Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2336/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3646/2022 saylı 29 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 11 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2016-cı il tarixli 11 nömrəli əmək müqaviləsinə əsasən iddiaçı xx.xx.2016-cı il tarixdən “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasında laboratoriya müdiri vəzifəsinə işə qəbul edilmişdir.
2. xx.xx.2021-ci il tarixli 1767 nömrəli əmək müqaviləsinə əsasən iddiaçı “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasına 0,5 ştat əvəzi assistent vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli olmaqla xx.xx.2022-ci ilədək müddətə bağlanmışdır.
3. 04-1432 nömrəli xx.xx.2021-ci il tarixli əmr ilə elmi və elmi-texniki fəaliyyətlə peşəkar məşğul olan elmi-tədqiqat laboratoriyalarının əməkdaşlarının, universitetin tədrisköməkçi heyətinin və tyutorların attestasiyasının keçirilməsi üçün attestasiya komissiyası yaradılmışdır.
4. xx.xx.2022-ci il tarixli 03 nömrəli attestasiya protokolundan müəyyən edilir ki, laboratoriya müdiri vəzifəsində çalışan iddiaçı komissiyaya attestasiya materiallarını təqdim etmiş, lehinə “0”, əleyhinə “7” nəfər səs vermiş, iddiaçının tutduğu vəzifəyə uyğun olmaması qərara alınmışdır.
5. 04-469 nömrəli xx.xx.2022-ci il tarixli əmrlə iddiaçı xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması nəticəsində tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün tutduğu “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasının laboratoriya müdiri vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu nəzərə alınaraq, ştat cədvəlindən laboratoriya müdiri vəzifsi ləğv edilmişdir.
6. Əmək müqaviləsinə xitam verilməsi ilə əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli 04-578 nömrəli əmrlə Əmək Məcəlləsinin 68.2.b - əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 04-469 nömrəli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli, 04-578 nömrəli əmrlərin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma günləri üçün əmək haqqının hesablanaraq ona ödənilməsi, əmək kitabçasının geri qaytarılması, əmək kitabçasının geri qaytarılan günədək ona işə düzələ bilmədiyi bütün müddət üçün aldığı əmək haqqının həcminin orta əmək haqqı hesablanaraq cavabdeh tərəfindən ödənilməsi, həmçinin 50 manat məbləğində mediasiya xərcinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.1987-ci ildən əmək fəaliyyətinə başlamış, 1991-1996-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almış, xx.xx.2008ci il tarixdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Cavabdeh) “Faydalı qazıntı yataqlarının işlənməsi” kafedrasına laboratoriya müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü ildə keçirilmiş attestasiyadan keçmiş hesab olunmuşdur. xx.xx.2016-cı il tarixdən “Minerologiya, petroqrafiya və litologiya” və “Faydalı qazıntı yataqlarının işlənməsi” kafedraları fəaliyyətini dayandırmış və həmin kafedraların bazasında “Faydalı qazıntı yataqlarının geologiyası vəişlənməsi” kafedrası yaradılmış və həmin laboratoriyanın müdiri vəzifəsinə keçirilmişdir. İşlədiyi müddətdə heç bir qüsuru, iradı, töhməti, xəbərdarlığı, pozuntusu və s. olmamışdır. Əksinə işlədiyi müddət ərzində davamlı olaraq, yüksək və aparıcı işinə görə nümunəvi işçi kimi rəhbərlik tərəfindən mükafatlandırılmışdır. ADNSU-nun yeni təyin olunmuş rəhbərliyi son aylarda müxtəlif yollarla onu və digər əməkdaşları kütləvi şəkildə tutduğu vəzifədən uzaqlaşdırmaq istəmiş, bu məqsədlə dəfələrlə ona və digər bir çox əməkdaşlara ərizə yazaraq öz xahişləri ilə işdən uzaqlaşmaqlarını bildirmişlər. Əgər könüllü olaraq işdən ərizəsi ilə getməsə, o zaman qanunvericiliyin digər imkanlarından istifadə etməklə, qondarma bəhanələrlə, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) işdən qovulacağını bildirmişlər. Hətta attestasiyanın nəticələri bilindən sonra da ona öz xahişi ilə işdən azad olunmağı üçün ərizə verməsini tələb etmişlər. Əks təqdirdə “əmək kitabçan ləkələnəcək və səni heç kim işə qəbul etməyəcək” deyə təzyiqlər də göstərmişlər. Nəhayət, işdən çıxmaq haqqında ərizə vermədiyinə görə cavabdeh, “Attestasiya komissiyası” adı altında yaratdığı komissiyanın qərəzli, sifarişli “attestasiyası” ilə “attestasiyadan keçməyib” kimi qərəzli əməllərlə onunla bağlanmış müddətsiz əmək müqaviləsinə cavabdehin qanunsuz, ədalətsiz, əsassız 04-469 saylı xx.xx.2022-ci il tarixli əmri ilə xitam verilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1625 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, işin 144-cü vərəqində İddiaçı adında olan 29 dekabr 2021-ci il tarixli aktda “İmza:” qrafasının” qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 dekabr 2022-ci il tarixli 2(006)-3646/2022 saylı qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia rədd edilmiş, təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 126 manat məbləğində ekspertiza xərclərinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə iş materiallarından aydın olur ki, cavabdeh tərəfindən attestasiya komissiyası yaradılmış və keçirilmiş attestasiya üzrə attestasiya komissiyasının qərarı ilə iddiaçı tutduğu vəzifəyə uyğun hesab olunmamışdır. İddiaçı tərəfindən attestasiya komissiyasının gəldiyi nəticənin təkzib edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda məhkəmə tədqiqatı zamanı attestasiya komissiyasının fəaliyyətində, o cümlədən iddiaçı barəsində qəbul edilmiş əmrlərin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, tutduğu vəzifəyə uyğun olmamasına görə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad edilməklə xitam verilməsi qanuni və əsaslı olduğundan iddia tələbi əmrlərin ləğv edilməsi hissəsində təmin oluna bilməz. İddia tələbinin digər hissələri ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin tələblər əmrlərin ləğv edilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən iddia tələbi digər hissələrdə də əsassız hesab olunmaqla təmin oluna bilməz.
13. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 65, 68, 70 “c” bəndi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apelyasiya şikayətində iddia ərizəsində göstərilənlər qeyd edilməklə, göstərilmişdir ki, kifayət qədər sübutların toplanmasına baxmayaraq, məhkəmə həmin sübutlara münasibət bildirməmişdir. İşdən azad olunmasına baxmayaraq rəhbərlik tərəfindən əmək kitabçası ona təhvil verilməmiş, işə məhkəmədə baxılarkən 2022-ci ilin sentyabr ayında verilmişdir. Attestasiyanın 3 nömrəli protokolu düzgün tərtib edilməyib, komissiyanın bütün üzvləri iştirak etməyib, 7 üzvündən 5 nəfər iştirak edib. Universitetin həmkarlar ittifaqının sədri Məzahir Babayev və Lətifə Məmmədova 01 aprel 2022-ci il tarixdə keçirilən attestasiyada iştirak etməyiblər, onun lehinə 2 nəfər, əleyhinə 3 nəfər səs verib. Həmkarlar ittifaqının sədri Məzahir Babayev və Lətifə Məmmədova iştirak etmədikləri halda sənəddə onların imzası var. Attestasiyanın başlanmasından əvvəl ona hər hansı rəsmi bildiriş verilməmişdir. Rektor tərəfindən qərarlar attestasiyanın keçirildiyi gündən başlayaraq 30 təqvim günü müddətində qəbul edilməli olduğu halda, müddət ötürülmüşdür.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh tərəf apelyasiya şikayətinə etiraz ünvanlayaraq, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
19. Maddə 65. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir.
20. Maddə 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
21. Maddə 67.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
22. Maddə 67.6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.
23. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
24. Maddə 68.2.“b” bəndi. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır.
25. Maddə 70.“c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
26. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli Qərarı
27. Bənd. 1.1. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və bu Qaydalara uyğun həyata keçirilir.
28. Bənd. 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur. İşçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır.
29. Bənd. 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir.
37. İşin müəyyən edilmiş hallarına əsəsən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 11 nömrəli əmək müqaviləsinə əsasən iddiaçı xx.xx.2016-cı il tarixdən “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasının laboratoriya müdiri vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin 04-1432 nömrəli xx.xx.2021-ci il tarixli əmri ilə elmi və elmi-texniki fəaliyyətlə peşəkar məşğul olan elmi-tədqiqat laboratoriyalarının əməkdaşlarının, universitetin tədris-köməkçi heyətinin və tyutorların attestasiyasının keçirilməsi üçün attestasiya komissiyası yaradılmışdır. Komissiyanın üzvləri: 1. Komissiyanın sədri Lətafət Qardaşova; 2. Qasım Məmmədov; 3. İlduzə Hüseynova; 4. Məzahir Babayev – HİK-in sədri; 5. Sevinc Məmmədxanova; 6. İbrahim Həbibov; 6. Lətifə Məmmədova təyin olunmuşdur.
38. Keçirilmiş attestasiyanın xx.xx.2022-ci il tarixli 03 nömrəli protokolundan müəyyən edilir ki, iddiaçı tərəfindən komissiyaya təqdim edilmiş attestasiya materiallarının lehinə “0”, əleyhinə “7” nəfər səs vermiş, attestasiya komissiyasının qərarı ilə iddiaçının tutduğu vəzifəyə uyğun olmaması qərara alınmışdır. Protokol Komissiyanın bütün üvzləri tərəfindən imzalanmışdır.
39. Cavabdehin 04-469 nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması nəticəsində tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün tutduğu “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasının müdiri vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu nəzərə alınaraq, ştat cədvəlindən laboratoriya müdiri vəzifsi ləğv edilmişdir.
40. İş materiallarında olan attestasiyanın iclasına dair CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, attestasiya iclasında komissiyanın 5 üzvü iştirak etmişdir.
41. Attestasiyanın keçirilməsində Komissiyanın 5 üzvünün iştirak etməsinə baxmayaraq, attestasiya protokolu Komissiyanın 7 üzvü tərəfindən imzalanmış, səsvermə nəticələri də ona uyğun göstərilmişdir.
42. Apelyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Komissiya üzvlərindən Lətifə Məmmədova və Məzahir Babayev attestasiyanın keçirilməsində iştirak etməmişdir. Məzahir Babayev isə HİK-in sədri olmuşdur.
43. Qanunvericiliyin tələbinə görə isə işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır.
44. Bundan başqa Cavabdeh elmi işçilərinin attestasiyasının keçirilməsi qaydalarının tələblərinə əsasən də Komissiyanın tərkibində elmi şura üzvlərinin nümayəndələrinin və həmkarlar ittifaqının nümayəndəsinin iştirakı məcburidir.
45. Göründüyü kimi, attestasiya iclasında həmkarlar ittifaqının üzvü iştirak etməmiş, habelə 5 nəfər kommisiya üzvü iştirak etdiyi halda, protokola 7 üzv imza atmaqla saxtalaşdırmaya yol verilmişdir.
46. Qeyd olunanlara əsasən keçirilmiş attestasiya qanunvericiliyin tələblərinə cavab verməmiş, protokol düzgün tərtib edilməmiş, iştirak etməyən komissiya üzvləri tərəfindən səsvermə nəticəsi qeyd edilmiş və onlar tərəfindən də protokol imzalanmışdır.
47. Digər tərəfdən attestasiyanın keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.
48. Həmçinin Cavabdeh elmi işçilərinin attestasiyasının keçirilməsi qaydalarınında da nəzərdə tutulmuşdur ki, komissiyanın gəldiyi nəticələrə əsasən Universitetin rektoru tərəfindən qərarlar attestasiyanın keçirildiyi gündən başlayaraq 30 gün müddətində qəbul edilir.
49. Attestasiya 01 aprel 2022-ci il tarixdə keçirilmiş və iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. İddiaçı isə 30 gün keçdindən sonra, xx.xx.2022-ci il tarixli əmrlə həmin tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir.
50. Göründüyü kimi nəzərdə tutulmuş müddət qurtardıqdan sonra işçi işdən azad edilmişdir, qanunvericiliyin tələbinə görə isə bu müddət qurtardıqdan sonra işçini işdən azad etməyə yol verilmir.
51. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış xx.xx.2016-cı il tarixli 11 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə 04-469 nömrəli, xx.xx.2022-ci il tarixli əmr ləğv edilməli və o, tutduğu vəzifəyə bərpa edilməli, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir.
52. Attestasiya barədə ona məlumat verilməməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, müəyyən edilmişdir ki, iddiaçı 01 aprel 2022-ci il tarixdə attestasiyanın keçiriləcəyi barədə tanış olma cədvəlində xx.xx.2022-ci il tarixdə imza etmişdir.
53. Əmək kitabçasının geri qaytarılması ilə bağlı iddiaçının tələbinə qiymət verən Kollegiya qeyd edir ki, apelyasiya şikayətində də göstərildiyi kimi, iddiaçı əmək kitabçasını 2022-ci ilin sentyabr ayında götürmüşdür. Belə olan halda həmin tələbin təmin olunmasına ehtiyac qalmır.
54. Əmək kitabçası geri qaytarılan günədək iddiaçıya işə düzələ bilmədiyi bütün müddət üçün aldığı əmək haqqının həcminin orta əmək haqqı hesablanaraq cavabdeh tərəfindən ödənilməsi tələbinə də qiymət verən Kollegiya qeyd edir ki, bu hissədə iddiaçının tələbi əsassızdır.
55. İddiaçı hesab edir ki, əmək kitabçası cavabdeh tərəfindən vaxtında ona qaytarılmadığı üçün o, başqa işə düzələ bilməmişdir, həmin müddət üçün ona ödənilməli olan məbləğ də əmək haqqı yox, orta aylıq əmək haqqı nəzərə alınmaqla ödənilməlidir.
56. İddiaçının rəhbər tutduğu Əmək Məcəlləsinin 172-cı maddəsinin 6-cı hissəsində göstərilmşdir ki, əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsində isə göstərilmişdir ki, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.
57. Qeyd olunmalıdır ki, istinad olunan normanın güddüyü məqsəd işdən azad olunan işçinin işəgötürənin təqsiri üzündən əmək kitabçasının verilməsi ləngidildiyindən başqa işə düzələ bilmədiyi bütün vaxt üçün orta əmək haqqı miqdarında pul təzmitanın ödənilməsindən ibarətdir.
58. Hazırki halda isə iddaçı başqa işə düzəlmək niyyətində olmamış, hazırki mübahisəni açmaqla, işdən azad olunması ilə razılaşmayaraq, işinə bərpa olunmasını tələb etmişdir.
59. xx.xx.2022-ci il tarixli, 04-578 nömrəli əmrə münasibətdə isə Kollegiya hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasına 0,5 ştat əvəzi assistent vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli olmaqla xx.xx.2022-ci il tarixə qədər müddətə bağlanmışdır.
60. Belə olan halda haqlı olaraq müqavilənin müddətinin bitməsi əsası ilə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Yəni xx.xx.2022-ci il tarixli əmr qanunvericiliyin tələblərinə uyğun olmaqla onun ləğv edilməsinə əsas verən hər hansı hal müəyyən edilməmişdir.
61. Beləliklə, qalan hissələrdə məhkəmə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3646/2022 saylı iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsi qismən (xx.xx.2022-ci il tarixli əmrə münasibətdə) ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 04-469 nömrəli xx.xx.2022-ci il tarixli əmr ləğv edilsin. İddiaçı tutduğu “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasının laboratoriya müdiri vəzifəsinə bərpa edilsin və həmin vəzifə üzrə ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 126 manat məbləğində ekspertiza xərcləri Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.