Məhkəmə qərarları › İş №2(103)-233/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-233/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-233/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə, iş № 2(001)-648/20) iddia təmin olunaraq cavabdehdən 20.787,17 ABŞ dolları əsas borc, 2.313,87 ABŞ dolları faiz borcu, 70,99 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23.172,03 (iyirmi üç min yüz yetmiş iki dollar üç sent) ABŞ dolları məbləğində borcun ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş “Kia Sportage” markalı, qırmızı rəngli, mühərrik G4KDDH417696, ban KNAPC811DD7483498 olan, 10GR114 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. işin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21.08.2013-cü il tarixli 1 16319-1-8337 saylı, “Avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 17 faiz hesablanması şərti ilə 48 ay müddətinə 27.895 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış 21.08.2013-cü il tarixli 116319-1-8337 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 01 saylı Razılaşmaya əsasən Cavabdehnm 11.08.2015-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 21.180 ABŞ dolları məbləğində olan borcu illik 17 faiz hesablanması şərti müəyyən olunmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan «KİA SPORTAGE» markalı, qırmızı rəngli, mühərrik G4KDDH417696, ban KNAPC811DD7483498 olan ** GR *** (köhnə qeydiyyat nömrə nişanı 99FH706) dövlət nömrə nişanlı avtomobili 21.08.2013-cü il tarixli 116319-16-11782 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda “Kredit Müqaviləsi”nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 21.08.2013-cü il tarixli 116319-16-11782 saylı “ipoteka müqaviləsi”nə dəyişiklik edilməsi barədə» 01 saylı 11.08.2015-ci il tarixli Razılaşma bağlanmışdır. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini 11 noyabr 2015-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 20.787,17 ABŞ dolları məbləğində əsas borc, 2.313,87 ABŞ dolları məbləğində faiz borcu, 70,99 ABŞ dolları məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 23.172,03 ABŞ dolları məbləğində borcu qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, o, ipoteka predmeti olan minik avtomobilini 06.12.2013-cü ildə Ə.Məmmədova satmış, Ə.Məmmədov qəza törətmiş və bununla əlaqədar olaraq avtomobil təmin olunması üçün Sığorta şirkətinə verilmişdir. Yəni, avtomobil 2013-cü ildən onun sahibliyindən çıxmışdır. Sonradan ona məlum olmuşdur ki, avtomobil bankın sərəncamındadır. Banka müraciət etsə də, Bank avtomobili ona qaytarmamışdır. Apellyasiya şikayətində daha sonra göstərilir ki, birinci instansiya məhkəməsində ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti müəyyən edilməmişdir. Eləcə də, məhkəmə iclasının vaxtı və yeri haqqında ona lazımi qaydada məlumat verilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21.08.2013-cü il tarixli 116319-1-8337 saylı, “Avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 17 faiz hesablanması şərti ilə 48 ay müddətinə 27.895 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 01 saylı Razılaşmaya əsasən Cavabdeh 11.08.2015-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 21180 ABŞ dolları məbləğində olan borcun illik 17 faiz hesablanması şərti müəyyən olunmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan «KİA SPORTAGE» markalı, qırmızı rəngli, mühərrik G4KDDH417696, ban KNAPC811DD7483498 olan 10GR114 (köhnə qeydiyyat nömrə nişanı 99FH706) dövlət nömrə nişanlı avtomobil 21.08.2013-cü il tarixli 116319-16-11782 saylı ipoteka müqaviləsinə əsasən Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC-nin təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh 23.09.2019-cu il tarixinə 20787,17 ABŞ dollar əsas borc, 2313,87 ABŞ dolları faiz borcu, 70,99 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23172,03 ABŞ dolları mövcuddur. İddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi maliyyə arayışında göstərilən borc məbləğinin – 23.09.2019-cu il tarixinə hesablanmış 20787,17 ABŞ dollar əsas borc, 2313,87 ABŞ dolları faiz borcu, 70,99 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23172,03 ABŞ dollarının cavabdehdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 739-cu maddələri və s. normalarla əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu mаddəsinə əsasən, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. Bоrc müqаviləsinin predmeti hər hаnsı pul məbləği оlduqdа, о, kredit müqаviləsi аdlаndırılır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə müvafiq olaraq, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Müki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(001)-8263/2019 saylı qərardadı ilə avtomobilin satış (likvid) qiymətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə ekspertiza təyin edilmiş, lakin avtomobil ekspert baxışına təqdim edilmədiyindən mülki iş rəy verilmədən geri qaytarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 20.787,17 ABŞ dolları əsas borc, 2.313,87 ABŞ dolları faiz borcu, 70,99 ABŞ dollar cərimə borcu olmaqla, cəmi 23.172,03 ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma Bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Sportage” markalı, qırmızı rəngli, mühərrik G4KDDH417696, ban KNAPC811DD7483498 olan, 10GR114 dövlət qeydiyyat nişanlı avtomobilə yönəlməli, avtomobil açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait İddiaçı ASC-yə ödənilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız cavabdeh mübahisələndirmişdir. Apellyasiya şikayətinin əsas dəlilləri cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməməsi, qalıq borcun düzgün hesablanmaması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmaması barədədir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin işdə olan ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilmiş və cavabdeh gəlmədiyinə görə onun iştirakı olmadan işə baxılması mümkün sayılmışdır. Bununla yanaşı, apellyasiya baxışı zamanı işin tam, hərtərəfli, obyektiv araşdırılmasını və apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və ekspertizaların keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 9/8995 saylı, 11 yanvar 2022-ci il tarixli ekspert rəylərinə əsasən müəyyən olunmuşdur ki, müqavilə müddətinin bitdiyi 21.08.2017-ci il tarixə əsas borcun məbləği 19664,24 ABŞ dolları və faiz borcunun məbləği 6573 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsinin qətnaməsinin çıxdığı tarixə isə əsas borcun məbləği 19664,24 ABŞ dolları, faiz borcunun məbləği 17233,25 ABŞ dollarıdır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində isə ipoteka predmeti olan minik avtomobilinin real bazar qiyməti 25000 manat və likvid dəyəri 24000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəylərinin mötəbərliyini qəbul edərək hesab edir ki, qətnamə cavabdehdən tutulan əsas borcun məbləği hissəsində dəyişdirilməli və əsas borcun məbləği ekspert rəyinə uyğun olaraq 19664,24 ABŞ dolları müəyyən edilməlidir. Ekspert rəyində müqavilə müddəti üçün faiz borcunun məbləği iddia ərizəsində tələb olunan məbləğdən yüksək göstərildiyindən məhkəmə kollegiyası MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq faiz borcunun iddia ərizəsində tələb olunan həddə, yəni 2313,87 ABŞ dolları müəyyən edilməsi ilə razılaşır və qətnaməni həmin hissədə dəyişdirmir. İşdən göründüyü kimi, kredit müqaviləsində faiz dərəcəsi tərəflərin razılığı ilə 17 faiz müəyyən edilmiş və ekspert rəyində müqavilə müddəti üçün faiz borcu həmin faiz dərəcəsi əsas götürülməklə hesablanmışdır. Lakin ekspert öz rəyində müqavilə müddətindən sonrakı dövr üçün də faiz dərəcəsini eyni qaydada, yəni 17 faizlə hesablamışdır ki, məhkəmə kollegiyası bunu Mülki Məcəllənin 447-ci maddəsinin tələbinə zidd sayır və qəbul etmir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə müddətindən sonrakı dövr üçün faiz dərəcəsi bank uçot dərəcəsi 5 faizlə hesablana bilərdi. Lakin hazırkı işdə Bank tərəfindən müqavilə müddətindən sonrakı dövr üçün 5 faizlə borcun tutulması tələbi irəli sürülmədiyindən məhkəmə kollegiyası iddia tələbindən kənara çıxmayaraq həmin məsələyə qiymət vermir. Həm də Bank ümumiyyətlə bu məsələni apelyasiya qaydasında mübahisələndirməmiş və apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən tutma ipoteka predmetinə yönəldilsə də, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən olunmamışdır. Məhkəmə kollegiyası ekspert rəyini əsas götürərək hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti likvid dəyəri həddində 24000 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh 20787,17 ABŞ dolları məbləğində əsas borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissələrində dəyişdirilsin. Cavabdeh tutulacaq əsas borcun məbləği 19664,24 (on doqquz min altı yüz altmış dörd dollar iyirmi dörd sent) ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilsin. İpoteka predmeti olan “Kia Sportage” markalı, qırmızı rəngli, mühərrik G4KDDH417696, ban KNAPC811DD7483498 olan, 10GR114 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış (likvid) qiyməti 24000 (iyirmi dörd min) manat müəyyən olunsun. Qətnamə mübahisələndirillən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar