Məhkəmə qərarları › İş №2(103)-2303/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2303/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2303/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı:

1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli Abunə müqaviləsinə əsasən “***-***-**-**” mobil nömrəsi Cavabdeh MMC tərəfindən İddiaçı istifadəsinə verilmişdir.

2. "xxxx" MMC-nın 25 iyun 2016-24 iyul 2016-cı il dövr üçün kəsilən hesabfakturasından görünür ki, İddiaçı MMC-yə borcu 3,13 manatdır.

3. "xxxx" MMC-nın 25 iyul 2016-24 avqust 2016-cı il dövr üçün kəsilən hesabfakturasından görünür ki, İddiaçı MMC-yə borcu 0,05 manatdır.

4. Azercell Telecom” MMC-nın 25 avqust 2016-24 sentyabr 2016-cı il dövr üçün kəsilən hesab-fakturasından görünür ki, İddiaçı MMC-yə borcu 3,19 manatdır.

a) Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi" tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Azercell Telecom MMC arasında “***-***-**-**” mobil nömrəsi ilə əlaqədar bağlanmış abunə müqaviləsinin cavabdeh tərəfindən birtərəfli qaydada xitamının qanunsuz sayılması, cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, müqavilədə göstərilən və birtərəfli qaydada sistem üzərindən ləğv edilmiş “050-211- 30-70” nömrəsini sistem üzərində bərpa edərək yenidən İddiaçı istifadəsinə vermək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 oktyabr 2011-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında Abunə müqaviləsi bağlanılmışdır. Həmin müqavilə ilə “***-***-**- **” mobil nömrəsi Cavabdeh MMC tərəfindən İddiaçı istifadəsinə verilmiş və Cavabdeh MMC tərəfindən 04.07.24-cü il tarixli 14271 nömrəli məktuba əsasən 2016-cı ilədək ödənişlər vaxtı vaxtında həyata keçirilməklə xətt sistemi çərçivəsində istifadə edilmişdir. xx.xx.2014-cü il tarixdən İddiaçı cinayət məsuliyyətinə cəlb olunduğundan həmin ərəfədən başlayaraq “***-***-**-**” mobil nömrəsindən faktiki olaraq istifadə etmək imkanından məhrum olmuş və ödənişlərin vaxtı-vaxtında nəzarət etmək iqtidarında olmamışdır. Nümayəndə1 daha sonra etibarnamə verilmiş, Nümayəndə1 isə 07 iyun 2024-cü il tarixdə həmin etibarnamədə qeyd edilmiş səlahiyyətlərdən yararlanaraq, “***-***-**-**” mobil nömrələrdən istifadənin bərpası üçün Cavabdeh MMC-nin “Müştəri Xidmətləri”nə müraciət etmişdir. “Müştəri Xidmətləri”ndən təqdim edilən 14271 nömrəli məktuba əsasən, göstərilmişdir ki, müvafiq məsələ ilə əlaqədar Cavabdeh MMC-də elektron məlumat bazaları əsasında araşdırma aparılmış, araşdırma zamanı “050-211- 30-70” mobil nömrəsi ilə bağlı 2016-cı il 25 iyul, 25 avqust və 25 sentyabr tarixlərdə müvafiq hesab-fakturaların kəsilmiş, həmin hesab-fakturalar üzrə ümumillikdə 6 manat 37 qəpik məbləğində borc məbləğinin yaranması müəyyən edilmiş, həmin borc məbləğinin “son ödəmə tarixinədək” ödənilməməsi səbəbindən Cavabdeh MMC tərəfindən 29 oktyabr 2011-ci il tarixli Müqavilə 07 fevral 2017-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh MMC tərəfindən Müqavilə əsasında istifadəyə verilmiş “***-***-**-**” mobil nömrəsinin son ödəmə tarixinədək ödənilməməsi səbəbindən eyni nömrənin başqa şəxsin istifadəsinə verilməsi və Müqavilənin təktərəfli ləğvi həmin Müqavilənin şərtlərinə ziddir. Nəzərə alınmalıdır ki, tərəflər Müqaviləyəyə əsasən birtərəfli ləğv qaydalarını qabaqcadan razılaşdırmış və ondan irəli gələn şərtlərə əsasən öz hüquqlarını və öhdəliklərini həyata keçirmək iradələrini ifadə etmişlər. Ali Məhkəmənin № 2(102)- 3251/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli Qərarında qeyd edildiyi kimi, "Mobil telefon nömrəsindən istifadə ilə əlaqədar hüquq münasibəti tərəflər arasında bağlanmış 30 dekabr 2005-ci il tarixli abunə müqaviləsinə əsasən yarandığından, kollegiya hesab edir ki, mübahisə həmin müqavilənin tələbləri baxımından həll edilməlidir". Məsələ ondadır ki, Cavabdeh MMC öz məktubunda da qeyd etdiyi kimi son ödəmə tarixinədək ödənişlərin edilməməsini nömrənin və müqavilənin ləğvinə əsas bilir. 2(102)- 3251/2021 nömrəli iş üzrə qərarda açıq aydın qeyd edilmişdir ki, "telefon xəttinin bağlanması və telefon nömrəsinin ləğv edilməsinə dair abunə müqaviləsinin müddəası həmin müqavilənin ləğvi imkanı kimi qiymətləndirilə bilməz". Bu müddəa hazırkı işdə də böyük rol oynayır. Belə ki, son ödəmə tarixinədək ödənişlər həyata keçirilmədiyi təqdirdə "xxxx" MMC xidməti dayandıra bilər, lakin bu sadəcə ödənişin edilməsi üçün bir tədbirdir və müqavilənin ləğvinə əsas ola bilməz. Müqavilənin 8.5-ci maddəsində qeyd edilmişdir ki, “hər-hansı səbəbdən müqaviləyə xitam verilməsi nəticəsində ləğv edilmiş nömrə "AZERCELL" tərəfindən başqa istifadəçiyə verilə bilər". Bu müddəadan bir daha məlum olur ki, nömrədən istifadə başqa şəxsə yanlız müqaviləyə xitam verildikdən sonra ötürülə bilərdi. Eyni müqavilənin şərtinə əsasən isə həmin müqavilənin birtərəfli ləğvi üçün xidmət göstərilməsi dayandırıldıqdan sonra 6 (altı) ay müddət keçməli idi.

7. Birinci istansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-5106/2024 nömrəli qərardadı ilə “xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə digər abunəçi arasında “050-211- 30- 70” mobil nömrəsindən istifadə ilə bağlı bağlanmış “Abunə müqaviləsi”nin təsdiq olunmuş surətinin və “***-***-**-**” mobil nömrəsinin hazırda kimin istifadəsində olması barədə məlumatın məhkəməyə təqdim olunması "xxxx" MMC-yə həvalə olunmuşdur.

8. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli (e-2(004)- 353/2025 nömrəli mülki iş üzrə, hakim Sultanova-Məmmədova Ayşən ) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan hesabfakturalarından görünür ki, Nümayəndə1 "xxxx" MMC-ya 25 iyun 2016-24 iyul 2016-cı il dövr üçün 3,13 manat, 25 iyul 2016-24 avqust 2016-cı il dövr üçün 0,05 manat və 25 avqust 2016-24 sentyabr 2016-cı il dövr üçün 3,19 manat borcu yaranmışdır. İddiaçı müqavilə şərtlərinə əməl etməmişdir. Nəticə etibarilə, Cavabdeh sonuncu hesabfakturasından 6 aylıq müddət gözləyib 25 aprel 2017- ci il tarixdə müqaviləyə xitam verməklə, nömrəni ********** X2 istifadəsinə verməkdə haqlı olmuşdur.

b) Apellyasiya instansiyası məhkəməsində icraat 10.Məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. 12.İddiaçı apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, cavabdeh tərəflər arasında imzalanmış xx.xx.2011-ci il tarixli abunə müqaviləsinin şərtlərinə əməl etmədən və hesabfakturada qeyd edilən son ödəmə tarixindən 6 (altı) ay müddəti gözləmədən onun istifadəsində olan nömrənin rabitə xəttini ləğv etməklə xx.xx.2017-ci ildə istifadəsindən çıxarmışdır. O qeyd etmişdir ki, İddiaçı təqdim edilmiş son hesab fakturaya əsasən, son ödəmə tarixi – xx.xx.2016-cı ildir. Lakin, tərəflər arasında imzalanmış Abunə Müqaviləsinin “Əsas Anlayışlar” başlığına əsasən “son ödəmə tarixi” anlayışı Cavabdeh MMC-nin Abunəçiyə təqdim etdiyi hesab-faktura əsasında “Azercell”ə ödənilməli olan pul məbləğinin son ödəmə tarixi” kimi qeyd edilmişdir. İddiaçı qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən son ödəmə tarixinədək hesab-fakturalar ödənilmədikdə Azercell aşağıdakı hərəkətləri etmək hüququna malikdir: 1 . Müqavilənin 4.2-ci maddəsinə əsasən hesab-fakturada göstərilən ödəniş müddətləri riayət olunmazsa 45 təqvim günü gözlədikdən sonra borc məbləğinə 0.1%dəbbə pulu hesablanmalı və həmin hesablama ümumi borcun məbləğindən artıq olmamalıdır. 2 . Müqavilənin 8.2-ci maddəsinə əsasən isə əgər 45 təqvim günü ərzində də borc məbləği ödənilməzsə Azercellrabitə xəttini ikitərəfli bağlaya bilər, yəni xidməti dayandıra bilər, lakin bu gecikməfaizinin hesablanmasının dayandırılması demək deyildir. 3 . Müqavilənin 8.3-cü maddəsinə əsasən,fakturalı xətt sistemində Abunəçi öz borcunu, gecikmə faizi ilə birlikdə son ödəmə tarixindən sonra 6 (altı) ay müddətində ödəməzsə, Abunəçinin istifadəsində olan nömrənin rabitə xətti tamamilə ləğv edilməklə, nömrə onun istifadəsindən çıxarılır və bu müqaviləyə xitam verilir. 4 . Müqavilənin 10.2-ci maddəsində təsbit edilmişdir ki, “bu müqavilədə nəzərdə tutulan öhdəliklərin Abunəçi tərəfindən tam və lazımınca yerinə yetirilməməsi və yaxud müqavilə şərtlərinin təqsirli pozulması Cavabdeh MMC-yə hüquq verir ki, Abunəçi qarşısında heç bir məsuliyyət daşımadan ona xidmət göstərilməsini dərhal dayandırsın və ya məhdudlaşdırsın. Xidmət göstərilməsi dayandırıldıqdan sonra 6 (altı) ay müddətində Abunəçi yol verdiyi pozuntunu aradan qaldırmazsa, bu Abunəçi tərəfindən müqavilədən birtərəfli imtina kimi qiymətləndirilir və müqavilə xitam verilmiş hesab olunur. Məhkəmə tərəflərin müqaviləyə əsasən birtərəfli ləğv qaydalarını qabaqcadan razılaşdırmaqlarını və ondan irəli gələn şərtlərə əsasən öz hüquqlarını və öhdəliklərini həyata keçirmək iradələrini ifadə etdiklərini nəzərə almayıb. O bildirir ki, məhkəmə işin faktiki hallarını dərindən araşdırmadan cavabdehin xx.xx.2024-cü il tarixli təqdim etdiyi məktuba əsaslanaraq qərar qəbul edilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğu mövqeyindədir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. 16.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.

Tətbiq edilən hüquq:

17.Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə - Mülki Məcəllə):

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 427. Öhdəliyin icrası müddəti Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: Maddə 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi;

18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra mətndə - MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

19. xx.xx.2011-ci il tarixli Abunə müqaviləsi: Maddə 8.2. Əgər 45 təqvim günü ərzində də borc məbləği ödənilməzsə Azercell rabitə xəttini ikitərəfli bağlaya bilər, yəni xidməti dayandıra bilər, lakin bu gecikmə faizinin hesablanmasının dayandırılması demək deyildir. Maddə 8.3. Fakturalı xətt sistemində Abunəçi öz borcunu, gecikmə faizi ilə birlikdə son ödəmə tarixindən sonra 6 (altı) ay müddətində ödəməzsə, Abunəçinin istifadəsində olan nömrənin rabitə xətti tamamilə ləğv edilməklə, nömrə onun istifadəsindən çıxarılır və bu müqaviləyə xitam verilir. Maddə 10.2. Bu müqavilədə nəzərdə tutulan öhdəliklərin Abunəçi tərəfindən tam və lazımınca yerinə yetirilməməsi və yaxud müqavilə şərtlərinin təqsirli pozulması Cavabdeh MMC-yə hüquq verir ki, Abunəçi qarşısında heç bir məsuliyyət daşımadan ona xidmət göstərilməsini dərhal dayandırsın və ya məhdudlaşdırsın. Xidmət göstərilməsi dayandırıldıqdan sonra 6 (altı) ay müddətində Abunəçi yol verdiyi pozuntunu aradan qaldırmazsa, bu Abunəçi tərəfindən müqavilədən birtərəfli imtina kimi qiymətləndirilir və müqavilə xitam verilmiş hesab olunur. Maddə 2.6. Abunəçiyə verilən nömrə onun istifadəsində olur və Abunəçi həmin nömrəyə heç bir mülkiyyət hüququna malik deyil.

Apellyasiya baxışının hədləri:

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı işdə iddia tələbi rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası, sədrlik edənin işin hallarına dair məruzəsini dinlədikdən, işdə iştirak edən şəxslərin izahatlarını nəzərə aldıqdan, apellyasiya şikayətində irəli sürülmüş dəlilləri və təqdim edilmiş sübutları iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv şəkildə araşdırdıqdan sonra belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə hüquqi əhəmiyyət kəsb edən halları tam və düzgün qiymətləndirməmiş, maddi hüquq normalarının tətbiqində ciddi hüquqi səhvlərə yol vermiş, tətbiq edilməli olan normativ hüquqi aktları düzgün tətbiq etməmişdir. Bu da Mülki Prosessual Məcəllənin 386-cı maddəsinin tələblərinə uyğun olaraq maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı kimi qiymətləndirilməlidir. Göstərilən hüquqi və faktiki əsaslara görə apellyasiya şikayəti qismən qanunauyğun hesab edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir.

23. Belə ki, iş üzrə təqdim edilmiş sənədlər, tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, 29 oktyabr 2011-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında abunə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, cavabdeh tərəfindən ***-***-**-** mobil telefon nömrəsi iddiaçının istifadəsinə təqdim olunmuşdur. Müqavilə şərtlərinə əsasən, cavabdeh tərəfindən göstərilən telekommunikasiya xidmətlərinin müqabilində iddiaçı tərəfindən müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

24. İş materiallarından görünür ki, 2016-cı ilin iyul, avqust və sentyabr ayları üzrə təqdim edilmiş hesab-fakturalar üzrə borc məbləği yaranmış və bu borclar son ödəmə tarixinədək ödənilmədiyindən, cavabdeh tərəfindən müqavilə 07 fevral 2017-ci il tarixdə birtərəfli qaydada ləğv edilmiş, mübahisəli mobil nömrə isə daha sonra başqa bir istifadəçiyə təqdim edilmişdir.

25. İddiaçı məhkəməyə müraciətində cavabdeh tərəfindən müqavilənin birtərəfli ləğvinin müqavilənin şərtlərinə zidd olaraq, 6 aylıq gözləmə müddəti təmin edilmədən həyata keçirildiyini bildirmiş, bu səbəbdən müqaviləyə əsaslanan hüquqlarının pozulduğunu qeyd edərək, mobil nömrənin istifadəsinin özünə qaytarılmasını və ya müqavilə münasibətlərinin bərpasını tələb etmişdir.

26. Məhkəmə kollegiyası iş üzrə tərəflər arasında mübahisənin hüquqi mahiyyətini qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh tərəfindən müqavilənin 6 aylıq gözləmə müddəti tam şəkildə gözlənilmədən birtərəfli qaydada ləğvi abunə müqaviləsinin texniki və formal tələblərinə uyğun gəlməsə də, bu hal iddiaçının hazırkı tələbinin təmin olunması üçün birmənalı əsas ola bilməz. Belə ki, iddiaçı xx.xx.2017-ci il tarixdə müqavilənin ləğv edilməsindən etibarən faktiki olaraq heç bir hüquqi və ya praktiki tədbir görmədən uzun müddət ərzində – yəni təxminən 7 ildən artıq müddətdə – passiv mövqe sərgiləmişdir. 27.Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mobil nömrənin başqa bir istifadəçiyə verilməsi ilə bağlı hüquqi nəticələr artıq meydana gəlmiş, bu isə həmin yeni abunəçinin daşıdığı hüquq və qanuni gözləntilərin qorunmasını zəruri etmişdir. Hüquqi münasibətlərin sabitliyi və iştirakçıların hüquqlarının balanslaşdırılması prinsipindən çıxış edərək kollegiya qeyd edir ki, iddiaçının xeyrinə qərar qəbul edilməsi halında artıq həmin nömrədən qanuni əsaslarla istifadə edən üçüncü şəxsin hüquqlarına ciddi zərər vurulacaqdır.

28. Kollegiya həmçinin vurğulayır ki, vətəndaş hüquqlarının müdafiəsi onların real və davamlı həyata keçirilməsi ilə bağlıdır. Müqavilənin ləğvi ilə bağlı narazılıq olduğu təqdirdə, iddiaçının münasibətdə olduqca uzun müddət ərzində hüquqlarını müdafiə etmək üçün heç bir tədbir görməməsi, yalnız 2024-cü ilin iyun ayında cavabdehin müştəri xidmətlərinə müraciətlə kifayətlənməsi iddiaçının hüquqi passivliyini göstərir və bu, tərəflər arasında əvvəlki hüquqi vəziyyətin bərpasını obyektiv şəkildə mümkünsüz edir. 29.Nümayəndə1 Faiq oğlunun 2014-cü ildən həbs olunaraq faktiki olaraq nömrədən istifadə etmək hüququndan məhrum olunması dəlili ilə bağlı kollegiya qeyd edir ki, o, 2014-cü ildə həbs olunsa da , mübahisəli nömrəyə 2016-cı ilin iyun ayına qədər müvafiq ödənişlər həyata keçirilmişdir.

30. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsasında iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. Mövcud hüquqi və faktiki vəziyyətin, müddətlərin, müqavilənin icra mexanizminin, eləcə də üçüncü şəxsin maraqlarının nəzərə alınması ilə iddianın təmin edilməməsi düzgün və ədalətli hesab edilməlidir.

31. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin məhkəmənin qətnaməsinin hüquqi əsasları ilə tanış olduqdan sonra belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi mübahisənin mahiyyətinə qiymət verərkən tətbiq ediləcək maddi hüquq normalarını düzgün müəyyən etməmiş, nəticə etibarilə hüquqi tənzimetmənin predmetini təşkil edən münasibətlərin hüquqi xarakterini və normativ əsaslarını yanlış dəyərləndirmişdir.

32. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1, 390.2, 390.3 və 390.5-ci maddələrinə istinad etməklə müqavilə azadlığı prinsipi kontekstində cavabdehin birtərəfli qaydada müqaviləyə xitam vermə hüququnu əsaslandırmış, lakin bununla mübahisənin hüquqi mahiyyətini, yəni müqaviləyə xitam verilməsinin hüquqi nəticələri və bu nəticələrin tərəflərin davranış modelləri ilə uzlaşması aspektini diqqətdən kənarda qoymuşdur.

33. Bununla bağlı, ilk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi konkret hüquqi münasibətlərin qiymətləndirilməsi zamanı normativ hüquqi aktların məqsəd və kontekstual təhlilinə lazımi diqqət yetirməmişdir. Məhkəmə hesab edir ki, mübahisəyə Mülki Məcəllənin 390-cı maddəsi çərçivəsində baxmaqla, sanki müqavilə bağlanması və məcburi müqavilələr institutu məsələsinə toxunmuş, lakin reallıqda tərəflər arasında mübahisənin predmeti bu deyil, müqavilənin birtərəfli qaydada xitam verilməsinin nəticələrinin hüquqazidd olub-olmaması məsələsidir.

34. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, bu mübahisə çərçivəsində tətbiq edilməli olan hüquq normaları, xüsusilə də Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmiş vicdanlı davranış prinsipi, 442-ci maddəsində qeyd edilən öhdəliyin icra edilməməsi anlayışı və 427.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin vaxtında icrası ilə bağlı normadır. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin müddəa mülki hüquqda davranışın yalnız formal normativ çərçivədə deyil, eyni zamanda hüquqi münasibətlərin mənəvi və etik çərçivəsində də qiymətləndirilməsini zəruri edir.

35. Bu kontekstdə, iddiaçının 2017-ci ilin fevral ayında müqaviləyə xitam verildiyi andan etibarən uzun illər ərzində — konkret olaraq 2024-cü ilin iyun ayınadək — bu məsələyə hüquqi reaksiya verməməsi, yəni hüquqlarının müdafiəsi üçün müvafiq tədbirlər görməməsi, onun hüquqlarını həyata keçirməkdə passiv və laqeyd mövqe sərgilədiyini açıq şəkildə nümayiş etdirir. Belə bir vəziyyətdə, subyektin hüququnun müdafiəsi məsələsinə baxılarkən onun yalnız formal hüquq sahibi olması deyil, bu hüququ həyata keçirməkdəki aktivlik səviyyəsi və davranış səmimiyyəti də nəzərə alınmalıdır.

36. Digər tərəfdən, Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, bu cür öhdəlik müvafiq dövr ərzində istənilən an icra edilməlidir. Bu norma tərəflərin müqavilə üzrə öhdəliklərini gecikdirmədən, konkret müəyyən olunmuş zaman çərçivəsində və qarşılıqlı etimada əsaslanan şəkildə yerinə yetirməsinin hüquqi zəminini yaradır. İddiaçı isə həmin dövrdə öz öhdəliklərini (yəni müqavilə üzrə borcun ödənilməsini və xitamın qanuniliyinə dair müraciət etməyi) yerinə yetirməmiş, əvəzində bu məsələyə uzun müddət biganə yanaşmışdır.

37. Nəticə etibarilə, məhkəmə qeyd olunan bütün halları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisəyə baxarkən Mülki Məcəllənin tətbiq edilməli olan müvafiq maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslardan biri maddi hüquq normalarının düzgün tətbiq edilməməsidir. Eyni zamanda, həmin Məcəllənin 386-cı maddəsində göstərildiyi kimi, maddi hüquq norması o zaman düzgün tətbiq edilməmiş sayılır ki, birinci instansiya məhkəməsi ya tətbiq edilməli olan hüquqi normanı tətbiq etməmiş, ya da onu səhv təfsir etmiş və ya yanlış tətbiq etmiş olsun. 39.Əlavə olaraq nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin imperativ tələblərinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi yalnız təqdim edilmiş apellyasiya şikayətinin dəlilləri ilə məhdudlaşmır, əksinə, tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxmaq və onu yenidən araşdırmaq səlahiyyətinə malikdir. Bu hüquqi norma bir daha təsdiq edir ki, apellyasiya instansiyası yalnız formallıq naminə yoxlama funksiyasını yerinə yetirmir, əksinə, ədalət mühakiməsinin tam və hərtərəfli həyata keçirilməsi məqsədilə iş üzrə maddi və prosessual hüququn düzgün tətbiq olunub-olunmadığını dərindən təhlil etmək öhdəliyi daşıyır. 40.Həmin prinsip Mülki Prosessual Məcəllənin 372.7 və 385.1.1-ci maddələrində də təsbit olunmuşdur. Belə ki, məhkəmə yalnız apellyasiya şikayətində göstərilən dəlillərlə kifayətlənməməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının həm maddi, həm də prosessual hüquq normalarına nə dərəcədə riayət edilməklə qəbul olunduğunu hərtərəfli və obyektiv şəkildə araşdırmalıdır. Bu müddəa məhkəmə aktlarının qanunvericiliyin tələblərinə uyğunluğunun təmin olunması, hüquqi sabitliyin qorunması və məhkəmə səhvlərinin effektiv şəkildə aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 41.Məhkəmə kollegiyası bununla bağlı izah edir ki, əgər birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması səhv tətbiq edilmişdirsə, bu hal artıq özü-özlüyündə Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə uyğun olaraq qətnamənin apellyasiya instansiyasında ləğv olunması üçün müstəqil əsas kimi çıxış edir. Bu norma hüququn mahiyyətini — maddi ədalətin bərpasını — təmin edən əsas mexanizmlərdən biri olmaqla, apellyasiya instansiyasının funksional yükünü geniş şəkildə müəyyənləşdirir. 42.Qeyd olunanları rəhbər tutaraq, kollegiya bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılarkən maddi hüquq normaları pozulmuş və nəticə etibarilə iş üzrə iddianın hüquqi mahiyyətinə uyğun olmayan qətnamə qəbul edilmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin vəzifəsi yalnız bu prosessual çatışmazlığı qeyd etmək deyil, eyni zamanda onu hüquqi baxımdan aradan qaldırmaq və bu məqsədlə adekvat qərar qəbul etməkdən ibarətdir. 43.Bu istiqamətdə isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsi apellyasiya instansiyasına geniş səlahiyyətlər verir. Belə ki, həmin maddəyə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ya tamamilə, ya da qismən ləğv edə bilər və bu zaman yalnız ilkin məhkəmənin müəyyən etdiyi hallar əsasında deyil, eyni zamanda iş materiallarında olan və ya apellyasiya mərhələsində əlavə təqdim edilmiş sübutlar əsasında iş üzrə yeni qətnamə qəbul etmək səlahiyyətinə də malikdir. Bu hüquq norması apellyasiya instansiyasının sadəcə prosedur yoxlamadan ibarət olmadığını, əksinə, hüququn maddi mahiyyətinə nüfuz edərək daha ədalətli və əsaslı qərar qəbul etmək imkanına malik olduğunu aydın şəkildə ortaya qoyur. 44.Bundan başqa kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə araşdırmasının tam və hərtərəfli aparılmaması təmin olunmamışdır. Belə ki, iş materiallarının tədqiqindən məlum olur ki, mübahisəyə səbəb olan “***-***-**-**” mobil nömrəsi hal-hazırda X2 istifadəsindədir. Bu şəraitdə birinci instansiya məhkəməsi iş üzrə hüquqi vəziyyəti obyektiv qiymətləndirmək üçün X2 hüquqi maraqlarını da nəzərə almalı, onun bu iş üzrə hüquq və vəzifələrinin müəyyən olunması ehtimalını qiymətləndirməli, eləcə də, gələcəkdə mübahisənin predmeti ola biləcək hallar baxımından onun iştirakı zəruri prosesual tərəf kimi nəzərdən keçirilməli idi. Birinci instansiya məhkəməsinin bu şəxsi prosesə cəlb etmədən işə baxması, qərarın gələcəkdə hüquqi qeyri-müəyyənliyə səbəb ola biləcək nəticələr doğurması riskini artırmış və nəticə etibarilə işin tam, obyektiv və qanunauyğun həllinə mane olmuşdur. 45.Bununla belə, sözügedən hal apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının diqqətdən yayınmamış, X2 işə üçüncü şəxs qismində cəlb olunması qərara alınmış və bu barədə müvafiq qərardad qəbul edilmişdir. Bu, prosesual ədalətin və tərəflərin hüquqlarının tam təmin edilməsi məqsədilə atılmış zəruri addım kimi qiymətləndirilir və eyni zamanda, iş üzrə hüquqi vəziyyətin daha obyektiv və tam araşdırılması üçün əlverişli şərait yaratmışdır. Beləliklə, apellyasiya məhkəməsi həm hüquqi vəziyyətin dəqiqləşdirilməsi, həm də tərəflərin prosesual hüquqlarının müdafiəsi baxımından müvafiq prosedur təminatlarını həyata keçirmişdir. Nəticədə, iş üzrə qərar qəbul olunarkən mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görülmüşdür. 46.Nəticə olaraq, qeyd olunan bütün hüquqi və faktiki halların təhlilindən çıxış edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, həmin qətnamə MPM-in 385.1.1 və 384.0.2-ci maddələri rəhbər tutularaq ləğv olunmalı, iddia tələbi isə əsassız olduğundan rədd edilməli və bununla bağlı yeni qətnamə çıxarılmalıdır. 47.Qətnamənin dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. 48.Odur ki, Mülki Prosessual Məcəllənin 372, 382, 385.1.1, 389, 392, 393, 402 və 404- 406-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-353/2025 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar