Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2306/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2445/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, ünvan 2 ünvanda yerləşən 157.93 kv.m qeyriyaşayış sahəsi, ünvan 2 ünvanda yerləşən 341.2 kv.m qeyri-yaşayış sahəsi, ünvan 2 ünvanda yerləşən 483.02 kv.m qeyri yaşayış sahəsi, ünvan 2 ünvanda yerləşən 110 kv.m qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Kamal Rəhimov küçəsi, ev 15, mənzil 76, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 40, mənzil 126, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsi, ev 4L, Bakı şəhəri, Nərimanov rayonu, Abbas Zamanov küçəsi, ev 45, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahələri üzərindən həbsin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2445/2025 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək ona məxsus əmlaklar üzərinə səhvən qoyulmuş həbsin götürülüməsini xahiş etsə də, bu günə kimi müvafiq qurum tərəfindən həmin müraciətin nəticəsi barədə ona hər hansı məlumat təqdim edilməmişdir. Bundan sonra o, xx.xx.2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə müraciət edərək, üzərinə səhvən həbs qoyulmuş daşınmaz əmlaklar üzərindən həbsin götürülməsini xahiş etmişdir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi də 10 gün ərzində bu müraciətinin nəticəsi barədə ona heç bir məlumat təqdim etməmişdir. Buna görə də o, müvafiq əmlakların üzərindən həbsin götürülməsi tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 253-cü maddəsinin tələblərini pozmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2445/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(001)-2445/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən hazırki iddia ilə eyni məzmunda olan ərizə ilə istintaqı dövründə əmlaklar üzərinə həbs qoyulmuş cinayət işinə baxılan Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edilmiş və ərizə həmin məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Bununla belə, ərizə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır və həmin məhkəmədə yekun məhkəmə aktı qəbul edildikdə bu əmlaklarla bağlı məsələyə də hüquqi qiymət veriləcəkdir. Bu da öz növbəsində iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsini və iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsi ilə İddiaçı iddiasını iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2445/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2445/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2306/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2306/2025
19.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver