Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2318/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdehlər X3 və Cavabdeh2 iştirakları ilə İddiaçı Yusifova (Gözəlova) Təranə Yusif qızına və Cavabdeh2 qarşı “torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gözəlov X5 (Gözəlova) Təranə Yusif qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 0,3172 ha sahədən ibarət olan 59 saylı torpaq sahəsinin xüsusi mülkiyyətində olduğunu, həmin torpaq sahəsinin üzərindəki yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmadığını, Təranə Gözəlova ilə 18 sentyabr 1981-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurduğunu, ailə qurduqdan sonra cavabdehin onunla birlikdə həmin torpaq sahəsi üzərindəki evdə yaşadığını, nikahlarından doğulan digər cavabdehin də bu evdə onlarla birlikdə yaşadığını, lakin ailə qurduqdan sonra köçüb getdiyini və boşandıqdan sonra yenə də evə qayıdıb orada yaşamağa başladığını, Təranə Gözəlova ilə nikahına 2017-ci ildə xitam verildiyini, aralarında soyuq münasibətlər yarandığını, cavabdehlərin həmin vaxtdan onunla münaqişə yaratdıqlarını, hər gün həyətdə dava-dalaş saldıqlarını, onu narahat etdiklərini, hətta onu bir-neçə dəfə döydüklərini, bu əməllərinə görə inzibati qaydada cərimə olunduqlarını, cavabdehlərin ona məxsus torpaq sahəsi üzərində tikilmiş tikilidə yaşamalarının həmin torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun pozulmasına, öz mülkiyyəti üzərində istədiyi kimi sərəncam vermək, istifadə etmək hüququndan məhrum edilməsinə səbəb olduğunu irəli sürmüş, buna görə də cavabdehlərin torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş evdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, torpaq sahəsinin onun mülkiyyətində olduğunu nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehlər isə şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmayaraq iddiaçının subyektiv hüququnun olmadığı qənaəti ilə iddianın rədd edilməli olduğu nəticəsinə gəlmiş, beləliklə də gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Kollegiya bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, Bakı şəhəriSuraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 59 saylı torpaqsahəsi 1972-ci il tarixdə tərtib edilmiş ilkin texniki pasporta əsasən xx.xx.2019-cu il tarixdə X1 adına ilkin qeydiyyatdan keçmiş, 35 saylı DNK-nın xx.xx.2019-cu il tarixli 2V- 171 reyestr nömrəli qanun üzrə “Vərəsəlik hüququ haqqında şəhadətnamə”sinə və 3M-240 reyestr nömrəli “Vərəsəlik payının bağışlanması haqqında” müqaviləyə əsasən xx.xx.2019cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, iddiaçı, mərhumə X1 oğlu, cavabdeh Yusifova (Gözəlova) Təranə Yusif qızı iddiaçının keçmiş həyat yoldaşı, İranəGözəlova isə onun qızıdır; Cavabdeh1 xx.xx.1981-ci il tarixdə iddiaçı ilə nikaha daxil olaraq sözügedən torpaq sahəsində yerləşən evə gəlin kimi köçmüş, nikahlarından Cavabdeh2 dünyaya gəlmiş, onlar birlikdə həmin evdə yaşamış, Cavabdeh2 ailə qurduqdan sonra evdən getsə də, sonradan boşanaraq atası evinə qayıtmış, iddiaçı ilə Cavabdeh1 (Gözəlovanın) nikahlarına isə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Həmin evin daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyatdan keçmədiyi və cavabdehlərin hazırkı dövrədək orada yaşadıqları da işin mübahisələndirilməyən halıdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, Cavabdeh1 torpaq sahəsinə və orada yerləşən evə həmin dövrdə bu əmlakların sahibi olan qayınanasının razılığı əsasında köçmüş, Cavabdeh2 isə dünyaya gəldiyi gündən orada yaşamışdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır)53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. İstinad olunan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir; hazırkı iş üzrə cavabdehlərə münasibətdə isə həmin halların mövcudluğu müəyyən olunmamışdır. Buna görə də kollegiya hesab edir ki, iddia tələbinin təmin olunması üçün hüquqi əsaslar mövcud deyildir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4801/2019 saylı iş üzrə 21 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Yusifova (Gözəlova) Təranə Yusif qızına və Cavabdeh2 qarşı “torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2318/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2318/2020
27.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver