Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2321/2020 14.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X16 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxxxxx katibliyi ilə, İddiaçı «xxxxxxxx» MTK-nın nümayəndəsi və vəkili Vəkil, cavabdeh X12, X6 və X3 nümayəndəsi və vəkili X7 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4439/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən tərəfindən verilmiş apellyasiya şikayətinə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxxxxxx» MTK cavabdeh X4, X2, X8, X17, X18, X13 qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv.m olan, 1 saylı mənzilin sökülməsi əvəzinə cavabdeh X4 mənzilin hər kv. metri üçün 1100 (min yüz) manat olmaqla, cəmi 55.770 (əlli beş min yeddi yüz yetmiş) manat kompensasiya ödənilməklə cavabdehlərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaları, mənzilin iddiaçıya təhvil verilərək iddiaçının xeyrinə özgəninkiləşdirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və bildirişin verildiyi xx.xx.2019-cu il tarixindən qətnamə qanuni qüvvəsini alaraq cavabdehlərin mənzildən çıxarıldıqları günədək yubanma nəticəsində iddiaçı tərəfindən köçürülmüş 13 mənzilə görə ödənilən aylıq 3500 manatın hesablanaraq tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4439/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X3 mülkiyyətində olan istismara yararsız ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv.m olan, 1 saylı mənzilinin sökülməsinin əvəzinə “xxxxxxxx” Mənzil Tikinti Kooperativi tərəfindən X4 mənzilin hər kv.metrnə 1100(min yüz) manat olmaqla, cəmi 55770 (əlli beş min yeddi yüz yetmiş) manat kompensasiya ödənilməsi, X4 “xxxxxxxx” Mənzil Tikinti Kooperativi tərəfindən kompensasiyanın ödənilməsi və onun ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv.m olan, 1 saylı mənzilindən çıxarılmasının eyni vaxtda icra edilməsi, X3, X1, X6, X12 və onların azyaşlı uşaqları X14, X10 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv.m olan, 1 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin “xxxxxxxx” Mənzil Tikinti Kooperativinə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh X3 nümayəndəsi və vəkili X19 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, işə baxan 1-ci instansiya məhkəməsi isə açıq-aşkar yerli icra hakimiyyətinin təsiri altında işə baxmış və qanunsuz çıxardığı qətnaməni də bu qorxu altında əsaslandırmağa çalışmışdır. Məhkəmə maraqlı şəxs kimi işdə iştirak edən Surxanı rayonu İcra Hakimiyyətinin nümayəndəsinin birbaşa vətəndaşın hüquqlarını kobud şəkildə pozan əsaslandırmasını öz qətnaməsini hazırlayarkən birbaşa köçürmüşdür. Mülkiyyətçi və iş üzrə cavabdeh olan X9 özünə məxsus və xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilində həyat yoldaşı ilə birlikdə yaşamaqdadır. Sözügedən mənzilin qəzalı vəziyyətdə olması ilə bağlı qanunvericilik ilə müəyyən edilmiş heç bir rəy və məhkəmə qərarı mövcud deyildir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə öz qətnaməsində bir sıra qanunvericilik normasına istinad etmişdir. Məhkəmə Konstitusiyasının yuxarıda qeyd olunan maddəsinə öz qətnaməsində istinad etməsinə baxmayaraq, elə həmin normanı kobud surətdə pozmaqla, mülkiyyət hüququna xitam vermədən birbaşa “mənzilin sökülməsi” qarşılığında iddiaçı tərəfindən cavabdehə kompensasiya verilməsini və mənzildən ailə üzvləri ilə birlikdə çıxarmaqla mənzilin iddiaçıya təhvil verilməsini qət etmişdir. Göründüyü kimi məhkəmə qətnaməsində doğru olaraq mülkiyyətçinin mülkiyyətinə xitam verməmişdir. Məhkəmə yuxarıda göstərilən konstitusion normaya istinad etməklə, mülkiyyətçinin mülkiyyətinə xitam verilməsini yeganə əsasını qeyd etmişdir. Bu əsas ondan ibarətdir ki, konstitusiyon normaya əsasən mülkiyyətə xitam yalnız dövlət ehtiyyacları məqsədi ilə verilə bilər. Dövlət ehtiyacları isə müvafiq olaraq “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununu ilə (xüsusi qeyd: bu qanunun 1-ci maddəsi olan əsas anlayışlar hissəsində sözügedən qanunun torpaqla yanaşı tikililərədə şamil edilir) tənzimlənmişdir. Onlar isə qətnamədə həmin torpağın və ya mənzilin dövlət ehtiyacları üçün alınmasına rast gəlmir. Bununla da, məhkəmə qətnaməsi ilə də iddiaçının mülkiyyətinə xitam verilməsi üçün hüquqi əsasın olmaması öz təsdiqini tapmışdır. İddiaçı öz iddiasında, maraqlı şəxsin nümayəndəsi öz çıxışında və məhkəmə də onlara istinad edib öz qətnaməsində mənzilin sökülməsi üçün əsas səbəb kimi binanın istismar müddətinin bitməsi və qəzalı vəziyyətdə olmasını göstərmişdir. Halbuki, binanın istismar müddətinin bitməsinin hansı norma ilə tənzimləndiyini və sözügedən həmin binanın istismar müddətinin nə qədər olmasına dair heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və məhkəmə qətnaməsində isə, istismar müddətinin bitməsinə dair heç bir normaya istinad edilməmişdir. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi və vəkili X19 bildirdi ki, apellyasiya şikayətində işin halları ilə bağlı, qətnamənin niyə qanunsuz və əsassız hesab etmələrini əsaslandırmışlar. Burada istinad olunan ancaq akt tərtib olunmasıdır. Onlara neçə kv. metr mənzilin təklif olunması maraqlı deyil. Çünki, mülkiyyətçi razılaşmadığı üçün imtina etmişlər. MTK-ya güvənmirlər. Mənzillərlə tanış olarkən keyfiyyətsiz olduğunu görüblər. Məhkəmə iclasında cavabdeh X15 bildirdi ki, ev onun babasına verilmişdir. Buna görə də, o evi vermək istəmirlər. MTK-nın təklifi ilə razı deyillər. MTK onların ünvanına göndərilən bildirişlərin çatmasına maneçilik törətmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxıb. Onlar MTK-ya inanmırlar. 150-160 min manat kompensasiya təklif olunsa razılaşarlar. Məhkəmə iclasında cavabdeh X20 şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, bildirilən konpensasiya məbləği ağlabatan deyil. Çünki, Qaraçuxur qəsəbəsində 50 kv.m ev üçün bu məbləğ həddindən artıqdır. Qarşı tərəfə 128 kv.m mənzil təklif edirlər, lakin razılaşmırlar. Bu binalar onsuz da qəzalı vəziyyətdədir. Bunun özü elə vətəndaşlar üçün problemdir. Burada məqsədləri sırf kompensasiya xarakterli deyil. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslər Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi və Suraxanı rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakını təmin etməmişlər. Apellyasiya instansiyası məhkəməsi işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdən görünür ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Gənclik küçəsi, 32 saylı evin 50.7 kv.m. sahəsi olan 1 saylı mənzili X3 mülkiyyətindədir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 63 saylı sərəncamı ilə ünvan 2, Yaşar Əliyev küçəsi 1,3,5,7, Qəzənfər Vəliyev küçəsi, 5,7,9,13 ünvanlarında yerləşən istismara yararsız 2 və 3 mərtəbəli yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi "xxxxxxxx” MTK-nın daimi istifadəsinə ayrılmışdır. Qəbul edilmiş qərar və sərəncamlarda sakinlərin mülkiyyət hüquqlarına dair mənafeləri üstün tutulmaqla yaşadıqları istismara yararsız binaların sökülərək yerində inşa ediləcək müasir tələblərə cavab verən yeni yaşayış binalarında onlara tam təmirli və sahəsinə uyğun olaraq əvvəlkindən daha geniş yeni mənzillərin verilməsi və mənzillərin təhvil veriləcəyi müddətədək müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri nəzərdə tutulmuşdur. “xxxxxxxx” Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh X9 ilə və digər sakinlərlə mülkiyyətçisi olduqları istismara yararsız mənzillərin sökülməsi qarşılığında müasir tələblərə cavab verən yeni yaşayış binasından onlara müvafiq aktla tam təmirli, yeni, mülkiyyətçilərin əvvəlki mənzillərinin sahələrindən artıq ölçülərdə mənzil veriləcəyi, eləcə də bu müddət ərzində müvəqqəti yaşayış sahəsi ilə təmin olunmaları məqsədi ilə hər təqvim ayı üçün onlara kirayə haqqı və köçürülmə xərcləri üçün maddi vəsait ödəniləcəyi barədə danışıqlar aparılmış və könüllü surətdə evlərinin sökülməsinə razılıq vermələri təklif edilmişdir. Lakin cavabdehə edilmiş təklif onun tərəfindən birmənalı şəkildə rədd edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının və Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamlarının icrasına əngəllər yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarından da göründüyü kimi həmin ərazidə tikinti işlərinin aparılmasının əsas məqsədi mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı qəzalı vəziyyətdə olan binaların sökülməsi, onların yerində yeni yaşayış binalarının tikilməsi, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Lakin cavabdeh israrlı şəkildə mülkiyyətində olan qəzalı binadan köçmək istəmir və həmin binada yaşayan digər sakinlər binadan köçmüşdür. Həmin binada hal-hazırda yalnız cavabdeh və onun ailə üzvləri yaşayır. ünvan 2 ünvanında yerləşən bina istismara yararsız və qəzalı vəziyyətdə olduğundan və həmin binadan digər sakinlər köçürüldüyündən iddiaçının tələbi mülkiyyətə müdaxilə kimi qiymətləndirilməməlidir. Belə ki, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin də əsas məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosialiqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından ibarətdir. Binanın istismara yararsız və qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərin həyat və sağlamlığı üçün təhlükə yaradır, buna görə də binanın sakinlər tərəfindən o cümlədən cavabdeh və onun ailə üzvləri tərəfindən boşaldılması zərurəti yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər iddianın təmin edilən hissəsində qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdeh Failə Zeynalovanın apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməsi hissəsində iddia olunan yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunsa da, şikayətin məzmunundan görünür ki, qətnamə yalnız Failə Zeynalovanın mübahisələndirdiyi hissədə yoxlanılmalı, iddianın təmin edilməyən hissəsinə, eləcə də digər şəxslərə münasibətdə qətnaməyə toxunulmamalıdır. Çünki, Failə Zeynalova iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Hazırkı iş üzrə, iddia tələbinin təmin edilən hissəsi üzrə faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarında mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülməsi və yenidən qurulması və sair tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin mübahisə predmeti olan binanın qəzalı vəziyyətdə olmasına dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Əksinə elə iddiaçı tərəfindən təqdim edilmiş müxtəlif qurumların əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2016-cı il tarixli Aktda qeyd olunan yaşayış binasının qəzalı vəziyyətdə olması təsdiq olunmamışdır. Binanın sonradan həmin ərazidə tikinti aparan şirkət tərəfindən bilərəkdən yaşayış üçün yararsız və qəzalı vəziyyətə gətirilməsi isə iddianın əsaslı olmasına qətiyyən dəlalət edə bilməz. Çünki, həmin binanın sonradan bu vəziyyətə gətirilməsi açıq-aşkar cavabdehlərə təsir etmək məqsədi daşıya bilər. Birinci instansiya məhkəməsi cavabdehin mülkiyyətində olan mənzilin istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin mənzilin orada yaşayan sakinlərin həyat və sağlamlığı üçün təhlükə yaratdığına görə tələbin əsaslı olduğu qənaətinə gəlsə də əslində binanın hansı səbəbdən bu vəziyyətə gəlməsini araşdırmadan əsassız və qanunsuz nəticəyə gəlmişdir. İkincisi, Nazirlər Kabinetinin adı çəkilən qərarında bu cür iddia irəli sürülərkən Suraxanı Rayon İcra Hakimiyyətinə həmdə mülki və mənzil qanunvericiliyinin tələblərinə əməl etmək tapşırılmışdır. Belə ki, cavabdehin həmin binada yerləşən xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmış mənzili vardır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Göründüyü kimi, iddiaçı hazırkı iddianı irəli sürərkən Nazirlər Kabinetinin adı çəkilən Qərarının və qeyd olunan qanunvericiliyin tələblərinə riayət etməmişdir. Çünki, bu cür iddianın irəli sürülməsi dövlət ehtiyacı ilə bağlı olmamışdır. Dövlət ehtiyacının mövcudluğunun istisna olunması işin mübahisəsiz halıdır. Üçüncüsü, Nazirlər Kabinetinin qeyd olunan qərarının 1.3-cü bəndində qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Lakin hazırki iş üzrə iddiaçı cavabdeh Failə Zeynalovanın mülkiyyətində olan 50.7 kv.m olan, 1 saylı mənzilin sökülməsi əvəzinə mənzilin hər kv. metri üçün 1100 (min yüz) manat olmaqla cəmi 55.770 (əlli beş min yeddi yüz yetmiş) manat kompensasiya ödənilməklə cavabdehlərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalarını və digər təmin olunmayan tələblər irəli sürmüşdür. Göründüyü kimi, Nazirlər Kabinetinin adı çəkilən qərarında yerli icra hakimiyyəti orqanına yaxud tikinti şirkətlərinə bu cür tələb irəli sürmək səlahiyyəti verilməmişdir. Bu cür tələb açıq-aşkar mülkiyyətə qəsd xarakteri daşıyır. Çünki, iddiaçı mənzil mülkiyyətçisinə qarşı bu cür tələb irəli sürə bilməz. Bu cür məsələlər tikinti şirkəti ilə mülkiyyətçinin qarşılıqlı razılığı əsasında həll edilməlidir. Dördüncüsü, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 63 saylı sərəncamı ilə mübahisəli ünvanda yerləşən istismara yararsız yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsinin iddiaçının daimi istifadəsinə ayrılması da, iddiaçıya cavabdehlərə qarşı məhz hazırki məzmunlu tələblə məhkəməyə müraciət etməyə əsas vermirdi. Belə ki, iddiaçı cavabdehin mülkiyyətində olan mənzilin hər kv. metrinə 1100 manat verməklə həmin mənzili ondan almaq istəyir, birinci instansiya məhkəməsi də onun bu istəyini təmin edir. Başqasının mülkiyyətinə bu cür yanaşma və münasibət göstərmə də hüquqa uyğun davranış hesab edilə bilməz. Qeyd olunduğu kimi bu cür məsələlərin həlli qarşılıqlı razılaşma və qanuna uyğun həyata keçirilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən bu halları nəzərə almamış və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilməli və iddia təmin edilən hissədə də rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh X3 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4439/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilsin. İddiaçı «xxxxxxxx» Mənzil Tikinti Kooperativinin cavabdeh X4, X2, X8, X17, X18, X13 qarşı iddiasının qalan hissəsi də təmin edilməsin. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2321/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2321/2020
14.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver