Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2313/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" ASC-yə qarşı “bank əmanəti və bank hesabatı müqavilələri üzrə pul tələbi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2721/2023 saylı qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı “bank əmanəti və bank hesabatı müqavilələri üzrə pul tələbi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2721/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2721/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 2721/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Daha sonra İddiaçı həmin qətnamədən yenidən apellyasiya şikayəti verməklə yanaşı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə şikayətin verilmə müddətinin bərpasına dair ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-2721/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnaməsindən xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti MPM-nin 2 saylı Əlavəsinin tələblərinə uyğun olmadığına görə geri qaytarılmışdır. Apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini nəzərə alaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2721/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə üzürlü səbəbləri nəzərə almaqla müddəti bərpa edərək verilmiş apellyasiya şikayətinə baxılması üçün, aidiyyat üzrə Baki Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2721/2023 nömrəli, 25 yanvar 2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2721/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının səbəbləri üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2721/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh "xxxx" ASC tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi, iddiaçının nümayəndəsi və vəkilinin iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2721/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ilkin olaraq bir neçə apelyasiya şikayəti verilmiş və heç biri qanunvericiliyin tələblərinə uyğun olaraq “Əlavə 2”də göstərilən formaya uyğun tərtib olunmamışdır. Məhkəmə tərəfindən şikayət geri qaytarıldıqdan sonra yeni düzəlişlərlə şikayətin verilməsi zamanı artıq müddət ötürüldüyündən ərizə təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2721/2023 saylı qətnaməsi hakimin elektron imzası ilə təsdiq edilməklə xx.xx.2023-cü il tarixdə həm cavabdeh "xxxx" ASC-nin və eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmənin qətnaməsindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində verdiyi apellyasiya şikayətlərini qanunla müəyyən edilmiş müddətdə versə də, şikayətlərin heç biri “MPM-ə əlavə 2”-də göstərilən formada və məzmunda tərtib edilməmişdir. İddiaçının nümayəndəsi-vəkili Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2721/2023 saylı qətnaməsindən apellyasiya şikayətini MPM-ə 2 saylı Əlavəyə uyğun qaydada tərtib etməklə xx.xx.2024-cü il tarixdə yenidən məhkəməyə təqdim etmişdir. Lakin bu dəfə də iddiaçının nümayəndəsi və vəkilini şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürməklə vermişdir. Qeyd edirlər ki, apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş qaydada verilməməsi buraxılmış müddətin üzrlü hesab edilməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Belə ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosesual müddət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə tam şəkildə cavab verən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuşdur və bu qayda imperativ normadan irəli gəlir. İddiaçı hazırki məhkəmədə peşəkar hüquqi xidmətlə təmin olunan, daha dəqiq deyilsə, kifayət qədər hüquqi biliyə malik vəkillə təmsil olunmuşdur. Həmçinin qanunvericilikdə işdə iştirak edən şəxslərə qətnamədən apellyasiya şikayəti verilməsi kifayət qədər müddət müəyyən edilmişdir. İddiaçının da bu müddət ərzində qanunvericiliyə uyğun tərtib edilmiş apelyasiya şikayəti vermək imkanı olmuşdur. Lakin iddiaçının nümayəndəsi və vəkili Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2721/2023 saylı qətnaməsindən apellyasiya şikayətini vaxtında versə də, MPM-ə 2 saylı Əlavəyə uyğun qaydada tərtib etməmiş, onun tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmə tərəfindən qeyri-mümkün hesab edilmişdir. Bu səbəbdən iddiaçının nümayəndəsi və vəkili məhkəmənin qeyd edilən qətnaməsindən təkrar apellyasiya şikayətini verərkən müddəti üzrlü səbəb olmadan ötürmüşdür. Qeyd olunan mövqe hazırda apelyasiya məhkəməsi tərəfindən də formalaşmışdır və Bankın iştirakçı olduğu digər bir məhkəmə işində də Bank tərəfindən oxşar pozuntuya yol verilmiş, bundan sonra işə baxan birinci instansiya məhkəməsi və o cümlədən müvafiq apelyasiya instansiyası məhkəməsi tərəfindən müddətin bərpasına dair ərizə yuxarıda qeyd edilən səbəblərdən təmin edilməmişdir (sözügedən məhkəmə aktları şikayətə əlavə edilir). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(006)- 2721/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2721/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" ASC-nin eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. İddiaçının nümayəndəsi və vəkili həmin qətnamədən xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində apellyasiya şikayəti vermişdir. Lakin verilmiş apellyasiya şikayəti MPM-nin 10-1.2-ci maddəsində və “MPM-ə əlavə 2”-də müəyyən edilən formaya uyğun tərtib edilmədiyindən ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2721/2023 saylı qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü iltarixli, 2(006)-2721/2023 saylı qətnaməsindən apellyasiya şikayətini MPM-ə 2 saylı Əlavəyə uyğun qaydada tərtib etməklə xx.xx.2024-cü il tarixdə yenidən məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi iddiaçının nümayəndəsi və vəkili tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2721/2023 saylı qətnaməsindən ilk dəfə apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilmiş, lakin apellyasiya şikayəti MPM-nin 10-1.2-ci maddəsində və “MPM-ə əlavə 2”-də müəyyən edilən formaya uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. Apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş forma və məzmunda tərtib edilməməsi əsası ilə geri qaytarılması isə iddiaçının təqsiri olmadan, obyektiv səbəblərdən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi ilə nəticələnir. Bu isə şəxsin şikayətinin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan bir qayda olaraq məhrum olmasına səbəb olur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Hazırda isə apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadı qəbul edildikdən 1 gün sonra, yəni 17 yanvar 2024-cü il tarixdə apellyasiya şikayətinin geri qaytarılmasına səbəb olan - qeyd olunan nöqsanlar aradan qaldırılmaqla və yenidən ağlabatan müddətdə məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 fevral 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, … Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasinın 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir. Həmin qərarla həmçinin ərizəçi "xxxx" Şirkətinə - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 3 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmiş nöqsanları aradan qaldırmaqla, habelə kassasiya şikayətinin verilmə müddətinin ötürülməsi halında bu müddətin bərpası barədə müvafiq ərizə əlavə olunmaqla yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etməkdə haqlı olması izah edilmişdir. Azərbaycan Respublikası MPM-nə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Bu baxımdan, məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfin apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edildikdən 1 gün sonra, həmin nöqsanlar aradan qaldırılmaqla yenidən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə təqdim edilmişdir ki, məhkəmə kollegiyası həmin müddəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 fevral 2024-cü il tarixli qərarına istinad etməklə ağlabatan müddət kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iddiaçı tərəfin ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmiş, birinci instansiya məhkəməsinin müddətin bərpası ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Kollegiya bu qənaətə gələrkən nəzərə alır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Məhkəmə kollegiyası, apellyatorun şikayətdə oxşar qərarların mövcudluğuna istinad etməsi ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili Azərbaycan Respublikasının Konstitusiya Məhkəmsinin 27 fevral 2024-cü il tarixli Plenum qərarının qəbulu ilə istinad olunan oxşar qərarların mövcudluğu ilə öz aktuallığını itirmişdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassız olmaqla formal mülahizələrdən ibarətdir və qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2721/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2313/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2313/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver