Məhkəmə qərarları › İş №2(103)-2331/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2331/2025

01.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2331/2025 01.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-898/2024 saylı, 17 fevral 2025-ci il tarixli qərardadından İddiaçı QSC-nin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-898/2024 saylı, 10 iyun 2024cü il tarixli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı mənzilin boşaldılması, sökülməsi üçün təhvil verilməsi və kompensasiya ödənilməsi tələbinə dair iddiasının təmin edilərək ünvan 1 ünvanında yerləşən mənzilin cavabdehlər Cavabdeh1 və X3 tərəfindən boşaldılaraq sökülməsi üçün İddiaçı QSC-yə təhvil verilməsi; İddiaçı QSC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 23 saylı mənzilinin əvəzinə həmin ünvanda 2 il müddətinə yeni tikiləcək 6 saylı binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 47 kv.m olan, təmirli 12 saylı mənzilin ½ hissəsinin X2 və ½ hissəsi Cavabdeh1 təhvil verilməsi; sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh1 və X2 hər ay cəmi 400 (dörd yüz) manat məbləğində kirayə haqqının ödənilməsi; qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pulun cavabdehlər X3 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (hesab/İBAN AZ74RBTA********************, Rabitə Bank ASC, KOD 507280, müxbir hesab AZ61NABZ********************, SWİFT RBTAAZ22) ödənilməsi; ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-yə aid edilməsi qət edilmişdir. Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil qətnamədən apellyasiya şikayəti vermiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5269/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-898/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Vəkil cavabdehin vəkili olmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyindən qeyri-mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5269/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, geri qaytarılma barədə qərardaddan cavabdehlər Cavabdeh1 və X1 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti 10 günlük müddət ötürülməklə (2 gün) verildiyindən geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil kasassiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4006/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2024-cü il tarixli, 2(103)-5269/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardaddan verilmiş kassasiya şikayətinə apellyasiya məhkəməsində baxılarkən cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsindən apellyasiya şikayəti vermişdir. İş yuxarı instansiya məhkəməsində olduğundan şikayətin mümkünlüyünün yoxlanılması mümkün olmamışdır. Cavabdeh X1 nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə birlikdə buraxılmış müddətin bərpası barədə ərizə verərək buraxılmış müddətin üzrlü hesab edilməsini və müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, tərəflərindən prosessual müddətdə şikayət verilsə də, apellyasiya instansiyası məhkəməsi xx.xx.2024-cü tarixli qərardadla şikayəti icraatdan qaytarmışdır (qərardad onlara xx.xx.2024 tarixdə verimişdir). Tərəflərindən vəkil orderi əlavə olunmaqla yenidən şikayət təqdim edilir. Həmçinin dövlət rüsumu daha əvvəl verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-898/2024 saylı, 17 fevral 2025-ci il tarixli qərardadı ilə cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil müddətin bərpası barədə ərizəsinin təmin edilməsi; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-898/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi və cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qənaətində göstərmişdir ki, məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzrlü hesab etdikdə bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Üzrlü səbəblər dedikdə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə alır. Cavabdeh tərəfindən ilk dəfə apellyasiya şikayəti prosessual müddətlər daxilində verilmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, lakin həmin məhkəmə tərəfindən apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməklə geri qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin geri qaytarılması qərardadından eyni zamanda həm kassasiya şikayəti, həm də birinci instansiya məhkəməsinə qanunvericiliyə uyğun hazırlanmış yeni apellyasiya şikayəti buraxılmış müddətin üzrlü hesab edilməsi barədə ərizə ilə birlikdə təqdim edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, cavabdeh tərəf ilk dəfə apellyasiya şikayətini prosessual müddətlər daxilində təqdim etmişdir. Beləliklə də, cavabdeh tərəfindən apellyasiya şikayətinin təqdim edilməsi mərhələsində hər hansı sui-istifadə halı məhkəmə tərəfindən aşkar edilməmişdir və onun hərəkətləri işin mahiyyəti üzrə baxılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Hazırda cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş tələblərə uyğundur və şikayət vermə müddəti üzrlü hesab oluna biləcək səbəblərdən dolayı ötürülmüşdür. Həmin qərardaddan İddiaçı QSC şikayət verərək ləğv edilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5269/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-898/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər X3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilərək apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, cavabdehlər X1 və Cavabdeh1 adından verilmiş apellyasiya şikayəti vəkil və nümayəndə qismində Vəkil tərəfindən imzalansa da, onun cavabdeh X1 vəkili olmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. X3 tərəfindən verilmiş etibarnamə isə Vəkil onun adından apellyasiya şikayətinin verilməsi hüququnu vermir. Bununla belə, cavabdeh X2 münasibətdə apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Eyni zamanda, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu da məhz bu cavabdeh tərəfindən ödənilmiş, digər Cavabdeh1 tərəfindən isə hər hansı məbləğdə dövlət rüsumunun ödənilməsi təmin edilməmişdir. Qeyd edilənlər öz növbəsində hər iki cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını şərtləndirir. Lakin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri pozularaq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilən göstərişlərə əməl edilməmiş, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmamış və bu barədə müvafiq qərardad qəbul edilmədən verilən apellyasiya şikayəti üzrə ötürülmüş müddətin bərpasına dair ərizəyə baxılaraq hazırki mübahisələndirilən qərardad qəbul edilmişdir. Belə olan halda hazırda Nərimanov Rayon Məhkəməsinin 2(005)-898/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən ötürülmüş prosessual müddətin üzrlü olması öz təsdiqini tapmır. Halbuki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin qətnaməsindən verilən şikayətlər üçün müddətin məhz məhkəmə aktının tərəfə təqdim olunduğu gündən hesablandığını nəzərdə tutur. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin verilmə müddəti” adlanan 360-cı maddəsinə müvafiq olaraq, apelyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Beləliklə, sözügedən mülki iş Nərimanov Rayon Məhkəməsinə daxil olduqdan sonra ilk növbədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5269/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında göstərildiyi kimi, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair müvafiq qərardad qəbul edilmədiyindən, əksinə Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsində göstərilən müddətin ötürülməməsi üçün verilən apellyasiya şikayəti üzrə ötürülmüş müddətin bərpasına dair ərizəyə baxılaraq hazırki mübahisələndirilən qərardad qəbul edildiyindən, cavabdeh tərəfindən isə apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, Nərimanov Rayon Məhkəməsinin 2(005)-898/2024 saylı xx.xx.2024- cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizə təmin edilməməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-898/2024 saylı, 28 fevral 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə təqfim etdiyi şikayətə etirazda şikayətin təmin edilməməsini xahiş etmiş və etirazında Konstitusiyanın (60 və 29-cu) və Mülki Prosessual Məcəllənin (4 və 8-ci) maddələrini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsi üçün kifayət etmir. Çünki işdən bəlli olur ki, cavabdeh birinci dəfə qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermişdir. Düzdü, birinci instansiya məhkəməsi vaxtında verilmiş apellyasiya şikayətini Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş tələblərə riayət edilmədən verildiyinə görə vaxtında geri qaytarmamışdır. Ancaq peşəkar vəkilin apellyasiya şikayətini Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş tələblərə riayət edilmədən verilməsinin nəticəsinə görə işdə iştirak edən şəxslər, o cümlədən hazırkı iş üzrə cavabdeh tərəf də əziyyət çəkməməlidir. Çünki işdə iştirak edən şəxslər peşəkar vəkillə ona görə müqavilə bağlayır ki, vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur (MPM.m.68.1). Eyni zamanda işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir (MPM.m.68.3).Ancaq vəkil də qanunla ona verilmiş prosessual hüquqlarından suiistifadə etməməlidir. Yəni, mütləq deyil ki, vəkil şikayəti yaxud ərizəni müddətin bitməsinin sonuncu günü, üstəlik qanunun tələblərinə riayət etmədən versin. Demək vəkalət alan vəkil bu cür apellyasiya şikayətini yaxud ərizəni elə müddətdə verməlidir ki, hər hansı bir nöqsana yol verdiyi halda şikayət vermənin qalan müddəti ərzində onu aradan qaldırıb yenidən apellyasiya şikayəti vermək üçün də müddət qalsın. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-898/2024 saylı, 17 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-898/2024 saylı, 17 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar