Məhkəmə qərarları › İş №2(103)-2311/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2311/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2311/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC və Abşeron rayon cra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: hərracın nəticələri barədə protokolun, müqavilənin və hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı1, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC və Abşeron rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələri barədə protokolun, həmin protokol əsasında bağlanmış müqavilənin və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4128/2022 saylı 26 dekabr 2022-ci il tarixli qətnaməsindən ASC tərəfindən verilmiş apelyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2964/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı1 arasında bağlanmış 30 iyun 2020-ci il tarixli 2020/00158-EY saylı kredit müqaviləsi ləğv edilmiş; cavabdehlər İddiaçı1 və İddiaçı2 7500,2 manat əsas borc, 951,22 manat məbləğində faiz borcu, 100 manat dəbbə pulu olmaqla, cəmi 8551,42 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən 188 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 115.000 manat müəyyən olunmaqla açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən 188 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)4462/2022 saylı qətnaməsindən müəyyən edilir ki, cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, e-2(006)- 2964/2021 saylı qətnaməsi qismən (tələbdən kənara çıxan hissədə), yəni “cavabdeh İddiaçı2 7500,20 manat əsas borc, 951,22 manat faiz borcu, 100 manat dəbbə pulu olmaqla, cəmi 8551,42 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində ləğv olunmuşdur. Qətnamə ilə məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq kredit borcunu, həmçinin İddiaçı2 tutmaqda haqlı olmamışdır. Çünki iddiaçının kredit borcunun həmin cavabdehdən tutulması barədə tələbi olmamışdır. İddiaçı2 icraatda yalnız ipoteka qoyan kimi iştirak etməklə o, kredit borcunun qaytarılması üzrə öhdəliyə malik olmamışdır.

3. "xxxx" MMC-nin məhkəməyə xx.xx.2022-ci il tarixli 552/21 saylı məktubla təqdim etdiyi keçirilən hərraclarla bağlı sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, borclu İddiaçı2 münasibətdə icra sənədinin icrasını təmin etmək məqsədilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 188 saylı mənzilə dair Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən açıq hərrac keçirilmişdir.

4. xx.xx.2021-ci il tarixli 552/21 saylı və xx.xx.2021-ci il tarixli 552/21 saylı “hərrac bildiriş”lərinin surətindən müəyyən olunur ki, mənzilin ilkin satış qiyməti xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilmiş hərracda 115.000 manat və xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilmiş hərracda 97.750 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə Abşeron rayon İcra və probasiya şöbəsinə, eyni zamanda icra sənədi üzrə tərəflər İddiaçı2 və "xxxx" ASC-yə məlumat göndərilmişdir.

5. Poçt göndərişlərinə dair xəbərnamələrdən müəyyən edilir ki, borclu İddiaçı2 qeydiyyat ünvanına göndərilmiş bildirişlər çatdırılmışdır. Lakin onun faktiki yaşadığı ünvana göndərilmiş bildirişlər “evdə yoxdur” qeydi ilə geri qaytarılmışdır.

6. “Market” reklam və elanlar qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixli saylarından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 55, 188 saylı mənzil üzrə müvafiq tarixlərdə hərracların keçirilməsi barədə məlumatlar dərc olunmuşdur. “Market Hərrac” qəzetinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli saylarından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 55, 188 saylı mənzil üzrə hərracın keçirilməsi barədə məlumatlar dərc olunmuşdur.

7. "xxxx" MMC-nin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması haqqında” xx.xx.2021-ci il tarixli, 552/21 nömrəli protokolun və "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli müqavilənin surətindən müəyyən edilir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin sifarişinə əsasən İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 55 ünvanında yerləşən 188 saylı mənzilin 115.000 manat olan ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% enməklə açıq hərracda satılması baş tutmadığına görə 73.312,5 manata ipoteka saxlayan "xxxx" BOKT ASC-yə satılmışdır. Həmçinin həmin Qanunun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC tələb məbləği həcmində alış qiymətini ödəməkdən azad olmuşdur.

8. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 552/21 nömrəli protokolu və onun əsasında bağlanmış müqavilə məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, tərtibatında yanlışlığa yol verilmiş və hərracın keçirilməsinə əsas olaraq Nəsimi Rayon Məhkəməsi əvəzinə “Nizami Rayon Məhkəməsinin” 2(006)-2964/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi kimi göstərilmişdir.

9. Müstəqil tələb irəli sürməyən "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilmiş hərraca dair xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilmiş hərraca dair xx.xx.2021-ci il tarixli bildirişlərdən, onlara əlavə edilmiş “Azariexpress” sürətli poçt şirkətinin 393922, 393921, 395098, 395097, 430684 nömrəli qəbzlərindən müəyyən edilir ki, göndərişlər ya təqdim edilməsi üçün komendanta verilmiş, ya da soyadı dəqiq müəyyən edilməyən şəxs tərəfindən qəbul edilmişdir. Həmçinin həmin qəbzlərin bildirişlərlə birbaşa bağlılığı və ya imzalayan şəxsin borclularla əlaqəsi müəyyən edilməmişdir.

10. 115 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı2 Aşıq Alı küçəsi ev 3 mənzil 90 ünvanında qeydiyyatda olmasına baxmayaraq 2017-ci ildən həmin ünvanda yaşamır.

11. 14 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı1 S.Rüstəm küçəsi 85 saylı mənzildə qeydiyyatda olmasına baxmayaraq 2000-ci ildən həmin ünvanda yaşamır.

12. "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, iddiaçılar ailə üzvləri ilə birlikdə xx.xx.2017-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatsız yaşayırlar.

13. Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 4 tam pay hüququ ilə xx.xx.2017-ci il tarixdən İddiaçı2 mülkiyyətində olmuş və reyestrdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

14. Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 4 tam pay hüququ ilə xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin mülkiyyətinə keçmiş və reyestrdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

15. Abşeron rayon İcra və probasiya şöbəsinin icraatında olan e211500/2021-27-23-002 nömrəli icra işində toplanmış sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-2964/2021 saylı icra sənədi xx.xx.2021-ci il tarixdə icraya yönəldilmişdir. İcra sənədinin icrası borclu İddiaçı2 münasibətdə Nərimanov rayon İcra şöbəsinə, digər borclu İddiaçı1 münasibətdə isə Nəsimi rayon İcra şöbəsinə həvalə edilmişdir. Borclu İddiaçı2 münasibətdə onun mülkiyyətində olan və ipoteka predmetini təşkil edən mənzil Abşeron rayon ərazisində yerləşdiyindən Nərimanov rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən icra sənədi aidiyyəti üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş və həmin şöbədə xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmışdır. xx.xx.2021-ci il tarixli tələbin könüllü icrasına dair bildiriş xx.xx.2021-ci il tarixdə borclu İddiaçı2 imza etdirməklə təqdim edilmiş, xx.xx.2021-ci il tarixli xx/xx-18472V nömrəli məktubla borclunun mülkiyyətində olan mənzilin açıq hərracdan satılmasına "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli 552/556/21 nömrəli məktubdan müəyyən edilir ki, hərracı baş tutmamış borclu İddiaçı2 məxsus sözügedən mənzilin təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə, yəni 73.312,5 manata əldə edilməsi ipoteka saxlayan olaraq "xxxx" ASC-yə təklif edilmişdir. "xxxx" ASC-nin "xxxx" MMC-yə və Abşeron rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan müəyyən edilir ki, hərrac təşkilatının ona ünvanlanan xx.xx.2021-ci il tarixli məktubuna cavab olaraq, hərracı baş tutmamış sözügedən mənzilin 73.312,5 manata əldə edilməsinə razılıq vermişdir. xx.xx.2022-ci il tarixli 2007 saylı ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" ASC tərəfindən qətnamə ilə müəyyən edilmiş borcla auksion satış dəyəri arasında olan fərq, yəni 64.730,68 manat pul vəsaiti Abşeron rayon İcra və probasiya şöbəsinin depozit hesabına köçürülmüşdür. İddiaçı2 Abşeron rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən edilir ki, icra şöbəsinin depozit hesabına köçürülmüş və ona çatası 64.730,68 manat pul vəsaitindən icra ödənişləri çıxılmaqla qalan məbləğin onun adına olan "xxxx" ASC-dəki müvafiq hesaba köçürülməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli 28 saylı ödəniş tapşırığından müəyyən edilir ki, icra xərcləri çıxıldıqdan sonra qalan hissə, yəni 64.129,95 (altmış dörd min yüz iyirmi doqquz manat doxsan beş qəpik) manat pul vəsaiti borclu İddiaçı2 Kapital Bank” ASC-dəki hesabına köçürülmüşdür.

16. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən borclu İddiaçı1 barəsində olan icra sənədi aidiyyəti üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə icraata daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4462/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən müəyyən edilir ki, qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2022-ci il tarixdə Nəsimi rayon icra şöbəsinə icraya yönəldilmişdir. Həmin şöbənin xx.xx.2022-ci il tarixli qərarına əsasən icra sənədi aidiyyəti üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə icraata daxil olmuşdur.

17. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2964/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata tələbin təmin olunması əsası ilə xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCnin xx.xx.2021-ci il tarixli, 552/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair hərrac protokolunun, həmin protokol əsasında xx.xx.2021-ci il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilənin və hərrac nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2964/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin və Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, xx/xx-1847 2V saylı məktubuna əsasən əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 55 ünvanında yerləşən 188 saylı mənzilə dair cavabdeh tərəfindən hərrac keçirilmiş və buna dair 552/21 saylı “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” yekun hərrac protokol və həmin protokol əsasında 06 dekabr 2021ci il tarixli “İpotoka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə tərtib edilmişdir. Həmin protokol və müqavilə əsasında mənzil 73312,50 manat məbləğinə "xxxx" BOKT ASC-yə satılmışdır. Onların həmin əmlaka dair hərracın keçirilməsi ilə bağlı məlumatı yalnız Abşeron rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli 17/75-704 2V saylı məktubunu əldə etdikdən sonra olmuşdur ki, həmin məktubu xx.xx.2022-ci il tarixində əldə etmişlər. Qeyd edilir ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan hərracın keçirilməsi və hüquqi nəticələri etibarsız hesab olunmalıdır. Hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi ilə bağlı bildiriş onların ünvanına göndərilməmişdir, həmin bildirişdən məlumatlı olmadığından hərracda iştirak edə bilməmişlər. İddiaçı1 2000-ci ildən etibarən qeydiyyatda olduğu ünvanda yaşamır, qeydiyyatda olduğu ünvan 20 ildən çoxdur ki, satılmış və həmin mənzil plana düşdüyü üçün sökülmüşdür. Bundan əlavə ona hərracın keçirilməsi ilə bağlı heç bir məktub göndərilməmişdir. Həmçinin digər İddiaçı2 eyni qaydada 2017-ci ilin avqust ayından etibarən qeydiyyatda olduğu ünvan 7 ünvanında yaşamır. Bundan əlavə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi ilə bağlı özünün rəsmi internet saytında elan verməmişdir. Belə ki, hazırda hərracı keçirilmiş təşkilatının özünün internet səhifəsi belə mövcud olmamışdır.

20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 dekabr 2022-ci il tarixli 2(004)-4128/2022 saylı qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia təmin edilmiş, İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 55 ünvanında yerləşən 188 saylı mənzilin ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə olunmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 552/21 nömrəli protokol və həmin protokol əsasında "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

21. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən hərrac borclu İddiaçı2 münasibətdə Nəsimi Rayon Məhkəməsinin artıq qüvvədə olmayan icra sənədi üzrə keçirilmişdir. Hansı ki, borclu İddiaçı1 münasibətdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən yeni icra vərəqəsi verilmişdir, həmin icra vərəqəsi isə icrasız vəziyyətdə saxlanılaraq icra işi üzrə icraata xitam verilmişdir. İş materialları ilə sübut olunur ki, Abşeron rayon İcra və probasiya şöbəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-2964/2021 saylı icra sənədi üzrə borclu İddiaçı2 münasibətdə xx.xx.2021-ci il tarixdə icraata başladıqdan sonra tələbin könüllü icrasına dair bildirişi borcluya xx.xx.2021-ci il tarixdə təqdim etdikdən sonra Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci və 44.1-ci maddələrinin tələblərini pozaraq könüllü icrası ilə bağlı 10 günlük müddəti gözləmədən məcburi icra hərəkətlərinə başlayaraq xx.xx.2021-ci il tarixli məktubla borclunun mülkiyyətində olan mənzilin açıq hərracdan satılması üçün "xxxx" MMC-yə sifariş vermişdir.

22. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hərracın təşkilatçısı olan cavabdeh "xxxx" MMC, eləcə də sifarişçi Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən borclu İddiaçı2 hərracla bağlı məlumatlandırmaq məqsədilə mümkün olan zəruri tədbirlər həyata keçirilməmiş, bildirişlərin ona faktiki olaraq çatdırılması təmin edilməmişdir. İşin faktiki hallarından isə görünür ki, borclu tələbi könüllü olaraq tam icra etmək iqtidarında olmasına baxmayaraq ona bunun üçün lazımı şərait yaradılmamışdır. Eyni zamanda, iş materiallarında olan sübutlarla təsdiq olunur ki, cavabdeh "xxxx" MMC tərəfindən mənzilin satılması məqsədilə keçirilən hərrac borclu İddiaçı2 münasibətdə artıq qüvvədə olmayan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında icra edilmişdir. Odur ki, göstərilən əsaslara görə qüvvədə olmayan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin icra olunması nəticəsində keçirilmiş hərrac və onun nəticələri (hərracın protokolu, ipoteka predmetinin əldə edilməsi barədə müqavilə və çıxarış) etibarsız hesab edilməlidir.

23. Məhkəmə iddianın digər dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçılar “B+Ş Audit” Konsaltinq MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini təqdim edərək əmlakın dəyərindən ucuz satıldığını bildirmişdir. Əmlakın dəyərinin müəyyən edilməsi ilə bağlı hissədə məhkəmə qətnaməsi mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Bu halda qeyd olunan mübahisə hərracın nəticələrinin ləğv edilməsi əsası ola bilməz.

24. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi etiraza dəlil olaraq bildirmişdir ki, iddiaçılar əmlakın açıq hərracdan satışından əldə edilmiş məbləğin borc ödənildikdən sonra qalan hissəsinin verilməsi ilə bağlı İcra şöbəsinə müraciət etmiş və həmin məbləğ onun hesabına köçürülmüşdür. Borcluların əmlakın açıq hərracda satışından əldə olunan dəyərindən borc ödənildikdən sonra qalıq məbləği alması onun hərracın nəticələri ilə razı olması kimi qiymətləndirilə bilməz.

25. Məhkəmə gəldiyi nəticəni “İcra haqqında” Qanunun 8.2, 44.1, “İpoteka haqqında” Qanunun 41.2, 42.1, 44, Mülki Məcəllənin 415.2, 416.1, 416.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

26. Qətnamədən "xxxx" ASC apelyasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Apelyasiya şikayətində göstərilmişdir ki, qanunla hərrac təşkilatının hərracın keçirilməsi barədə bildirişi yalnız göndərmək və kütləvi informasiya vasitələrində elan vermək vəzifəsi vardır. Təqdim edilən sübutlardan da göründüyü kimi, cavabdeh qurum hər iki öhdəliyini qanunla müəyyən edilmiş qaydada həyata keçirmişdir. Bu səbəbdən də, hərracın yekunlarına dair protokolu etibarsız hesab etmək olmaz. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2964/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixində qanuni qüvvəsini almışdır. Bu səbəbdən də həmin qətnamənin icrası qanuni olmuşdur. İddiaçı borcun tutulmasına dair mülki iş üzrə məhkəmə qətnaməsinin olmasından xəbərdar idi. Bakı Apellyasiya Məhkəməsinin MülkiKollegiyasının 2(103)-4462/2022 xx.xx.2022-ci il qətnaməsində də qeyd olunmuşdur ki, iddiaçı birinci instansiya məhkəməsində bir neçə məhkəmə iclasında iştirak edib. İddiaçı xx.xx.2021-ci il tarixində tələbin könüllü icrasına dair bildirişlə tanış olaraq imzalamışdır. Həm hərrac təşkilatı, həm də "xxxx" BOKT ASC tərəfindən hərracın yeri və vaxtı barədə bildirişlər iddiaçıya göndərilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş, ona tələbin könüllü icrası üçün vaxt verilmiş, o, hərrac iclaslarının vaxtı və yeri barədə məlumatlı olmuş, o cümlədən, qətnamənin icrasını qəbul edərək ipoteka predmetinin hərrac nəticəsində satışından borc məbləğinin tutulmasından sonra qalan məbləği tələb etmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs ASC-nin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

30. İddiaçı1 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

31. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

33. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

34. Maddə 416. Hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun

35. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

36. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir.

37. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

44. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

46. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

47. İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmişdir. Hərracın keçirilməsi barədə iki dəfə vaxt müəyyən edilərək tərəflərə məlumat verilmiş, iki dəfə hərracın keçirilməsi baş tutmadığından ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi barədə oferta verilmişdir. Nəticədə əmlak xx.xx.2021-ci il tarixdə ipoteka saxlayan – "xxxx" ASC-yə satılmışdır və hazırda əmlak ASC-nin adına qeydiyyatdadır. Lakin Nəsimi Rayon Məhkəməsinin 2(006)-2964/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən şikayət verilmiş və Apellyasiya Məhkəməsinin 2(103)4462/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən cavabdeh İddiaçı2 borcun tutulması hissəsində ləğv olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verildiyi üçün həmin qətnamə qanuni qüvvəsini almamışdır. Bundan sonra Bakı Apelyasiya Məhkəməsi tərəfindən borclu İddiaçı1 münasibətdə yeni icra vərəqəsi verilmişdir.

48. Mübahisələndirilən hərrac isə borclu İddiaçı2 münasibətdə Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə keçirilmişdir. Sonuncudan borcun tutulması hissəsində qətnamə ləğv edilmişdir.

49. Belə olan halda məhkəmə haqlı olaraq göstərmişdir ki, qüvvədə olmayan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin icra olunması nəticəsində keçirilmiş hərrac və onun nəticələri (hərracın protokolu, ipoteka predmetinin əldə edilməsi barədə müqavilə və çıxarış) etibarsız hesab edilməlidir.

50. Eyni zamanda hərracın təşkilatçısı olan cavabdeh "xxxx" MMC, eləcə də sifarişçi Abşeron rayon İcra şöbəsi tərəfindən borclu İddiaçı2 hərracla bağlı məlumatlandırmaq məqsədilə mümkün olan zəruri tədbirlər həyata keçirilməmiş, bildirişlərin ona faktiki olaraq çatdırılması təmin edilməmişdir. İşin faktiki hallarından isə görünür ki, borclu tələbi könüllü olaraq tam icra etmək iqtidarında olmasına baxmayaraq ona bunun üçün lazımı şərait yaradılmamışdır.

51. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

52. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4128/2022 saylı iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar