Məhkəmə qərarları › İş №2(103)-2338/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2338/2021

26.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2338/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Bələdiyyəsinə qarşı (Dövlət X3 üçüncü şəxs qismində cəlb edilməklə) "işə bərpa və s.” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5246/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri Nəsimi bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Bələdiyyəsinə qarşı "işə bərpa və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Nəsimi Bələdiyyəsi arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilməsi haqqında bələdiyyə sədrinin xx.xx.2020-ci il tarixıi əmrinin ləğv edilərək, iddiaçının işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müsabiqədən keçərək xx.xx.2016-cı il tarixdə Cavabdehndə işə qəbul olunmuşdur. Nəsimi bələdiyyəsinin hüquqşünası vəzifəsində işə başlamış və onunla işəgötürən arasında müddətsiz əmək müqaviləsi imzalanmışdır. Nəsimi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 85 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsilə əlaqədar xitam verilmişdir. Nəsimi bələdiyyəsinin sədrinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv olunması haqqında əmri əsassız və qanunsuzdur. Belə ki, Nəsimi bələdiyyəsi ilə iddiaçı arasında xx.xx.2016-cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları, 2-ci hissəsinin "b" bəndində isə əmək müqaviləsinin müddətinin qurtarması göstərilmişdir. İddiaçı ilə Nəsimi bələdiyyəsi arasında müddəti xx.xx.2020-ci il tarixdə bitən heç bir müddətli əmək müqaviləsi bağlanmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5246/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə cavabdeh Bakı şəhəri Nəsimi Bələdiyyəsi arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin "b" bəndinə əsasən xitam verilməsi barədə bələdiyyə sədrinin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməklə, İddiaçı işə bərpa olunması, Bakı şəhəri Nəsimi Bələdiyyəsi sədrinin xx.xx.2020-ci il tarixli, 35 saylı əmrinin İddiaçı münasibətdə ləğv edilməsi, Bakı şəhəri Nəsimi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli əmrdən əvvəlki ştat cədvəlinə uyğun əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Rəşid Səmədov). Qətnamədən cavabdeh Bakı şəhəri Nəsimi bələdiyyəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5246/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən iddiaçı bələdiyyənin vergi xidmətində hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsinə işə götürülmüşdür. Təxminən bir il sonra xx.xx.2017-ci il tarixdən vəzifəsindən azad edilərək hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Vəzifədən azad olunma düzgün həyata keçirilmiş və əmr verilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli 44 nömrəli əmrlə iddiaçı işdən azad edilmişdir. İşdən azad edildikdən sonra iddiaçı ilə hüquq şöbəsinin müdiri vəzifəsinə işə götürülmə ilə bağlı əmək müqaviləsi bağlanmamışdır. Bu əmrlə iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə son qoyulmuşdur. Bundan sonra yeni əmək münasibətlərinin yaranması üçün onunla əmək müqaviləsi bağlanmalı idi. Həmin dövrdə qüvvədə olan Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Baxmayaraq ki, iddiaçının hüquq şöbəsinin müdiri vəzifəsinə keçirilməsi barədə əmr qəbul edilmişdir, lakin əmək müqaviləsi bağlanmadığı üçün bu əmrin heç bir əhəmiyyəti yoxdur. Çünki qanunun bir mənalı tələbi əmək müqaviləsi olmadan işə qəbuledilmənin qadağan olunmasıdır. Ona görə də iddiaçı xx.xx.2017-ci il tarixli 44 nömrəli əmrlə işdən azad olunmuşdur və onun hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Əgər hakim yeni əmək müqaviləsi bağlanmadan iddiaçının hüquq şöbəsin müdiri vəzifəsinə təyin edilməsini normal qəbul edirsə, bu zaman nə üçün iddiaçının əmək müqaviləsinə dəyişiklik edilmədən müddətli əmək müqaviləsinə keçirilməsi barədə xx.xx.2020-ci il tarixli 35 nömrəli əmri nə üçün ləğv edir? Halbuki iddiaçı bu əmri iddia ərizəsini dəyişdirənədək mübahisələndirməmişdir. Əgər xx.xx.2020-ci il tarixli 35 nömrəli əmr ləğv olunmadan iddiaçının işə bərpa olunması tələbi mümkün deyildirsə, nə üçün iddiaçı işdən azad olunma barədə xx.xx.2017-ci il tarixli 44 nömrəliəmr ləğv edilmədən işə bərpa olunur? Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı müddətli əmək müqaviləsinə keçirilməsi barədə xx.xx.2020-ci il tarixli 35 nömrəli əmrinin ləğv edilməsi üçün iddia müddətinə əməl etməmişdir. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq iddiaçı və cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi A.Əliyev apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan işəgötürən Bakı şəhəri Nəsimi Bələdiyyəsinin sədri N.Ş.Qarxanov ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müddətsiz əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri X2 bələdiyyəsinin Vergi xidmətində hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2017-ci il tarixdən vəzifəsindən azad edilərək, bələdiyyənin hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 35 (NBƏ-2005- XXX) saylı əmrindən görünür ki, Nəsimi Bələdiyyəsi icra aparatının aşağıda qeyd edilən əməkdaşları (İddiaçı Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilməklə Koordinasiya idarəsinin Hüquqi təminat və münasibətlər şöbəsinin hüquqşünası vəzifəsinə) ləğv edilmiş strukturda tutduqları vəzifələrdən azad edilməklə, yeni strukturdakı müvafiq vəzifələrə müsabiqə keçirilənədək müvəqqəti olaraq yeni struktur üzrə uyğun vəzifələrə təyin edilmələri əmr edilmişdir. Həmin əmrdən görünür ki, Operativ Qərargahın karantin rejimi müddətinin xx.xx.2020-ci il tarixədək uzadılması ilə bağlı növbəti qərarından sonra, bələdiyyənin icra aparatı işçilərinin qanunla nəzərdə tutulan müsabiqə nəticələrinə uyğun olaraq vəzifələrə təyinatına qədər iş yeri və maliyyə təminatlarının davamlılığını təmin etmək məqsədilə icra aparatının faktiki işçilərin yeni struktura müvəqqəti komplektləşdirilməsinin təmin edilməsi, bu səbəbdən müsabiqə keçirilənədək onlarla 1 ay müddətli əmək müqavilələri bağlanılması zərurəti yaranmışdır. İş materiallarında olan işəgötürən Bakı şəhəri Nəsimi Bələdiyyəsi ilə işçi İddiaçı arasında bağlanmış (birtərəfli qaydada) xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli müddətli əmək müqavilələrinin surətlərindən görünür ki, İddiaçı Bakı şəhəri X1 idarəsinin Hüquqi təminat və münasibətlər şöbəsinin hüquqşünası vəzifəsinə işə qəbul olunmuşdur. Həmin əmək müqavilələri İddiaçı tərəfindən imzalanmamışdır. Həmin müqavilələrin 2.3-cü bəndindən görünür ki, əmək müqavilələri Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx xxx 2020-ci il tarixindən xx xxxx 2020-ci il tarixədək, 05 iyun tarixdən xx xxxx 2020-ci il tarixədək, xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, 30 iyul tarixdən xx xxxxxx 2020-ci il tarixədək müddətinə bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 88 saylı əmrindən görünür ki, Nəsimi Bələdiyyəsi icra aparatının aşağıda adı qeyd edilən əməkdaşı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən xx.xx.2020-ci il tarixindən xitam verilməsi əmr edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 46-cı maddəsinin 6-cı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Həmin Məcəllənin 47-ci maddəsinin “f“ bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı Bakı şəhəri Nəsimi Bələdiyyəsində hüquq şöbəsinin müdiri vəzifəsində işləmiş, o, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı həmin əmri qanunsuz sayaraq onun ləğv olunması və əvvəlki vəzifəsinə bərpa olunması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Kollegiya iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə araşdırıb, qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, tərəflər əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu üçün xx.xx.2016-cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlamışlar. Sonradan cavabdeh tərəfindən iddiaçının xəbəri olmadan birtərəfli qaydada müqaviləyə dəyişiklik edilərək, iddiaçının iştirakı təmin edilmədən müddətli əmək müqaviləsi tərtib edilmiş, İddiaçı Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilməklə Koordinasiya idarəsinin Hüquqi təminat və münasibətlər şöbəsinin hüquqşünası vəzifəsinə keçirilmişdir. Daha sonra cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən iddiaçı xx.xx.2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmişdir. Qeyd edilən hallar onu göstərir ki, Bakı şəhəri Nəsimi Bələdiyyəsi işəgötürən kimi əmək qanunvericiliyini kobud şəkildə pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müddətsiz əmək müqaviləsinə birtərəfli qaydada dəyişiklik edilməklə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilə bilməz. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müddətsiz əmək müqaviləsinin 8.1-ci bəndində qeyd edilmişdir ki, bu əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. Belə olan halda, kollegiya hesab edir ki, Nəsimi Bələdiyyəsi sədrinin xx.xx.2020-ci il tarixli, 35 saylı əmri qanunsuz, əsassız və ədalətsiz olduğu üçün iddiaçıya münasibətdə ləğv edilməli və iddiaçı işə bərpa edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Nəsimi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli əmrindən əvvəlki ştat cədvəlinə uyğun əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin qismən təmin edilərək, İddiaçı ilə cavabdeh Bakı şəhəri Nəsimi Bələdiyyəsi arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilməsi barədə bələdiyyə sədrinin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa olunması, Bakı şəhəri Nəsimi Bələdiyyəsi sədrinin xx.xx.2020-ci il tarixli, 35 saylı əmri İddiaçı münasibətdə ləğv edilməsi, Bakı şəhəri Nəsimi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli əmrindən əvvəlki ştat cədvəlinə uyğun əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Bakı şəhəri Nəsimi bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5246/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar