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən cəmi 1988885,69 ABŞ dolları borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 60 manat rüsumu və 120 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması; ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 78.40 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən 31.30 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Mingəçevir şəhəri “Kür” elektron avadanlıqları istehsalı zavodu ilə “Şüşə lifi” zavodunun arasında mülkiyyətdə olan 1.04 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri Yasamal rayonu Murtuza Muxtarov küçəsi 44 nömrəli evin 41.5 m2 ümumi, 18 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; ünvan 3 ünvanında yerləşən 3 mərtəbəli 1151.18 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi 22 nömrəli evin 87.3 m2 ümumi sahədən ibarət 28 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X4 birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin azaldılması barədə yeni ərizə təqdim edərək bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26 may 2011-ci il tarixli 15L000001614 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 10000000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən oluxxxx. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21 may 2013-cü il tarixli 15R000004051 nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 ABŞ dolları kredit götürmüşdür. Tərəflər razılaşmaya müvafiq əlavələr edərək, ödəniş cədvəlində əlavə dəyişiklik etmişlər. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödənişləri vaxtında banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 177624,73 ABŞ dolları ödəmiş, onun 122375,27 ABŞ dolları kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 10 yanvar 2019-cu il tarixə 262 gün üçün hesablanmış faiz borcu 52471,31 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 10 yanvar 2019-cu il tarixə 262 gün üçün hesablanmış cərimə 76441,47 ABŞ dolları təşkil edir. Həmin razılaşmaya uyğun olaraq cavabdehin cəmi 251288,05 ABŞ dolları borcu var. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Həmçinin, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26 fevral 2014-cü il tarixli 15R000005116 nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 580000 ABŞ dolları, 11 sentyabr 2014-cü il tarixli 15R000005891 nömrəli kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 ABŞ dolları və 17 iyun 2014-cü il tarixli 15R000005586 nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 260000 ABŞ dolları məbləğində kredit verilmişdir. Nəticədə isə borclunun banka 15R000005116 nömrəli kredit razılaşması üzrə 397742,53 ABŞ dolları kredit borcu, 181941,79 ABŞ dolları faiz borcu, 241926,01 ABŞ dolları cərimə olmaqla, cəmi 821610,33 ABŞ dolları, 15R000005586 nömrəli kredit razılaşması üzrə 191876,64 ABŞ dolları kredit borcu, 68650,48 ABŞ dolları faiz borcu, 96722,84 ABŞ dolları cərimə olmaqla, cəmi 357249,96 ABŞ dolları, 15R000005891 nömrəli kredit razılaşması üzrə 285370,11 ABŞ dolları kredit borcu, 118880,70 ABŞ dolları faiz borcu, 154486,54 ABŞ dolları cərimə olmaqla, cəmi 558737,35 ABŞ dolları borcu yığılmışdır. Dörd kredit razılaşması üzrə isə 1988885,69 ABŞ dolları borcu yaranmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzun müddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda 1-ci mərtəbədə yerləşən 78.40 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanda 1-ci mərtəbədə yerləşən 31.30 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi, Cavabdeh6-yə məxsus Mingəçevir şəhəri “Kür” elektron avadanlıqları istehsalı zavodu ilə “Şüşə lifi” zavodunun arasında mülkiyyətdə olan 1.04 ha torpaq sahəsi, Cavabdeh2 məxsus Bakı şəhəri Yasamal rayonu Murtuza Muxtarov küçəsi 44 nömrəli evin 41.5 m2 ümumi 18 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı mənzili, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən 3 mərtəbəli 1151.18 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binası və Cavabdeh5 məxsus Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi 22 nömrəli evin 87.3 m2 ümumi sahədən ibarət 28 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında müvafiq bildirişlərin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və 17 nömrəli Ərazi İdarəsinə təqdim olunmuş və həmin bildirişlər 26 oktyabr 2018-ci, 01.11.2018-ci, 02.11.2018-ci və 06.12.2018-ci il tarixlərdə qeydə alınmışdır. İpoteka qoyanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 arvadları X8, X6, X3 və X5 daşınmaz əmlakların ipotekaya qoyulmasına notarial qaydada təsdiq edilmiş ərizə verməklə öz razılıqlarını bildirmiş, əmlaklara tutma yönəldildikdə və satıldıqda onlar əmlakı qeyd-şərtsiz tərk edəcəklərini öhdələrinə götürmüşlər. Sonradan iş məhkəmənin icraatında olduğu dövrdə cavabdeh ödəniş etmişdir, ödəniş 15R000004051 nömrəli kredit razılaşması üzrə borcdan silinmış və ipoteka predmetlərindən biri - Cavabdeh1 məxsus ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən 31.30 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka yüklülüyündən azad edilmişdir. Mülki iş mühasibatlıq ekspertizasında olduğu dövrdə cavabdeh tərəfindən yenidən ödəniş edilmiş və ödəniş 15R000004051 nömrəli və 15R000005586 nömrəli kredit razılaşmaları üzrə əsas borcdan silinmişdir. Bundan başqa ipoteka predmetlərindən biri - Cavabdeh6-yə məxsus Mingəçevir şəhəri “Kür” elektron avadanlıqları istehsalı zavodu ilə “Şüşə lifi” zavodunun arasında mülkiyyətdə olan 1.04 ha torpaq sahəsi ipoteka yüklülüyündən azad olunmuşdur. Odur ki, mülki işlə bağlı iddia tələbinin dəyişdirilməsinə dair ərizənin verilməsinə zərurət yaranmışdır. Bu səbəbdən iddia tələbinin həcmini azaldaraq, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 26 may 2011-ci il tarixli 15L000001614 nömrəli kredit xətti müqaviləsinə, 21 may 2013-cü il tarixli 15R000004051 nömrəli, 26 fevral 2014-cü il tarixli 15R000005116 nömrəli, 17 iyun 2014-cü il tarixli 15R000005586 nömrəli və 11 sentyabr 2014-cü il tarixli 15R000005891 nömrəli kredit razılaşmalarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6-dən, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada – 21 may 2013-cü il tarixli 15R000004051 nömrəli kredit razılaşması üzrə yaranmış 6798,49 ABŞ dolları əsas borc, 52471,31 ABŞ dolları faiz borcu, 76441,47 ABŞ dolları cərimə olmaqla, cəmi 135711,27 ABŞ dolları; 26 fevral 2014-cü il tarixli 15R000005116 nömrəli kredit razılaşması üzrə yaranmış 397742,53 ABŞ dolları əsas borc, 181941,79 ABŞ dolları faiz borcu, 241926,01 ABŞ dolları cərimə olmaqla, cəmi 821610,33 ABŞ dolları; 17 iyun 2014-cü il tarixli 15R000005586 nömrəli kredit razılaşması üzrə yaranmış 41876,64 ABŞ dolları əsas borc, 68650,48 ABŞ dolları faiz borcu, 96722,84 ABŞ dolları cərimə olmaqla, cəmi 207249,96 ABŞ dolları; 11 sentyabr 2014-cü il tarixli 15R000005891 nömrəli kredit razılaşması üzrə yaranmış 285370,11 ABŞ dolları əsas borc, 118880,70 ABŞ dolları faiz borcu, 154486,54 ABŞ dolları cərimə olmaqla, cəmi 558737,35 ABŞ dolları olmaqla 4 kredit razılaşması üzrə ümumilikdə 1723308,91 ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borcun və iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumu və 90 manat xidmət haqqı olmaqla, cəmi 160 manat pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 78.40 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Murtuza Muxtarov küçəsi 44 nömrəli evin 41.5 m2 ümumi 18 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı mənzilinə; Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 3 mərtəbəli 1151.18 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına; Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi 22 nömrəli evin 87.3 m2 ümumi sahədən ibarət 28 nömrəli mənzilinə yönəldilməsi; həmin əmlakların “xxxx” MMC-nin 0322/19/AB, 0323/19/AB, 0324/19/AB, 0325/19/AB və 0326/19/AB nömrəli qiymətləndirmə hesabatlarında göstərilən qiymətlərlə açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına 1723308,91 ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borcun və 160 manat pulun İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 müştərək olaraq ümumi qaydada tutulması; ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 78.40 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri Yasamal rayonu Murtuza Muxtarov küçəsi 44 nömrəli evin 41.5 m2 ümumi 18 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; ünvan 3 ünvanında yerləşən 3 mərtəbəli 1151.18 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi 22 nömrəli evin 87.3 m2 ümumi sahədən ibarət 28 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli 2(004)- 1950/2019 saylı qətnaməsi ilə iddia iddia qismən təmin edilərək Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 26 may 2011-ci il tarixli 15L000001614 nömrəli kredit xətti müqaviləsinə, 21 may 2013-cü il tarixli 15R000004051 nömrəli, 26 fevral 2014-cü il tarixli 15R000005116 nömrəli, 17 iyun 2014-cü il tarixli 15R000005586 nömrəli və 11 sentyabr 2014-cü il tarixli 15R000005891 nömrəli kredit razılaşmalarına xitam verilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6-dən, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada – 21 may 2013-cü il tarixli 15R000004051 nömrəli kredit razılaşması üzrə 21 may 2018-ci il tarixədək (müqavilənin müddəti bitdiyi tarixədək) yaranmış 6798,49 ABŞ dolları əsas borc, 40033,94 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 46882,43 ABŞ dolları; 26 fevral 2014-cü il tarixli 15R000005116 nömrəli kredit razılaşması üzrə 26 sentyabr 2018-ci il tarixədək (müqavilənin müddəti bitdiyi tarixədək) yaranmış 397742,53 ABŞ dolları əsas borc, 156010,97 ABŞ dolları faiz borcu, 1500 ABŞ dolları cərimə olmaqla, cəmi 555253,50 ABŞ dolları; 17 iyun 2014-cü il tarixli 15R000005586 nömrəli kredit razılaşması üzrə 19 iyun 2018-ci il tarixədək (müqavilənin müddəti bitdiyi tarixədək) yaranmış 41876,64 ABŞ dolları əsas borc, 50982,20 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 93358,84ABŞ dolları; 11 sentyabr 2014-cü il tarixli 15R000005891 nömrəli kredit razılaşması üzrə 10 yanvar 2019-cu il tarixədək (müqavilənin müddəti bitdiyi tarixədək) yaranmış 285370,11 ABŞ dolları əsas borc, 118880,70 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 409250,81 ABŞ dolları olmaqla 4 kredit razılaşması üzrə ümumilikdə 1104745,58 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borc və iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumu və 90 manat xidmət haqqı olmaqla, cəmi 160 manat pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda 1-ci mərtəbədə yerləşən 78.40 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (ilkin satış qiyməti - bazar qiyməti 75.000 manat, likvid qiyməti 70.000 manat olmaqla); Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Murtuz Muxtarov küçəsi 44 nömrəli evin 41.5 m2 ümumi 18 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı mənzilinə (ilkin satış qiyməti - bazar qiyməti 55.000 manat, likvid qiyməti 52.000 manat olmaqla); Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 3 mərtəbəli 1151.18 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına (ilkin satış qiyməti - bazar qiyməti 1.000.000 manat, likvid qiyməti 900.000 manat olmaqla); Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi 22 nömrəli evin 87.3 m2 ümumi sahədən ibarət 28 nömrəli mənzilinə (ilkin satış qiyməti - bazar qiyməti 150.000 manat, likvid qiyməti 140.000 manat olmaqla) yönəldilməsi; həmin əmlakların açıq hərracdan satılması; əldə olunacaq vəsait hesabına 1104745,58 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borc və 160 manat pulun İddiaçı QSC-yə ödənilməsi; artıq qalan vəsaitin müvafiq olaraq daşınmaz əmlakların mülkiyyətçilərinə qaytarılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı bank və Cavabdeh1 apellyasiya şikayəti vermişlər. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli 2(004)-1950/2019 saylı qətnaməsi cərimə məbləğinin qismən təmin edilməsi və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində əsassızdır. Birinci instansiya məhkəməsi qətnaməsində cərimənin tənasübsüz surətdə yüksək olduğunu bildirsə də, nəticə etibarı ilə sonda buna düzgün qiymət verməyərək cavabdehlərdən tələb olunan 569576,86 ABŞ dolları cərimə məbləğini azaldaraq cəmi 7500 ABŞ dolları həcmində saxlamışdır ki, bu da kreditorun mənafeyinə ziddir. Buna görə də qətnamənin cərimə məbləğinin azaldılması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilməsini, likvid qiymətlər əsas götürülməklə müvafiq ipoteka predmetlərinin ilkin satış qiyməti olaraq həmin qiymətlərin müəyyən edilməsi və borc tələbinin cərimə hissəsinin də tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən yalnız bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına istinad etmiş və iş üzrə düzgün olmayan qənaətə gəlmişdir. Məhkəmə prosesi zamanı cavabdeh tərəf vəsatət verərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən vəsatət təmin edilmiş və iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilsə də, qərardad icra edilmədən geri qaytarılmışdır. Səbəb olaraq göstərilmişdir ki, ekspertizanın keçirilməsi üçün zəruri sənədlər ekspertiza mərkəzinə təqdim edilməmiş və nəticədə iş materiallarında olan hesabdan çıxarışlarda və ödəniş qəbzlərində ödənişlərin hansı kredit müqavilələrinə silinməsini müəyyən etmək mümkün olmamışdır. Halbuki iş materiallarından da görünür ki, ekspertizanın keçirilməsi üçün bank tərəfindən bütün zəruri sənədlər təqdim edilmiş, lakin ekspert müvafiq səriştəsi olmadığından qərardad icra edilmədən geri qaytarılmışdır. Belə olan halda ekspertizanın keçirilməsi üçün iş yenidən ekspertizaya göndərilməli və ekspertizanın keçirilməsi başqa ekspertə həvalə edilməli idi. Buna görə də qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının və cavabdehin nümayəndələri müvafiq olaraq öz apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli 2(004)-1950/2019 saylı qətnaməsi dəyişdirilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından göründüyü kimi, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26 may 2011-ci il tarixli 15L000001614 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 10000000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən oluxxxx. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21 may 2013-cü il tarixli 15R000004051 nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflər razılaşmaya müvafiq əlavələr edərək, ödəniş cədvəlində əlavə dəyişiklik etmişlər. Həmçinin, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26 fevral 2014-cü il tarixli 15R000005116 nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 580000 ABŞ dolları, 11 sentyabr 2014-cü il tarixli 15R000005891 nömrəli kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 ABŞ dolları və 17 iyun 2014-cü il tarixli 15R000005586 nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 260000 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 26 may 2011-ci il tarixli 15L000001614 nömrəli kredit xətti müqaviləsi üzrə kredit razılaşmalarına əsasən Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda 1-ci mərtəbədə yerləşən 78.40 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən 31.30 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi, Cavabdeh6-yə məxsus Mingəçevir şəhəri “Kür” elektron avadanlıqları istehsalı zavodu ilə “Şüşə lifi” zavodunun arasında mülkiyyətdə olan 1.04 ha torpaq sahəsi, Cavabdeh2 məxsus Bakı şəhəri Yasamal rayonu Murtuza Muxtarov küçəsi 44 nömrəli evin 41.5 m2 ümumi 18 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı mənzili, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən 3 mərtəbəli 1151.18 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binası və Cavabdeh5 məxsus Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi 22 nömrəli evin 87.3 m2 ümumi sahədən ibarət 28 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında müvafiq bildirişlərin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 nömrəli Bakı Ərazi İdarəsinə və 17 nömrəli Ərazi İdarəsinə təqdim olunmuş və həmin bildirişlər 26 oktyabr 2018-ci, 01.11.2018-ci, 02.11.2018-ci və 06.12.2018-ci il tarixlərdə qeydə alınmışdır. İpoteka qoyanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 arvadları X8, X6, X3 və X5 daşınmaz əmlakların ipotekaya qoyulmasına notarial qaydada təsdiq edilmiş ərizə verməklə öz razılıqlarını bildirmiş, əmlaklara tutma yönəldildikdə və satıldıqda onlar əmlakı qeyd şərtsiz tərk edəcəklərini öhdələrinə götürmüşlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda; (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır), əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Tərəflər arasında kredit razılaşmaları üzrə yaranmış borcların real məbləği və ipoteka predmetlərinin ilkin satış qiyməti barədə fikir müxtəlifliyi olduğuna görə, iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(004)- 1950/2019 saylı qərardadına əsasən “xxxx” MMC-nin 0322/19/AB, 0323/19/AB, 0324/19/AB, 0325/19/AB və 0326/19/AB nömrəli qiymətləndirmə hesabatlarına əsasən, ipoteka predmetlərinin hazırkı real bazar qiymətləri müəyyən edilmişdir, o cümlədən - Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 78.40 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar qiyməti 75000 manat, likvid qiyməti 70000 manat; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Murtuza Muxtarov küçəsi 44 nömrəli evin 41.5 m2 ümumi 18 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı mənzilinin bazar qiyməti 55000 manat, likvid qiyməti 52000 manat; Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 3 mərtəbəli 1151.18 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının bazar qiyməti ******* manat, likvid qiyməti 900000 manat; Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi 22 nömrəli evin 87.3 m2 ümumi sahədən ibarət 28 nömrəli mənzilinin bazar qiyməti 150000 manat, likvid qiyməti 140000 manat; Cavabdeh6-yə məxsus Mingəçevir şəhəri “Kür” elektron avadanlıqları istehsalı zavodu ilə “Şüşə lifi” zavodunun arasında mülkiyyətdə olan 1.04 ha torpaq sahəsinin bazar qiyməti 420000 manat, likvid qiyməti 400000 manat olmaqla müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Murad Allahverdiyev 16 sentyabr 2019-cu il tarixli 22716 nömrəli məlumatı ilə məhkəmə ekspertizasının aparılmasından imtina etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(004)-1950/2019 nömrəli qərardadı icrasız saxlanılmış və 2(004)-1950/2019 nömrəli mülki iş geri qaytarılmış, 24 sentyabr 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Ekspert məlumatında qeyd edir ki, iş materiallarında olan hesabdan çıxarışlarda və ödəniş qəbzlərində ödənişlərin hansı kredit müqavilələrinə silinməsini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun borclu və zaminlərdən müştərək qaydada tutulmasını və tutmanın ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə haqlıdır. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zaminlər borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı QSC 28 mart 2019-cu il tarixli 4593 nömrəli maliyyə arayışında göstərir ki, Cavabdeh1 İddiaçı QSC ilə aralarında bağlanmış 26 may 2011-ci il tarixli 15L000001614 nömrəli kredit xətti müqaviləsi üzrə 21 may 2013-cü il tarixli 15R000004051 nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 ABŞ dolları kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşması üzrə 221438,36 ABŞ dolları əsas, 92904,46 ABŞ dolları faiz ödəmiş, etdiyi ödənişlərdən 4215,46 ABŞ dolları cəriməyə silinmişdir. Cavabdeh1 21 may 2018-ci il tarixə 28 gün üçün banka borcu 78561,64 ABŞ dolları əsas, 40033,94 ABŞ dolları faiz, 8653 ABŞ dolları cərimə olmaqla, cəmi 127248,58 ABŞ dolları təşkil edir. Həmçinin onun həmin 15R000004051 nömrəli kredit razılaşması üzrə 10 yanvar 2019-cu il tarixə 262 gün üçün banka borcu 78561,64 ABŞ dolları əsas, 52471,31 ABŞ dolları faiz, 76441,47 ABŞ dolları cərimə olmaqla, cəmi 207474,42 ABŞ dolları təşkil edir. İddiaçı QSC 28 mart 2019-cu il tarixli 4594 nömrəli maliyyə arayışında göstərir ki, Cavabdeh1 İddiaçı QSC ilə aralarında bağlanmış 26 may 2011-ci il tarixli 15L000001614 nömrəli kredit xətti müqaviləsi üzrə 26 fevral 2014-cü il tarixli 15R000005116 nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 580000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşması üzrə 182257,47 ABŞ dolları əsas, 134080 ABŞ dolları faiz ödəmiş, etdiyi ödənişlərdən 7651 ABŞ dolları cəriməyə silinmişdir. Cavabdeh1 26 sentyabr 2018-ci il tarixə 153 gün üçün banka borcu 397742,53 ABŞ dolları əsas, 156010,97 ABŞ dolları faiz, 85150 ABŞ dolları cərimə olmaqla, cəmi 638903,50 ABŞ dolları təşkil edir. Həmçinin onun həmin 15R000005116 nömrəli kredit razılaşması üzrə 10 yanvar 2019-cu il tarixə 259 gün üçün banka borcu 397742,53 ABŞ dolları əsas, 181941,79 ABŞ dolları faiz, 241926,01 ABŞ dolları cərimə olmaqla, cəmi 821610,33 ABŞ dolları təşkil edir. İddiaçı QSC 28 mart 2019-cu il tarixli 4595 nömrəli maliyyə arayışında göstərir ki, Cavabdeh1 İddiaçı QSC ilə aralarında bağlanmış 26 may 2011-ci il tarixli 15L000001614 nömrəli kredit xətti müqaviləsi üzrə 17 iyun 2014-cü il tarixli 15R000005586 nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 260000 ABŞ dolları kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşması üzrə 68123,36 ABŞ dolları əsas, 52764,15 ABŞ dolları faiz ödəmiş, etdiyi ödənişlərdən 7278,59 ABŞ dolları cəriməyə silinmişdir. Cavabdeh1 19 iyun 2018-ci il tarixə 63 gün üçün banka borcu 191876,64 ABŞ dolları əsas, 50982,20 ABŞ dolları faiz, 12087 ABŞ dolları cərimə olmaqla cəmi 254945,84 ABŞ dolları təşkil edir. Həmçinin onun həmin 15R000005586 nömrəli kredit razılaşması üzrə 10 yanvar 2019-cu il tarixə 268 gün üçün banka borcu 191876,64 ABŞ dolları əsas, 68650,48 ABŞ dolları faiz, 96722,84 ABŞ dolları cərimə olmaqla, cəmi 357249,96 ABŞ dolları təşkil edir. İddiaçı QSC 28 mart 2019-cu il tarixli 4596 nömrəli maliyyə arayışında göstərir ki, Cavabdeh1 İddiaçı QSC ilə aralarında bağlanmış 26 may 2011-ci il tarixli 15L000001614 nömrəli kredit xətti müqaviləsi üzrə 11 sentyabr 2014-cü il tarixli 15R000005891 nömrəli kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 ABŞ dolları kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşması üzrə 14629,89 ABŞ dolları əsas, 57490,35 ABŞ dolları faiz ödəmiş, etdiyi ödənişlərdən 6081,29 ABŞ dolları cəriməyə silinmişdir. Cavabdeh1 15R000005891 nömrəli kredit razılaşması üzrə 10 yanvar 2019-cu il tarixə 294 gün üçün banka borcu 285370,11 ABŞ dolları əsas, 118880,70 ABŞ dolları faiz, 154486,54 ABŞ dolları cərimə olmaqla, cəmi 558737,35 ABŞ dolları təşkil edir. İş məhkəmənin icraatında olduğu dövrdə Cavabdeh1 ödəniş etmiş, ödəniş 15R000004051 nömrəli kredit razılaşması üzrə borcdan silinmış və ipoteka predmetlərindən - Cavabdeh1 məxsus ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən 31.30 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka yüklülüyündən azad edilmişdir. Həmçinin mülki iş mühasibatlıq ekspertizasında olduğu dövrdə cavabdeh tərəfindən yenidən ödəniş edilmiş və ödəniş 15R000004051 nömrəli və 15R000005586 nömrəli kredit razılaşmaları üzrə əsas borcdan silinmişdir. Bundan başqa ipoteka predmetlərindən - Cavabdeh6-yə məxsus Mingəçevir şəhəri “Kür” elektron avadanlıqları istehsalı zavodu ilə “Şüşə lifi” zavodunun arasında mülkiyyətdə olan 1.04 ha torpaq sahəsi ipoteka yüklülüyündən azad olunmuşdur. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təstiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2020-ci il tarixli 5115 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, “kredit statusu” sənədi, bank tərəfindən təqdim edilmiş digər sənədlər və 26 may 2011-ci il tarixli 15L000001614 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan 21 may 2013-cü il tarixli 15R000004051 saylı kredit razılaşması, eləcə də həmin razılaşma üzrə imzalanmış sazişlərin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh1 İddiaçı QSC-yə kredit müqaviləsinin müddətinin bitdiyi 21 may 2018-ci il tarixə olan əsas borcu 145965,48 ABŞ dolları, faiz borcu 13269,39 ABŞ dolları, sonuncu ödənişin aparıldığı 27 dekabr 2019-cu il tarixə olan əsas borcu 0 ABŞ dolları, faiz borcu 34700,88 ABŞ dolları, 26 fevral 2014-cü il tarixli 15R000005116 saylı kredit razılaşması, eləcə də həmin razılaşma üzrə imzalanmış sazişlərin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh1 İddiaçı QSC-yə kredit müqaviləsinin müddətinin bitdiyi 26 sentyabr 2018-ci il tarixə olan əsas borcu 464734,19 ABŞ dolları, faiz borcu 58687,99 ABŞ dolları, sonuncu ödənişin aparıldığı 29 noyabr 2019-cu il tarixə olan əsas borcu 287154,71 ABŞ dolları, faiz borcu 123278,55 ABŞ dolları, 17 iyun 2014-cü il tarixli 15R000005586 saylı kredit razılaşması, eləcə də həmin razılaşma üzrə imzalanmış sazişlərin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh1 İddiaçı QSC-yə kredit müqaviləsinin müddətinin bitdiyi 19 iyun 2018-ci il tarixə olan əsas borcu 190998,39 ABŞ dolları, faiz borcu 17172,65 ABŞ dolları, sonuncu ödənişin aparıldığı 31 may 2020-ci il tarixə olan əsas borcu 22998,39 ABŞ dolları, faiz borcu 50477,22 ABŞ dolları, 11 sentyabr 2014-cü il tarixli 15R000005891 saylı kredit razılaşması, eləcə də həmin razılaşma üzrə imzalanmış sazişlərin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh1 İddiaçı QSC-yə kredit müqaviləsinin müddətinin bitdiyi 21 iyun 2019-cu il tarixə olan əsas borcu 284614,53 ABŞ dolları, faiz borcu 65416,70 ABŞ dolları, sonuncu ödənişin aparıldığı 30 yanvar 2020-ci il tarixə olan 256409,53 ABŞ dolları, faiz borcu isə 89487,60 ABŞ dolları məbləğində borcu vardır. Beləliklə, məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 21 may 2013cü il tarixli 15R000004051 saylı kredit razılaşması üzrə Cavabdeh1 İddiaçı QSC-yə halhazırda əsas borcu yoxdur, müqavilə müddətinin bitdiyi tarixə faiz borcu isə 13269,39 ABŞ dolları, 26 fevral 2014-cü il tarixli 15R000005116 saylı kredit razılaşması üzrə hal-hazırda əsas borc 287154,71 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixə faiz borcu 58687,99 ABŞ dolları, 17 iyun 2014-cü il tarixli 15R000005586 saylı kredit razılaşması üzrə hal-hazırda əsas borc 22998,39 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixə faiz borcu 17172,65 ABŞ dolları, 11 sentyabr 2014-cü il tarixli 15R000005891 saylı kredit razılaşması üzrə hal-hazırda əsas borc 256409,53 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixə faiz borcu 65416,70 ABŞ dolları təşkil edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit razılaşmaları üzrə məhkəmə mühasibatlıq ekspertizasının rəyinə uyğun olaraq hal-hazırda mövcud olan əsas kredit borcu və müqavilə müddətinin sonuna hesablanmış faiz borcu məbləğində müəyyən edilməklə qətnamə həmin hissələrdə dəyişilməlidir. Cərimə borcunun məbləği ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, 26 fevral 2014cü il tarixli 15R000005116 saylı kredit razılaşması üzrə müəyyən edilmiş 1500 ABŞ dolları, 17 iyun 2014-cü il tarixli 15R000005586 saylı kredit razılaşması üzrə müəyyən edilmiş 500 ABŞ dolları məbləğində cərimə borcun məbləğinə nisbətdə tənasübsüz surətdə azaldıldığından, 15R000005116 saylı kredit razılaşması üzrə cərimə məbləği artırılaraq 3000 ABŞ dolları, 15R000005586 saylı kredit razılaşması üzrə cərimə məbləği isə artırılaraq 1000 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə qətnaməsində ipoteka predmetlərinin həm bazar, həm də likvid qiymətləri göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq, ipoteka predmetlərinə tutma yönəldilərkən yalnız likvid qiymətləri əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli 2(004)- 1950/2019 saylı qətnaməsi dəyişdirilsin. 21 may 2013-cü il tarixli 15R000004051 saylı kredit müqaviləsi üzrə əsas borc 0 manat, faiz borcu 13269,39 ABŞ dolları məbləğində; 26 fevral 2014-cü il tarixli 15R000005116 saylı kredit müqaviləsi üzrə əsas borc 287154,71 ABŞ dolları, faiz borcu 58687,99 ABŞ dolları, cərimə borcu 3000 ABŞ dolları məbləğində; 17 iyun 2014-cü il tarixli 15R000005586 saylı kredit razılaşması üzrə əsas borc 22998,39 ABŞ dolları, faiz borcu 17172,65 ABŞ dolları, cərimə borcu 1000 ABŞ dolları məbləğində; 11 sentyabr 2014-cü il tarixli 15R000005891 saylı kredit müqaviləsi üzrə əsas borc 256409,53 ABŞ dolları, faiz borcu 65416,70 ABŞ dolları məbləğində müəyyən edilsin. İpoteka predmetlərinə tutma yönəldilərkən yalnız likvid qiymətləri əsas götürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. İş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 300 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar