Məhkəmə qərarları › İş №2(103)-2336/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2336/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2336/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sabib oğluna qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2336/2025 (Açar sözlər: bağışlanma müqaviləsindən imtina edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X4 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsindən imtina edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2722/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 4-1599 saylı notariat işindən görünür ki, MH seriyalı 110704 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 21 saylı evin 35 saylı mənzili İddiaçı məxsus olmuşdur.

2. “Elektron notariat” X1 çıxarışdan görünür ki, 17 aprel 2019-cu il tarixli vəsiyyətnaməyə xitam verilmişdir.

3. 08 oktyabr 2022-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 21 saylı evin 35 saylı mənzilini Cavabdeh bağışlamışdır.

4. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Bakı Şəhəri Nizami Rayon Məhkəməsində cavabdehlər – keçmiş arvadı X5 və uşaqları İddiaçı Yalçın oğlu və X6 qarşı 16.000 manat kompensasiya verilməklə mükiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 21 saylı evin 35 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılması barədə iddia qaldırmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsindən imtina edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 21 saylı evin 35 saylı mənzilinin Cavabdeh bağışlanmasına dair 08 oktyabr 2022-ci il tarixli müqavilədən imtina etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.1936-cı il təvəllüdlü olmaqla 89 yaşı vardır. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 21 saylı evin 25 saylı mənzili 3 otaqdan ibarət olmaqla onun mülkiyətində olmuşdur. Həmin mənzildə onun ailə üzvləri, yəni oğlu və onun ailəsi (həyat yoldaşı və uşaqları) bərabər yaşamışlar. Lakin 2022-ci ildə heç bir faydalı əməklə məşğul olmayan 1969-cu il təvəllüdlü oğlu Cavabdeh evini nəvəsi Sahibə bağışlamağını eşidərək onun yaşlı və xəstə olduğundan istifadə edərək onu ölümlə hədələyərək mülkiyyətində olan həmin mənzili öz adına bağışlamağını tələb etmişdir. O, cavabdehin kriminal hadisələrə meyilli olduğunu bildiyindən qorxaraq öz əmlakını ona bağışmağa razılıq vermişdir. Beləliklə, xx.xx.2022ci ildə 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisində Daşınmaz Əmlakın bağışlanması müqaviləsi həyata keçirilmişdir. Həmin evdə gəlini və nəvələri qeydiyyatda olmaqla yaşadıqlarını nəzərə alaraq, eyni zamanda oğlundan qorxduğundan müvafiq orqanlara şikayət etməmişdir. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, cəmiyyət üçün yararsız oğlu Yalçin Veyisov gəlininə və nəvələrinə kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Göründüyü kimi Cavabdeh məqsədi onu qorxutmaqla mülkiyyətindəki mənzili öz adına keçirib gəlinini və nəvələrini mənzildən çıxarmaq olmuşdur. Ona görə də oğlu Cavabdeh 2022-ci ildə bağışladığı əmlaka dair müqavilədən imtina edir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-2722/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, bağışlama müqaviləsindən imtina üçün əsaslardan biri hədiyyə alanın hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətməsi kimi müəyyən edilmişdir. Lakin məhkəmə iclasında cavabdehin iddiaçı və onun yaxın qohumları barəsində ağır cinayət törətməsi müəyyən edilməmişdir. İddia tələbi sübut edilə bilmədiyindən və bağışlama müqaviləsindən imtina edilməsi üçün əsaslar mövcud olmadığından təmin edilə bilməz.

9. Məhkəmə göstərmişdir ki, məhkəmə iclasında cavabdehin iddiaçıya yaxud Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə əsasən onun yaxın qohumu sayılan yetkinlik yaşına çatmış nəvələrinə qarşı mənəvi və əxlaqi dəyərləri pozan yaxud xələl gətirən hər hansı hərəkət etməsi müəyyən olunmamışdır.

10. Cavabdeh keçmiş arvadı X3, yetkinlik yaşına çatmış övladları İddiaçı Yalçın oğluna və X6 (ailə qurub mənzildən köçüb) 16000 manat kompensasiya verilməklə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 21 saylı evin 35 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılmaları barədə iddia tələbi ilə məhkəməyə müraciət etməsi, İddiaçı ona qarşı “bağışlama müqaviləsindən imtina edilməsi” tələbi ilə məhkəməyə müraciət etməsinə səbəb olmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 139-1.1, 139- 1.1.3, 139-1.1.4, 324.1, 324.2, 324.4, 324.5, 389.1, 397.2, 666.1, 668.1, 673.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsindəki eyni dəlillərlə əsaslandırılmaqla göstərilmişdir ki, Cavabdeh gəlinini və nəvələrini 16000 manat verməklə mənzildən çıxarmaq istəyir. Halbuki, Yalçın onun oğlu olsa da o, iddiaçıdan oğulluq görməmiş, həmişə Rusiyada yaşamış, gəlini və nəvələri isə onun qulluğunda durmuşlar.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

18. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

19. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 20.Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 21.Maddə 397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır.

22. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 23.Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 24.Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. 25.Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 26.Maddə 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 27.Maddə 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 28.Maddə 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. İddiaçı 17 aprel 2019-cu il tarixli vəsiyyətnamə ilə mülkiyyətində olan mənzili oğlu Cavabdeh vəsiyyət etmiş, daha sonra həmin vəsiyyətnaməni ləğv etdirmişdir. Bundan sonra mülkiyyətində olan mənzilini Cavabdeh bağışlamışdır. Qeyd olunan mənzildə iddiaçının keçmiş gəlini və yetkinlik yaşına çatmış nəvəsi yaşayır. İddiaçı həmin mənzildə 1998-ci ildən yaşamır. Hazırda iddiaçı bağışlanma müqaviləsindən imtina etmək niyyətindədir.

38. İddiaçı bir tərəfdən deyir ki, oğlunun kriminal aləmə yaxın olmasından və onu ölümlə hədələməsindən qorxaraq mənzili sonuncuya bağışlamışdır, digər tərəfdən isə bildirir ki, mənzildə keçmiş gəlini və nəvələri yaşadığı üçün oğlundan şikayət etməmiş, lakin oğlu gəlininə və nəvələrinə qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırdıqdan sonra bağışlamaqdan imtina etmək qərarına gəlmişdir.

39. Birinci hal əqdin mübahisələndirmə növündə etibarsızlığını, ikinci hal isə bağışlamaqdan imtinanı şərtləndirən əsas hesab olunur.

40. Birinci halda 1 illik kəsici müddət keçmişdir, çünki Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbinə görə, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

41. Mübahisələndirilən əqdlər, onu bağlayan şəxsin iradəsinin zədələnməsi halında baş verir. Yəni, əqdi bağlayan şəxsin iradəsi zədələndikdə belə əqd mübahisə edilən əqd sayılır (Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələri).

42. Tərəfin iradə ifadəsinin zədələnməsi hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində baş verir, belə hallarda əqd mübahisələndirilməklə etibarsız hala gəlir (Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı).

43. İradəsi zədələnmiş şəxs əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur.

44. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4).

45. «Əqdin mübahisələndirilməsi» dedikdə, bu barədə məhkəmədə iddia qaldırmaq yox, iradəsi zədələnməklə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini 1 il müddətində məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə istənilən formada (yazılı və ya şifahi) bildirmək hüququ başa düşülməlidir. Yəni, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın yuxarıda sadalanan iradə zədələnməsi hallarından irəli gəlib-gəlməməsidir.

46. Bununla belə, mübahisə edilən əqdlərdə iradənin zədələnməsinin qarşı tərəfə bildirilməsi təkçə məhkəmədənkənar qaydada həyata keçirilmir, bunu məhkəmədə iddia qaldırmaqla da etmək olar (məhkəmə bildirişi iddiaçının iradəsinin zədələnməsinin qarşı tərəfə bildirilməsi kimi qəbul olunur).

47. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

48. Lakin hazırki işin hallarından iddiaçının bağışlama əqdini 1 il müddətində mübahisələndirməsi müəyyən olunmur, iddiaçı yalnız 2024-cü ildə, yəni cavabdeh keçmiş ailə üzvlərinə qarşı kompensasiya verilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırdıqdan sonra, xx.xx.2024-cü ildə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilən müddət keçdiyindən, iddiaçı göstərilən əsasla məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnu itirmişdir, yəni zamanın keçməsi nəticəsində onun bu hüququna xitam verilmişdir.

49. Odur ki, Kollegiya, prosessual qənaət prinsipi baxımından, iddiaçının hədə-qorxu ilə bağlı dəlillərinin əsaslı olub-olmamasına qiymət verməyə ehtiyac görmür.

50. İddiaçının digər dəlili isə Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozisiya şərtləri daxilində yoxlanıla bilər, çünki bağışlamaqdan imtinanın digər - 673.1.1 və 673.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasları hazırki işin hallarına uyğun deyil, iddiaçı da bu əsaslara istinad etmir. 51.Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli qərarına əsasən, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.

53. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir.

54. Beləliklə müəyyən olunur ki, hazırki iddianın əsasını cavabdehin keçmiş arvadına və uşaqlarına qarşı kompensasiya verilməklə mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırması təşkil edir.

55. İddiaçının başqa yaşayış yeri var və özü mübahisəli mənzildə yaşamır, bu iddianı da keçmiş gəlini və nəvələrinin mənafeyi baxımından qaldırmışdır. 56.Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozisiya şərtlərinin hazırki tələbə tətbiqi o zaman mümkün ola bilər ki, hədiyyə alan (cavabdeh) ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin (iddiaçının) və ya onun yaxın qohumlarının biri barəsində pozmuş olsun, özü də bu pozuntu kobud pozuntu olmalıdır. 57.Cavabdehin ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri bilavasitə iddiaçının barəsində kobudcasına pozması müəyyən olunmur, iddiaçı özü də bunu iddia etmir. Söhbət cavabdehin keçmiş arvadı və uşaqlarına qarşı qaldırıdığı iddiadan gedə bilər, iddiaçı da iddiasının əsası kimi məhz bu hala istinad edir. 58.Digər iddiada kompensasiya verilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi tələb olunan şəxslərdən X5 Cavabdeh keçmiş arvadıdır, yəni İddiaçı ailə üzvü hesab olunmur. Ona görə də o, hazırki iddia tələbi üzrə müdafiə altında olan şəxs hesab olunmur.

59. Digər iki nəfər isə Cavabdeh uşaqları, İddiaçı isə nəvələri olmaqla, sonuncunun ailə üzvü hesab olunurlar.

60. Beləliklə, söhbət yalnız cavabdehin iddiaçının ailə üzvü olan nəvələri İddiaçı Yalçın oğlu və X7 barəsində ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmasından gedə bilər.

61. Kollegiya hesab edir ki, cavabdehin məhkəmədə həmin uşaqlara qarşı kompensasiya verilməklə mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırması həmin şəxslər barəsində ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin kobudcasına pozulması hesab oluna bilməz. Əks yanaşma mübahisəli mənzilin sonsuz olaraq həmin şəxslərin istifadə hüququ ilə yüklü qalmasına səbəb ola bilər. 62.Cavabdeh uzun müddətdir ki, X2 ayrılmışdır və uşaqları da sonuncu ilə qalmışlar. Onların mübahisəli mənzildə birlikdə yaşaması mümkün deyil, cavabdehin başqa ailəsi var.

63. Həmçinin müəyyən olunmuşdur ki, cavabdehin başqa yaşayış yeri yoxdur.

64. Kollegiyanın iclasında cavabdeh bildirmişdir ki, yeganə məqsədi özünü yaşayış sahəsi ilə təmin etməkdir. Hətta keçmiş ailəsinə mübahisəli mənzili 170.000 manata satıb, 70.000 manatını ona vermələrini təklif etsə də, qətiyyən mənzilin satılmasına razı olmamışlar. Buna görə də o, həmin iddianı qalırmaq məcburiyyətində qalmışdır.

65. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin keçmiş ailəsinə qarşı kompensasiya verilməklə mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırması həmin şəxsləri yaşayış sahəsindən məhrum etməyə yox, özünü yaşayış sahəsi ilə təmin etməyə yönəlmişdir.

66. Həmçinin nəzərə alınmalıdır ki, göstərilən məzmunda iddia qaldırmaq qanunun ona verdiyi imkan və hüquqdur. Bu hüququn həyata keçirilməsi isə ailə hüquq münasibətlərinə uyğun olaraq cavabdehin üzərinə qoyulmuş vəzifələrin keçmiş ailə üzvlərinə qarşı kobudcasına pozulması kimi nəzərdən keçirilməməlidir.

67. Hər bir şəxsin mülkiyyət hüququndan sərbəst istifadə etməsi onun konstitusiyon hüququdur və hüququn məhdudlaşdırılması yalnız qanunla müəyyən olunmuş hallarda və qaydada baş verə bilər.

68. Kollegiya birinci instansiya məhkəməsinin qənaətini qanuni və əsaslı hesab edir. Apelyasiya şikayətində göstərilənlər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2722/2024 nömrəli mülki iş üzrə 06 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar