Məhkəmə qərarları › İş №2(103)-2303/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2303/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2303/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əmanət (depozit) hesabları barədə məlumatın verilməsi və onlara hesablanmış pul vəsaitinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: əmanət (depozit) hesabı müqaviləsi üzrə faizlərin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun vəkili X5, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əmanət (depozit) hesabları barədə məlumatın verilməsi və onlara hesablanmış pul vəsaitinin ödənilməsi barədə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il il tarixli, e- 2(006)-366/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 18 iyun 2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 29 saylı dövlət notariat kontorunda 22 iyun 1999cu ildə təsdiq edilmiş və reyestrdə 2V-126 nömrəsi ilə qeydə alınmış vəsiyyətnaməyə əsasən 18 dekabp 2004-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçı və o tam hissədə mirasdan irs almalıdır. Barəsində şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin 06 mart 2020-ci il tarixli, 18/223 nömrəli məktubuna əsasən mərhum X2 adına "xxxx" ASC-nin “Mərkəzi” filialında ******************** saylı cari bank hesabın qalığı 2653,43 ABŞ dolları, 20412F********** saylı əmanət hesabında əmanət məbləği 1000 ABŞ dolları, 20412F********** saylı əmanət hesabında əmanət məbləği 1051 ABŞ dolları və bu vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə banka təqdim etdiyi tarixə göstərilən hesabdakı əmanətə hesablanmış əlavə faizlər miqdarında pul vəsaitindən ibarətdir.

2. "xxxx" ASC-nin 06 mart 2020-ci il tarixli, 18/1223 saylı məktubunda qeyd olunmuşdur ki, X2 adına "xxxx" ASC-nin “Mərkəzi” filialında ******************** saylı cari bank hesabı var və hesabın qalığı 2653,43 ABŞ dolları, 20412F********** saylı əmanət hesabında əmanət məbləği 1000 ABŞ dolları, 20412F********** saylı əmanət hesabında əmanət məbləği 1051 ABŞ dolları təşkil etmişdir.

3. "xxxx" ASC-nin 02 noyabr 2021-ci il tarixli, 41-13691/2021 saylı məktubunda qeyd olunmuşdur ki, X3 ilə Bankın Mərkəzi filialı arasında əmanət müqavilələri 2000-ci il tarixdə bağlansa da, lakin əməliyyat sistemində məlumatlarının silinməsi və əmanət müqavilələrinin arxivdə aşkar edilməməsi səbəbindən, 2000-ci ildə Larisa İlyasova tərəfindən qoyulmuş əsas əmanət məbləğləri barədə filial tərəfindən dəqiq məlumatın verilməsi qeyri-mümkün olmuşdur. Lakin, Bankın avtomatlaşdırılmış əməliyyat sistemində 20 dekabr 2007-ci il tarixə olan məlumatlara və pul vəsaitlərinin qalığına əsasən müəyyən edilmişdir ki, 2007-ci ilin dekabr ayınadək olan müddətdə Larisa İlyasovnanın hesabında əmanət və ona hesablanmış faizlərlə birlikdə 1051 ABŞ dolları məbləğində vəsait olmuşdur. Qeyd olunan 1051 ABŞ dolları məbləğində əmanət 20 dekabr 2007-ci il tarixdən etibarən illik 12% dərəcəsi ilə növbəti müddətə uzadılmış və əmanətə 19 iyun 2020-ci il tarixədək olan müddətdə 987,94 ABŞ dolları məbləğində faiz hesablanmışdır. Bankın avtomatlaşdırılmış əməliyyat sistemində 27 fevral 2008-ci il tarixə olan məlumatlara və pul vəsaitlərinin qalığına əsasən müəyyən edilmişdir ki, 2008-ci ilin fevral ayınadək olan müddətdə Larisa İlyasovnanın digər hesabında əmanət və ona hesablanmış faizlərlə birlikdə 1000 ABŞ dolları məbləğində vəsait olmuşdur. Qeyd olunan 1000 ABŞ dolları məbləğində əmanət 27 fevral 2008-ci il tarixdən etibarən illik 12% dərəcəsi ilə növbəti müddətə uzadılmış və əmanətə 19 iyun 2020-ci il tarixədək olan müddətdə 920 ABŞ dolları məbləğində faiz hesablanmışdır. Əlavə olaraq, “Azərbaycan Beynəlxalq Bankı" ASC-də xarici valyutada bir illik əmanət müqavilələri üzrə 18% dərəcəsi ilə əmanət məhsulunun olmadığını qeyd edir.

4. 19 iyun 2020-ci il tarixli, FJB**********432 saylı məxaric orderindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya depozit hesabdan 4702 ABŞ dolları verilmişdir.

5. "xxxx" ASC-nin 10 yanvar 2023-cü il tarixli, 024 saylı arayışından görünür ki, X3 adına "xxxx" ASC-nin Mərkəzi filialında 04 dekabr 2000-ci il tarixində ******************** saylı cari hesab açılıb. Bankın avtomatlaşdırılmış əməliyyat sistemində əvvəlki dövr üzrə məlumatlarının silinməsi və hesab üzrə sənədlərin arxivdə aşkar edilməməsi səbəbindən, X3 tərəfindən ilkin qoyulmuş məbləğ barədə dəqiq məlumatın verilməsi qeyri-mümkündür. ******************** saylı hesab üzrə bankın avtomatlaşdırılmış əməliyyat sistemində məlumatların silindiyi dövr üzrə müəyyən edilmişdir ki, hesab qalığı cəmi 743,06 ABŞ dolları olmuşdur. Bankın avtomatlaşdırılmış əməliyyat sistemində müəyyən edilmişdir ki, X2 20 dekabr 2007-ci il tarixində 20412F********** referensli əmanət müqaviləsi üzrə 1051 ABŞ dolları və 19 iyun 2020-ci il tarixinə 20412F********** referensli əmanət müqaviləsi üzrə isə 1000 ABŞ dolları məbləğində vəsaiti olmuşdur. 20412F********** referensli əmanət müqaviləsi üzrə 20 dekabr 2007-ci il tarixindən 19 iyun 2020-ci il tarixinədək 987,94 ABŞ dolları faiz, 20412F********** referensli əmanət müqaviləsi üzrə isə 27 fevral 2008-ci il tarixindən 19 iyun 2020-ci il tarixinidək 920 ABŞ dolları faiz hesablanmışdır. Həm əvvəlki dövr (bankın avtomatlaşdırılmış əməliyyat sistemində məlumatların silindiyi dövr) üzrə hesab qalığı cəmi (743,06 ABŞ dolları), həm də 5-ci bənddə qeyd edilən müvafiq dövrlər üzrə faizlər (987,94 ABŞ dolları və 920 ABŞ dolları) birlikdə ******************** saylı cari hesabda cəmləşdirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 (mərhum) adına əmanət hesabları (müqavilələr) barədə, onların nə vaxt açıldığı, hansı faiz dərəcəsi ilə əmanət müqavilələrinin bağlanılması və bu əmanətlərə 10 oktyabr 2022-ci il tarixədək hesablanmış faiz məbləğlərinin müəyyən edilərək ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, 18 dekabr 2004-cü il tarixdə vəfat etmiş xalası X2 18 iyun 2020-ci il tarixli vərəsəlik haqqında şəhadətnaməyə əsasən qanuni vərəsəsidir. Mərhum X3 tərəfindən müxtəlif illərdə "xxxx" ASC-də ABŞ dollarında depozit hesablar açılmışdır. Həmin hesablara dair dəfələrlə banka və bank rəhbərliyinə rəsmi qaydada müraciət etmiş, lakin bank tərəfindən hər dəfə ona müxtəlif cavablar verilərək, depozitlərə dair həqiqəti əks etdirməyən cavablar verilmişdir. Bankdan depozitlərə dair müqavilələrin surətlərinin ona təqdim olunmasını xahiş etmiş, lakin bank tərəfindən ona bildirilmişdir ki, 2000-2007-ci illərə dair məlumatlar sistemdən silinmiş, müqavilələr itirilmişdir. Bununla da ona depozitlər (əmanət və s.) haqqında heç bir məlumat verə bilməzlər. Ona məxsus olan pul vəsaitinin ona verilməməsi məqsədi ilə bank tərəfindən həqiqəti əks etdirməyən məlumat verilir. Bundan əlavə ona ünvanlanan cavablarda, mövcud olmuş hesablarda faizlərin hesablanmasında da uyğunsuzluqlar da mövcuddur. Belə ki, 06 mart 2020-ci il tarixli, 18/1223 saylı məktuba əsasən X2 adına bankın Mərkəzi filialında ******************** saylı cari bank hesabında 2653,43 ABŞ dolları, 20412F********** saylı əmanət hesabında 1000 ABŞ dolları, 20412F********** saylı əmanət hesabında 1051 ABŞ dolları, yekun olaraq 4704 ABŞ dolları məbləğində pul vəsaiti olmuş, həmin məbləğ ona ödənilmiş, lakin bu hesablara dair faizlər hesablanmamış və ödənilməmişdir. Bundan başqa, bank tərəfindən ünvanlanmış 02 noyabr 2021-ci il tarixli, 41- 13691\2021 saylı məktubda 2007ci ilin dekabr ayından 19 iyun 2020-ci il tarixə kimi mərhum Larisa İlyasovanın bankda 2 depozit hesabında 1051 ABŞ dolları və 1000 ABŞ dolları olmuşdur. Birinci depozitə 987.94 ABŞ dolları, 2-ci depozitə isə 920 ABŞ dolları faiz hesablanmışdır. Bankdan alınmış 03 dekabr 2021-ci il tarixli, 41-15360/2021 saylı məktubdan görünür ki, banka qoyulmuş əmanətlərə illik faiz dərəcəsi 2000-2002-ci illərdə 10%, 2003- cü ildə 9%, 2004- 2005-ci illərdə 8%, 2006-cı ildə 10,45 və 2007-ci ildə 16,4% olmuşdur. Belə olan halda 1-ci depozit üzrə cəmi olaraq 2331,65 ABŞ dolları divident hesablanıb verilməli olduğu halda, ona 987,94 ABŞ dolları məbləğində divident verilmişdir. 2-ci depozit üzrə ona 2214 ABŞ dolları divident ödənilməli olduğu halda , bank tərəfindən 920 ABŞ dolları məbləğində divident ödənilmişdir. Bu fakt bir daha bank tərəfindən məsələyə dair obyektiv və həqiqəti əks etdirməyən araşdırılma aparılmasına dəlalət edir. Həmçinin də depozit hesablarının aşkar edilməsinə dair Azərbaycan Banklar Assosiasiyasına müraciət etmiş (xx.xx.2020- ci il tarixdə), sözü gedən qurumdan ona ünvanlanan məktubda Bank tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq, bank hesabları haqqında məlumatların konfedensial olması, depozitlər haqqında məlumatların əldə edilməsi Azərbaycan Banklar Assosiasiyasının səlahiyyətlərinə aid olmaması göstərilmişdir (24 noyabr 2020-ci il tarixli). Dəfələrlə depozit hesablarının aşkar edilməsinə dair Bank rəhbərliyinə və digər səlahiyyətli qurumlara müraciət etmiş, hər zaman ona müsbət cavab verilməyərək, Azərbaycan Qanunvericiliyinə uyğun olaraq məhkəməyə mürəciət etməsi tövsiyyə olunmuşdur.

8. Cavabdeh "xxxx" ASC iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçının (o cümlədən onun nümayəndələrinin) ABB-yə edilən bütün müraciətləri mahiyyəti üzrə cavablandırılmış və müraciətlər bankdaxili avtomatlaşdırılmış əməliyyat sistemində əldə edilən məlumatlara əsasən depozit məbləğlərinə dair həqiqiqəti əks etdirmişdir. Bu məbləğlər ilə bağlı məlumatlar notariat ofisinə də (vərəsəlik işi çərçivəsində) eynilə təqdim edilmiş və məhz həmin məbləğlər iddiaçı tərəfindən 19 iyun 2020-ci il tarixdə məxaric edilmişdir və həmin anda onun buna heç bir etirazı və şübhəsi olmamışdır. İddiaçı iddia edir ki, depozitə dair ABB-nin təqdim etdiyi məbləğlər həqiqi deyil, amma bununla da yanaşı, iddiaçı həqiqi məbləğləri təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçı, mərhum xalasının ABB ilə mülki hüquqi-münasibətlərinə dair ümumiyyətlə heç bir sənəd təqdim etməmişdir və onun iddiası sübutsuz olmaqla MPM-in 77.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. İddia ərizəsində qeyd edilmişdir ki, “faizlər düzgün hesablanmamamış və burada uyğunsuzluq olmuşdur”. İddiaçının bu mülahizəsi real faktların təhrifidir və həqiqəti əks etdirmir. ABB tərəfindən faizlər düzgün hesablanmış, bununla bağlı həm iddiaçıya həm də notariat ofisinə düzgün məlumatlar verilmişdir. Belə ki, X3 adına "xxxx" ASC-nin Mərkəzi filialında 04 dekabr 2000-ci il tarixində ******************** saylı cari hesab açılıb. ******************** saylı hesab üzrə bankın əvvəlki avtomatlaşdırılmış əməliyyat sistemindən yeni sistemə inqteqrasiyadan əvvəlki dövr üzrə müəyyən edilmişdir ki, hesab qalığı cəmi 743,06 ABŞ dolları olmuşdur. Bankın avtomatlaşdırılmış əməliyyat sistemində müəyyən edilmişdir ki, X2 20 dekabr 2007-ci il tarixində 20412F********** referensli əmanət müqaviləsi üzrə 1051 ABŞ dolları və 27 fevral 2008-ci il tarixinə 20412F********** referensli əmanət müqaviləsi üzrə isə 1000 ABŞ dolları məbləğində vəsaiti olmuşdur. 20412F********** referensli əmanət müqaviləsi üzrə 20 dekabr 2007-ci il tarixindən 19 iyun 2020-ci il tarixinədək 987,94 ABŞ dolları faiz, 20412F********** referensli əmanət müqaviləsi üzrə isə 27 fevral 2008-ci il tarixdən 19 iyun 2020-ci il tarixinidək 920 ABŞ dolları faiz hesablanmışdır. Həm əvvəlki dövr üzrə (bankın əvvəlki avtomatlaşdırılmış əməliyyat sistemi dövrü üzrə) hesab qalığı cəmi (743,06 ABŞ dolları), həm də müvafiq dövrlər üzrə faizlər (987,94 ABŞ dolları və 920 ABŞ dolları) birlikdə ******************** saylı cari hesabda cəmləşdirilmişdir. Məhz bu məlumatlar həm iddiaçıya həm də notariat ofisinə təqdim edilmişdir. Belə ki, iş materiallarında olan 18/1223 nömrəli 06 mart 2020-ci il tarixli ABB-nin ünvan ünvanladığı məktubdan, həmin notariat ofisinin iddiaçıya verdiyi şəhadətnamədən, iddiaçının hesabdan vəsaitləri məxaric etdiyini göstərən hesabdan çıxarışdan bəlli olur ki, ABB tərəfindən müvafiq depozitlər ilə bağlı bütün məbləğlər (əsas və faizlər) sistemdə qeyd edilən rəqəmlərə uyğun olmuş və həmin məbləğlər iddiaçı tərəfindən məxaric edilmişdir. Bu o deməkdir ki, iddiaçı öz iddia ərizəsində artıq özündə müvafiq faizləri və məbləğləri əks etdirən yekun mötəbər rəqəmin üzərinə, yenidən eyni faizləri və məbləğləri toplamaqla təhrifə və kobud səhvə yol vermişdir. ABB-nin iddiaçıya Bankda müxtəlif dövrləri əhatə edən faiz dərəcələri barədə müraciətə cavabı barədə qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən kobud təhrifə yol verilərək həmin faiz dərəcələrinin mərhum xalası ilə olan münasibətlərə şamil edilməsi iddia edilmişdir. Halbuki, iş materiallarında olan iddiaçının vəkilinin 18 noyabr 2021 -ci il tarixli 06/301 saylı müraciətinə, ABB-nin 03 dekabr 2021-ci il tarixli 41-15360/2021 cavabından bəlli olur ki, həmin faiz dərəcələri iddiaçının ABB-yə ünvanladığı, hamı üçün açıq olan informasiyaya dair ümumi olan suala ABB-nin verdiyi cavabdır. Həmin faiz dərəclərinin iddiaçının mərhum xalası ilə olan münasibətlərə aid cavab kimi qələmə vermək faktları özünün xeyrinə təhrif etməkdir və tamamilə əsassızdır. İddiaçı tərəfindən həqiqi faktların təhrif edilərək özünün xeyrinə olması görüntüsünü yaradaraq qələmə verməsi, tərəflər arasındakı münasibətə aidiyyəti olmayan orqanalara sorğu verilməsi üçün məhkəmə qarşısında vəsatətlər verərək prosesi lüzumsuz yerə uzatması, iddiasının heç bir mötəbər subuta əsaslanmaması, ümumiyyətlə özünün subyektiv hüququnun mövcudluğuna və tələbinin əsaslılığına dair heç bir dəlil (sübut) təqdim etməməsi nəticəsində tərəfimizdən ehtimal edilir ki, iddiaçı mülki qanunvericiliyin vicdanlılıq prinsipinə zidd davranış sərgiləyir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4920 saylı ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 20412F********** saylı referensli əmanət müqavilə üzrə "xxxx" ASC tərəfindən təqdim edilmiş 03 dekabr 2021-ci il tarixli 41- 15360/2021 nömrəli arayışa əsasən hesablanmış faiz məbləğləri 31 dekabr 2010-cu il tarixədək 1129,19 ABŞ dolları məbləğində, 19 iyun 2020-ci tarixədək isə 2323,13 ABŞ dolları məbləğində müəyyən edilir. Eyni zamanda 20412F********** saylı referensli əmanət müqavilə üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 06 aprel 2023-cü il tarixli arayışa əsasən hesablanmış faiz məbləğləri 31 dekabr 2010- cu il tarixədək 1139,30 ABŞ dolları məbləğində, 19 iyun 2020-ci tarixədək isə 2333,24 ABŞ dolları məbləğində müəyyən edilir. Həmçinin 20412F10900625 saylı referensli əmanət müqavilə üzrə “Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən təqdim edilmiş 03 dekabr 2021- ci il tarixli, 41-15360/2021 nömrəli arayışa əsasən hesablanmış faiz məbləğləri 31 dekabr 2010-cu il tarixədək 1082,08 ABŞ dolları məbləğində, 19 iyun 2020-ci tarixədək isə 2218,08 ABŞ dolları məbləğində müəyyən edilir. Bundan başqa 20412F10900625 saylı referensli əmanət müqavilə üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 06 aprel 2023-cü ıl tarixli arayışa əsasən hesablanmış faiz məbləğləri 31 dekabr 2010-cu il tarixədək 1084 ABŞ dolları məbləğində, 19 iyun 2020-ci tarixədək isə 2220 ABŞ dolları məbləğində müəyyən edilir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il il tarixli, e- 2(006)-366/2023 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq "xxxx" ASCdən 20412F********** referensli əmanət müqaviləsi üzrə 1345,3 ABŞ dolları, 20412F********** referensli əmanət müqaviləsi üzrə 1300 ABŞ dolları, ümumilikdə 2645,3 ABŞ dolları məbləğində vəsaitin Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir.

11. Qətnamənin əsaslarına görə, X3 ilə "xxxx" ASC-nin Mərkəzi filialı arasında xx.xx.2007-ci il tarixində 20412F********** referensli və xx.xx.2008-ci il tarixində 20412F********** referensli əmanət müqavilələrinin bağlandığı, həmin müqavilələr üzrə X2 hesab qalığının cəmi 743,06 ABŞ dolları, 20412F********** referensli əmanət müqaviləsi üzrə 1051 ABŞ dolları və 20412F********** referensli əmanət müqaviləsi üzrə isə 1000 ABŞ dolları vəsaitin olması, 20412F********** referensli əmanət müqaviləsi üzrə 19 iyun 2020-ci il tarixinədək 987,94 ABŞ dolları faiz, 20412F********** referensli əmanət müqaviləsi üzrə isə xx.xx.2020-ci il tarixinədək 920 ABŞ dolları faiz hesablanması, ümumilikdə 4702 ABŞ dolları məbləğində vəsaitin olması və həmin vəsaitin X2 vərəsəsi olan iddiaçıya xx.xx.2020-ci il tarixində ödənilməsi işin mübahisələndirilməyən hallarıdır. İddiaçı məhz sözügedən əmanət məbləğinə hesablanmalı olan faizlərin düzgün hesablanmadığını iddia etməklə faizlərin illik 18% dərəcəsi ilə hesablanıb ödənilməsini tələb edir, cavabdeh bank isə “Azərbaycan Beynəlxalq Bankı" ASC-də xarici valyutada bir illik əmanət müqavilələri üzrə 18% dərəcəsi ilə əmanət məhsulunun olmadığını bildirməklə, X3 ilə bağlanmış əmanət müqavilələri üzrə sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyini irəli sürür. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 944-cü maddəsi nəzərdən keçirilə bilər. Bununla belə qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal – mərhum X2 qoyduğu əmanət üzrə faiz dərəcəsinin illik 18% olub-olmaması iş üzrə sübutetmənin predmetidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bank elə bir təsisatdır ki, fiziki və hüquqi şəxslərdən və ya digər mənbələrdən vəsaitləri depozit kimi cəlb edib, həmin vəsaitləri buna ehtiyacı olanlara müəyyən faizlərlə kredit kimi verir. Başqa sözlə, cəlb etdiyi depoziti kredit verməklə gəlir əldə etməsi bankın mahiyyətini təşkil edən fəaliyyət növüdür. Belə olan halda, kredit təşkilatı kimi bank əmanətə görə təklif etdiyi faiz dərəcəsinin nə qədər olması (18% və ya 12%) halını sübut etmək yükünü iddiaçı daşıya bilməz. Əksinə, mərhum X3 ilə bağlanmış əmanət müqavilələrinə əsasən qəbul etdiyi əmanətə görə faiz dərəcəsinin 18% deyil, 12% olması halını cavabdeh (bank) sübut etməlidir. Hazırkı işdə cavabdeh bank, mübahisəli hala dair məhkəməyə heç bir sübut verməmiş, yalnız Bankın avtomatlaşdırılmış əməliyyat sistemində əvvəlki dövr üzrə məlumatlarının silinməsini və hesab üzrə sənədlərin arxivdə aşkar edilməməsini irəli sürmüşdür. Cavabdeh bank iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 41-13691/2021 saylı məktubda və xx.xx.2023-cü il tarixli 024 saylı arayışında avtomatlaşdırılmış əməliyyat sisteminin məlumatlarına əsaslanmışdır və bu o deməkdir ki, elektron arxiv materialları bankda mövcud olmaqla məhz həmin elektron daşıyıcıda əmanət məbləğinin faiz dərəcəsi və iş üçün əhəmiyyət daşıyan digər sübutlar saxlanılır – lakin cavabdeh bank onları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Mərkəzi Bankından 2000-2009-cu il tarixlər ərzində oxşar münasibətləri (bank əmanəti (depozit) müqavilələri üzrə) tənzimləyən müqavilələr üzrə şərtlər və faiz dərəcələri barədə məlumatların verilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixli 6-1-20/2- 1717/2023 saylı məktubla xx.xx.2003-xx.xx.2010-cu illər üzrə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının fiziki şəxslərdən cəlb etdiyi əmanətlər üzrə orta faiz dərəcələri haqqında mövcud olan məlumatlar məhkəməyə təqdim edilmişdir. Göstərilən məlumatlara əsasən mübahisənin düzgün həll edilməsi üçün qoyulmuş əmanət üzrə faiz məbləğinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 9/4920 saylı ekspert rəyi verilmişdir. Həmin rəylə faiz məbləğləri 20412F********** saylı referensli əmanət müqavilə üzrə xx.xx.2020-ci tarixədək 2333,24 ABŞ dolları, 20412F10900625 saylı referensli əmanət müqavilə üzrə xx.xx.2020-ci tarixədək 2220 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin faiz məbləğləri ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. Ekspert rəyindən göründüyü kimi iki əmanət müqaviləsi üzrə faiz məbləğləri xx.xx.2020-ci tarixədək olan dövr üzrə ümumilikdə 4553,24 ABŞ dolları təşkil etmiş, cavabdeh tərəfindən isə həmin dövr üzrə 20412F********** referensli əmanət müqaviləsi üzrə 987,94 ABŞ dolları, 20412F********** referensli əmanət müqaviləsi üzrə isə 920 ABŞ dolları, ümumilikdə 1907,94 ABŞ dolları məbləğində faiz hesablanmışdır. İşin hallarından göründüyü kimi ümumilikdə 1907,94 ABŞ dolları məbləğində faiz cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya ödənilmiş faiz məbləği ekspert rəyi ilə müəyyən edilmiş faiz məbləğindən çıxılmaqla, qalan 2645,3 ABŞ dolları (4553,24- 1907,94) məbləğində faiz cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tələbində xx.xx.2022-ci il tarixədək hesablanmış faiz məbləğlərinin müəyyən edilərək ödənilməsini tələb etsə də, iş materiallarından müəyyən olunur ki, iddiaçı əmanət məbləğlərini xx.xx.2020-ci il tarixində almış, bununla da müqavilələrə xitam verilmişdir. Buna görə də iddia tələbi göstərilən hissədə faiz, əmanətin bankda mövcud olduğu xx.xx.2020-ci il tarixədək olan dövr üzrə hesablanmaqla qismən təmin edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 944.1, 947.2, 948.1, 949, 950-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun 10 avqust 2020-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin qismən cavabdeh "xxxx" ASC-dən 20412F********** referensli əmanət müqaviləsi üzrə 1345,3 ABŞ dolları, 20412F**********referensli əmanət müqaviləsi üzrə 1300 ABŞ dolları, ümumilikdə 2645,3 ABŞ dolları məbləğində vəsait Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq İddiaçı xeyrinə tutulması hissəsində ləğv ediməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq iddianın həmin hissədə də rədd olunmasını xahiş etmişdir.

14. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü,16.1-ci, 560.1-ci və 560.2-ci maddələrinin tələblirini pozmuşdur. Belə ki, işin materiallarından görünür ki, iddiaçı həqiqi faktları təhrif edərək özünün xeyrinə olması görüntüsü yaratmışdır və bir çox məsələlərdə hüquqdan suiistifadə etmişdir. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar: İddiaçı faizlərin düzgün hesablanmadığına istinad etsə də, faizlərin əslində necə hesablanması barədə məhkəmətə mötəbər sübut olan müqaviləni təqdim etməmişdir; İddiaçı cavabdehin statistik məlumatları əks etdirən məktubunu guya tərəflər arasında əmanət müqaviləsinin şərtləri kimi qələmə vermişdir; İddiaçı tərəflər arasındakı olan mülki münasibətə aidiyyəti olmayan (həmin münasibətlərin tərəfi olmayan) üçüncü orqanalara sorğu verilməsi üçün məhkəmə qarşısında vəsatətlər verərək prosesi lüzumsuz yerə uzatmışdır; İddiaçı məhkəmədə iddia qaldırsa da qeyd etdiyi xüsusatları təsdiqləyən heç bir mötəbər subuta əsaslanmamışdır; İddiaçı ümumiyyətlə özünün subyektiv hüququnun mövcudluğuna və onlar mövcuddursa onların ehtimal edilən pozulmasına dair heç bir dəlil (sübut) təqdim etməmişdir. Beləliklə, yuxarıda qeyd edilən işinfaktiki hallarına istinad edərək, tərəfimizdən ehtimal edilir ki, iddiaçı mülki qanunvericiliyin vicdanlılıq prinsipinə zidd davranış sərgiləmiş və hüquqlarından digər formada sui-istifadə etmişdir. Qətnamənin 7-ci səhifəsində qeyd olunmuşdur ki, İddiaçı məhz sözügedən əmanət məbləğinə hesablanmalı olan faizlərin düzgün hesablanmadığını iddia etməklə faizlərin illik 18% dərəcəsi ilə hesablanıb ödənilməsini tələb edir”. Nəsimi Rayon Məhkəməsi bu addımı ilə ARMPM-in 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, iş materiallarına nəzər yetirdikdə bəlli olur ki, iddia ərizəsində “faizlərin illik 18% dərəcəsi ilə hesablanıb ödənilməsi tələbi” ümumiyyətlə mövcud deyil. İddiaçı tərəfindən hazırlıq iclasında da məhkəməyə hər hansısa iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilməmişdir. Bu o deməkdir ki, işə baxan məhkəmə iddiaçının verdiyi tələblərdən kənara çıxmışdır. Qətnamənin 7-ci səhifəsində qeyd olunur ki, bank elə bir təsisatdır ki, fiziki və hüquqi şəxslərdən və ya digər mənbələrdən vəsaitləri depozit kimi cəlb edib, həmin vəsaitləri buna ehtiyacı olanlara müəyyən faizlərlə kredit kimi verir. Başqa sözlə, cəlb etdiyi depoziti kredit verməklə gəlir əldə etməsibankın mahiyyətini təşkil edən fəaliyyət növüdür. Belə olan halda, kredittəşkilatı kimi bank əmanətə görə təklif etdiyi faiz dərəcəsinin nə qədər olması (18% və ya 12%) halını sübut etmək yükünü iddiaçı daşıya bilməz. Əksinə, mərhum İlyasova L arisa A leksandrovna ilə bağlanmış əmanət müqavilələrinə əsasən qəbul etdiyi əmanətə görə faiz dərəcəsinin 18% deyil, 12% olması halını cavabdeh (bank) sübut etməlidir”. Nəsimi Rayon Məhkəməsi bu addımı ilə eyni anda AR MPM-in 3 (üç) fərqli maddəsinin (13.1, 14.2-ci, 77.1) tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında, referendumla qəbul edilən hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrdə, qanunlarda, Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında və normativ xarakterli aktlarında “əmanətçilərin bank əmanətlərinin faizinin müəyyən edilməsi ilə bağlı banklara qarşı qaldırdığı iddia tələblərinə baxılarkən həmin faizin nə qədər olması bank tərəfindən sübut edilməlidir” şəklində heç bir maddi və ya prosessual norma yoxdur. İş materiallarına baxdıqda isə bəlli olur ki, müvafiq işdə iddiaçı qismində çıxış edən İddiaçı tərəfindən məhkəməyə sübut qismində əmanət müqaviləsi təqdim edilməmişdir. Halbuki, AR MPM-nin müvafiq normalarına əsasən öz tələblərinin əsası kimi istinad olunan halları sübut etmək (məhkəməyə əmanət müqaviləsini təqdim etmək, həmin müqavilədə qeyd edilən faizləri göstərmək, həmin faizlərə əsasən ödənilmiş məbləğlərdə yaranmış fərqi (əgər varsa) bildirmək və s.) iddiaçının vəzifəsi olmuşdur. Nəsimi Rayon Məhkəməsi isə bütün bunlara baxmayaraq, qanunvericiliyin müvafiq normalarını pozmuş və heç bir qanuni əsas olmadan müvafiq işdə faizlərin nə qədər olmasının sübut edilməsinin bank (cavabdeh) tərəfindən həyata keçirilməli olduğu barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Qətnamənin 7-ci səhifəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47 və 48- ci maddələri baxımından şərh edilməsinə dair” Qərarına istinad etmişdir. Halbuki, həmin qərarın predmeti qorunan əmanətlərin cəlb olunma tarixlərinin dəyişdirilməsi yolu ilə qorunmayan əmanət (depozit) statusuna aid edilmiş əmanətlərin və Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təshih tədbirinin tətbiqindən sonra fiziki şəxslərdən müddətli əmanətlərin qəbulunun qadağan edildiyi dövrdə qəbul olunmuş, həmçinin qorunan əmanətlərin həcminin artımı, habelə mövcud əmanətlərin (depozitlərin) şərtlərinin dəyişdirilməsinə dair əməliyyatların həyata keçirilməsi və ya əqdlərin bağlanması yolu ilə qorunan əmanət (depozit) statusuna aid edilmiş əmanətlərin qorunan əmanət hesab edilibedilməməsinə münasibətdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmanətlərin sığortalanması haqqında” Qanun) 2.1.2.6-cı maddəsinin şərh edilməsi olmuşdur. Göründüyü kimi, müvafiq qərarın predmeti tamamilə başqa bir mövzu olmuşdur və həmin qərarda “əmanətçilərin bank əmanətlərinin faizinin müəyyən edilməsi ilə bağlı banklara qarşı qaldırdığı iddia tələblərinə baxılarkən həmin faizin nə qədər olması bank tərəfindən sübut edilməlidir” şəklində hüquqi mövqe mövcud deyil. Qətnamənin 8-ci səhifəsində qeyd olunur ki, məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Mərkəzi Bankından 2000-2009-cu il tarixlər ərzində oxşar münasibətləri (bank əmanəti (depozit) müqavilələri üzrə) tənzimləyən müqavilələr üzrə şərtlər və faiz dərəcələribarədə məlumatların verilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixli 6-1-20/2-1717/2023 saylı məktubla xx.xx.2003-xx.xx.2010-cu illər üzrə A zərbaycanda fəaliyyət göstərən kommersiya banklarının fiziki şəxslərdən cəlb etdiyi əmanətlər üzrə orta faiz dərəcələri haqqında mövcud olan məlumatlar məhkəməyə təqdim edilmişdir. Göstərilən məlumatlara əsasən mübahisənin düzgün həll edilməsi üçün qoyulmuş əmanət üzrə faiz məbləğinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və A zərbaycan R espublikası Ədliyyə Nazirliyi Məhkəmə E kspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 9/4920 saylı ekspert rəyi verilmişdir”. Nəsimi Rayon Məhkəməsi bu addımı ilə AR MPM-in 81-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Buradan aydın olur ki, banka qoyulmuş əmanətlər üzrə faizlərin nə qədər olması şərti əmanət müqaviləsində öz əksini tapır. Yəni, konkret hallar üzrə faizlərin nə qədər olmasını təsdiq edən mötəbər sübutetmə vasitəsi əmanət müqaviləsidir. Qanunvericilikdə bu və ya digər banklar ilə bu və ya digər əmanətçilər arasında bağlanmış əmanət müqavilələri üzrə faizlərin Mərkəzi Bankın təqdimetdiyi orta statistikaya əsasən müəyyən edilməsi nəzərdə tutulmamışdır. Mərkəzi Bankın təqdim etdiyi məlumat orta statistikadır və o heç bir halda bu və ya digər bankda bu və ya digər müştərilər ilə bağlanmış konkret əmanət müqavilələri üzrə konkret faizləri təsdiq edən mötəbər sübut kimi çıxış etmir və edə bilməz. Qətnamənin 9-cu səhifəsində qeyd olunur ki, “Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/4920 saylı ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin faiz məbləğləri ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur”. Nəsimi Rayon Məhkəməsi bu addımı ilə eynianda AR MPM-in və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun müvafiq normalarının tələblərini pozmuşdur. Belə ki, Nəsimi Rayon Məhkəməsi qanunun tələblərini pozan vəaçıq-aşkar işin hallarına (materiallarına) zidd olan əsassız ekspert rəyini mötəbər sübut kimi qəbul etmiş və həmin rəyi çıxartdığı qətnaməsinin əsası kimi göstərmiş, bütün bunlar isə yekunda qanuni və əsaslı olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Bunlarla bağlı xüsusilə aşağıdakıları qeyd etmək lazımdır:

1. İş materiallarına baxdıqda bəlli olur ki, bankın avtomatlaşdırılmış əməliyyat sistemində müəyyən edilmişdir ki, X2 xx.xx.2007-ci il tarixində 20412F********** referensli əmanət müqaviləsi üzrə 1051 ABŞ dolları və xx.xx.2008-ci il tarixinə 20412F********** referensli əmanət müqaviləsi üzrə isə 1000 ABŞ dolları məbləğində vəsaiti olmuşdur. Bu hal 9/4920 nömrəli, xx.xx.2023-cü il tarixli “Ekspert rəyi”nin 2/7-ci səhifəsində də öz əksini tapmışdır. Bununla yanaşı iş materiallarında həmin məbləğlərin “əmanətin əsas məbləği” olması müəyyən edilməmişdir (bu barədə heç bir sənəd mövcud olmamışdır). Belə ki, iş materiallarına baxdıqda bəlli olur ki, bankın avtomatlaşdırılmış əməliyyat sistemində əvvəlki dövr üzrə məlumatlarının silinməsi və əmanət müqavilələrinin arxivdə aşkar edilməməsi səbəbindən, X3 tərəfindən qoyulmuş əsas əmanət məbləğləri barədə dəqiq məlumatın verilməsi, o cümlədən müqavilələrin təqdim edilməsi qeyri-mümkündür. Göründüyü kimi, müvafiq əmanətlər üzrə əsas məbləğin (əmanət məbləğinin) və faizlərin nə qədər olması müəyyən edilməmiş və mübahisə predmetidir. Bu məbləğin nə qədər olması barədə iddiaçı tərəfindən heç bir sübutedici sənəd (bu işə münasibətdə ən mötəbər sübut olan əmanət müqavilələri) məhkəməyə təqdim edilməmişdir. Bütün bunlara baxmayaraq, “Ekspert rəyi”ndə faizlər hesablanarkən həmin məbləğlər əsassız və qanunsuz olaraq əmanətin əsas məbləği kimi qeyd edilmiş və faizlər onlara əsasən hesablanmışdır. Bütün bunlar onu təsdiq edir ki, sözügedən “Ekspert rəyi” tamamilə əsassız olmuş və işin həqiqi hallarına zidd olmuşdur. Baxmayaraq ki, “Ekspert rəyi” təkcə yuxarıda 1-ci bənddə qeyd etdiyimiz hallara əsasən tamamilə əsassız və qanunsuz olmuşdur və tərəflər arasında mübasihəni həll edən mötəbər sübut kimi çıxış etməməlidir, hesab edirik ki, ekspert rəyinin əsassız və qanunsuz olması ilə bağlı digər məsələlərə də bu və aşağıda qeyd etdiyimiz bəndlərdə münasibət bildirməklə həmin “Ekspert rəyinin” əsassız və qanunsuz olduğunu bir daha da təsdiqləmək məqsədə müvafiq olar. “Ekspert rəyi”ndə həmçinin cavabdehin xx.xx.2021-ci il tarixli 41-15360/2021 nömrəli məktubuna da tərəflər arasında faizləri müəyyən edən sənəd kimi istinad etmək qanunsuz, əsassız və absurd yanaşma olmuşdur. Çünki, iş materiallarından bəlli olur ki, iddiaçının həmin müraciət üzrə vəkilinin xx.xx.2021-ci il tarixli 06/301 saylı müraciətinə, cavabdehin xx.xx.2021-ci il tarixli 41-15360/2021 cavabında hamı üçün açıq olan informasiyaya dair ümumi olan suala cavabdehin verdiyi cavab əksini tapmışdır. Həmin faiz dərəclərinin iddiaçının mərhum xalası ilə olan münasibətlərə aid cavab kimi qələmə vermək və aid etmək müvafiq faktların iddiaçıya aid olmayan münasibətlərə onun xeyrinə təhrif etmək deməkdir və “Ekspert rəyi”nin bu yanaşması tamamilə əsassızdır. Çünki hər bir müştəri üzrə faiz məsələləri fərdi şəkildə müəyyən edilir və müqavilədə öz əksini tapır. Mərkəzi Banlk tərəfindən təqdim edilmiş xx.xx.2023- cü il tarixli, 6-1-20/2-1717/2023 nömrəli məktubda 2001-2002 və 2011-2020-ci illər aralığı üzrə orta statistik faiz dərəcələri barədə məlumat qeyd edilməmişdir, amma“Ekspert rəyi”ndə həmin illər üzrə faiz 2001-2001 illər üçün 10%, 2011-2020-ci illər üçün isə 12% olaraq göstərilmişdir. Bütün bunları onu bir daha göstərir ki, həMa əsassız və qanunsuz olan bu “Ekspert rəyi”ndə iş materiallarında olan sənədlərə də səhvən istinad edilmiş və onlar əsassız şəkildə təhrif edilmiş və orda göstərilməyən rəqəmlər (faizlər) sanki həmin sənəddə göstərilən rəqəmlər kimi qələmə vermişdir. Beləliklə, yuxarıda göstərilən hallar təsdiq edir ki, Nəsimi Rayon Məhkəməsi sübutlaraobyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, “Ekspert rəyi”ndə aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməmiş, məhkəmə tərəfindən ekspertin rəyi düzgün tədqiq edilməmiş və digər sübutlar ilə yanaşı qiymətləndirilməmişdir. Bütün bunların nəticəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamə müvafiq hissədə qanuni və əsaslı olmamış, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə etiraz iddia ərizəsində qeyd olunan xüsusatlarla əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edildiyi hissədə ləğv olunaraq həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir.

17. İddiaçı və onun vəkili X8 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Maddə 947.2. İstənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Maddə 948.1. Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Maddə 949. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir. Maddə 950. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1- ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47 və 48-ci maddələri baxımından şərh edilməsinə dair 10 avqust 2020-ci il tarixli qərarında göstərilmişdir ki, “bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və əmanətçinin qoyduğu əmanət üzrə faizləri əldə etmək hüququ yaranır. Bank depozit əməliyyatı üzrə faiz dərəcələrini müəyyən edir və faizin miqdarı, bir qayda olaraq, bank əmanəti müqaviləsində göstərilir. Belə ki, Mülki Məcəllənin 948.1-ci maddəsinə əsasən, bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. ...Əmanət müqaviləsinin bağlanması üçün, həmin müqaviləni fiziki şəxslə bankın səlahiyyətli şəxsi (əgər bankın filialıdırsa, o zaman bankın verdiyi etibarnamə əsasında filial müdiri) tərəfindən imzalanması tələb olunur. Bankın səlahiyyətli şəxsləri tərəfindən əmanətin fiziki şəxsdən qəbul edilməsi barədə mədaxil qəbzinin tərtib edilərək, bankın müvafiq möhürü ilə təsdiq edildiyi andan bankın Mülki Məcəllənin 947.2-ci maddəsinə əsasən əmanəti qaytarmaq öhdəliyi yaranmış olur. Eyni zamanda qeyd edilməlidir ki, müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. ...Fiziki şəxslərin banklara və ya bankın filialına təqdim etdiyi əmanətləri fiziki şəxsin adına açılmış hesaba yerləşdirmək, bankın avtomatlaşdırılmış bank informasiya sisteminə və bankın balansına salmaq fiziki şəxslərin deyil, bankın vəzifəsi olmuş, bankın öz vəzifəsini yerinə yetirməməsinə görə məsuliyyətin fiziki şəxslərin üzərinə qoyulması və əmanəti qaytarmaqdan imtina edilməsi əsassızdır. Bankın və ya bank filialının vəzifəli şəxslərinin əmanəti qəbul edərkən bank qaydalarını pozması və öz səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində ilk əmanət müqaviləsinin tarixi əvəzinə miqrasiya (bank və ya başqa bank filialına köçürmə) tarixinin əsas götürülməsi, əmanətin bankın balansına mədaxil edilməməsi, əmanət müqaviləsində fiziki şəxsin bank hesabının qeyd edilməməsi, mədaxil qəbzində qeyd edilən bank hesabının başqa şəxsə aid olması kimi hallar isə bankın və ya bank filialının vəzifəli şəxslərinin öz vəzifələrini lazımi qaydada yerinə yetirmədiyini təsdiq edir və bu vəzifələrin icra edilməməsinə görə “Banklar haqqında” Qanunun 1.0.1-ci maddəsinin tələbinə uyğun olaraq bank məsuliyyət daşıyır. Mülki Məcəllənin 945.2-ci maddəsinə əsasən, hüququ çatmayan şəxs tərəfindən və ya qanunla müəyyənləşdirilmiş qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi əmanət məbləğinin dərhal qaytarılmasını, habelə onun üçün faizlər ödənilməsini və bundan əlavə, əmanətçiyə vurulmuş bütün zərərin əvəzinin verilməsini tələb edə bilər”.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti ilə qətnamə qismən – iddianın qismən təmin olunduğu hissədə mübahisələndirildiyindən, məhkəmə aktı da həmin hissədə şikayətin dəlilləri üzrə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

24. Apellyasiya şikayətinin dəlillərindən biri kimi qeyd olunur ki, iddia ərizəsində “faizlərin illik 18% dərəcəsi ilə hesablanıb ödənilməsi tələbi” mövcud olmadığı halda məhkəmə iddiaçının verdiyi tələblərdən kənara çıxmışdır. Lakin iddia ərizəsindən görünür ki, tələbin faizlərin ödənilməsi ilə bağlı hissəsində “əmanətlərə 10 oktyabr 2022-ci il tarixədək hesablanmış faiz məbləğlərinin müəyyən edilərək ödənilməsi” tələbi irəli sürülmüşdür və məhkəmə tərəfindən də tələb daxilində araşdırma aparılaraq nəticəyə gəlinmişdir. Yəni, birinci instansiya məhkəməsi tərəfindən tələbdən kənara çıxma halına yol verilməmişdir.

25. Digər dəlil kimi cavabdeh ona istinad etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47 və 48- ci maddələri baxımından şərh edilməsinə dair” Qərarına istinad etməklə məhkəmə düzgün nəticəyə gəlməmişdir, həmin qərarın predmeti qorunan əmanətlərin cəlb olunma tarixlərinin dəyişdirilməsi yolu ilə qorunmayan əmanət (depozit) statusuna aid edilmiş əmanətlərin və Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təshih tədbirinin tətbiqindən sonra fiziki şəxslərdən müddətli əmanətlərin qəbulunun qadağan edildiyi dövrdə qəbul olunmuş, həmçinin qorunan əmanətlərin həcminin artımı, habelə mövcud əmanətlərin (depozitlərin) şərtlərinin dəyişdirilməsinə dair əməliyyatların həyata keçirilməsi və ya əqdlərin bağlanması yolu ilə qorunan əmanət (depozit) statusuna aid edilmiş əmanətlərin qorunan əmanət hesab edilibedilməməsinə münasibətdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmanətlərin sığortalanması haqqında” Qanun) 2.1.2.6-cı maddəsinin şərh edilməsi olmuşdur. Göründüyü kimi, müvafiq qərarın predmeti tamamilə başqa bir mövzu olmuşdur və həmin qərarda “əmanətçilərin bank əmanətlərinin faizinin müəyyən edilməsi ilə bağlı banklara qarşı qaldırdığı iddia tələblərinə baxılarkən həmin faizin nə qədər olması bank tərəfindən sübut edilməlidir” şəklində hüquqi mövqe mövcud deyildir.

26. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə ilkin olaraq onu qeyd edir ki, MPMnin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Nə Mülki Prosessual Məcəllədə, nə də digər normativ hüquqi aktda nəzərdə tutulmamışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeylər yalnız eyni tipli işlər üçün məcburi xarakter daşısın. Hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47 və 48-ci maddələri baxımından şərh edilməsinə dair 10 avqust 2020-ci il tarixli qərarının məzmunu da bank əmanəti müqavilələri barədədir, yəni, bu qərarda əks olunan və birinci instansiya məhkəməsi tərəfindən istinad olunan mövqelərin əmanətin sğıortalanmış və ya sığortalanmamış olması baxımından əhəmiyyəti yoxdur.

27. Şikayətin əsas dəlilini o təşkil edir ki, iddiaçı faizlərin düzgün hesablanmadığına istinad etsə də, faizlərin əslində necə hesablanması barədə məhkəmətə mötəbər sübut olan müqaviləni təqdim etməmişdir, əmanətçilərin bank əmanətlərinin faizinin müəyyən edilməsi ilə bağlı banklara qarşı qaldırdığı iddia tələblərinə baxılarkən həmin faizin nə qədər olması bank tərəfindən sübut edilməlidir” şəklində heç bir maddi və ya prosessual norma yoxdur, banka qoyulmuş əmanətlər üzrə faizlərin nə qədər olması şərti əmanət müqaviləsində öz əksini tapır, qanunvericilikdə bu və ya digər banklar ilə bu və ya digər əmanətçilər arasında bağlanmış əmanət müqavilələri üzrə faizlərin Mərkəzi Bankın təqdim etdiyi orta statistikaya əsasən müəyyən edilməsi nəzərdə tutulmamışdır.

28. Qeyd olunan xüsusatlarla bağtlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, kredit təşkilatı kimi bank əmanətə görə təklif etdiyi faiz dərəcəsinin nə qədər olması halını sübut etmək yükünü iddiaçı daşıya bilməz, əksinə, əmanət müqavilələrinə əsasən əmanətə görə faiz dərəcəsini cavabdeh (bank) sübut etməlidir, hazırkı işdə cavabdeh bank, mübahisəli hala dair məhkəməyə heç bir sübut verməmiş, yalnız Bankın avtomatlaşdırılmış əməliyyat sistemində əvvəlki dövr üzrə məlumatlarının silinməsini və hesab üzrə sənədlərin arxivdə aşkar edilməməsini irəli sürmüşdür. Cavabdeh bank iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 41-13691/2021 saylı məktubda və xx.xx.2023-cü il tarixli 024 saylı arayışında avtomatlaşdırılmış əməliyyat sisteminin məlumatlarına əsaslanmışdır və bu o deməkdir ki, elektron arxiv materialları bankda mövcud olmaqla məhz həmin elektron daşıyıcıda əmanət məbləğinin faiz dərəcəsi və iş üçün əhəmiyyət daşıyan digər sübutlar saxlanılır – lakin cavabdeh bank onları məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda birinci instansiya məhkəməsi apellyasiya şikayətində qeyd olunduğu kimi tələbə iddiaçının dəlilləri baxımından da yanaşmamış, Azərbaycan Respublikası Mərkəzi Bankından 2000-2009-cu il tarixlər ərzində oxşar münasibətləri (bank əmanəti (depozit) müqavilələri üzrə) tənzimləyən müqavilələr üzrə şərtlər və faiz dərəcələri barədə məlumatların verilməsi tələb etmiş, həmin məlumatlara əsasən ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən qiymətləndirmə apararaq iddianın qismən təmin olunması qənaətinə gəlimişdir.

29. Sübutetmə yükü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47 və 48-ci maddələri baxımından şərh edilməsinə dair 10 avqust 2020-ci il tarixli qərarında əks olunan hüquqi mövqe də bundan ibarətdir ki, fiziki şəxslərin banklara və ya bankın filialına təqdim etdiyi əmanətləri fiziki şəxsin adına açılmış hesaba yerləşdirmək, bankın avtomatlaşdırılmış bank informasiya sisteminə və bankın balansına salmaq fiziki şəxslərin deyil, bankın vəzifəsi olmuş, bankın öz vəzifəsini yerinə yetirməməsinə görə məsuliyyətin fiziki şəxslərin üzərinə qoyulması və əmanəti qaytarmaqdan imtina edilməsi əsassızdır və bu vəzifələrin icra edilməməsinə görə “Banklar haqqında” Qanunun 1.0.1-ci maddəsinin tələbinə uyğun olaraq bank məsuliyyət daşıyır.

30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il il tarixli, e-2(006)- 366/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il il tarixli, e-2(006)- 366/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar