Məhkəmə qərarları › İş №2(103)-231/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-231/2023

12.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-231/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: gediş-gəliş yolunun açılması-servitut) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Fərrux Hüseynağa oğlu Qasımov və Sabit Xanlar oğlu Bəhrəmzadədən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(003)- 3604/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh2 qonşudurlar.

2. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsi (bundan sonra - 560 saylı bağ sahəsi) 10 dekabr 2015-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışa əsasən iddiaçının, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləşən 561 “a” saylı bağ sahəsi (bundan sonra - 561 “a” saylı bağ sahəsi) isə 20 iyul 2013-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışa əsasən cavabdehin mülkiyyətindədir.

3. 2014-cü ildə iddiaçı digər qonşular olan 561 saylı bağ sahəsinin mülkiyyətçisi Cavabdeh1 (hazırkı iş üzrə cavabdehin əri) və 562 saylı bağ sahəsinin mülkiyyətçisi X2 qarşı bağdan yola nəqliyyat vasitəsilə çıxış üçün keçid yolunun bərpa edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1760/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadı ilə tərəflər arasında razılıq əldə edilərək, mübahisə məhkəmədən kənar həll edildiyindən iddiaçının iddiadan imtinası qəbul edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3157/2014 nömrəli, xx.xx.2014cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus bağ sahəsindən qəsəbədaxili yola piyada və avtomobil keçidi üçün onun və cavabdehin bağ sahələrinin ortaq divarından başlayaraq, cavabdehin mülkiyyətində olan bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə onun xeyrinə servitut təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının bağ sahəsinə keçid yolu olmasaydı bağ sahəsinə mülkiyyət hüququ əldə edə bilməzdi, yəni mülkiyyət hüququ reyestr xidmətində qeydə alınmazdı. Keçid yolunun bərpası ilə bağlı məhkəmədə iddia qaldırmış və Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən cavabdehlə razılığa gəldiyi üçün iddia tələbindən imtina etmişdir. Lakin həmin razılıqdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmir, o isə bağdan istifadə edə bilmir. Bu səbəbdən də yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

6. Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə gediş-gəliş (eyni zamanda digər qonşu sahələrdən) naturada və elektron baza məlumatlarında mövcud deyil və həmin torpaq sahəsinə gediş-gəliş yolunun açılması üçün naturada tələb etdiyi istiqamət üzrə yerləşən torpaq sahəsi cavabdehin mülkiyyətindədir və sözügedən istiqamətdə tikililər mövcuddur. İddiaçının mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması məsələsinə Torpaq Məcəlləsinin 54-cü maddəsinin tələblərinə uyğun olaraq baxıla bilər.

7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3604/2018 nömrəli iş üzrə 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Axundova) iddia tələbi təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi, iddianı təmin edərkən qeyd olunan rəyi nəzərə almaqla, gəldiyi qənaəti belə əsaslandırmışdır ki, 560 saylı bağ sahəsi iddiaçının mülkiyyətində olsa da, oraya gediş-gəliş yolu olmadığından o, həmin sahəyə mülkiyyət hüquqlarını həyata keçirə bilmir, bununla da faktiki olaraq mülkiyyətindən məhrum olur. Buna görə də, həmin bağ sahəsindən qəsəbədaxili yola piyada və avtomobil keçidi cavabdehin mülkiyyətində olan bağ sahəsi onların ortaq divarından başlayaraq qəsəbədaxili yola qədər 3 metr enində servitutla yüklü edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.1, 255.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cu maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən müəyyən edilmiş qaydada servitutla cavabdehə məxsus bağ sahəsinin faktiki olaraq iki hissəyə bölünməsi, iddiaçıya məxsus bağ sahəsinə digər qonşuların bağından yol verilməsinin mümkün olması ilə əsaslandırılmışdır.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, şikayətin təmin olunmamasını xahiş etmiş, bildirmişdir ki, 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsini 1998-ci ildə əldə edib. Son 20 ildən artıq müddətdir ki, bağ sahəsinə girib-çıxa və ondan istifadə edə bilmir. Cavabdeh ona zəruri keçid ayırarsa ayrılan sahəyə görə 3.000 manat ödəməyə razıdır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4766/2019 nömrəli iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini rədd edərkən, birinci instansiya məhkəməsinin işin faktiki halları üzrə səhv nəticəyə gəlməsinə, işə əlavə edilmiş mütəxəssis rəyinə görə iddiaçının mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə gediş-gəliş yolunun (eyni zamanda digər qonşu sahələrdən) naturada və elektron bazalarda mövcud olmamasına, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun açılması üçün naturada tələb etdiyi istiqamət üzrə yerləşən torpaq sahəsinin cavabdehin mülkiyyətində olmaqla sözügedən istiqamətdə tikililərin mövcud olmasına, satınalma qiymətini çox baha dediyi üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısına dair tərəflər arasında hər hansı razılaşmanın əldə edilməməsinə, servitut təyin edilməsi müqabilində cavabdehin iddiaçıdan pul almaq niyyətində olmamasına və ümumiyyətlə öz torpaq sahəsindən iddiaçıya gediş-gəliş yolu vermək istəməməsinə, iddiaçının cavabdehin ərazisindən yol üçün ona verilmiş torpaq sahəsinə görə cavabdehə 3.000 manat pul ödəməyə razı olmasına, cavabdehə məxsus bağ sahəsindən giriş-çıxış yolunun ortaq divarından başlayaraq cavabdehin mülkiyyətində olan 561 saylı bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə servitut təyin edilməsinin cavabdeh üçün daha çox məhdudiyyətlər yaratmaqla bərabər iddiaçı üçün də əlavə xərclərin (yolun açılması üçün işlər) yaranmasına səbəb olacağına, belə olan halda həmin vəziyyətin mülki qanunvericiliyin ümumi-fundamental prinsipləri olan səmərəlilik və qənaət prinsiplərinin mahiyyəti ilə də uzlaşmamasına, mülki qanunvericiliyin servitutun verilməsi üçün birbaşa məhkəməyə müraciət etmək hüququnu istisna etməsinə, bu barədə tərəflərin öz aralarında azad surətdə müqavilə bağlaya bilmələrinə, cavabdehin servitut verilməsi ilə bağlı müqavilə bağlamağa məcbur edilməsinin isə mülki qanunvericiliyin prinsiplərinə, ən əsası isə müqavilə azadlığı prinsipinə zidd saylımasına istinad etmiş və hüquqi mövqeyini Mülki Məcəllənin 54.1, 54.2, 54.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 6453/2019 nömrəli iş üzrə 31 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər – Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Dəmirov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə ilkin torpaq ayırma sənədlərində iddiaçının mülkiyyətinə verilən bağ sahəsinə əvvəllər gediş-gəliş yolunun olub-olmamasını, olmuşdursa həmin gediş-gəliş yolunun kimin tərəfindən, nə vaxt zəbt edilməsini və ya özününküləşdirilməsini, həmçinin mövcud olmuş gediş-gəliş yolunun iddiaçının özünün özbaşına hərəkətləri nəticəsində ləğv edilib-edilməməsini, eləcə də tərəflərin qanuni mülkiyyətlərində olan torpaq sahələrinin sərhədlərini, ölçüsünü və sair parametrlərini, onların faktiki istifadələrində artıq torpaq sahələrinin olub-olmamasını aydınlaşdırmadan, zərurət yarandığı halda xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə əlavə və ya təkrar ekspertizalar keçirib bu barədə əsaslandırılmış rəy almadan, eyni zamanda işə əlavə edilmiş 20 avqust 2018-ci il tarixli ekspert rəyini məhkəmə iclasında tədqiq edib, bütövlükdə sübutlara obyektiv baxıb hüquqi qiymət vermədən, iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolunun naturada və elektron baza məlumatlarında mövcud olmaması qənaətinə gəlmişdir. Ümumiyyətlə gediş-gəliş yolu olmayan bağ sahəsinin isə iddiaçının mülkiyyətinə verilməsi inandırıcı, ağlabatan görünmür.

18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməyib. Lakin, mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin oluna bilər və nəzərə almaq lazımdır ki, ekspertin rəyi də mülki iş üzrə sübut növlərindən biridir və hüquqi baxımından hər hansı digər sübut növünə nisbətdə heç bir üstünlüyə malik deyil.

19. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi qətnamədə, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar iddiaçıya zəruri keçid verilməsinin cavabdehdən tələb edilməsinin yolverilməz olduğunu, bunun sonuncu, o cümlədən iddiaçının özü üçün daha böyük zərərə səbəb ola biləcəyini, hazırki tələb üzrə keçidin daha az zərər vurduğu qonşuya qarşı yönəlmədiyini, eləcə də zəruri keçidin müəyyənləşdirilməsindən imtina edilərkən tərəflərin qarşılıqlı mənafelərinin nəzərə alındığını və sair göstərsə də, işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur və apellyasiya instansiyası məhkəməsi hansı sübuta əsasən bu qənaətə gəlməsini qətnamədə göstərməmişdir.

20. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 175.1, 175.2-ci və Torpaq Məcəlləsinin 54-cü maddələrinin təfsirində səhvə yol verərək, iddiaçının öz sahəsindən ictimai yola zəruri keçidi olmadığı üçün bilavasitə qonşusu olan cavabdehdən tam əvəzi ödənilməklə zəruri keçid ayrılmasını tələb etməsinə, qanunvericiliyə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma olmadıqda, servitutun məhkəmənin qərarı ilə müəyyən edilə bilməsinə əhəmiyyət vermədən, eləcə də qonşuluq münasibətləri ilə əlaqədar iddiaçının keçid verilməsini hansı qonşudan tələb edə bilməsinin daha yolverilən olmasını, bir sözlə keçidin daha az zərər vura biləcəyi qonşunu müəyyən etmədən, yalnız cavabdehin gətirdiyi arqumentlərlə razılaşaraq iddianı rədd etməsi, əslində iddiaçını bağ sahəsindən onun faydalı təbii xassələrini hasil etmək, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandan məhrum etmişdir.

ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini və kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert qarşısında cavablandırılması üçün aşağıdakı suallar qoymuşdur: 1) iddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinin sərhədləri ilə cavabdehin mülkiyyətində olan 561 «a» saylı bağ sahəsinin sərhədləri yerində müəyyən edilsin, artıq torpaq sahələri müəyyən edilərsə tərtib olunmuş sxemdə yerləri dəqiq göstərilsin; 2) iddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinə ilkin torpaq ayırma sənədlərində əvvəllər gediş-gəliş yolunun olub-olmaması müəyyən edilirmi (gediş-gəliş yolu "mövcud olmuşsa, həmin yolun hansı qaydada tutulması, hazırda kimin torpaq sahəsinə düşməsi və s. bu kimi zəruri hallar müəyyən edilsin); 3) iddiaçının tələb etdiyi zəruri keçid hansı qonşu torpaq sahəsinə münasibətdə daha yolverilən və daha az zərər vurulmaqla başa gələ bilər; 4) birinci instansiya məhkəməsinin müəyyən etdiyi qayda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə adi istifadəni (orada yerləşən tikililər də nəzərə alınmaqla) mümkünsüz edirmi, edirsə texniki cəhətdən cavabdehə məxsus torpaq sahəsindən başqa hansı qaydada və formada keçid verilə bilər?

22. Ekspertizanın aparılması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb olunmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.

23. Qərardadın icrası üzrə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin təqdim etdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki:

1. İddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinin sərhədləri ilə cavabdehin mülkiyyətində olan 561 “a” saylı bağ sahəsinin sərhədləri yerində müəyyən edildi, iddia edilən yol sxemdə göstərildi (sxemlər əlavə edilib).

2. İddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinə əvvəllər gedişgəliş yolunun haradan olması barədə məlumat aşkar edilmədi. 3.4. Gediş-gəliş yolunun haradan, şəhərsalma norma və qaydalarına uyğun açılması ilə bağlı qərardadda qeyd edilən digər sualların cavablandırılması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aiddir”.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi rəydə birinci və ikinci sualların cavabları mütəxəssis rəyinə istinadla həmin rəydən götürülmüş, 3-cü və 4-cü suallar mütəxəssislər tərəfindən cavablandırılmadığından həmin suallar üzrə tədqiqat aparılmamışdır.

25. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-222/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə keçirilmiş hər iki ekspertiza üzrə bu sahədə ixtisaslı şəxslərin rəyi ilə iddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinə gediş-gəliş yolunun nə elektron baza məlumatlarında, nə də naturada mövcud olmadığı, bu yolun rəyə əlavə olunmuş sxemdə göstərilən şəkildə cavabdehin mülkiyyətin olan 561 “a” saylı torpaq sahəsinin hesabına təmin edilməsinin mümkün olması (digər qonşu torpaq sahələrinin hesabına təmin edilməsinin daha yolverilən olmasını müəyyən etməyin isə mümkün olmadığı) müəyyən edilmişdir.

27. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, 560 saylı bağ sahəsi iddiaçının mülkiyyətində olsa da, oraya gediş-gəliş yolu olmadığından iddiaçı, bağ sahəsindən onun faydalı təbii xassələrini hasil etmək, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandan məhrum olmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir.

28. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 170.1, 170.2, 175.1, 175.2, 175.3, 255.1, 255.4-cü, Torpaq Məcəlləsinin 54-cu və MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

d) Kassasiya instansiyası məhkəməsində ikinci icraat

29. Cavabdeh (vəkil X3) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin və Konvensiyaya dair 20 mart 1952-ci il tarixli Protokolun 1-ci maddəsinin, eləcə də Mülki Məcəllənin 175-ci və MPM-in 262.4-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə digər qonşulara münasibətdə ekspertiza aparılmasını təmin etmədən mülki hüquq normalarını pozmuşdur. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, iddiaçı əks istiqamətdə özünün torpaq sahələrini satmışdır, halbuki iddiaçı həmin torpaq sahələrini satmazdan əvvəl özünə yol aça bilərdi. Lakin iddiaçı özü bunun nəticələrini vaxtında görmüş və heç bir tədbir görməmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2022ci il tarixli, 2(102)-1400/2022 nömrəli qərarı (A.Q.Hüseynov sədrlik edən və məruzəçi, hakimlər Z.Ə.Əliyev və Ə.G.Nurməmmədovdan ibarət tərkibdə) ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-222/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

Proses iştirakçılarının izahatı

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

33. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

34. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

35. Maddə 170.1 və 170.2 ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

36. Maddə 175.1, 175.2 və 175.3 əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.

37. Maddə 255.1 servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.

38. Maddə 255.4 servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

39. Maddə 54 Servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər Torpaq Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar və sair. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

45. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

48. Hazırki halda cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, kassasiya instansiyası məhkəməsinin göstərişlərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3604/2018 nömrəli iş üzrə 28 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh2 qarşı gediş-gəliş yolunun açılması tələbinə dair iddiası təmin edilməməlidir.

50. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

51. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona məxsus bağ sahəsindən qəsəbədaxili yola piyada və avtomobil keçidi üçün onun və cavabdehin bağ sahələrinin ortaq divarından başlayaraq, cavabdehin mülkiyyətində olan 561 saylı bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə onun xeyrinə servitut təyin edilməsini tələb etmişdir.

52. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edərkən qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı digər qaydada müliyyətində olan bağ sahəsinə dair mülkiyyətçi hüquqları həyata keçirə bilmədiyində, bununla mülkiyyətindən faktiki məhrum olduğundan, onun mülkiyyətçi hüquqlarının müdafiəsi məqsədilə, mülkiyyətində olan 560 saylı bağ sahəsindən qəsəbədaxili yola piyada və avtomobil keçidi üçün iddiaçının və cavabdehin bağ sahələrinin ortaq divarlarından başlayaraq cavabdehin mülkiyyətində olan 561 saylı bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə onun xeyrinə servitut təyin edilməli, iddia tələbi təmin edilməlidir.

53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab etmir.

54. Belə ki, kassasiya instansiya məhkəməsi qərarında göstərmişdir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisəyə aydınlıq gətirmək, habelə kassasiya instansiyası məhkəməsində qərarında ifadə edilmiş göstərişlərin icrasını təmin etmək məqsədilə təyin etdiyi qərardad əsasında verilmiş rəydə olan natamamlığı aradan qaldırmadan, prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək, yaxud sübutları yerdə müayinə və tədqiq etmək imkanlarından istifadə etmədən xüsusi bilik tələb etməsi səbəbindən rəy vermək üçün müvafiq dövlət orqanlarına ünvanladığı suallar üzrə yekun qənaətə gəlmişdir. Nəticədə mübahisə servitutun verilməsi ilə bağlı Mülki Məcəllənin 175-ci maddəsində sadalanan zəruri şərtlərə riayət edilibedilmədiyi yoxlanılmadan həll edilmiş və kassasiya instansiyası məhkəməsinin MPM-in 420-ci maddəsinə əsasən icrası məcburi olan göstərişlərinin bir hissəsi icrasız qalmışdır.

55. Kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq təkrar apellyasiya baxışı zaman 14 iyun 2022-ci il tarixli qərardad təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinə həvalə edilmişdir.

56. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli 10/7288 nömrəli ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********85 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarış sənədinə əsasən ünvan 1 ünvanda 0,11 ha torpaq sahəsinin və **********28 nömrəli, xx.xx.2013-cü il tarixli Çıxarış sənədinə əsasən, ünvan 2 ünvanda 0,08 ha toraq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlarına əsasən sərhədləri müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İddiaçı mülkiyyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 560 saylı bağ sahəsinə dair iş materiallarına əlavə edilmiş ilkin toraq ayırma sənədləri arasında uyğunsuzluq olduğundan ((1-ci cild, səh 160) 560 saylı bağ sahəsinin cizgisində yol göstərilməmişdir. Lakin (2-ci cild, səh 33) 560 saylı bağ sahəsinin digər cizgisində torpaq sahəsinin eninin 23,8 metr olan hissəsində 3 metr enində yol olduğu göstərilmişdir. Eyni zamanda **********85 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarışda qeyd olunan toraq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan ölçüləri (eni, uzunluğu, konfiqurasiyası və.s) ilə 560 saylı bağ saəhəsinə dair iş materiallarına əlavə edilmiş cizgilərində qeyd olunan ölçülər arasında uyğunsuzluq mövcuddur.) həmin torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində əvvəllər gediş-gəliş yolunun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü-dördüncü sualları üzrə: Birinci instansiya məhkəməsinin müəyyən etdiyi qaydada (İddiaçı mülkiyyyətində olan ünvan 1ndən qəsəbədaxili yola piyada və avtomobil keçidi üçün İddiaçı və Cavabdeh2 bağ sahələrinin ortaq divarlarından başlayaraq Cavabdeh2 mülkiyyətində olan 561 saylı bağ sahəsində qəsəbədaxili yola qədər 3 metr enində toraq sahəsinə İddiaçı xeyrinə servitit təyin edilsin) baxış zamanı yol kimi iddia olunan sahə **********28 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli Çıxarış sənədinə əsasən, ünvan 3 ünvanda Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,08 ha torpaq sahəsinin ortasından keçməklə torpaq sahəsini iki hissəyə böldüyündən həmin yolun açılması cavabdehin mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə bütov sahə kimi istifadəsini mümkünsüz edir, eyni zamanda cavabdehin mülkiyyətində olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan toraq sahəsi istiqamətində müxtəlif təyinatlı tikililər (yaşayış və yardımçı) yerləşməsini nəzərə alaraq texniki cəhətdən cavabdehə məxsus toraq sahəsindən başqa qaydada keçid verilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, iddiaçının tələb etdiyi zəruri keçidin hansı qonşu toraq sahəsinə münasibətdə daha yolverilən və daha az azər vurmaqla olmasının müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertizasının predmetinə aid deyil.

57. Göründüyü kimi birinci instansiya məhkəməsinin müəyyən etdiyi qaydada cavabdehin mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə bütov sahə kimi istifadəsini mümkünsüz etməklə yanaşı, onun mülkiyyətində olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan toraq sahəsi istiqamətində müxtəlif təyinatlı tikililər (yaşayış və yardımçı) mövcud olduğundan cavabdehə məxsus toraq sahəsindən başqa qaydada keçid verilməsinin mümkün deyil.

58. Kollegiya yuxarıda qeyd olunan qanunvericilik normaları konteksindən işin faktiki hallarını, eyni zamanda ekspert rəyi ilə müəyyən edilmiş vəziyyəti nəzərə alaraq hesab edir ki, hazırkı halda iddia tələbinin təmin edilməsi mümkünsüzdür. Belə ki, tələb edilən formada iddiaçının xeyrinə servitut təyin edilməsi mülkiyyətçinin ona məxsus toraq sahəsindən istifadənin mümkünsüz etməklə bərabər iddiaçı üçün də əlavə xərclərin (yolun açılması, cavabdehə məxsus toraqda yerləşən tikinti sahlərinin kompensasiya edilməklə iddiaçının öz vəsaiti hesabına sökülməsi və.s) yaranmasına gətirib çıxaracaqdır. Belə olan halda həmin vəziyyət mülki qanunvericiliyin ümumi-fundamental prinsipləri olan səmərəlikqənaət prinsiplərinin mahiyyəti ilə də uzlaşmır.

59. Kollegiya həmçinin qeyd edir ki, işə baxan məhkəmlər nəzərə almamışdır ki, iddiaçı iddia ərizəsində və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində Cavabdeh2 mülkiyyətində olan 561 saylı bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə onun xeyrinə servitut təyin edilməsini xahiş etsə də, iş materiallarından görünür ki, Cavabdeh2 mülkiyyətində olan bağ sahəsi 561 saylı deyil, 561a saylı bağ sahəsidir. İddiaçının servitut tələb etdiyi 561 saylı bağ sahəsi cavabdehin əri Cavabdeh1 mülkiyyətindədir. Bu isə bir daha göstərir ki, hazırkı halda iddia tələbinin təmin edilməsi mümkünsüzdür.

60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual normaları düzgün tətbiq etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbi təmin edilməməlidir.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

62. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi rədd edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

64. İş materiallarına əlavə edilmiş məktublardan görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (100+50) manat təşkil etmişdir.

65. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi rədd edildiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatlərının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat İddiaçıdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3604/2018 nömrəli iş üzrə 28 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2 qarşı gediş-gəliş yolunun açılması tələbinə dair iddiası təmin edilməsin İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat İddiaçıdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar