Məhkəmə qərarları › İş №2(103)-234/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-234/2023

19.01.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-234/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X6 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X5 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı X6 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X6 Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddia tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-208/2022 saylı qətnaməsindən İddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə X11 arasında bağlanan müqaviləyə əsasən ünvan 1 ünvanı 3 il müddətinə 50.000 manat məbləğində qismən sığortalanmışdır.

2. 148 saylı MTK-nın sədri tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Xətai rayonu, Telnov küçəsi 18A (Lütfüzadə küçəsi) 103 saylı mənzildə yaşayan Bağırova Gülnarənin şikayətinə baxış keçirilmiş və aşkar olunmuşdur ki, üst mərtəbədə Əliyev İdrisə məxsus 105-ci mənzildən su axıdılmış və nəticədə mətbəx, hamam, tualet, yataq, qonaq otağının tavanı, divarlar, oboylar su axıntısına məruz qalmış, mənzilin əsaslı təmirə ehtiyacı vardır.

3. Pİ 0817/18 saylı sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən X1 823,32 manat pul ödənilmişdir.

4. "xxxx" ASC ilə İddiaçı X10 arasında xx.xx.2021-ci il tarixli 1 saylı müqavilə bağlanmışdır, həmin müqavilə üzrə LPO "xxxx" ASC-yə məxsus subroqasiya qaydasında tələb hüququ İddiaçı İKF-yə ötürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

5. "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu Telnov küçəsi ev 18A, 103 saylı mənzilə vurulmuş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən sığortalı X1 ödənilmiş 823 manat sığorta ödənişi, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu 1 manat bank xidməti haqqı, cəmi 854 manat pul məbləğinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Daha sonra iddiaçının nümayəndəsi A.İ.Əyyubov ərizə təqdim edərək "xxxx" ASC ilə İddiaçı X10 arasında xx.xx.2021-ci il tarixli 1 saylı müqaviləyə əsasən LPO "xxxx" ASCyə məxsus subroqasiya qaydasında tələb hüququ İddiaçı İKF-yə ötürüldüyünü nəzərə alaraq iddiaçı "xxxx" ASC-nin İddiaçı İKF ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO "xxxx" ASC ilə X3 arasında xx.xx.2018-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və Pİ–0817/18 №-li şəhadətnamə üzrə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A-da yerləşən 103 saylı mənzil 3 (üç) il müddətinə 50.000 (əlli min) manat məbləğində qismən sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə sığortalanmış mənzilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A, 105 saylı mənzildən su axıdılmış və nəticədə sığortalanmış mənzilin mətbəx, hamam, tualet, yataq, qonaq otağının tavanına maddi ziyan dəymişdir. Sığortalının etibarnamə üzrə nümayəndəsi X9 xx.xx.2020-ci il tarixdə cəmiyyətə ərizə ilə müraciət edərək sığortalanmış mənzilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A, 105 saylı mənzildən su axıdılmasını bildirmiş və dəymiş ziyanın aradan qaldırılmasını xahiş etmişdir. "xxxx" ASCnin xx.xx.2019-cu il tarixli baxış aktına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A, 103 saylı mənzilə həqiqətən yuxarı mərtəbədən, yəni mənzil 105-dən su axıdılıb və bunun nəticəsində mənzilə maddi ziyan dəymişdir. Bundan başqa 148 saylı MTK tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Akta əsasən sığortalanmış mənzilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A, 105 saylı mənzildən su axıdılmış, nəticədə sığortalı mənzilə maddi ziyan dəymişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli rəyinə əsasən sığortalı mənzilə dəymiş zərər 1116,3 (bir min yüz on altı manat 30 qəpik) manat məbləğində qiymətləndirilmişdir. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A, 103 saylı mənzilin təmiri məqsədilə hesablanmış 1116,3 manat pul qismən sığorta halında (76%) 823 (səkkiz yüz iyirmi üç) manat müəyyən edilməklə sığortalı X1 ödənilmiş və bu ödəniş xx.xx.2021-ci il tarixli, 1635 №-li ödəniş tapşırığında öz əksini tapmışdır. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A, 103 №-li mənzilə vurulmuş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən sığortalı X1 ödənilmiş 823 manat sığorta ödənişi, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidməti haqqı, cəmi 854 manat pul məbləğinin Cavabdeh iddiaçının xeyrinə tutulması zəruridir.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-208/2022 saylı qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddia tələbini etiraf etməməklə iş üzrə mənzilə dəymiş zərərin səbəbinin müəyyən olunması, dəymiş zərərin mənzilin hansı hissələrində olması və aradan qaldırılması üçün nə qədər vəsaitin xərclənməsi və s. məsələlərin müəyyən olunması məqsədi ilə ekspertiza təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etdiyindən, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin və tədqiqat obyektinə baxış keçirilməsinin mümkün olmamasının bilavasitə iddiaçı ilə bağlı olduğundan, iddia tələbi, bilavasitə iddiaçının sübutetmə yükündən asılı olaraq təqdim edilmiş ilkin sübutların məcmusu əsasında qiymətləndirilməlidir.

10. Belə ki, iş materiallarına əlavə olunmuş 148 saylı MTK-nın sədri tərəfindən təsdiq edilmiş və birtərəfli qaydada tərtib olunmuş aktda Cavabdeh hər hansı bir hüquqa zidd əməlinin olması, habelə onun əməli ilə 103 nömrəli mənzilə vurulmuş zərər arasında səbəbli əlaqə olduğu göstərilməmişdir. İş materiallarına əlavə olunmuş “əmlaka dəymiş zərərin qiymətləndirilməsi barədə” rəyin kserosurəti, onu tərtib edən "xxxx" MMC tərəfindən deyil, iddiaçı tərəfindən təsdiq olunmuş, həmin rəyin əsli isə (və ya onu tərtib etmiş orqan tərəfindən təsdiq olunmuş surəti) məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, həmin rəy 103 saylı mənzilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı olmaqla cavabdehin mülki hüquqi məsuliyyətinə əsas verən halları özündə ehtiva etmir. Belə olan halda məhkəmə hesab edir ki, həmin sübutlar iddia tələbinin təmin olunması üçün məhkəmə tərəfindən mötəbər sübutlar kimi nəzərə alına bilməz.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 936.1, 936.2, 1096.1, 1096.2, 1108.1, 1114.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı X10 apellyasiya şikayəti verərək, Bakı şəhər Xətai rayon Məhkəməsinin e- 2(011)-208/2022 saylı 17 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı X6 nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

16. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

22. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur;

23. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir;

24. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər;

25. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır;

26. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir;

27. 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

«İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunun:

28. 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

AR Mülki Prosessual Məcəlləsinin:

29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

32. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iddiaçı apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

33. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə cavabdeh tərəfindən sığortalıya məxsus mənzilə su axıdılması faktının baş verməsinin yoxlanılması, habelə bunun nəticəsində ona maddi ziyanın dəyməsi və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün məhkəmə mühəndis texniki ekspertizası təyin etmiş, lakin həmin ekspertizanın keçirilməsindən imtina edilmişdir. Ekspert imtinanı iddiaçı tərəfin nümayəndəsinin təyin edilmiş vaxtda məhkəmə binasına gəlməməsi və tədqiq olunan mənzilin qapısının bağlı olması ilə əsaslandırmışdır.

34. Birinci instansiya məhkəməsi iddiaçının tədqiqat obyektinə baxış keçirilməsində iştirak etməməsinin ekspertizanın keşirilməsini mümkünsüz etməsinə səbəb olduğu qənaətinə gəlmiş, bu hala istinad etməklə Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən ekspertiza təyin edilən faktı rədd edilmiş hesab etmişdir.

35. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırkı iş üzrə iddiaçı sığorta olunmuş mənzilin mülkiyyətşisi deyil, mənzilə dəymiş ziyana görə sığorta ödənişini həyata keçirmiş sığorta şirkəti olmuşdur. Başqa sözlə, iddiaçı ekspert tərəfindən baxış keçirilməli olan mənzilin mülkiyyətçisi deyil və həmin mənzilə dair hər hansı hüquqlara, o cümlədən mənzilin qapısını açaraq eksperti həmin mənzilə buraxmaq imkanına malik deyildir. Həmçinin, tədqiqat obyektinə baxış keçirilməsində iddiaçının nümayəndəsinin mütləq qaydada iştirakına hər hansı ehtiyacın olması da iş materialları ilə müəyyən edilmir.

36. Belə olan halda, iddiaçının nümayəndəsinin ekspert tərəfindən mənzilə baxış keçirilməsində iştirak etməməsini, habelə mübahisəli mənzilin qapısının bağlı olmasını iddiaçının hərəkəti və ya hərəkətsizliyi ilə əlaqələndirilməsi və MPM-nin 97.5-ci maddəsinə əsasən onun ekspertizanın keçirilməsinə mane olması kimi qiymətləndirmək düzgün hesab edilə bilməz.

37. Məhz bu səbəbdən kollegiya tərəfindən yenidən məhkəmə mühəndis-tikinti ekspertizası təyin edilərək keçirilmiş, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş 21 noyabr 2022-ci il tarixli, 10/4519 nömrəli rəylə müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən 103 saylı mənzilin su və kanalizasiya xətləri gizli şəkildə olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin 148 saylı MKİS-in əməkdaşları tərəfindən 25 mart 2020-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarını nəzərə alaraq, mübahisəli 103 saylı mənzilə 105 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. Həmçinin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 103 saylı mənzilə su sızması 105 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 105 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Baxış zamanı ünvan 2 ünvanından yerləşən 103 saylı mənzilin sakinlərinin və sığorta nümayəndəsinin dediklərinə görə, həmin 103 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurlar təmir olunaraq aradan qaldırılmışdır. Bu səbəbdən də dəymiş ziyanın dəyərini müəyyən etmək mümkün deyildir.

38. Göründüyü kimi, keçirilmiş ekspertiza rəyi ilə ünvan 2 ünvanından yerləşən 103 saylı mənzilə suyun həmin ünvanda yerləşən və cavabdehə məxsus olan 105 saylı mənzildən axıdılması müəyyən edilmişdir.

39. Bununla yanaşı, həmin mənzildə təmir işlərinin aparılması səbəbindən su axıdılması nəticəsində dəymiş zərərin məbləğinin ekspert tərəfindən müəyyən edilməsi mümkün olmamışdır.

40. Buna baxmayaraq, iş materialarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatından görünür ki, dəymiş zərərin məbləği 116,3 manat təşkil etmişdir.

41. Qeyd edilən qiymətləndirmə hesabatının məzmunundan görünür ki, həmin hesabat qiymətləndirmə sahəsində uzun illər təcrübəsi olan qiymətləndirici mütəxəssis tərəfindən su basmış mənzilə vizual baxış keçirilməklə tərtib edilmiş, tədqiqat aparılarkən müasir qiymətləndirmə metodikalarından istifadə edilmişdir.

42. Bu səbəbdən kollegiya həmin hesabatı su axıdılması nəticəsində dəymiş ziyanın məbləğini müəyyən edən mötəbər sübut kimi qiymətləndirir.

43. İş materiallarından həmçinin müəyyən edilir ki, sığortaçı "xxxx" ASC ilə sığortalı X4 arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq (əmlak 76% qismən sığorta olunmuşdur) sığortalıya 823 manat sığorta ödənişi edilmişdir.

44. Beləliklə, işin araşdırılan halları ilə sığorta hadisəsi (mənzili su basması) nəticəsində sığortalıya məxsus mənzilə ziyan dəyməsi, bu ziyanın hazırkı iş üzrə cavabdehə məxsus mənzildən su axıdılması nəticəsində baş verməsi, dəymiş ziyana görə sığortaçı tərəfindən sığortalıya 823 manat sığorta ödənişinin edilməsi müəyyən edilir.

45. Göründüyü kimi, sığorta ödənişini etməklə sığortaçının həmin ödəniş məbləğini subroasiya qaydasında tələb etmək hüququ yaranmış və sonuncu həmin hüququ hazırkı iş üzrə iddiaçı olan İddiaçı X8 ötürmüşdür.

46. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, İddiaçı X6 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi əsaslı olmuşdur. Lakin işə baxan birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, bununla da iddianın rədd edilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir.

47. Qeyd edilənlərə əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir.

48. Hazırkı iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-208/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı X6 Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası təmin edilsin. Ödənilmiş zərərin əvəzi qismində 823 (səkkiz yüz iyirmi üç) manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsi üçün 31 manat və apellyasiya şikayətinin verilməsi üçün 15 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı X8 ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar