Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-234/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(003)-966/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə; İddiaçı Cavabdeh qarşı “mənzilin bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3611/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı ilə Cavabdeh xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X10 anadan olmuşdur. İddiaçı ilə Cavabdeh birgə nikah dövründə xx.xx.2015-ci il tarixli mübahisəli evə dair bağışlanma müqaviləsi bağlanılmışdır. Həmin müqavilə ilə ünvan 1 ünvanında yerləşən ev cavabdehə bağışlanmışdır. Sonralar cavabdehlə iddiaçı arasında münasibətlər korlanmış, nikahlarına xitam verilmişdir. Tərəflər arasında olan nikah pozulduqdan sonra Hüseynov X3 Səbinə Natiq qızını uşaqları ilə birlikdə evdən çıxarmışdır. Hazırda iddiaçı mənzilə köçürülməsini, həmçinin mənzilə dair bağışlama müqaviləsinin ləğv edilməsin xahiş edir. Birinci iş üzrə icraat: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Elman Hüseynov küçəsi, 1- ci dalan, ev 4B üvanında yerləşən mənzilə köçürülmələrinə, onların həmin evdən istifadə etmələrinə cavabdeh və digər şəxslər tərəfindən yaradılan qanunsuz manelərin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələb onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil onun atası tərəfindən ona verilmişdir. Cavabdehlə o, ailə qurduqdan sonra onlar həmin evə köçmüşlər. Sonradan cavabdeh ona onun atasının adına olan evdə yaşaya bilməyəcəyini bildirmiş və evin cavabdehin adına keçirilməsini istəmişdir. Bununla əlaqədar olaraq ev bağışlama nəticəsində əvəzsiz qaydada Cavabdeh adına keçmişdir. Onların nikahları pozulduqdan sonra cavabdeh onu uşaqları ilə birlikdə evdən çıxarmışdır. Hazırda isə cavabdeh ona həmin evə daxil olmağa imkan vermir. Həmin ev onun atasının olmuşdur və həmin evi onun atası tikmişdir. Cavabdeh qanunsuz olaraq onu yaşadığı evdən məhrum etmək istəyir. Cavabdeh onun həmin evdən istifadə etməsinə süni maneələr yaradır. O, rəsmi nikaha daxil olduqdan sonra mübahisəli evdə uzun müddət həyat yoldaşı ilə bərabər təsərrüfat aparmışdır. Onların həmin nikahdan iki azyaşlı övladları var. Hazırda onun həyat yoldaşı ilə münasibətləri pisləşmiş və onların nikahları pozulmuşdur. Onun özünə məxsus olan daimi yaşayış yeri yoxdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(003)-966/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10 ilə birlikdə ünvan 1 nömrəli evə köçürülməsi, İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X7 ünvan 1 nömrəli evdən istifadə etmələrinə Cavabdeh və digər şəxslər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-16(003)-333/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ünvan 1 nömrəli evin üzərinə qoyulmuş həbsin qətnamənin icrasına qədər öz qüvvəsini saxlaması, qətnamə icra olunduqdan sonra ünvan 1 nömrəli evin üzərinə qoyulmuş həbsin götürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən daimi yaşayış üçün yararlı, ayrıca sahə olan mübahisəli ev yaşayış sahəsi sayılır və iddiaçının daimi (və ya daha çox) yaşadığı ev olaraq onun yaşayış yeridir, cavabdehin onun həmin ünvanda yaşamasına imkan verməməsi səbəbindən öz yaşayış yerini müəyyən müddətə tərk etməsi isə yaşayış yerini itirməsi üçün əsas deyil. İddiaçının başqa yaşayış yeri olmadığından, mübahisəli ev iddiaçının və uşaqların yaşayış yeri sayıldığından iddiaçı uşaqları ilə birgə həmin evə köçürülməli, onların həmin evdən istifadə etmələrinə cavabdeh və digər şəxslər tərəfindən yaradılan qanunsuz maneələr aradan qaldırılmalı, mülki iş üzrə tətbiq edilmiş müvəqqəti təminat tədbiri qətnamənin icrasına qədər öz qüvvəsini saxlamalı, qətnamənin icrasından sonra tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilməlidir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh hal- hazırda ünvan 2 ünvanında yerləşən mənzilin tam xüsusi mülkiyyət hüququ əsasında mülkiyyətçisidir. Bu barədə Cavabdeh Azərbaycan Respublikasının Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ciil tarixli, ********** qeydiyyat nömrəli, **********19-10301 reyestr nömrəli çıxarış verilmişdir. Mənzil İddiaçı ilə Cavabdeh birgə nikahı dövründə bağışlama müqaviləsi əsasında Cavabdeh adına keçirilmişdir. Belə olan halda iddiaçının mənzildə pay hüququ qalmır, belə bir hüquq yaranmır. Həmçinin, tərəflərin nikahı Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduğu dövrdən qanunun tələbinə əsasən iddiaçının mənzilə olan istifadə hüququna da xitam verilmişdir. Mənzil Məcəlləsinin tələblərinə görə yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri mülkiyyətçi ilə birlikdə yaşadığı halda həmin yaşayış sahəsinə istifadə hüquqları yaranır (Mənzil Məcəlləsi maddə 30.1). İşin hallarından aydındır ki, iddiaçı ilə cavabdeh arasında olan ailə münasibətlərinə Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Uşaqlar isə məhkəmə qətnaməsi əsasında anasının himayəsinə verilmişdir. Tərəflərin ailə münasibətlərinə xitam verildiyindən İddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ saxlanmır (Mənzil Məcəlləsi 30.4). Bundan əlavə mənzildən istifadə ilə bağlı onlar arasında hərhansı bir razılaşma mövcud deyildir. Məhkəmə qətnamə qəbul edərkən Mənzil Məcəlləsinin 30.4 və 30.1-ci maddələrinin tələbini pozmuşdur. İşə baxılarkən qüvvədə olan tərəflərin hazırki münasibətlərinə tətbiq edilməli Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbələri pozulduğundan məhkəmə qətnaməsi qanuni sayıla bilməz. Həmçinin işin faktiki halları baxımından mübahisəli yaşayış sahəsinə münasibətdə iddiaçının heç bir pay hüququ, istifadə hüququnun olmaması, cavabdehin isə xüsusi mülkiyyət hüququ mövcud olduğundan qətnamə əsaslı deyil. Məhkəmə MPM-nin 217 ci maddəsinin tələblərini pozub. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3819/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmışdır. İkinci iş üzrə icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən mənzilin xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10 doğulmuşdur. Tərəflərin ailə münasibətləri əvvəllər yaxşı olmasına baxmayaraq sonradan pisləşmiş və məhkəmənin xx.xx.2021-ci il qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Bundan başqa, ünvan 2 ünvanında yerləşən mənzil atası tərəfindən ona verilmiş və cavabdehlə ailə qurduqdan sonra həmin evə köçmüşlər. Vüqar isə bildirmişdir ki, o, arvadının adına olan evdə yaşaya bilməz, buna görə də evin onun adına keçirilməsini istəmişdir. Bundan sonra, ev xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi ilə əvəzsiz olaraq Vüqarın adına keçmişdir. Nikah pozulduqdan sonra Vüqar yenidən onu dağlıq evə qaçırmış və ailəsindən gizlətmişdir. Bakıya qayıtdıqdan sonra isə barışıb uzun müddət ailə kimi yaşamışlar. Sonradan münasibətləri yenidən pisləşmiş, ayrılmışlar və Vüqar onu evə buraxmamışdır, baxmayaraq ki, həmin evi Vüqara özü bağışlamışdır. Evi həyat yoldaşı olduğu üçün ona bağışlamışdır. Hazırda bu evdə cavabdeh yaşayır, halbuki həmin evdə onun cehizləri qalmaqdadır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3611/2024 nömrəli 15 oktyabr 2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə xx.xx.2015-ci il tarixli bağışlanma müqaviləsi ilə ünvan 2 ünvanında yerləşən ev cavabdehə bağışlanmışdır. Sonralar cavabdehlə iddiaçı arasında münasibətlər korlanmış, nikahlarına xitam verilmişdir. Həmçinin iddiaçı bağışlama müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə xx.xx.2024-cü il tarixdə, bağışlama müqaviləsi bağlandıqdan sonra daşınmaz əmlakın cavabdehin adına rəsmi qeydiyyata alındığı tarixdən, yəni xx.xx.2015-ci il tarixdən 9 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisə edilən mənzilin bağışlama müqaviləsinin ləğv edilməsi üçün heç bir əsas olmadığı üçün iddiaçının tələbi təmin edilə bilməz. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X8 ilə X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli bağlanmış fərdi evin ünvan 3 ünvanında yerləşən mənzili atası tərəfindən ona bağışlanmışdır. Həmin mənzili o, həyat yoldaşı Cavabdeh xx.xx.2015-ci il tarixdə bağışlamışdır. Sonradan da aralarında boşanma olmuş, boşanma olmasına baxmayaraq yenə də ər-arvad kimi bir yerdə yaşamış, 2023-cü ilin axırlarında isə keçmiş həyat yoldaşı onu yuxarıdakı mənzilə buraxmamışdır. Ona görə də X8 ilə bağışlama müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə onun məhkəmədə verdiyi ifadələrə düzgün qiymət verməmiş, bunun nəticəsində səhv nəticəyə gəlmiş, qanunsuz qətnamə çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6783/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdeh qarşı “mənzilin bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” 2(103)-3819/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Birləşdirilmiş işlər üzrə apellyasiya icraatı: Qeyd olunan mülki işlərin birləşdirilməsi barədə qərardad qəbul edildiyindən, Bakı Apellyasiya Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(103)-234/2025 saylı qərardadı ilə hazırki iş üzrə icraat təzələnmiş və baxılması üçün təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsivəkili tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdi. Məhkəmə kollegiyasının son iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnamələrinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2 və 666.3-cü maddələrinə uyğun olaraq, bağışlama müqaviləsinin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. 673.3-cü maddəsinə imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014 cü il tarixli Qərarı. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. . Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, birinci iş üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(003)-966/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(003)-966/2024 saylı qətnamə ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməli, ikinci iş üzrə isə İddiaçı Cavabdeh qarşı “mənzilin bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3611/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq ikinci iş üzrə verilən apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsini zəruri sayır. Belə ki, bu iddia və şikayət üzrə ilə müəyyən edilmiş hallar birinci iş üzrə verilən şikayətin dəlillərinə qiymət verilməsinə hüquqi təsiri vardır. İkinci iş üzrə iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəni məhkəmə onunla əsaslandırmışdır ki, iddiaçı bağışlama müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə xx.xx.2024-cü il tarixdə, bağışlama müqaviləsi bağlandıqdan sonra daşınmaz əmlakın cavabdehin adına rəsmi qeydiyyata alındığı tarixdən, yəni xx.xx.2015-ci il tarixdən 9 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisə edilən mənzilin bağışlama müqaviləsinin ləğv edilməsi üçün heç bir əsas olmadığı üçün iddiaçının tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası ikinci iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə maddi hüquq normalarının tələblərini pozmaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki , xx.xx.2021-ci il tarixli qətnamə ilə iddiaçı X8 ilə Cavabdeh arasında Bərdə rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 714 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X7 nikah pozulduqdan sonra anaları-X2 yanında saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçı X2 xeyrinə hər ay hər uşağa görə 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmçinin işdən görünür ki, X8 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ev cavabdehə hədiyyə verilmişdir. Buna qədər isə mübahisəli ev X8 ilə atası X12 arasında bağlanmış xx.xx.2014-cü il tarixli evə dair bağışlanma müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ev X5 hədiyyə verilmişdir. Tərəflərin işdə olan izahatlarından görünür ki, boşanma olmasına baxmayaraq yenə də ər-arvad kimi bir yerdə yaşamışlar, 2023-cü ilin axırlarında isə keçmiş həyat yoldaşı onu mübahisəli evə buraxmamışdır (i.v.146-147). İddiaçı 2023-cü ilin sentyabr ayında evdən çıxmış, xx.xx.2024-cü il tarixdə iddiaçı cavabdehə poçt vasitəsilə bildiriş göndərərək göstərmişdir ki, o evliliklə bağlı vədlərinə əməl etmədiyi üçün bağışlamanın şərtlərini pozduğu və ailə münasibətlərini dəyərdən saldığı üçün bağışlamadan imtina edir (i.v.157). Cavabdeh tərəf isə iddia ilə razılaşmasa da, konkret irəli sürülən bu dəlilləri heç bir formada təkzib etmədiyindən Məhkəmə kollegiyası işin bu hallarını mübahisəsiz hallar kimi qiymətləndirir. İş materiallarından da göründüyü kimi, mübahisəli ev iddiaçıya birgə nikah dövründə atası tərəfindən bağışlanmış və onun şəxsi mülkiyyətində olmuşdur. 1 il sonra isə iddiaçı həmin evi nikahda olduğu ərinə bağışlamış və nikahları xx.xx.2021-ci il tarixdə pozulmasına baxmayaraq faktiki olaraq 2022-ci il də daxil olmaqla birlikdə yaşamışlar. Sonradan iddiaçı evdən çıxmış və özünün bildirdiyinə görə cavabdeh onu qaçıraraq bir müddət ayrı ünvanda yaşadıqdan sonra yenidən mübahisəli ünvana qayıtmış və yaşamaqda davam etmişlər. Buna baxmayaraq ailə münasibətləri yenidən korlandığındın 2023-cü ilin sentyabr ayında evdən çıxmış, yenidən evə qayıtmaq istəyərkən isə cavabdeh onu evə buraxmamış, xx.xx.2023-cü ildə evə köçürmə iddiası ilə müraciət etmiş, 07 mart 2023-cü ildə qətnamə qəbul edilmiş, lakin cavabdeh xx.xx.2024-cü ildə apellyasiya şikayəti verdiyindən qətnamə qanuni qüvvəsini almamışdır. Sonradan isə iddiaçı xx.xx.2024-cü ildə cavabdehə onun evliliklə bağlı vədlərinə əməl etməməsi, bağışlmanın şərtlərini pozması, beləliklə də ailə münasibətlərini dəyərdən saldığı üçün bağışlamadan imtina etməsinə dair poçt vasitəsilə bildiriş göndərmiş, daha sonra isə məhkəməyə hazırki iddia ilə müraciət etmişdir (i.v.157). Hazırki iddia üzrə verilən etirazdan görünür ki, cavabdeh iddiaçı müqavilənin ləğv edilməsi barədə təklif göndərməmiş və iddia müddətinin keçməsinə əsaslanmışdır. Kollegiya qeyd edir ki, əvvəla işdə cavabdehə iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi barədə təklif göndərilməsini təsdiq edən poçt qəbzi mövcuddur (i.v.187). İkincisi də yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Başqa sözlə, tərəflərin arasında nikah pozulduqdan sonra ailə münasibətərinin fasilələrlə də olsa 2023-cü ilin sentyabr ayına kimi davam etmiş, buna baxmayaraq iddiaçı evə yenidən köçə bilmədiyi üçün məhkəməyə müraciət etmiş, lakin cavabdeh tərəfindən verilmiş şikayət əsasında qətnamə qüvvəsini almamış, bundan sonra iddiaçı cavabdehə bağışladığı əmlakla bağlı sonuncunun hərəkətlərini görərək ona əsaslandırılmış məzmunda bildiriş göndərmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən göndərilən qeyd edilən bildirişinin məzmunu ilə bağlı vurğulayır ki, həmin ev bağışlanmasa idi təbii cavabdeh iddiaçını onun öz mülkiyyətindən məhrum edə bilməzdi. Həm də ki, bu ev 2015-ci ilə kimi iddiaçının və onun atasının mülkiyyəti idi. Lakin iddiaçı 2015-ci ildə öz iradə ifadəsi ilə evi bağışlama yolu ilə cavabdehin adına rəsmiləşdirərkən niyyət heç də mülkiyyətindən imtina olmamış, bağışlama şərtli olmuşdur. Bu şərtlər özündə bildirişdən də göründüyü kimi, evliliklə bağlı verilmiş vədlərə əməl edilməsi, ailə münasibətlərini dəyərdən salmayaraq etibarlı ailə münasibətlərinin davamlı olmasını özündə ehtiva etmişdir. Həmçinin cavabdehin iddiaçının vaxtilə onun mülkiyyəti olmuş, hazırda isə məhz iddiaçının razılığı ilə cavabdehin mülkiyyətinə keçmiş evə sonuncu tərəfindən buraxılmaması buna bariz nümunədir və onun tərəfindən də hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiyanın 17-ci maddəsinin İ hissəsində ailənin cəmiyyətin əsas özəyi olduğu təsbit edilərək, onun dövlətin xüsusi himayəsində olduğu vurğulanmışdır. Bu səbəblə də etibarlı və sağlam ailə münasibətlərinin qorunması və gücləndirilməsi vəzifəsi Konstitusiya ilə dövlət üzərinə qoyulan pozitiv öhdəlikdir. Dövlətin daşıdığı bu vəzifə isə ailə dəyərlərinin pozuntulardan qorunmasını və buna yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsini labüd edir. Ailə anlayışı hüquqi bağlar və nəticələr yaradan, ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birliyi ifadə edir. Burada ailə dəyərləri dedikdə, qarşılıqlı qayğı, insanların mənsub olduqları ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətlərin qorunması nəzərdə tutulur. Ailə hüquq münasibətləri ailə qanunvericiliyinin predmeti olmaqla, məzmununu ailə üzvlərinin qarşılıqlı hüquq və öhdəlikləri təşkil edir və bu münasibətlər müəyyən hüquqi faktların baş verməsi ilə (nikaha daxil olma, doğulma və s.) yaranır. Ailə hüquq münasibətləri dedikdə, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində müəyyən edilən hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətləri başa düşülür. Ailə hüquq müstəvisində şəxsi qeyri-əmlak münasibətlərinə aşağıdakılar aiddir: - nikahın bağlanması və nikaha xitam verilməsi; - ailə həyatına aid məsələlərin həlli zamanı ər-arvad arasında yaranan münasibətlər; - nikah bağlanarkən və nikah pozulduqdan sonra soyadı seçimi; - uşaqların tərbiyəsi və təhsili zamanı valideyn və uşaqların münasibətləri və s. Əmlak münasibətlərinə isə ər-arvadın, keçmiş ər-arvadın, valideynlərin və uşaqların aliment öhdəlikləri, onların birgə və şəxsi əmlaka dair münasibətləri və s. aiddir. Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailənin ümumbəşəri prinsiplər əsasında qurulması, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi və s. Ailə Məcəlləsinin vəzifələri kimi müəyyən olunmuşdur (Ailə Məcəlləsinin 3-cü maddəsi). Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olubolmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir”. Bununla əlaqədar olaraq Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ər-arvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır ( 5.6-cı bənd) Ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. (5.7-ci bənd) Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəasının tələbləri pozulduğundan və cavabdehin də bağışlamadan sonrakı dövrlərdə iddiaçıya münasibətdə hərəkətləri (xüsusən nikahın pozulmasından sonrakı) qiymətləndirmə tələb edən əlamətlər olmaqla araşdırma zamanı təsdiqləndiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, hazırda mübahisələndirilən bağışlama müqaviləsindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri icra etməmiş, iddiaçının razılığı ilə adına mülkiyyət kimi rəsmiləşdirilmiş evə əvvəlki mülkiyyətçisi olmuş iddiaçını uşaqları ilə birlikdə evdən istifadəsinə maneələr yaratmış və yaratmaqdadır. Bu onun iddiaçının ona qarşı qaldırdığı hər iki iddia üzrə mövqeyindən də aydın görünür. Lakin müqavilənin ləğvinə dair iddia tələbi ilə bağlı kollegiya qeyd etmək istəyir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Həmçinin də, məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. İddiaçı tələbində bağışlama müqaviləsinin ləğv edilməsini qoysa da, işdən görünür ki, faktiki olaraq tələbinin maddi əsası kimi istinad etdiyi normalar bağışlamanın imtinası ilə bağlıdır. Buna görə də kollegiya hesab edir ki, tələb ünvan 1 ünvanında yerləşən evin xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin ləğvinin əsası kimi bağışlamadan imtina kimi qiymətləndirilməlidir. Həmçinin kollegiya qeyd edir ki, işin araşdırılmış halları iddiaçı tərəfindən Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi halına da yol verilməməsi qənaətinə gəlməyə tam əsas verir. Göründüyü kimi, iddia tələbinin dəlilləri əsaslı olsa da birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş üzrə düzgün qətnamə qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmişdir. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmamaqla iş materialları ilə təsdiq olunur. Həmin dəlillər əsaslı olmaqla birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olmaqla təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3611/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməklə İddiaçı Cavabdeh qarşı “mənzilin bağışlanması müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməli, həmin müqavilə üzrə bağışlamadan imtina qəbul edilməklə müqavilə ləğv edilməlidir. Birinci işə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçının başqa yaşayış yeri olmadığından, mübahisəli ev iddiaçının və uşaqların yaşayış yeri sayıldığından iddiaçı uşaqları ilə birgə həmin evə köçürülməli, onların həmin evdən istifadə etmələrinə cavabdeh və digər şəxslər tərəfindən yaradılan qanunsuz maneələr aradan qaldırılmalıdır, Şikayətin dəlillərinə əsasən isə nikah pozulduğu dövrdən qanunun tələbinə əsasən iddiaçının mənzilə olan istifadə hüququna da xitam və uşaqlar məhkəmə qətnaməsi əsasında anasının himayəsinə verildiyindən, bir sözlə işə baxılarkən tərəflərin hazırki münasibətlərinə tətbiq edilməli Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbələri pozulduğundan məhkəmə qətnaməsi qanuni sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan əsaslandırması ilə razılaşmasa da, şikayətin dəlillərini də qəbul etmir. Belə ki, kollegiya hesab edir ki, əslində məhkəmə vaxt rejimində həmin iddiaya baxarkən mülkiyyətçi olmuş cavabdehlə ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq iddiaçının evə köçürülməsi barədə qənaətə düzgün olaraq gəlsə də, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbələri baxımından keçmiş ailə üzvü kimi iddiaçının göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanıla bilməsini müzakirə etməli olduğu halda bunu etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iş üzrə qətnamə qəbul edilərkən düzgün nəticəyə gəlinsə də, maddi hüquq normasının tələbinə düzgün əməl edilmədiyindən qətnamə qanuni sayıla bilməz. Buna görə də Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(003)-966/2024 saylı qətnaməsindən (birinci iş üzrə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməklə İddiaçı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016cı il təvəllüdlü X10 ilə birlikdə ünvan 1 nömrəli evə köçürülməsi, İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X7 ünvan 1 nömrəli evdən istifadə etmələrinə Cavabdeh və digər şəxslər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilməlidir. Həmçinin, İddiaçı Cavabdeh qarşı “mənzilin bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3611/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən (ikinci iş üzrə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları həmin məbləği ödəmiş şəxslərin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh (birinci iş üzrə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(003)-966/2024 saylı qətnaməsi (birinci iş üzrə) ləğv edilsin. Həmin iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10 ilə birlikdə ünvan 1 nömrəli evə köçürülsün, İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X7 ünvan 1 nömrəli evdən istifadə etmələrinə Cavabdeh və digər şəxslər tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. İddiaçı (ikinci iş üzrə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3611/2024 nömrəli 15 oktyabr 2024cü il tarixli qətnaməsi ləğv edilsin. Həmin iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı X8 ilə cavabdeh X12 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən evin xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi bağışlamadan imtina qəbul edilməklə ləğv edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları həmin məbləği ödəmiş şəxslərin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə