Məhkəmə qərarları › İş №2(103)-2302/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2302/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2302/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2302/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, iddiaçının nümayəndəsi (anası) X1, Cavabdeh, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-482/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 23 aprel 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" ASC və Cavabdeh (borcalan) arasında bağlanmış 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 26% ödəmək şərtilə 9094 manat məbləğində kredit verilmişdir.

2. Turan Bank” ASC, Cavabdeh (borcalan), İddiaçı (zamin) X8 (zamin) arasında bağlanmış 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanın 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan aldığı kreditin, həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

3. İddiaçı zamin qismində qeyd edilən kredit müqaviləsi üzrə yaranmış borcdan 9000 manat banka ödəniş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11700 manat pulun və dövlət büdcəsinə ödədiyi 125,10 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra, məhkəmə tərəfindən mülki iş üzrə X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Filialı arasında bağlanmış İK № 1085/F-20 saylı, 16 sentyabr 2020ci il tarixli kredit müqaviləsinə əsasən o sözügedən bankdan illik 26 faiz olmaqla, 36 ay müddətinə 9094 manat məbləğində kredit götürmüşdür. Müqavilənin bağlandığı tarixdə, yəni 16 sentyabr 2020-ci ildə o "xxxx" ASC ilə № 1085/F-20 saylı zaminlik müqaviləsi bağlayaraq, Cavabdeh zamin olmuşdur. Cavabdeh "xxxx" ASC-yə olan borcunu ödəməmişdir. Cavabdehin sözügedən banka olan 11700 manat kredit borcunu, faizi ilə birlikdə o ödəmişdir. Dəfələrlə cavabdehdən banka ödədiyi pulu tələb etsə də, müxtəlif bəhannələr gətirərək borcunu ödəməkdən yayınır.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-482/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 9000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 96,23 manat pulun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 28,87 manatın iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Kredit onun adına rəsmiləşdirilsə də, faktiki olaraq X7 verilmişdir. İddiaçı ilə X8 qohumdurlar. Kredit müqaviləsi üzrə ödənişləri də X8 həyata keçirmişdir. Tərəfindən banka heç bir ödəniş olmamışdır.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 470.1, 470.2, 472.1, 472.2, 472.3, 475.1, 475.2 və 475.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4 maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, o, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, kredit onun adına rəsmilşsə də, faktiki olaraq pul X6 verilmişdir ki, iddiaçı da bunu qəbul edir. Onun izahatından sonra məhkəmə iş üzrə əsl cavabdehi müəyyən etməli olduğu halda bu hal müəyyən olunmadan işə formal sübütlar əsasında baxaraq qərar qəbul etmişdir ki, bu da qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır. Birinci instansiya məhkəməsi işə baxarkən iddiaçının mülahizələrinə əsaslanaraq qərar qəbul etsə də, məhkəmə işi dəqiq araşdırmamış, yalnız formal olaraq sübutlar əsasında qərar qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi işə baxarkən qanunverciliyin tələblərinə əməl etməmiş, qətnamə qəbul edərkən, çəkişmə prinsipinin tələblərini pozmuş, sübutlara obyektiv qiymət vermədən, iddia mövqeyini üzərinə götürərək, işə birtərəfli qaydada baxaraq, yalnız iddiaçının ərizəsində göstərdiklərinə uyğun yekun nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16 Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 17 Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

18. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

19. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

20. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

21. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

22. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

23. Maddə 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. İddia qismən təmin edildiyindən və yalnız cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyindən, qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

33. Belə ki, iş materiallarında olan "xxxx" ASC və Cavabdeh (borcalan) arasında bağlanmış 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 26% ödəmək şərtilə 9094 manat məbləğində kredit verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

34. "xxxx" ASC, Cavabdeh (borcalan), İddiaçı (zamin) X8 (zamin) arasında bağlanmış 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanın 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan 36 ay müddətinə illik 26 faiz olmaqla aldığı 9094 manat məbləğində kredit, həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

35. "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, qeyd olunan kredit müqaviləsi (Turan Bank” ASC və Cavabdeh (borcalan) arasında bağlanmış 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi) üzrə ödənişlər ödəniş terminalları vasitəsilə həyata keçirildiyindən ödənişin kim tərəfindən ödənilməsi barədə ətraflı məlumat verilməsi qeyri-mümkündür.

36. "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Turan Bank” ASC və Cavabdeh (borcalan) arasında bağlanmış 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 11107 manat ödəniş olunmuşdur.

37. "xxxx" ASC-nin kassa məxaric orderindən görünür ki, 9094 manat məbləğində pul Cavabdeh verilmişdir.

38. "xxxx" ASC-nin borcalan Cavabdeh və zaminlər İddiaçı, X7 ünvanladığı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıq və pretenziya məktubundan görünür ki, onlar "xxxx" ASC və Cavabdeh (borcalan) arasında bağlanmış 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşlar.

39. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-790/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli İK №1085/F-20 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh, X3 və İddiaçı müştərək qaydada xx.xx.2020-ci il tarixli İK №1085/F-20 nömrəli kredit müqaviləsi üzrə 8474,83 manat əsas, 2473,55 manat faiz və 593,23 manat cərimə olmaqla, cəmi 11541,61 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 131,74 manat dövlət rüsumu olmaqla, ümumilikdə 11673,35 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

40. "xxxx" ASC-nin Saatlı Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-790/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən başlanılmış icra işi üzrə borclular Cavabdeh, X8 və İddiaçı tərəfindən ödənilməli olan borc tam şəkildə bağlanmışdır. Qeyd edilənləri nəzərə alaraq Yasamal rayon Məhkəməsinin 2(004)- 790/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə İcra haqqında AR qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi xahiş olunur.

41. xx.xx.2024-cü il tarixli, 12473 saylı qəbzdən görünür ki, 9000 manat məbləğində kredit ödənişi "xxxx" ASC-yə ödənilmişdir.

42. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Həsən Novruzovun İcra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli Qərarına əsasən Yasamal rayon Məhkəməsinin 2(004)-790/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.

43. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, hal-hazırda İddiaçı "xxxx" ASC qarşısında "xxxx" ASC və Cavabdeh (borcalan) arasında bağlanmış 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə heç bir zaminlik öhdəliyi yoxdur.

44. xx.xx.2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 125,10 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

45. Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-790/2022 saylı qətnaməsi üzrə cəmi 11673 manat məbləğində borc bank tərəfindən güzəşt olunaraq zamin kimin çıxış edən şəxs İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 9000 manat ödənilərək tam şəkildə bağlanılmışdır.

46. Beləliklə, sadalanan iş materiallarının tədqiqi nəticəsində kollegiyanın müəyyən etdiyi hallara görə, "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 26% ödəmək şərtilə 9094 manat məbləğində kredit verilmiş, zaminlər İddiaçı və X8 borcalan Cavabdeh bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşlər. Bankın iddiası əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsində 2(004)-790/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə qəbul edilərək, kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh, X3 və İddiaçı müştərək qaydada xx.xx.2020-ci il tarixli İK №1085/F-20 nömrəli kredit müqaviləsi üzrə 8474,83 manat əsas, 2473,55 manat faiz və 593,23 manat cərimə olmaqla, cəmi 11541,61 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 131,74 manat dövlət rüsumu olmaqla, ümumilikdə 11673,35 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və icra sənədi üzrə icraata "xxxx" ASC-nin icra şöbəsinə ünvanladığı borcun tam şəkildə ödənilməsinə dair məktubu əsasında xitam verilmişdir.

47. İşin mübahisəsiz halları həmçinin ondan ibarətdir ki, Cavabdeh "xxxx" ASC-yə olan borcundan 9000 manat pul İddiaçı tərəfindən ödənilmişdir. Mülki Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Qeyd edilənlərdən göründüyü kimi məhkəmənin həmin məbləğin cavabdehdən tutulması barədə qənaəti qanuna və faktiki əsaslara söykənmişdir.

48. Cavabdeh apellyasiya şikayətində kreditin X6 verildiyini bildirsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. İşdə olan kassa məxaric orderindən görünür ki, kredit götürülmüş məbləğ onun özünə verilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

49. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

51. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

53. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-482/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar