Məhkəmə qərarları › İş №2(103)-2329/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2329/2023

30.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2329/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh2 və İbrahimova (Kazımova) Yeganə İntiqam qızına qarşı iş üzrə (Açar sözlər: xüsusi təyinatlı mənzil, sosial kirayə müqaviləsi, yaşayış sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı – Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə (o, həm də digər Cavabdeh1 nümayəndəsidir) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh2 və İbrahimova (Kazımova) Yeganə İntiqam qızına qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra - iddiaçı və ya Nazirlik) balansında olan Bakı şəhəri Qaradağ rayonu “Puta” hərbi şəhərciyində Cavabdeh2 (bundan sonra - birinci cavabdeh) 57/4 saylı binadan 110,39 kv.metr sahədən ibarət 3 otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 50 saylı mənzil (bundan sonra mübahisəli mənzil) ayrılmışdır.

2. Birinci cavabdeh “N” nömrəli hərbi hissəyə verdiyi N dekabr N-ci il tarixli yazılı iltizamla ona ayrılmış mübahisəli mənzili xidmət yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür.

3. Nazirliyin xx.xx.2021-ci il tarixli əmri ilə birinci cavabdeh həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və xx.xx.2022-ci il tarixli əmrlə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.

4. 600 №-li Hərbi Hissənin Mənzil Komissiyasının xx.xx.2021-ci il tarixli 7527 №-li protokolunda göstərilmişdir ki, Komissiya Cavabdeh2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 600 saylı Hərbi Hissəsi Puta-1 Hərbi şəhərciyi, 57/4 nömrəli binanın 50 nömrəli mənzilini boşaltması barədə qərar qəbul etmişdir.

5. İbrahimova (Kazımova) Yeganə İntiqam qızı (bundan sonra - ikinci cavabdeh) birinci cavabdehin arvadıdır və onunla birlikdə mübahisəli mənzildə yaşayır. Onlar xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuş, nikahları Naxçıvan şəhər VVADQ şöbəsində 148 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır.

6. Cavabdeh2la Cavabdeh1 nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X5 adlı övladları var.

7. Birinci cavabdeh güzəştli şərtlərlə (22 il hərbi xidmətdə hərbi qulluqçu kimi qulluq etdiyindən) yaşa görə əmək pensiyaçısıdır və xx.xx.2022-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə 1479,20 manat məbləğində əmək pensiyası alır.

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh2 adına Respublika ərazisində daşınmaz əmlak qeydə alınmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

9. Nazirlik Cavabdeh2 və İbrahimova (Kazımova) Yeganə İntiqam qızına (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (məhkəməyə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərin mübahisəli mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, birinci cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti olmuş, “N” nömrəli hərbi hissənin divizionun komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etməsi, eləcə də ailə vəziyyəti nəzərə alınmaqla, mübahisəli mənzil ailə üzvləri ilə birlikdə yaşamaları üçün ona ayrılmışdır. Lakin birinci cavabdeh, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə mənzili şərtsiz olaraq N nömrəli Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyi öhdəliyini yerinə yetirməmiş, bu barədə yazılı qaydada xəbərdar olunmuşdur.

11. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında həmçinin qeyd etmişdir ki, birinci cavabdeh güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmışdır, bu isə yaşa görə pensiya hesab edilmir. Çünki yaşa görə pensiya 48 yaş nəzərdə tutulmuşdur.

12. Birinci cavabdeh (o, həm də ikinci cavabdehin nümayəndəsidir) iddia tələbinə etiraz edərək etirazını belə əsaslandırmışdır ki, 22 il hərbi xidmətdə qulluq etmiş, 4 fevral 2022-ci il tarixdə tərxis olunmuş, Müdafiə Nazirliyindən ona güzəştli şərtlərlə 22 il qulluq etdiyinə görə pensiya düşdüyü bildirilərək pensiya alması üçün sənədlər də Nazirlik tərəfindən DSMF-yə göndərilmişdir. Sadəcə şəxsiyyət vəsiqəsi və ərizə ilə müraciət edərək pensiya kartını almışdır, ona 1400 manat civarında aylıq pensiya təyin olunmuşdur.

13. Birinci instansiya məhkəməsinin 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd olunması qət edilmişdir.

14. Məhkəmənin gəldiyi nəticəni belə əsaslandırmışdır ki, N nömrəli hərbi hissənin hərbçisi Cavabdeh2 600 saylı Hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 01553 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 22 il hərbi xidmətdə hərbi qulluqçu kimi xidmət etmiş, əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən (9.5.1-ci maddə) 20 ildən artıq hərbi xidmətdə qulluq etdiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olduğundan, onun barəsində əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, cavabdeh hərbi xidmətdən öz arzusu ilə tərxis olunsa da, hazırda məhz hərbi xidmətdə 20 ildən artıq qulluq etdiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyaçısıdır. Mənzil Məcəlləsinin 102.2.2-ci maddəsinə görə yaşa görə pensiyaçılar xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz. Mənzil Məcəlləsinin 102.2.2-ci maddəsi şərt kimi yaşa görə hərbi xidmətdən tərxis olunması kateqoriyası kimi deyil, yaşa görə pensiyaçılar kateqoriyasını ayırmışdır. İndiki halda isə cavabdeh yaşa görə pensiyaçı qismində çıxış etdiyindən, mülki iş üzrə Mənzil Məcəlləsinin 102.2.2-ci maddəsi tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı, cavabdehlərin başqa mənzillə təmin edilməsi halı da müəyyən edilməmişdir.

15. Mövqeyinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mənzil Məcəlləsinin 92, 97.2, 98.1, 101.1, 102.1, 102.2, 102.4-cü, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci maddələrinə istinad etmişdir.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi hüquq normalarının tələblərini kobud şəkildə pozduğunu, Mənzil Məcəlləsinin 102.2-ci maddəsini düzgün tətbiq etmədiyini, keçmiş hərbi qulluqçu olan Cavabdeh2 Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xüsusi təynatlı yaşayış sahəsini qaytarmaqdan imtina etməklə qanunvericiliyin tələblərinə əməl etmədiyini nəzərə almadığını irəli sürmüşdür.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi üzrə icraata, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmiş, iddiaçıya müvafiq iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə birinci cavabdeh arasında mülki hüquq münasibətləri olmamış, yaranmış mübahisə isə mülki hüquq münasibətlərindən deyil, inzibati hüquq münasibətlərindən yaranmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi iddianın ikinci cavabdehə aid hissəsinə münasibətdə qeyd etmişdir ki, o, iş üzrə birinci cavabdehin arvadıdır və ona qarşı yönəlmiş tələb birinci cavabdehə qarşı yönəlmiş tələbdən irəli gəlir və bu tələblərə bir birindən ayrı qaydada baxılması mümkün deyil.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.N-ci il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qərarı ilə iddiaçının nümayəndəsinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2022-ci il tarixli qərardadı ləğv olunaraq mülki iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

22. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır.

22.1. Baxılan iş üzrə iddiaçı inzibati orqan olsa da, cavabdeh əvvəllər iddiaçı ilə xidməti münasibətlərdə olmuş, lakin hazırda həmin münasibətlərə xitam verilmiş fiziki şəxsdir. Tərəflər arasında mübahisə hərbi xidmətlə bağlı ayrılmış xüsusi təyinatlı mənzildən cavabdehlərin çıxarılması ilə bağlıdır. 22.2. Nəzərə alınmalıdır ki, xüsusi təyinatlı mənzillərin ayrılması və həmin mənzillərlə bağlı sosial kirayə müqavilələrinə xitam verilməsinə dair müəyyən məsələlərin inzibati orqanların publik hüquq münasibətlərindən irəli gələn səlahiyyətləri ilə əlaqədar olması istisna edilməsə də, ümumilikdə xüsusi təyinatlı yaşayış sahələrinin ayrılması, onların istifadə edilməsi, bununla bağlı sosial kirayə müqavilələrinə xitam verilməsi, həmin yaşayış sahələrinin boşaldılması qaydaları Mənzil Məcəlləsinin X fəsli (Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi və onların istifadə edilməsi) ilə tənzimlənir. 22.3. Hazırkı iddia ərizəsində də iddiaçı birinci cavabdehlə xidməti hüquq münasibətlərinə xitam verildiyinə, onun götürdüyü yazılı öhdəliyə əsaslanaraq və aralarında bağlanmış sosial kirayə müqaviləsini xitam verilmiş hesab edərək, Mənzil Məcəlləsinin 102.1 və 103.3-cü maddələrinə istinadla cavabdehlərin mübahisəli mənzildən çıxarılmasını tələb edir. 22.4. Göründüyü kimi, baxılan iş üzrə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onlar arasındakı mövcud münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aid deyil. 22.5. İPM-in 8.1.3-cü maddəsinin mübahisəyə tətbiq olunub-oluna bilməməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin normaya əsasən inzibati orqanla sabiq hərbi qulluqçu arasında yaranmış hüquq münasibətləri o halda inzibati hüquq münasibətləri kimi xarakterizə oluna bilərdi ki, həmin münasibətlər əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri (misal, ödənilməmiş əmək haqqının, yaxud məzuniyyət pulunun ödənilməsi, məlumat vərəqəsinin verilməsi və ya aidiyyəti quruma göndərilməsi və sair) ilə bağlı olsun. Lakin işdən müəyyən edilir ki, birinci cavabdehin hərbi qulluqçu kimi xidmətinə xitam verildiyindən o, hazırda hərbi qulluqçu statusuna malik deyil, xidməti yaşayış sahəsinin kirayə müqaviləsi isə qulluqda qalma müddətlərini əhatə edir. Başqa sözlə, iddiaçının birinci cavabdehə yönəltdiyi tələb artıq hərbi qulluqçu statusu olmayan fiziki şəxsin güman edilən hüquqi əsas olmadan yaşadığı xidməti mənzildən çıxarılması ilə bağlıdır ki, bu hal da İPM-in 2.1-ci maddəsi ilə təsbit olunan "Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” qaydasına istisna təşkil etmir. 22.6. Bu baxımdan hazırkı iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə müvafiq olaraq xitam verilməsi üçün əsas olmamışdır. 22.7. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

Təkrar apellyasiya baxışı, verilən izahatlar

23. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı Nazirliyin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh (eyni zamanda digər cavabdehin nümayəndəsi) Cavabdeh2 isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

25. Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: ...91.1.1. xidməti yaşayış sahələri.

26. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

27. Maddə 97.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur.

28. Maddə 97.2. Xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların kateqoriyaları qanunvericiliklə müəyyən edilir.

29. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

30. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

31. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

32. Maddə 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: ...102.2.2. yaşa görə pensiyaçılar;...

33. Maddə 102.3. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir.

34. Maddə 102.4. Bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir.

35. Maddə 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.

“Hərbi qulluqçuların statusu haqqında” Qanun

36. Maddə 12 (1-ci hissə). Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.

37. Maddə 12 (2-ci hissə). Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu

38. Maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

46. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

47. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

48. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti olmuş birinci cavabdeh, hərbi xidmətdən buraxıldığı zaman ona ayrılmış mənzili şərtsiz olaraq təhvil verəcəyi öhdəliyini götürmüş, lakin həmin öhdəliyini yerinə yetirməmişdir.

49. Belə olan halda, iddia tələbinin qanuni əsası kimi Mənzil Məcəlləsinin 102.1ci maddəsi (§ 31) nəzərdən keçirilə bilər; bununla yanaşı qeyd olunmalıdır ki, həmin maddi hüquq normasının tətbiqini istisna edən halların (§ 32) mövcud olmadığı təqdirdə iddianın təmin olunması mümkündür.

50. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd edir ki, Cavabdeh2 hərbi xidmətdən öz arzusu ilə tərxis olunsa da, hərbi xidmətdə 20 ildən artıq qulluq etdiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyaçısı hesab edilir və məhz bu səbəblə Mənzil Məcəlləsinin 102.2.2-ci maddəsinin təsir dairəsinə düşür. Yəni o, Mənzil Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular (sosial-təyınatlı yaşayış sahələrindən çıxarıla bilməyənlər) kateqoriyasına aid olmaqla, digər yaşayış sahəsi verilmədən mübahisəsi gedən mənzildən çıxarıla bilməz.

51. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir; apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

52. Qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-859/2022 saylı iş üzrə 18 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən, qətnamə həmin quruma rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar