Məhkəmə qərarları › İş №2(103)-2303/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2303/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2303/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2715/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 17.500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Belə ki, Cavabdeh, onun və digər şəxslərin etibarından sui istifadə edərək onlara qarşı dələduzluq edib, yəni onun etibarından sui istifadə edərək qızı X2 Universitetinin əczaçıhq fakultəsindən müalicə işi fakultəsinə küçürülməsi üçün 17.500 manat dələduzluq yolu ilə ələ keçirib mənimsəmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2715/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 10.000 (on min) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi onun Cavabdeh qarşı 17.500 manat pul tələbinə dair mülki iddiasına baxarkən çıxarılmış məhkəmə qətnamələri və sübutları nəzərə almadan sadəcə Cavabdeh bildirdiyi 10.000 manat məbləğindəki iddianı təmin etmişdir (Cavabdeh əvvəlki ifadələrindən fərqli olaraq son ifadələrində ondan 17.500 manat deyil 10.000 manat aldığını iddia etmişdir). Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2715/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı tərəfində verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərdiklərinə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2715/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etsədə, apelyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, o, qətnaməni iddianın təmin edilməyən hissəsini mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə də iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq iş materiallarını araşıdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 42/2019 saylı, xx xxxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, həmin hokmlə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X1 tanışı İddiaçı etibarından sui-istifadə edərək qızı Ləman Muradovanın təhsil aldığı Azərbaycan Tibb Universitetinin “Əczaçılıq” fakultəsindən həmin universitetin “Müalicə İşi” fakultəsinə köçürülməsinə köməklik edəcəyinə vəd verib aldadaraq iki dəfəyə cinayətə aidiyyəti olmayan X1 vasitəsilə Bakı şəhəri Yasamal rayonu H.Zərdabı prospekti 59 ünvanında yerləşən “Baku Mall” ticarət mərkəzində xx.xx.2014-cü ildə 7.500 manat, xx.xx.2015-ci ildə 10.000 manat olmaqla ümumilikdə 17.500 manat pulunu vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Lakin, izahatı alınmış Cavabdeh həmin epizod üzrə özünü qismn təqsirli bilərək, İddiaçı aldığı pulun 17.500 manat deyil, 10.000 manat olduğunu göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş işin halına deyil, yalnız cavabdehin formal olan izahatında göstərdiyi hallara istinad etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-42/2019 saylı, xx xxxxx 2019-cu il tarixli hökmü ilə təqsirləndirilən şəxs (hazırki iş üzrə cavabdeh) Cavabdeh zərərçəkmiş şəxs (hazırki iş üzrə iddiaçı) İddiaçı 17.500 (on yeddi min beş yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş hökmlə müəyyən olunmuş ziyan məbləği başqa cür mübahisələndirilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi təmin olunmayan hissədə ləğv edilməli və iddia tələbi tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını iddia tələbi üzrə müqayisəli tətbiq edərək qeyd edir ki, Cavabdeh İddiaçı 17.500 (on yeddi min beş yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-42/2019 saylı, xx xxxxx 2019-cu il tarixli hökmü ilə təsdiq edilməsinə, bununla da cavabdeh tərəfindən iddiaçının 17.500 (on yeddi min beş yüz) manatının ələ keçirilməsi və cavabdehin iddiaşıya xeyli miqdarda ziyan vurmasının sübuta yetirilməsinə, cavabdehin isə həmin pulu iddiaçıya qaytarmasını sübuta yetirə bilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iş materiallarında məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü nəzərə almadan, hər hansı əsas olmadığı halda 10.000 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi və bununla da iddianın qismən təmin edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyasının mövqeyinə görə iş materiallarında iddiаçı İddiaçı iddia tələbi təkzibolunmaz sübutlarla təsdiq olunduğundan iddiaçının apelyasiya şikayəti və iddiası tam təmin edilməlidir. Məhkəmə kоllegiyası hesab edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi işdə olan sübutlara düzgün qiymət verilməməklə çıxarılmış və bu səbəbdən də tam əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq оlunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmçinin həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kоllegiyası iş üzrə tоplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları, iddiaçının apelyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və оbyektiv araşdırıb, tərəflər arasındakı hazırki mülki hüquq münasibətlərinə tətbiq edilməli оlan maddi hüquq nоrmalarına uyğun оlaraq qiymət verərək, hesab edir ki, iddiaçının apelyasiya şikayəti qətnamənin ləğv edilməsinə dair hissədə qismən təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilərək, Cavabdeh 17.500 (on yeddi min beş yüz) manat, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pul olmaqla cəmi 17.530 (on yeddi min beş yüz otuz) manat pul alınaraq İddiaçı verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392-393, 404-1 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2715/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv еdilsin. Mülki iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilsin. Cavabdeh 17.500 (on yeddi min beş yüz) manat, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pul olmaqla cəmi 17.530 (on yeddi min beş yüz otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar