Məhkəmə qərarları › İş №2(103)-2341/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2341/2021

16.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2341/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə Cavabdeh1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı pul tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(005)-1862/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq alqı-satqısı üçün ödədiyi 14500 manat məbləğində pulun, habelə həmin torpaq sahəsi üzərində çəkdirdiyi hasar üçün xərclədiyi 2500 manat məbləğində pulun və iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun, ümumilikdə 17030 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinin 02 iyul 2003-cü il tarixli 584 saylı qərarına əsasən X2 ayrılmış 600 m² torpaq sahəsinin 300 m2 hissəsini Bakı şəhəri 26 saylı notariat kontorunda təsdiq olunmuş 29 iyun 2018-ci il tarixli etibarnamə əsasında alaraq Cəmilə İsmayılovanın əri Cavabdeh1 14500 manat məbləğində pul ödəmiş, bundan sonra həmin torpağa 2500 manat məbləğində pul xərcləyərək həmin torpaq sahəsinin sərhədlərini digər həyətyanı sahələrdən ayırmaq üçün daş hasar çəkdirmişdir. Sonradan həmin torpaq sahəsində ev tikmək istəyərkən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin içşiləri həmin əraziyə gələrək torpaq sahəsinin neft şirkətinə aid olduğunu və həmin ərazidə heç bir tikinti apara bilməyəcəyini ona bildirmişlər. Bu barədə torpaq sahəsinin faktiki sahibi olduğu bildirilən Cavabdeh2 müraciət etsə də, nəticəsi olmamışdır. Cavabdeh2 İddiaçı qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı mənəvi zərərin əvəzi kimi 100000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Cavabdeh2 dövlət qulluqçusu olmaqla İddiaçı ona qarşı əsassız olaraq məhkəmədə iddia qaldırması onun işgüzar nüfuzuna xələl gətirir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(005)- 1862/2020 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilk iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə ilk iddianın təmin olunmayan hissəsində mübahisələndirilmişdir. Məhkəmə kollegiyasının iclasında ilk İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(005)- 1862/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və ilk iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinin 02 iyul 2003-cü il tarixli 584 nömrəli qərarına əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi Bələdiyyəsi ərazisindən 600 m² boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X2 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. X3 tərəfindən Bakı şəhəri 26 saylı notariat kontorunda verilmiş 29 iyun 2018-ci il tarixli ərizənin surətindən görünür ki, o həmin torpaq sahəsindən 300 m² torpaq sahəsinin İddiaçı adına keçirilməsinə etiraz etmir. Bakı şəhəri 26 saylı notariat kontorunda təsdiq olunmuş 29 iyun 2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin 02 iyul 2003-cü il tarixli 584 saylı qərarına əsasən ona ayrılmış 600 m² torpaq sahəsindən 300 m² torpaq sahəsinə dair sərəncam vermək, sənədləşdirmə işləri aparmaq, onu təmsil etmək və sair geniş səlahiyyətləri İddiaçı vermişdir. Cavabdeh1 tərəfindən Bakı şəhəri 26 saylı notariat kontorunda verilmiş 01 iyun 2018-ci il tarixli ərizənin surətindən görünür ki, o, arvadı X2 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi ərazi hüdudları daxilində fərdi evin tikintisi üçün ayrılmış 600 m² torpaq sahəsindən 300 m² torpaq sahəsinin özəlləşdirilməsinə və satılmasına etiraz etmir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən İddiaçı ünvanlanmış 19 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı qeyd etdiyi torpaq sahəsi “X5” şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış torpaq sahəsini etibarnamə ilə İddiaçı sataraq 12500 manat məbləğində pul əldə etmiş, sonralar aradan qalxmış əsasa söykənərək İddiaçı hesabına əsassız varlanmışdır. Buna görə də o əldə etdiyi 12500 manat pulu İddiaçı tələbi ilə ona qaytarmalıdır. İddia ərizəsindən, İddiaçı izahatından və iş materiallarından görünür ki, o, torpağın alqı-satqısına görə pulu Cavabdeh1 ödəmişdir. Buna görə də ilk iddia tələbi yalnız ona qarşı hissədə təmin olunmalıdır. İddiaçı torpağın alqı-satqısına görə Cavabdeh1 14500 manat məbləğində pul ödədiyini bildirsə də, sonuncu həmin torpağa görə İddiaçı 12500 manat məbləğində pul aldığını, qalan 2000 manat pulu İddiaçı maklerə verdiyini ehtimal etdiyini bildirmişdir. İddiaçı Cavabdeh1 14500 manat məbləğində pul verməsi sübut olunmadığına görə, Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı olan pulun məbləği onun etiraf etdiyi məbləğdə, yəni 12500 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, smeta üzrə aparılmış hesablamalar nəticəsində Bakı şəhəri Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsinə çəkilmiş hasarın yenidən bərpası üçün yerinə yetirilməli işlərin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 771,7 manat məbləğində olduğu müəyyən edildi. Buna görə də həmin torpaq sahəsində daş hasarın inşa olunmasına çəkilmiş xərcin əvəzi kimi 771,7 manat pul Cavabdeh1 tutulub İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir, bu isə Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, ilk iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 13271,7 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İlk iddia qalan hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 119.6, 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(005)- 1862/2020 saylı qətnaməsi qismən, yəni ilk iddianın rədd edilməsinə dair hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh2, Cavabdeh1 və X2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 13271,7 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə rədd edilsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat pul Cavabdeh1 tutulub İddiaçı ödənilsin. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xərci qismində 50 manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar