Məhkəmə qərarları › İş №2(103)-2307/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2307/2024

16.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2307/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X10 Operating Company Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iş üzrə (Açar sözlər: vəzifə ilə bağlı əmək kitabçasında düzəlişin edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh X10 Operating Company Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh X10 Operating Company Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “vəzifə ilə bağlı əmək kitabçasında düzəlişin edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 4581/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.2000-ci il tarixdə “Karasu" Əməliyyat Şirkətində Kamaləddin neft və qazçıxarma sahəsinə əməyin normalaşdırılması üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə quyu ətrafının təmizlənməsi üzrə nəzarətçi vəzifəsinə keçirilmiş, xx.xx.2002-ci il tarixdə Mişovdağ neft-qaz çıxarma sahəsinə istismar sahəsi üzrə mühəndis, xx.xx.2005-ci il tarixdə isə X2 Quyuların kimyəvi üsulla işlənməsi üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu il tarixdə X8 sahəsində Quyuların kimyəvi emalı üzrə usta vəzifəsinə təyin edilmişdir. Sonuncu iş yeri üzrə (xx.xx.2021-ci il) 1 saylı neft və qaz çıxarma sexində quyuların kimyəvi təmizlənməsi üzrə usta vəzifəsi olmuşdur. Əmək münasibətlərinə xitam verildikdən sonra iddiaçı xx.xx.2002 xx.xx.2009-cu il tarixlərində müvafiq sahələr üzrə vəzifəsinin Əmək kitabçasında "Quyuların kimyəvi emalı üzrə usta" kimi qeyd olunması tələbi ilə cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli məktubla həmin tələbin icrasından imtina etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh X10 Operating Company Şirkətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.2002 - xx.xx.2009-cu il tarixlərində müvafiq sahələr üzrə vəzifəsinin əmək kitabçasında "Quyuların kimyəvi emalı üzrə usta" kimi qeyd olunması vəzifəsi üzrə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ali təhsilli mühəndisdir. 1981-ci ildə Ali məktəbi bitirmiş, 1981-ci ilin avqust ayından əmək fəaliyyətinə başlamış, istehsalatda əmək pensiyasına çıxana, yəni xx.xx.2023-cü il tarixə qədər, fasiləsiz 42 il çalışmışdır. Qarasu Əməliyyat Şirkətində xx.xx.2000-ci il tarixdən işləyir. Qarasu Əməliyyat Şirkətinin Sələfi olan "Azərpetroil"dəki iş stajı da (08 İyul 1994 cü ildən etibarən) daxil olmaqla Neft sənayesində ümumi stajı 30 ildir. İstehsalatda rəhbər vəzifədən tutmuş, müxtəlif vəzifələrdə çalışmış, bu 42 ili qüsursuz işləmiş, həmişə işlədiyi müəssisənin mənafeyini güdmüşdür. Ətrafındakıların iş təcrübəsindən yararlanmaqlarına şərait yaratmışdır. İstehsalatda 2013-cü ildə ağır əmək xəsarəti almışdır. Şirkətin Xidməti avtomobilinin qəzaya düşməsi nəticəsində 8 qabırğası sınmış, sol qolunun ikibaşlı bazu əzələsi cırılmışdır. Şirkətdə rəhbərlikdən tutmuş bütün sıravi işçilərlə xoş münasibətdə olmuşdur. Qarasu Əməliyyat Şirkəti üzrə Neft hasilatının yüksəldilməsi məqsədilə tətbiqedilən Yeni Texnoloji proseslərdən biri də, Quyuların kimyəvi emalıdır ki, bu Texnoloji prosesi istehsalatda tətbiq etmək üçün Quyuların kimyəvi emalı sahəsinin yaradılması labüd idi ki, bu sahə 2001-ci ilin noyabr ayında yaradılmaqla, Quyuların kimyəvi emalı üzrə briqada fəaliyyətə başlamışdır ki, bu sahədə xx.xx.2002-ci il tarixdən işləməyə başlamışdır. Lakin, struktur quruluş yaradılarkən texniki xəta baş vermişdir. Bu xəta "Əmək haqqı və Əməyin təşkili" şöbəsinin olmaması səbəbindən baş vermişdir. Belə ki, ştat cədvəli tərtib edilərkən quyuların kimyəvi üsulla işlənməsi üzrə mühəndis və quyuların kimyəvi üsulla işlənməsi üzrə usta vəzifəsi yaradılaraq təsdiq edilməli idi. Lakin Şirkətin İqtisadi mənafeyinin güdülməsi nöqteyi nəzərindən yanaşılsa, ştat cədvəlində Texnoloji prosesləri icra edən - Quyuların kimyəvi emalı üzrə usta vəzifəsi yazılmalı idi ki, müvəqqəti mühəndis olmadığı təqdirdə bu usta işlədiyi dövr ərzində Quyuların kimyəvi işlənməsi üzrə mühəndisin vəzifəsinin öhdəliklərini yerinə yetirməli idi. Texniki xətaların davamı olaraq xx.xx.2009-cu ildə mühəndis vəzifəsi ləğv olunmuş və səkkiz ildən sonra 2017-ci ildə yenidən yaradılmış və bu vəzifəyə yeni işçi götürülmüşdür. Bu səkkiz ildə də quyuların kimyəvi emalı üzrə usta quyuların kimyəvi işlənməsi üzrə mühəndisin vəzifəsinin öhdəliklərini yerinə yetirmişdir. Hazıra kimi quyuların kimyəvi emalı üzrə usta bütün texnoloji prosesləri icra etməkdədir. Bu xronologiyadan aydın olur ki, vəzifəsi usta olmalı idi və bu vəzifə ilə yanaşı mühəndisin də vəzifəsinin öhdəliklərini yerinə yetirmişdir. xx.xx.2002-ci il tarixdən İstismar sahəsi üzrə Mühəndis vəzifəsinə təyin olunsa da, xx.xx.2002-ci il tarixli əmək Müqaviləsinə əlavəyə əsasən tutduğu vəzifə daha dəqiq əks olunaraq xx.xx.2002-ci il tarixdən etibarən quyuların kimyəvi üsulla işlənməsi üzrə Mühəndis adlanmışdır. Və ilkin texniki xəta odur ki, Əmək müqaviləsində vəzifəsi quyuların kimyəvi üsulla işlənməsi üzrə mühəndis kimi təsbit olunsa da, əmək kitabçasında vəzifəsi xx.xx.2005-ci il tarixə kimi İstismar sahəsi üzrə Mühəndis adlanmışdır. xx.xx.2005-ci il tarixdən Şirkət üzrə aparıcı istismar sahəsindən, İstismar sahəsinə köməkçi olan şöbələrindən birinə mexanikləşdirilmiş hasilat şöbəsinə Quyuların kimyəvi üsulla işlənməsi üzrə mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu il tarixdə yenidən Hasilat şöbəsinə Quyuların kimyəvi emalı üzrə usta vəzifəsinə keçirilmişdir. Beləliklə quyuların kimyəvi üsulla işlənməsi üzrə mühəndis stajı 6 il 11 ay 15 gün təşkil etmişdir. İstismar sahəsi üzrə quyuların kimyəvi üsulla emalı üzrə bütün texnoloji proseslərin icra edilməsi bilavasitə quyuların kimyəvi emalı üzrə ustanın vəzifə təlimatına daxildir. Texnoloji proseslərə rəhbərlik isə mühəndisin vəzifə təlimatına daxildir. Onun 6 il 11 ay 15 günlük iş stajı sırf quyuların kimyəvi emalı üzrə texnoloji prosesləri icra etməkdən ibarət olmuş və əlavə olaraq quyuların kimyəvi üsulla işləməsi üzrə mühəndisin vəzifəsinin öhdəliklərini də yerinə yetirmişdir. Lakin texniki xəta olaraq vəzifəsi quyuların kimyəvi üsulla işlənməsi üzrə Mühəndis qeyd olunmuşdur. İlkin texniki xəta olaraq, onun əmək müqaviləsinə əlavədə vəzifə borcu xx.xx.2002 - xx.xx.2005-ci il tarixlərində quyuların kimyəvi üsulla emalı üzrə Mühəndis kimi adlanmışdır. Lakin əmək kitabçasında vəzifəsi istismar sahəsi üzrə mühəndis kimi işlənmişdir. Sonrakı xəta ondan ibarətdir ki, quyların kimyəvi üsulla işlənməsi üzrə mühəndisin vəzifə təlimatı natamam hazırlanmışdır ki, bu vəzifənin təlimatının təsvirində aydın görünür. Quyuların kimyəvi emalı üzrə ustanın peşə təlimatının (Vəzifə təlimatının) peşə Öhdəlikləri bölməsinin (Bölmə-3) müvafiq bəndində (Bənd-3.1.) Ustanın peşə öhdəliklərini icra etməsi belə təsbit olmuşdur: 3.1. - "Quyuların kimyəvi emalı üzrə briqadaya rəhbərliyi həyata keçirməli". Buradan da aydın görünür ki, xx.xx.2002 - xx.xx.2009-cu il tarixlərində Quyuların kimyəvi emalı üzrə briqadaya Usta rəhbərlik etməlidir. Və ağır Texniki xəta da buradan yaranmışdır ki, yəni vəzifəsi Mühəndis kimi deyil, Usta kimi adlanmalı idi. Əmək kitabçasında da bu tarixlərdə (xx.xx.2002 xx.xx.2009) vəzifəsi Quyuların kimyəvi emalı üzrə usta qeyd olunmalı idi. Bütün bu Texniki xətalar haqqında Şirkət rəhbərliyinə 2 dəfə Müraciət etmiş: birinci müraciəti xx.xx.2022-ci il, ikinci müraciəti xx.xx.2023-cü il tarixlərində olmuşdur. xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq bildirilir ki, əmək müqaviləsi sərbəst bağlanır, əmək müqaviləsinin məzmunu və quruluşu tərəflərin razılığı ilə müəyyən edilir və əmək müqaviləsi ilə müəyyən edilmiş qaydada əmək haqqı təyin edilir. Bu cavab da növbəti Texniki xətanın biridir. Çünki, usta işləyə - işləyə mühəndisin də vəzifəsinin öhdəliklərini yerinə yetirmişdir.

4. Bundan sonra iddiaçının ərizəsinə əsasən məhkəmə cavabdeh X10 Operating Company Şirkətini əsl cavabdeh X10 Operating Company Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə əvəz etmişdir.

5. Cavabdeh X10 Operating Company Şirkətinin Azərbaycan Respublikasındakı filialı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı xx.xx.2002 xx.xx.2009-cu illər ərzində usta yox, mühəndis vəzifəsində işləmişdir. İddiaçı ilə Şirkət arasında əmək müqaviləsi sərbəst bağlanmış və əmək müqaviləsinin məzmunu və quruluşu tərəflərin razılığı ilə müəyyən edilmişdir. İddiaçı 2002-2009-cu illər ərzində özünün də razılığı əsasında mühəndis vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsində qeyd edilir ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Belə ki, İddiaçı özünün dediyinə görə guya xx.xx.2002 xx.xx.2009-cu il tarixlərdə “quyuların kimyəvi emalı üzrə usta” vəzifəsini icra etdiyini və buna görə hüququnun pozulduğunu bilə-bilə heç vaxt şikayətini bildirməmiş, nə də aidiyyəti üzrə məhkəməyə müraciət etməmişdir. 2022-ci ilin dekabr ayında ilk dəfə müraciət etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 4581/2023 saylı qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X9)

7. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə tədqiqi zamanı iddiaçı ilə cavabdeh arasında əmək müqavilələrinə əlavələr bağlandığı, həmin əlavələrdə onun vəzifəsinin mübahisələndirilən tarixlərdə mühəndis göstərilməsi, iddiaçının buna heç bir etirazının olmaması, həmin vəzifələrdə 2009-cu ilədək etiraz etmədən işləməsi onu deməyə əsas verir ki, iddiaçının iddia ərizəsində gətirdiyi dəlillər mülahizələrə əsaslanmaqla əsassızdır. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırki tələblərini irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçı mübahisələndirdiyi vəzifə adı üzrə xx.xx.2002 - xx.xx.2009-cu il tarixlərində işləsə də, eyni zamanda həmin tarixlərdən hüququnun pozulduğunu bildiyi halda, həmin vəzifələrdə etiraz etmədən işləmiş və yalnız təqribən 21-14 ildən sonra ilkin mediasiya sessiyasına müraciət etməklə mübahisələndirmişdir. Bununla da iddiaçı əmək mübahisəsinin həll edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini iddia ərizənin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, xx.xx.2002–ci il tarixdən İstismar sahəsi üzrə Mühəndis vəzifəsinə təyin olunsa da, xx.xx.2002 – ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən tutduğu vəzifə daha dəqiq əks olunaraq xx.xx.2002 – ci il tarixdən etibarən quyuların kimyəvi üsulla işlənməsi üzrə mühəndis adlanmışdır. İlkin texniki xəta odur ki, əmək müqaviləsində vəzifəsi quyuların kimyəvi üsulla işlənməsi üzrə Mühəndis kimi təsbit olunsa da, Əmək kitabçasında vəzifəsi xx.xx.2005–ci il tarixə kimi İstismar sahəsi üzrə mühəndis adlanmışdır. Məhkəmə prosesində əmək kitabçası yoxlanılmamışdır. Hüquq müstəvisində kadrlar şöbəsinin vəzifə borcudur ki, istehsalatın “Ağır və zərərliiş sahəsin”də çalışan bütün işçilərin əmək fəaliyyətini nəzarətləri altında saxlasın və onları imtiyazlı iş stajları barədə mütəmadi məlumatlandırsınlar ki, onlar da vaxtında xüsusi şərtlərdə pensiya ala bilsinlər. Belə ki, Şirkət tərəfindən xx.xx.2022-ci il tarixdə verilən və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə Güzəştli Şərtlərlə Pensiya təyin edilməsi üçün təqdim edəcəyi, İmtiyazlı iş stajı haqqında Arayışdan məlum olur ki, bu Arayış ona xx.xx.2021-ci il tarixdə verilməli idi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur quruluşuna daxil olan bütün Neft-Qaz çıxarma X6 üzrə vəzifə tabeçiliyinə görə operator vəzifəsində (peşəsində) çalışan bütün fəhlələr biləvasitə ustalara hesabat verməklə ustalara tabedirlər. Ustalar da mühəndislərə hesabat verməklə mühəndislərə tabedirlər. Bütün bunlar işçilərin vəzifə (peşə) təlimatlarında təsbit olunub. İddia Ərizəsinə ustanın da, operatorların da vəzifə (peşə) təlimatlarını təqdim etsə də, onlar araşdırılmamışdır. Ustanın da, operatorların da vəzifə (peşə) təlimatlarından aydın olur ki, onun xx.xx.2002 – xx.xx.2009-cu il tarixlərində vəzifəsinin quyuların kimyəvi emalı üzrə mühəndis adlanması – texniki xətadır, onun vəzifəsi bu tarixlərdə quyuların kimyəvi emalı üzrə usta adlanmalı idi və o, usta vəzifəsini icra etməklə, mühəndisin də vəzifələrinin öhdəliklərini yerinə yetirmişdir. Qarşı tərəfin Əmək Məcəlləsinın 296-cı maddəsinə istinad etməsi əsassızdır. Belə ki, bu mübahisə şirkət tərəfindən ona xx.xx.2022-ci il tarixdə verilən: - DSMF-nin Xüsusi ŞərtlərləTəyinat İdarəsinə, güzəştli şərtlərlə pensiya almağı üçün arayışı aldıqdan sonra əmələ gəlmişdir ki, texniki xəta olaraq vəzifəsi əmək kitabçasında mühəndis qeyd olunmaqla, 6 il, 11 ay, 5 gün imtiyazlı iş stajını itirərək, bu müddət üçün, güzəştli şərtlərlə alacağı pensiyadan məhrum olmuşdur. Bununla əlaqədar 6 ay, 4 gündən sonra Şirkət rəhbərliyinə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsi iddia tələbi rədd edilməsinə arqument ola bilməz. O, istehsalatda 42 il fasiləsiz, bunun son 30 ilini Neft sənayesində işləmiş, neft sənayesində 30 ilin də son 23 il, 6 ayını da istehsalatın “Ağır və zərərli iş sahəsi”ndə - quyuların kimyəvi üsulla işlənməsi sahəsində, 26 çeşiddən artıq kimyəvi reagentlərlə birbaşa təmasda olaraq işləmişdir. 2013-cü ildən xroniki-bronxit xəstəsidir, 2013-cü ildə şirkətin xidməti avtomobilində qəzaya düşərək ağır əmək xəsarəti alaraq, ölümdən dönmüşdür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında cavabdeh X10 Operating Company Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X13 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 46.1-ci maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır; 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur; 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

22. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən vurğulayır ki, iddiaçı xx.xx.2000-ci il tarixdə “Karasu" Əməliyyat Şirkətində Kamaləddin neft və qazçıxarma sahəsinə əməyin normalaşdırılması üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixə kimi müvafiq olaraq Mişovdağ neft-qaz çıxarma sahəsinə istismar sahəsi üzrə mühəndis və X2 Quyuların kimyəvi üsulla işlənməsi üzrə mühəndis vəzifəsində işləmiş, xx.xx.2009-cu il tarixdə X8 sahəsində Quyuların kimyəvi emalı üzrə usta vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2002 - xx.xx.2009-cu il tarixlərində müvafiq sahələr üzrə vəzifəsinin Əmək kitabçasında "Quyuların kimyəvi emalı üzrə usta" kimi qeyd olunması tələbi ilə cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli məktubla həmin tələbin icrasından imtina etmişdir.

23. Hazırda iddiaçı eyni tələblə məhkəməyə müraciət edir. Cavabdeh təşkilat isə iddiaçının mübahisəli müddət ərzində məhz mühəndis vəzifəsi üzrə fəaliyyət göstərdiyini qeyd edir. Eyni zamanda, iddiaçı tərəfindən iddia tələbinin əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq müddəti ötürülməklə verildiyini bildirir.

24. Məhkəmə kollegiyası iş materiallarında cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin olduğunu və apellyasiya şikayətinin də bu istiqamət üzrə formalaşdığını nəzərə alaraq hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilib-edilməməsi aspektindən qiymət verilməli olduğunu zəruri hesab edir.

25. Bu konteksdə məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

26. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı).

27. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar).

28. Bu baxımdan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur.

29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixi müəyyən edilməsini mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı.

30. Bu baxımdan məhkəmə kollegiyası iddia tələbi üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət vermək üçün iddiaçının hazırda qaldırdığı tələb üzrə hüququnun pozulduğu barədə məlumatlı olduğu tarixin başlanğıcının müəyyən edilməsini labüd sayır.

31. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı onunla bağlanmış əmək müqavilələrinə xx.xx.2002-ci il, xx.xx.2002-ci il, xx.xx.2005-ci il tarixli əlavələri imzalayarkən əslində hazırda mübahisələndirdiyi məsələ üzrə məlumatlı olmuşdur. Belə ki, iddiaçı iddia tələbində həmin əmək müqaviləsinə əlavələrdən xəbərsiz olması və ya imzanın ona məxsus olmaması mövqeyindən çıxış etmir. Nəzərə alınmalıdır ki, məbləğ etibarı ilə mühəndis və usta vəzifələri üzrə əmək haqqı da eyni olmamışdır. İddiaçı da mübahisələndirdiyi dövrdə məhz mühəndis vəzifəsi üçün nəzərdə tutulmuş əmək haqqı almış və nə həmin vaxt, nədə ki, xx.xx.2009-cu il tarixdən etibarən usta vəzifəsinə təyin edilən və artıq usta vəzifəsinə uyğun əmək haqqı alan zaman buna etiraz etməmişdir. Digər tərəfdən, iddiaçının əmək müqaviləsinə xitam verilməklə əmək kitabçasının ona verildiyi tarixdən (əmək kitabçası ona təhvil verildikdən sonra kitabçadakı qeydlərə nəzər saldıqda) hüququnun pozulması barədə məlumatlı olduğu düşünülsə belə, bu halda da iddiaçı hazırki tələb üzrə iddia müddətini ötürmüşdür.

32. Belə ki, iddiaçı apellyasiya şikayətində hazırda mübahisələndirdiyi halın DSMFnin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə Güzəştli Şərtlərlə Pensiya təyin edilməsi üçün cavabdeh təşkilat tərəfəndən ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli “İmtiyazlı iş stajı haqqında” Arayışından sonra məlum olduğu mövqeyindən çıxış edir. İddiaçının istinad etdiyi tarix iddia müddətinin hesablanması üçün bağlanğıc tarix kimi götürülsə belə, iddiaçı yenə də təxminın 1 il sonra (xx.xx.2023-cü il) mediasiya təşkilatına müraciət etməklə hazırki tələb üzrə iddia müddətini ötürmüşdür. Bu da öz növbəsində hazırki iddiaya iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın rədd edilməsini şərtləndirir. Halbuki, iddia müddəti tətbiq edilmədiyi təqdirdə belə, iddianın təmin edilməsi üçün hər hansı əsas müəyyən edilmir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırki iddiaya iddia müddəti tətbiq etmiş və iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4581/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar