Məhkəmə qərarları › İş №2(103)-2337/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2337/2022

09.03.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2337/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakın ipoteka ilə yüklü edilməyən hissələrinin ayrılması və təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(006)-6432/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi 1 saylı fərdi yaşayış evinin 2-ci və 3-cü mərtəbələrinin bütünlüklə ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC (Cavabdeh1 ASC) ilə "xxxx" MMC arasında 01 fevral 2008-ci il tarixli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən "xxxx" MMC Cavabdeh1 ASC-dən 1.000.000 ABŞ dolları məbləğində kredit almışdır. Kredit müqaviləsinin təminatı kimi digər ipoteka predmetləri ilə yanaşı mərhum həyat yoldaşı X2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi 1 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bundan sonra, "xxxx" MMC ilə Cavabdeh1 ASC arasında növbəti 22 dekabr 2008-ci il tarixli kredit müqaviləsi imzalanmış və Bank "xxxx" MMC-yə 2.200.000 ABŞ dolları kredit ayırmışdır. Həmin kredit məbləğinin bir hissəsi "xxxx" MMC-nin 01 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilmişdir. Daha sonra, Bankla "xxxx" MMC arasında uzunmüddətli məhkəmə mübahisələri olmuşdur. Mülkiyyət hüququ ilə həyat yoldaşına məxsus fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi məqsədilə mərhum həyat yoldaşı Banka getmiş X4 vasitəsilə Bankın hüquqşünası X9 ilə danışıqlar aparmışdır. Bankın əməkdaşları təklif etmişlər ki, pul məbləği ödəsin və ona məxsus fərdi yaşayış evi girovdan azad ediləcək, əri 23.07.2015-ci il tarixdə - 111250 manat, 24.07.2015-ci ildə 105500 ABŞ dolları, 01.10.2015-ci il tarixdə - 1000 manat və 30.10.2015-ci il tarixdə - 2272 ABŞ dolları pul vəsaiti, ümumilikdə - 112250 manat və 107772 ABŞ dolları pulu ödəmiş və bu barədə ona bankın əməkdaşları çek vermişlər. Bundan sonra bankın əməkdaşı ona bildirmişdir ki, əlavə olaraq 70.000 manat məbləğ ödənilməli və bir az vaxt istəmişlər, İmanov Sabir 70.000 manat məbləği X5 vermişdir. Bütün bunlara baxmayaraq, evi ipoteka yüklülüyündən azad edilməmişdir. Ona məlum olmuşdur ki, evləri Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında bağlanmış məhz 01 fevral 2008-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilərək ipoteka müqaviləsi bağlanmış, lakin həmin kredit tam olaraq bağlanmışdır. "xxxx" MMC ilə Cavabdeh1 ASC arasında növbəti 22 dekabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə onun evi ipoteka ilə yüklü edilməmişdir. Hətta ev girov qoyulsa da, onun yalnız bir hissəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə ki, 13.04.2004-cü il tarixli, FM seriyalı, 027125 nömrəli qeydiyyat vəsiqəsinə görə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi 1 saylı fərdi yaşayış evi 3 otaqlı olması göstərilsə də və fərz etsək ki girov qoyulub, həqiqətdə ev 3 mərtəbəli və təxminən 1000 kvadrat metr ümumi sahədən ibarətdir. Göründüyü kimi, evin fərz etsək ki, yalnız 1-ci mərtəbəsi girov qoyulmuş, 2-ci və 3-cü mərtəbələr ümumiyyətlə girov qoyulmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(006)- 6432/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 24.04.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi 1 saylı fərdi yaşayış evi X2 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 52 saylı reyestr kitabının 4636 nömrəli vərəqində, **********39-10301 nömrə ilə qeydiyyat aparılmışdır. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 22 dekabr 2008-ci il tarixli, K-4036 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən "xxxx" MMC-yə 2.200.000 ABŞ dolları məbləğində krediti birinci il üçün illik 21, ikinci il üçün 22, üçüncü il üçün 23 faizlə kredit verilmişdir. "xxxx" ASC ilə "xxxx" MMC və X6 arasında bağlanmış 01 fevral 2008-ci il tarixli, İ- 3670 saylı ipoteka müqaviləsindən görünür ki, X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi 1 saylı fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. İpoteka predmeti 800.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(004)-624/2010 saylı, 01.10.2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 22 dekabr 2008-ci il tarixli, K-4036 saylı kredit müqaviləsi üzrə yaranmış 2.146.760 ABŞ dolları məbləğində əsas borc, 789.726 ABŞ dolları faiz borcu, ümumi olaraq 2.936.486 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və iddianın qaldırılması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Nizami rayonu, Abbasov Tofiq küçəsi, istifadədə olan 0.15663 ha torpaq sahəsində yerləşən 23/1 nömrəli 1870,3 kv.m ümumi, 808,4 kv.m əsas, 1061,9 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binasına, ünvan 1 ünvanında yerləşən 4 saylı mağazanın 4/3 saylı filialına, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində istifadədə olan 0.1041 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 9 mərtəbəli binada 76,18 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 31 nömrəli mənzilinə, Bakı şəhəri, Əzizbəyov r-nu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsində istifadədə olan 0.03039 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58,5 kv.m yaşayış, 394,7 kv.m köməkçi sahəsindən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin "xxxx" MMC-nin "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun "xxxx"MMC-dən "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin X8 münasibətdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2012-ci il tarixli, 2(103)-77/2012 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin direktoru H.B.Həsənovun apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2010-cu il tarixli qətnaməsinin, iddiaçı "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 22 dekabr 2008-ci il tarixli K-4036 saylı kredit müqaviləsi üzrə yaranmış 2.146.760 ABŞ dolları məbləğində əsas borcun, 789.726 ABŞ dolları faiz borcun, ümumi olaraq 2.936.486 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanması, ekspertiza xərci - 300 manatın "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** ABB mərkəzi filialı VÖEN ********** kod 805250 m/h **********944 H/h COR 328518 AZN 3201-01 S.W.İ.F.T. Bik: İBAZAR 2X hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2012-ci il tarixli, 2(102)-2877/2012 saylı qərarı ilə cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2012-ci il tarixli, 2(103)-77/2012 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2014-cü il tarixli, 2(103)-549/2014 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2010-cu il tarixli qətnaməsinin borcun tutulması hissəsində dəyişdirilmədən saxlanması, ekspertiza tədqiqatlarının dəyəri 300 (üç yüz) manatın "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** ABB mərkəzi filialı VÖEE ********** kod 805250 m/h **********944 H/h COR 328518 AZN 3201-01 S.W.İ.F.T. Bik: İBAZAR 2X hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2014cü il tarixli, 2(102)-3577/2014 saylı qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X6 13.02.2017-ci il tarixdə vəfat etmişdir. X1 arvadı İddiaçı ipoteka predmeti olan Bakı şəhəri, Əzizbəyov r-nu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsində istifadədə olan 0.03039 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58,5 kv.m yaşayış, 394,7 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin 2-ci və 3-cü mərtəbələrinin bütünlüklə ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Kollegiya hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur. Göründüyü kimi "xxxx" ASC ilə "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə X6 arasında ipoteka müqaviləsi bağlanmış və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi 1 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə fərdi yaşayış evinin açıq hərracda satılması və tələbin həmin əmlakın satışından əldə edilən pul vəsaitinə yönəldilməsi qət edilmişdir. Kredit müqaviləsi üzrə öhdəlik tam yerinə yetirilməmişdir. İddiaçının fərdi yaşayış evinin yalnız 1-ci mərtəbəsinin girov qoyulması, 2-ci və 3-cü mərtəbələrin girov qoyulmamasına istinad edərək, fərdi yaşayış evinin 2-ci və 3-cü mərtəbələrinin bütünlüklə ona təhvil verilməsi barədə tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 294-cü maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Məcəllənin 299.1-ci maddəsinə əsasən, borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Əvvəlki işdə cavabdehlərdən biri olan X7 hazırda qeyd etdiyi məsələni mübahisələndirməmiş, həmin işdə yalnız borc məbləği ilə bağlı apellyasiya şikayəti verilmiş, nəticədə digər əmlaklarla birgə hazırki mübahisənin predmeti olan yaşayış evinə də, hər hansı istisna olmadan tutma yönəldilmişdir. Apelyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Kollegiya iddiaçı tərəfindən dəlillərin formal olaraq irəli sürülməsi qənaətinə gəlir. Beləliklə iddiaçının apelyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6432/2021 saylı iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar