Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-230/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdar oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin nümayəndəsi X6, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-33/2023 nömrəli qətnaməsindən iddiaçı “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı “X11 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (bundan sonra “iddiaçı”) “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. ünvan 1, 39 T 414946.00 m B 4477289.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi üzərində iki ədəd yaşayış evi və köməkçi tikinti mövcuddur. Həmin tikintilər Cavabdeh (bundan sonra cavabdeh) məxsusdur (onun tərəfindən inşa edilmişdir), hüquqi vəziyyətinə görə özbaşına tikilidir. xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri püblik hüquqi şəxsinin mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/2699 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 890.0 kv.m təşkil edir (iki hissəyə bölünüb). Torpaq sahasinin üzərində 2 ədəd yaşayış evi və köməkçi sahə mövcuddur. Faktiki olaraq göstərilən 890.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunmuşdur. Həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən bütövlükdə iAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmişdir (Suraxanı Oyl). Vahid elektron kadastr məlumat bazasında sahənin yaxınlığında heç bir neft quyusu məlumatı aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azarbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir (Suraxanı Oyl).
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı “X11 Kompani S.A.” Şirkəti iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1, 39 T 414946.00 m B 4477289.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması, ödənilmiş 10 manat dövlət rüsumunun cavbadehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** nömrəli hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, “X11 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 875 saylı sərəncamına əsasən ARDNŞ-nə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X11 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədi ilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin sərəncamına verir. Həmin sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə Sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hazırda həmin torpaq sahəsi üzərində nümayəndəliyin mülkiyyət hüququnun bir növü olan istifadə hüququ mövcuddur. Son illər istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması bizim qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Nümayəndəlik tərəfindən həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, cavabdeh bu tələblərə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X11 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən ünvan 1, 39 T 414946.00 m B 4477289.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-33/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X7)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, mübahisəli evdə cavabdeh ailə üzvləri ilə birlikdə uzun müddətdir ki, yaşayır. Onların digər yaşayış yerinin olması müəyyən edilmir. İddiaçı tərəf hazırkı tələbində yalnız o fakta əsaslanmışdır ki, evin yerləşdiyi torpaq sahəsi onların istifadəsindədir və cavabdeh orada qanunsuz tikili aparmışdır. Baxılan mübahisəyə Avropa Məhkəməsinin hüquqi mövqeyi baxımından nəzər saldıqda müəyyən edilir ki, iddiaçının irəli sürdüyü dəlil tələbin təmin edilməsi üçün yetərli deyil. Çünki, cavabdeh ailə üzvləri ilə birlikdə uzun müddətdir ki, həmin ərazidə yaşayır və iddiaçı bundan xəbərdardır və cavabdeh həmin ərazidə tikinti aparanda da iddiaçı təşkilatın nümayəndələri bundan xəbərdar olmaya bilməzdilər. Bundan başqa, məhkəmə iclasında tərəflərin izahatı zamanı müəyyən edilmişdir ki, mübahisəli tikilinin yerləşdiyi ərazidə digər evlər də var. Eyni zamanda, o da müəyyən olundu ki, həmin ərazinin yaxınlığında neft sənayesinə aid hər hansı quyu və ya digər qurğu da yoxdur. İşin bu hallarını nəzərə alanda, iddiaçının cavabdehə qarşı qaldırdığı hazırkı iddia başa düşülən deyil. Məhkəmə, onu da qeyd etmişdir ki, mübahisəli evin söküləcəyi təqdirdə, cavabdehin yaşamaq üçün alternativ yaşayış sahələrinin olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməyib. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapmır və iddia təmin edilə bilməz.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1ci, 146.1-ci, 152.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88-ci, 217.4-cü, 218.3-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra Qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır, lakin cavabdeh nə torpaq sahəsinə nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. “X11 Kompani S.A.” Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ciil tarixli Sazişə əsasən fəaliyyət göstərir. Sazişin 25.1-ci maddəsinə əsasən, “...Bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikası Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur (bu Sazişdə konkret olaraq başqacür göstərilən hallar istisna olmaqla)”. Qeyd olunan mübahisəli torpaq sahəsi Kontrakt sahəsinin hüdudları daxilindədir. Bu, məhkəməyə təqdim edilən sənədlərdən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli “Mübahisəli ərazinin kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi” barədə məktubundan, 1976-cı il tarixli xəritədən və eləcə də, məhkəmə araşdırmasından tam aydın olsa da, məhkəmə bu fakta düzgün hüquqi qiymət verməmiş və nəticədə əsasız qətnamə qəbul etmişdir. Eyni zamanda qeyd edək ki, cavabdeh tərəfindən həmin ərazidə yaşadığı evdən əlavə tikinti işlərinin aparıldığı da məhkəməyə təqdim edilən foto şəkillər ilə müəyyən edilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, o, öz ailə üzvləri ilə birlikdə 60 ilə yaxındır ki, həmin ünvanda yaşayır və orada da rəsmi qeydiyyatdadırlar. Keçən əsrin 60-cı illərində zəif özül üzərində tikilmiş yaşayış evi qəzalı vəziyyətə düşdüyünə görə həmin həyətdə mişar daşından kürsülü birmərtəbəli yaşayış evi inşa edilmiş və o, öz ailəsi ilə birlikdə hazırda həmin evdə yaşayır. Həyətyani torpaq sahəsi ümumi hasara alınmış və ayrı hissələrə bölünməmişdir. Evin yerləşdiyi ərazi keçən əsrin 50-60-cı illərindən etibarən yaşayış məntəqəsidir. Həmin ərazidə hər hansı işlək vəziyyətdə olan və ya olmayan neft buruğu yoxdur. Əksinə orada minlərlə yaşayış evləri tikilmişdir və qonşuluqda yaşayan sakinlərin bir çoxu da öz yaşayış evlərinə dövlət reyestrindən çıxarış əldə etmişdirlər. İddiaçının istinad etdiyi Sərəncam və qərar şirkətlərə müqavilələr qüvvəyə minməzdən 45-50 il əvvəl yaşayış məntəqəsi kimi mövcud olan və ya neft buruqları olmayan sahədə yerləşən evləri sökmək deyil, Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasılatın pay bölgüsü barədə səlahiyyətlər verilmişdir. Bu səbəbdən apellyasiya şikayəti əsassızdır və təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçı “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən ğzbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
13. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 46.1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.
19. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Cavabdeh məxsus olan tikililərin yerləşdiyi torpaq sahəsi iddiaçı “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə verilmişdir. Cavabdeh nə torpaq sahəsi, nə də ki, onun üzərində yerləşən tikililər, o cümlədən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ yoxdur. İşin bu hallarını məhkəmə iclasında iştirak etmiş tərəflər özləri də etiraf etmiş və mübahisələndirməmişdir.
20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri püblik hüquqi şəxsinin mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsi faktiki olaraq 890 kv.metr təşkil edir və torpaq sahəsinin üzərində 2 ədəd yaşayış evi və köməkçi tikili yerləşir. Həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən bütövlükdə iddiaçının istifadəsinə verilmişdir. Bu məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2699 saylı ekspert rəyi ilə də təsdiq olunur.
21. Bununla belə, Cavabdeh tərəfindən inşa edilmiş və ona məxsus olan tikintilər dövlət mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş olduğundan, torpaq sahəsi və həmin tikililər, o cümlədən fərdi yaşayış evi üzərində cavabdehin hər hansı mülkiyyət hüququ mövcud olmadığından, eyni zamanda qanunsuz tikilinin yerləşdiyi torpaq sahəsi “X11 Kompani S.A” Şirkətinin qanuni istifadəsinə verildiyindən (hazırda da onun qanuni istifadəsində olduğundan) iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır.
22. Qeyd olunmalıdır ki, “Əhmədova Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarının məzmunundan müəyyən olunur ki, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Bununla yanaşı, Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.
23. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.
24. Bununla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən bir sıra məsələlərin nəzərə alınmasını tələb edir.
25. Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılmaşı tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər.
26. İş materiallarından göründüyü kimi, iddiaçının cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməsi ilə bağlı tələbi Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X15Zeİ və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə 20 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunun icrası ilə bağlıdır.
27. Həmin Qanuna əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Suraxanı neft-qaz yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2005-ci il 1 iyul tarixli, 875 nömrəli Sərəncamına uyğun olaraq, 2005-ci il avqustun 16-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“ARDNŞ”) ilə X3 X15Zeİ ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti (“ONŞ”) arasında Saziş bağlanmışdır.
28. Qanunun 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
29. Azərbaycan Respublikasında Suraxanı neft-qaz yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli, № 875 saylı Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə Azərbaycan Respublikasında Suraxanı neft-qaz yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə X3 X15.Ze.İ şirkəti arasında Sazişin hazırlanması və imzalanması səlahiyyəti verilmişdir.
30. Sərəncamın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə Azərbaycan Respublikasında Suraxanı neft-qaz yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə X3 X15.Ze.İ şirkəti arasında Sazişin qüvvədə olduğu müddət ərzində həmin Saziş üzrə dövlətin səlahiyyətlərinə aid olan məsələlər üzrə funksiyaları həyata keçirməsi həvalə edilmişdir.
31. Nəzərə alınmalıdır ki, “X11 Kompani S.A.” Şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir.
32. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X11 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir.
33. Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X11 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür.
34. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 875 saylı sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir.
35. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür.
36. Bununla belə, "X11 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüquqi mövcuddur.
37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3- 16-16/2-10/2699 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 890.0 kv.m təşkil edir (iki hissəyə bölünüb). Torpaq sahasinin üzərində 2 ədəd yaşayış evi və köməkçi sahə mövcuddur. Faktiki olaraq göstərilən 890.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunmuşdur. Həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən bütövlükdə iAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmişdir (Suraxanı Oyl). Vahid elektron kadastr məlumat bazasında sahənin yaxınlığında heç bir neft quyusu məlumatı aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azarbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir (Suraxanı Oyl).
38. Məhkəmə Kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
39. Beləliklə, mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan (“X11 Kompani S.A”-Şirkətinə aid) ərazinin hüdudları daxilində yerləşir. İddiaçının istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən qeyri-qanuni tikililər inşa edilmişdir. İddiaçının istifadəsinə verilmiş torpaqlar sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olduğundan və həmin torpaqların təyinatının dəyişdirilməsi, habelə hər hansı bir şəxsin istifadəsinə verilməsi barədə heç bir sənəd mövcud olmadığından iddia tələbi əsaslı hesab edilməlidir. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmişdir.
40. Digər tərəfdən “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli qərarına əsasən neft və qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bu baxımdan həmin ərazidə məskunlaşma cavabdeh tərəf üçün də təhlükəlidir.
41. Həmçinin iddiaçı həmin ərazidə neft və qazın hasilatı ilə məşğuldur. İddiadan göründüyü kimi, Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun olaraq proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. İddiaçının zəbt etdiyi torpaq sahəsində tikdiyi tikili hazırda həmin proqramın yerinə yetirilməsində çətinliklər yaradır. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur.
42. Beləliklə, məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 1, 39 T 414946.00 m B 4477289.00 m C koordinatlar üzrə yerləşən özbaşına tikililər cavabdehin hesabına sökülməli, tikililərin yerləşdiyi torpaq sahəsi iddiaçıya qaytarılmalıdır.
43. Məhkəmə kollegiyası “Əhmədova Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarında nəzərdə tutulmuş, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələnin məhkəmələr tərəfindən müzakirə edilməsi ilə bağlı göstərişə əsasən, cavabdeh tərəfindən tikilmiş tikilinin hazırda cavabdehin yaşayışını təmin edən fərdi yaşayış evi olmasını nəzərə alaraq hesab edir ki, tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması ilə bağlı qətnamənin icrası həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başladığı zaman icra edilməlidir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilini tələblərinə əsasən iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-33/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. ünvan 1, 39 T 414946.00 m B 4477289.00 m C koordinatları üzrə (ünvan 203A) yerləşən tikililər (2 ədəd yaşayış sahəsi və köməkçi tikili) Cavabdeh hesabına sökülsün. Həmin tikililərin yerləşdiyi torpaq sahəsi “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə qaytarılsın. Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.