Məhkəmə qərarları › İş №2(103)-2326/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2326/2023

07.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2326/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyun 2022-ci il tarixli qətnamədən cavabdehin və iş üzrə tərəf olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun və cavabdehlə birgə nikahlarından doğulmuş 2 azyaşlı övladının Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsində yerləşən 26 “B” saylı özbaşına tikili olan evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh və onun atası – iş üzrə tərəf olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Həmin apellyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə apellyasiya şikayətlərinin təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməməsini qət etmişdir. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla (İş № 2(102)-784/2023) kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və mülki işin apelyasiya qaydasında yenidən baxılması üçün işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bu səbəbdən işə apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında göstərilənləri və iş materialların nəzərə alan Məhkəmə hesab edir ki, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “iş üzrə apellyasiyanın mümkünlüyü barədə” qərardadlar ləğv edilməli və Maraqlı şəxs apellyasiya şikayətinin icraata qəbul edilməsi məsələsinin müzakirə edilməsi üçün iş apellyasiya baxışından çıxarılaraq Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi və yuxarıda qeyd edilən qərarında, həmçinin iş materiallarından görünür ki, Maraqlı şəxs iş üzrə tərəf olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmişdir. O, qətnamədən apellyasiya şikayətinin verilməsini onunla əsaslandırır ki, həmin qətnamə onun maraqlarına toxunur. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 357-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1.). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2.). MPM-nin 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 364.1.). Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər (maddə 364.2.). Yuxarıda sadalanan prosessual hüquq normalarından göründüyü kimi əgər birinci instansiya məhkəməsinin qətnaməsindən tərəfin özü deyil, qətnamənin hüquq və vəzifələrinə toxunduğunu hesab edən digər şəxs apellyasiya şikayəti verirsə, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq ilk növbədə qəbul edilmiş qətnamənin həmin şəxsin hüquq və vəzifələrinə toxunubtoxunmadığı müəyyən edilməli və bu barədə qərardad qəbul edilməlidir. Bu məsələlər həll edilmədən hazırkı apellyasiya şikayətinin baxılması üçün göndərilməsi şikayəti vermiş Maraqlı şəxs işdəki prosessual vəziyyətinin aydınlaşdırılmaması nəticəsini yaradır. Belə olan halda isə onun ümumiyyətlə, şikayət vermək hüququna malik şəxs olub-olmadığı məsələsi həll edilməmiş qalır. Bu mənada, hazırkı işin halları baxımından iş üzrə tərəf olmayan Maraqlı şəxsun verdiyi apellyasiya şikayəti yalnız o halda prosessual qanunvericiliyin tələblərinə uyğun verilmiş hesab oluna və baxılmaq üçün qəbul edilə bilər ki, o, qəbul edilmiş qətnamənin onun hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınsın. Lakin işə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilən və zəruri olan prosessual hərəkətləri etmədən Maraqlı şəxsun verdiyi apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Odur ki, göstərilənləri və hər iki apellyasiya şikayətinin eyni qətnamədən verildiyini nəzərə alan Məhkəmə hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışı qeyri-mümkündür. MPM-nin 366-cı maddəsinin mənasına görə isə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar və apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, apellyasiya şikayəti qaytarılır. Beləliklə də göstərilənlərə əsaslanan, MPM-nin 363, 364, 366 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “iş üzrə apellyasiyanın mümkünlüyü barədə” 06 sentyabr 2022-ci il tarixli və 04 oktyabr 2022-ci il tarixli qərardadlar ləğv edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 06 iyun 2022-ci il tarixli qətnamədən iş üzrə tərəf olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinin tələblərinə uyğun olaraq qəbul edilməsi məsələsinə baxılması üçün iş Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar