Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2300/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Müşviq Hüseynovun, cavabdehlər Rəfail Əlieyev və Cavabdeh2 iştirakı ilə, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xidmət haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı hüquqi şəxsdir, 15.04.2016-cı il tarixdə dövlət qeydiyyatına alınıb. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ata-övladdır. Bakı şəhəri, H.Zərdabi küçəsi, ev № 84-də yerləşən 89 №-li mənzilə dair Cavabdeh2 adına 08.03.2007-ci il tarixdə Bakı ŞİHBnın Aparatı tərəfindən order verilib. Tərəflərin arasındakı mübahisə həmin mənzilin yerləşdiyi çoxmənzilli binanın idarə olunması xərcinin və ümumi təsərrüfat işlərinə görə xərcin ödənilməsi barədədir. Bina iddiaçı tərəfindən idarə olunur. Belə ki, Mənzil Məcəllənin 141.2.2-ci maddəsində çoxmənzilli binanın idarə edilməsi üsullarından biri belə göstərilib: binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti tərəfindən idarə edilməsi. Binadakı mülkiyyətçilər binanın idarə edilməsi üsulu kimi həmin üsulu seçiblər. İddiaçının ümumi yığıncağının 25.04.2016-cı il tarixli qərarından çıxarışdan görünür ki, cəmiyyət üzvlərinin mütləq ödənişlərinin miqdarı hər mənzilə görə aylıq 15 manat müəyyən edilib. İddiaçının ümumi yığıncağının 10.11.2019-cu il tarixli digər qərarından görünür ki, 01.01.2020-ci il tarixdən başlayaraq hər mənzil mülkiyyətçisinin mənzilin hər kv.metrinə görə 30 qəpik xidmət haqqı ödəməli olduğu müəyyən edilib. 01.01.2020-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında binanın idarə edilməsi və ümumi təsərrüfat işləri barədə müqavilə bağlanıb. Bu müqaviləyə əsasən iddiaçı binanı idarə etməyi və ümumi təsərrüfat işlərini yerinə yetirməyi öhdəlik kimi üzərinə götürüb, Cavabdeh1 isə bunun əvəzində iddiaçıya aylıq 33 manat (hər kv.metrə görə 30 qəpik olmaqla) xidmət haqqı ödəməyi öhdəsinə götürüb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, Bakı şəhəri, H.Zərdabi küçəsi, ev № 84-də yerləşən 89 №-li mənzilə görə xidmət haqqı borcu kimi 1.456 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, həmin mənzillə görə 25.04.2016-cı il tarixdən 31.12.2019-cu il tarixədək olan dövr üçün yaranmış 1.100 manat xidmət haqqı borcu Cavabdeh2 tutularaq iddiaçıya verilsin, 01.01.2020-ci il tarixdən 12.10.2020-ci il tarixədək olan dövr üçün yaranmış 297 manat xidmət haqqı borcu Cavabdeh1 tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin olunmasın. Qətnamədə həmçinin məhkəmə xərclərinə dair məsələ həll edilmiş, qət olunmuşdur ki, 30 manat dövlət rüsumunun 23,5 manatı Cavabdeh2, 6,5 manatı Cavabdeh1, habelə hüquqi yardıma görə ödənilmiş 200 manat pulun 157 manatı Cavabdeh2, 43 manatı Cavabdeh1 tutularaq iddiaçıya verilsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə Cavabdeh2 aid hissədə ləğv edilsin və iddia həmin hissədə rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehlər apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Qətnamənin Cavabdeh2 aid hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissə apellyasiya qaydasında yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır. Belə ki, Mülki Məcəllənin 235.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mənzil Məcəlləsinin 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Məhkəmə həmin maddələrin tələbindən çıxış edərək hesab edir ki, iddia Cavabdeh2 aid hissədə 3 səbəbdən təmin edilə bilməz: 1-ci, Cavabdeh2 84 №-li mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığına görə o, mənzilin mülkiyyətçisi sayılmır. Yuxarıda göstərilən maddələrin göstərişi “mülkiyyətçi” statusuna malik olan şəxslərə aiddir. 2-ci, mülki işin materiallarından görünür ki, ümumi yığıncağın qərarı Cavabdeh2 verilməyib və ya həmin qərarda göstərilən pul məbləğinin ödənilməsi ondan tələb olunmayıb. Belə ki, iş materiallarında bu barədə heç bir sənəd yoxdur. İddiaçının cavabdehə onun məlumatı olmadan pul öhdəliyi müəyyən etməsi və həmin öhdəliyin icrasını məhkəmə qaydasında tələb etməsi yolverilməzdir. 3-cü, iddiaçı ilə Cavabdeh2 arasında müqavilə bağlanmayıb. Belə ki, Cavabdeh2 mülkiyyətçi statusu olmasa da tərəflər binanın idarə edilməsi və ümumi təsərrüfat işləri barədə müqavilə bağlamaqla qarşılıqlı hüquq və vəzifələr müəyyən edə bilərdilər. Mülki işin materiallarında iddiaçının Cavabdeh2 müqavilə bağlamaq barədə təklif göndərdiyini təsdiq edən heç bir sənəd yoxdur. Ona görə də iddia Cavabdeh2 aid hissədə əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli qətnaməsi Cavabdeh2 xidmət haqqı kimi 1.100 manat, dövlət rüsumunun əvəzi kimi 23,5 manat, hüquqi yardıma çəkilmiş xərcin əvəzi kimi 157 manat pulun tutulması hissəsində ləğv edilsin və həmin tələblər rədd olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(103)-2300/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2300/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver