Məhkəmə qərarları › İş №2(103)-2309/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2309/2022

13.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2309/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının və azyaşlı uşaqları X5 və X3 Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 22 saylı evin 28 saylı mənzilinin girişdən sonra dəhlizin sol tərəfindəki birinci yataq otağına köçürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-4073/21) iddia təmin edilmişdir. Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər X2 və Cavabdeh2 onun valideynləri, digər Cavabdeh3 isə qardaşıdır. Həmin mənzildə cavabdehlər 011499 nömrəli Order əsasında yaşayırlar. İddiaçı həmin mənzildə qeydiyyatdadır. İddiaçı onlara ev verilən gündən həmin mənzildə ailəsi ilə birlikdə yaşamışdır. Lakin hazırda cavabdehlər iddiaçıya mənzildə yaşamağa imkan vermirlər. İşin hallarından müəyyən olunur ki, mübahisəli mənzil 18 noyabr 1994-cü il tarixli 011499 nömrəli Order əsasında yaşaması və istifadəsi üçün Cavabdeh1 onun 4 nəfər ailə üzvü olmaqla - əri Cavabdeh2, oğlu - X1, Cavabdeh3, qızı - İddiaçı verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildən uşaqları ilə birlikdə Biləcəri qəsəbəsində ərinin evində yaşayır. İddiaçının mübahisəli mənzilə qonaq qismində gəlib-getməsi çoxsaylı münaqişələrə səbəb olub. Məhkəmə iclasında iddianı qəbul etməyib, iddiaçının mənzilə köçürülməsinə etiraz edib. İddiaçı ilə bir mənzildə yaşamaq qeyri-mümkündür. Apelyator teleqram göndərərək xəstəliyi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, bunu təsdiq edən sübut (sənəd) təqdim olunmadığından məhkəmə kollegiyası onun gəlməməyinin səbəbini üzrsüz sayaraq məhkəmə iclasının davam etdirilməsini mümkün saydı. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, maddi hüquq normaları düzgün tətbiq olunmadığından Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, mübahisəli mənzil 18 noyabr 1994-cü il tarixli 011499 nömrəli order əsasında 4 nəfər ailə üzvü olan Cavabdeh1 verilmiş və orderə əsasən həm, iddiaçı, həm də cavabdehlər həmin mənzildə yaşamaq hüququ əldə etmişlər. Tərəflər hamısı mübahisəli mənzildə pasport qeydiyyatındadırlar. İşdən həmçinin görünür ki, mübahisəli mənzil 4 otaqlı olmaqla 64,45 kvm ümumi sahəyə malikdir və mənzil hazırda dövlət mənzil fonduna aid olmaqla özəlləşdirilməmişdir. İddiaçının tələbi övladları - 07.10.2013-cü il təvəllüdlü X5 və 28.06.2019-cu il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 22 saylı evin 28 saylı mənzilinin girişdən sonra dəhlizin sol tərəfindəki birinci yataq otağına köçürülməsi barədədir. Cavabdehlər birinci instansiya məhkəməsində işə baxılarkən iddianı qismən qəbul etmiş, iddiaçının mənzilə köçürülməsinə etiraz etməmiş, sadəcə onun iddia ərizəsində tələb etdiyi otağa köçürülməsinə razı olmamışlar. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə mülkiyyət hüququ ilə bağlı normaları, daha dəqiq desək, Mülki Məcəllənin 27, 152.1, 152.2, 152.3, 228.5-ci maddələrini tətbiq edərək iddianın əsaslı olduğu qənaətinə gəlmiş və iddiaçının iki azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülməsini qət etmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı order əsasında mənzilə köçməklə həmin mənzilin yaşayış sahəsindən istifadə hüququna və mənzilə mülkiyyət hüququ ilə bağlı gözlənti hüququna malik olduğundan o, mənzilə köçürülməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisəli mənzil işin müəyyən edilmiş hallarından göründüyü kimi, 18 noyabr 1994-cü il tarixli order əsasında verilmişdir və hazırda dövlət mənzil fonduna aid olmaqla özəlləşdirilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisəli mənzil dövlət mənzil fonduna aid olduğundan və özəlləşdirilmədiyindən birinci instansiya məhkəməsi hazırkı mübahisəyə mülkiyyətlə bağlı normaları, yəni Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 228.5-ci maddələrini tətbiq etməkdə səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisəli hüquq münasibətinə həmin münasibətlərin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin faktiki əsası iddiaçının anasının adına verilmiş 18 noyabr 1994-cü il tarixli orderdir. O, məhz həmin orderə istinad edərək yaşayış sahəsinə köçmək və ondan istifadə etmək hüququ olduğunu bildirir. Belə ki, orderdə cavabdeh Pəri İsgəndərova ilə yanaşı onun da mənzilə köçmək və yaşamaq hüququ olduğu qeyd edilmişdir. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Mübahisəli mənzilə orderin verildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil 011499 nömrəli order əsasında Cavabdeh1 verilmiş və iddiaçı da həmin orderə əsasən icarədarın digər ailə üzvləri ilə birlikdə mübahisəli mənzilə köçüb yaşamaq hüququ əldə etmişdir. Hazırda iddiaçının mübahisəli mənzili daimi əsaslarla tərk etməsi, yaxud başqa yerdə evinin (mənzilinin) olmasına dair işdə hər hansı sübut yoxdur. İddiaçı apellyasiya baxışı zamanı bunu təkzib edərək mübahisəli mənzildən başqa hər hansı daimi yaşayış yerinin olmadığını göstərmişdir. Cavabdeh tərəfindən də bununla bağlı hər hansı mötəbər sübut təqdim olunmamışdır. Apelyatorun iddiaçının başqa yaşayış yeri olduğuna dair təqdim etdiyi fotoşəkillər isə mötəbər sübut hesab oluna bilməz. Belə ki, həmin fotoşəkillərdə əks olunan fərdi yaşayış evinin iddiaçıya aid olduğu işdə olan digər sənədlərlə birmənalı təsdiq olunmur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, apelyator məhkəmə iclas protokolunda izahatının – iddianı qismən qəbul etməsinin düzgün göstərilmədiyini göstərsə də, o, həmin məhkəmə iclas protokoluna hər hansı qeyd verməmişdir. Ona görə də, Məhkəmə kollegiyası həmin dəlili əsaslı saymır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, maddi hüquq normaları düzgün tətbiq olunmadığından Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə iddianın tam təmin olunması, yəni iddiaçının mübahisəli mənzilin konkret bir otağına köçürülməsi mənzildən istifadə hüququ olan digər şəxslərin istifadə hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Ona görə də onun sadəcə mənzilə köçürülməsi ilə kifayətlənilməlidir. Əslində bu hal apellyasiya şikayətində də mübahisələndirilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı azyaşlı uşaqları X5 və X6 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 22 saylı evin 28-ci mənzilinə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar