Məhkəmə qərarları › İş №2(103)-2342/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2342/2023

03.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2342/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X12” X5rşı iddia tələbi ilə əlaqədar iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: işə bərpa tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “X12” X10 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “X12” X5rşı işə bərpa tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4858/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, 03 may 2023-cü il tarixində açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin halları ondan ibarətdir ki, İddiaçı Cavabdehn onun işdən azad edilməsi ilə bağlı əmrini əsassız hesab edir və işə bərpa edilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tutduğu vəzifəyə (işə) bərpa olunması, xx.xx.2022-ci il tarixli, 1229 saylı əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, mənəvi ziyana görə 7000 (yeddi min) manatın cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə işlədiyi cavabdeh orqan “1 saylı X11” (bundan sonra 1 saylı KTM) Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsaslanaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfə əmək müqaviləsinin ləğv edilməsinə dair 1229 saylı xx.xx.2022-ci il tarixli əmr xx.xx.2022-ci il tarixdə iddiaçının vəkil sorğusu əsasında təqdim edilmişdir. İddiaçı 1995-ci ildən 2022-ci ilədək “1 saylı KTM”də (əvvəlki adı 1N-li Şəhər Klinik Xəstəxanası) müxtəlif şöbələrində tibb bacısı vəzifəsində çalışmış, işlədiyi dövr ərzində tutduğu vəzifədə heç bir intizam pozuntusuna yol verməmişdir. xx.xx.2022-ci il tarixdə əsassız səbəblərlə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12-ci maddəsinin 1-ci bəndinin «a» və «b» yarımbəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməletmək, bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqiaktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir; 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-cimaddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafıq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. İddiaçının işdən azad edilməsi barədə xx.xx.2022-ci il tarixdə, iddiaçı hansı əsasla, hansı hərəkətlərə görə əmək funksiyası və əmək öhdəliklərini pozmasını göstərməmişdir. İddiaçı uzun müddət qüsursuz fəaliyyət göstərmiş və yalnız cavabdeh orqanın rəhbərliyinin şəxsi motivlərinə əsasən qərəzli münasibətinə görə işdən azad edilmişdir. Hesab edilir ki, işəgötürəncavabdeh əmək qanunvericiliyinin tələblərini pozaraq, iddiaçı ilə əmək münasibətlərinə xitam verdiyindən 1229 saylı, xx.xx.2022-ci il tarixli Əmr etibarsız hesab olunmalı, ləğv edilməli, iddiaçı işə bərpa olunmalı, məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq iddiaçıya verilməklə yanaşı həm də, mənəvi zərərə görə kompensasiya almalıdır. Belə ki, iddiaçının qanunsuz və əsassız işdən azad olunması, eləcə də ən ağır əsasla işdən azad olunması ilə iddiaçının qanunla qorunan hüquqlarının pozulması, iddiaçıya həm də mənəvi sarsıntılar vermişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 4858/2022 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi təmin edilməmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri:

5. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

6. Apelyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış, eyni zamanda qeyd edilmişdir ki, iş materiallarına cavabdeh tərəfindən onun işdən azad olunması ilə bağlı xx.xx.2022-ci il tarixli, 1229 saylı əmr 2 fərqli məzmunda təqdim edilmişdir. Onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilsə də, bütün sənədlərdə onun guya ixtisasını bilməməsi səbəbi qeyd edilmişdir ki, bu 70-ci maddənin “ç” bəndinin normalarına uyğun düzgün əsaslandırılmamışdır. Bundan başqa, onun öz ixtisas biliklərinə cavab verməsinin yoxlanması və qiymətləndirilməsi işəgötürənin səlahiyyətləri xaricindədir. Belə ki, ixtisasla bağlı ona Səhiyyə Nazirliyi tərəfindən müvafiq Sertifikasiya Şəhadətnaməsi verilmişdir. Eləcə də iddianın rədd olunmasının əsası kimi məhkəmənin Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndi ilə müəyyən olunmuş 1 aylıq müddətin ötürülməsi ilə bağlı gəldiyi nəticə də əsassızdır. Belə ki, əmək münasibətlərində 1 aylıq tələb müddətinin tətbiq edilməsi ilə yanaşı, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndi bu 1 aylıq müddətin başlanmasının, axımının vaxtını da müəyyən etmişdir. Bu baxımdan qanunvericilik, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi günü müəyyən etmişdir. Belə ki, iddiaçı tərəfə mübahisələndirilən əmr yalnız xx.xx.2022-ci il tarixli cavabdeh tərəfin məktubu ilə təqdim edilmiş, əmək kitabçası isə işəgötürəndə qalmış, hətta həmin əmək kitabçasının surətini cavabdeh tərəf prokurorluğa təqdim etmiş, bu hal xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması qərarında da qeyd edilmişdir. Bundan başqa, əmək kitabçasının guya götürülməsi ilə bağlı isə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli AKT tərtib edilmiş və orada da ziddiyyətli məqam qeyd edilmişdir, həm yazılmışdır ki, İddiaçı əmək kitabçasını cırdı, həm də yazılmışdır ki, əmək kitabçasını götürüb getdi. Eyni zamanda isə 1 gün sonra qəbul edilən xx.xx.2022-ci il tarixli Qərardan isə gərünür ki, cavabdeh tərəf əmək kitabçasının surətini prokurorluq orqanına təqdim etmişdir. Buna görə də, tələbetmə müddəti əmrin iddiaçı tərəfə təqdim edildiyi xx.xx.2022-ci il tarixdən başlayır. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:

8. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

9. Məhkəmə iclasında iştirak edən cavabdeh “X12” X10 nümayəndəsi X2 apelyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

12. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi:

13. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

14. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

15. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

16. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

17. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

18. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

19. Maddə 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

20. Maddə 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

21. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

22. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

23. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

24. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin olunmayan işə bərpa, xx.xx.2022-ci il tarixli, 1229 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə iddia tələbi təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsinin əsaslarından biri kimi qeyd etmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən azad olunması barədə xx.xx.2022-ci il tarixli 1229 saylı əmrin verilməsində hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir.

30. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə əsassız olmaqla, əmək qanunvericiliyinin müddəalarına ziddir. Belə ki, iş materiallarına cavabdeh tərəfindən əlavə edilən əmrdə iddiaçı ilə əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsi qeyd edilsə də, Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozularaq, xitam verilmə əsası qeyd edilməmişdir. Bundan başqa, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə zidd olaraq isə, cavabdeh bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda, əmrdə zəruriliyin nədən ibarət olması ümumiyyətlə qeyd edilməmişdir.

31. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

32. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi belə halların sırasında göstərilmişdir. 33.Qanunvericiliyin tələblərindən göründüyü kimi işçinin yol verdiyi pozuntuların onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsinə əsas təşkil etməsi üçün, pozuntu(lar) nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.

34. Kollegiya hesab edir ki, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi yerdə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir.

35. Kollegiya həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə xarakterinə adekvat olmamışdır.

36. Kollegiya qeyd edir ki, cavabdeh qurum əmrdə iddiaçıya istinadən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə ifadəsini qeyd etməklə kifayətlənmişdir. Halbuki, bu müddəanın tətbiqi ilə əmək müqaviləsinə xitam verilərkən əmrin zəruriliyini əsaslandırmalı olduğu halda əsaslandırmamış, əmrdə zəruriliyin nədən ibarət olması ümumiyyətlə qeyd edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, qeyd edilən əsasla iddiaçının işdən çıxarılması barədə əmr qanuni və əsaslı olmamışdır. 37.Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işdən çıxarıldığı gündən bir gün öncəyədək, yəni xx.xx.2022-ci il tarixədək praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq (tibb bacısı) hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi qüvvədə olmuşdur. Yəni ona ixisası üzrə praktiki fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Bu halda görünən odur ki, iddiaçı işdən çıxarılmamışdan bir gün əvvələdək qeyd edilən fəaliyyətin həyata keçirməsi üçün qənaətbəxş və qanuni əsasları olmuşdur. Cavabdeh qurum tərəfindən cavabdehlə bağlı tərtib edilmiş aktlarda tibb bacısının vəzifə öhdəliyini yerinə yetirə bilməməsini, təlimatı oxuya bilməməsi, tələbnaməni yanlış doldurulmasını, tibbi avadanlıqlardan istifadə edə bilməməsi göstərilmişdir. Bu hal belə mübahisələndirilən əmrin qanunvericiliyin tələblərinə uyğun olmasını özündə ehtiva etmir. Bununla yanaşı göstərilən hallar əmək qanunvericiliyinə əsasən (70-ci maddə c bəndi) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilər.

38. Bu halda isə vurğulanan müddəanın qeyd hissəsində göstərildiyi kimi, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olmasının müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməli və müvafiq qərar qəbul edilməldir. Hazırki halda isə cavabdeh qurum tərəfindən işçinin əmək müqaviləsinə xitam barədə əmrini verərkən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə kimi əsaslandırılmamış qeyd aparılmışdır.

39. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş və məhkəməyə təqdim edilən aktların məzmunundan görünür ki, həmin aktlar İddiaçı tərəfindən hər hansı vəzifə öhdəliklərinin pozulması ilə bağlı deyil, İddiaçı ixtisas və peşəkarlıq səviyyəsini yoxlamaq məqsədilə tərtib edilmişdir. Hansı ki, iddiaçının öz ixtisas biliklərinə cavab verməsinin yoxlanması və qiymətləndirilməsi işəgötürənin səlahiyyətləri xaricindədir. Eyni zamanda iş materiallarına əlavə edilən, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən” Sertifikasiya Şəhadətnaməsindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona tibb bacısı ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq hüququ verilmişdir.

40. Bundan başqa, cavabdeh tərəfindən iş materiallarına surəti əlavə edilmiş əmək kitabçasında isə, əmək müaviləsinə xitam verilməsi əsası, iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə əmək müqaviləsinə xitam verilməsi, əmək funksiyasını və əmək müqaviləsi üzrə vəzifə öhdəliyini yerinə yetirmədiyi göstərilmişdir. Bu isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” deyil “c” bəndidir.

41. Kollegiya eləcə də qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasında iddiaçının əmək müqaviləsinə xitam verilməsinin eyni anda iki əsası qeyd edilmişdir: peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmaması və vəzifə öhdəliklərini yerinə yetirməməsi. Göründüyü kimi bu halda da Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərinə də riayət edilməmişdir.

42. Bundan başqa, kollegiya qeyd edir ki, 186-cı maddəsinə əsasən işçi ilə əmək müqaviləsinə 70 maddənin ç bəndi ilə xitam vermək intizam tənbehlərindən biridir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndi isə intizam tənbehinin tətbiq edilməsi üçün intizamvə ya icra pozuntusunun aşkar edildiyi gündən konkret olaraq 1 ay müddət müəyyən edir. Yəni 1 aydan sonra işçinin intizam tənbehinə məruz qala bilməz. Belə olan halda, iş materiallarına əlavəedilən HİK üzvü olan İddiaçı vəzifə öhdəliklərini yerinə yetirməməsiilə bağlı cavabdeh xx.xx.2022-ci il tarixli təqdimat ilə HİK-na müraciət edir. Həmin təqdimatda isə İddiaçı pozuntularının 15 aprel və 19 mat 2022 tarixlərində aşkar edildiyi, həmin tarixlərdə bu pozuntunu 2 ədəd AKT ilə rəsmiləşdirdiyi qeyd edilir və hətta bu əsaslandırmanı təsdiq edən aktları da təqdimata əlavə edilir. Təqdimat 31 may 2022ciiltarixdə HİKə təqdim edilməsinə baxmayaraq, HİK tərəfindən ƏM-nin 80-ci maddəsinin 2-ci bəndinə zidd olaraq 10 gün müddətində deyil, 30 gündən sonra qanunun tələblərinə zidd olanHİK-ın yazılı razılığı xx.xx.2022-ci ildə verilmişdir. Bundan sonra isə iddiaçı barəsində onun əmək müqaviləsinə 70 mad “ç” bəndi ilə xitam verilməsinə dair intizam tənbehi xx.xx.2022-ci il tarixdə 1229 saylı əmrlə tətbiq edilmişdir. Beləliklə, cavabdehin məhkəməyə təqdim etdiyi 31 may 2022-ci il tarixli Təqdimatdan da görünür ki, cavabdeh qurumun əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab aktlar (orada göstərilə nöqsanlar) 15 aprel və 19 may 2022-də olmuşdur, bu halda isə iddiaçı ən geci 19 iyun 2022- il tarixinə qədər intizam tənbehinə məruz qala bilərdi. Ən gec halda isə təqdimat 31 may 2022-il tarixlidir və bu haldaisə yenə dəən geci 31 iyun 2022-ci il tarixə qədər intizam tənbehi tətbiq edilə bilərdi. Lakin intizam tənbehi xx.xx.2022-ci il tarixdə Əmək Müqaviləsinin ilə müəyyən edilmiş 80-ci maddənin və 187-ci maddənin tələblərinə riayət edilməməklə tətbiq edilmişdir.

43. Əmək Məcəlləsinin tələblərinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

44. Birinci instansiya məhkəməsi iddianın rədd olunmasının ikinci əsası kimi Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndi ilə müəyyən olunmuş 1 ay müddətinin ötürülməsini qeyd etmiş, lakin bu halda həmin maddənin 3-cü bəndinin tələblərini nəzərə almamışdır.

45. Belə ki, əmək münasibətlərində 1 aylıq tələb müddətinin tətbiq edilməsi ilə yanaşı, 296-cı maddənin 3-cü bəndi bu 1 aylıq müddətin başlanmasının, axımının vaxtını da müəyyən etmişdir. Bu baxımdan qanunvericilik hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin,çekinin) verildiyi günü müəyyən etmişdir. Belə ki, iddiaçı tərəfə mübahisələndirilən əmr yalnız xx.xx.2022-ci il tarixli cavabdeh tərəfin məktubu ilə təqdim edilmiş, əmək kitabçası isə işəgötürəndə qalmış, hətta həmin əmək kitabçasının surətini cavabdeh tərəf prokurorluğa təqdim etmiş, bu hal xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması qərarında da qeyd edilmişdir.

46. Bundan başqa, iş materiallarından görünür ki, əmək kitabçasının iddiaçı tərəfindən götürülməsi ilə bağlı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və orada da ziddiyyətli məqamlar qeyd edilmişdir. Belə ki, aktın məzmununa nəzər saldıqda görünür ki, aktda həm iddiaçının əmək kitabçasını cırdığı, həm də əmək kitabçasını götürüb getdiyi qeyd edilmişdir. Hansı ki, eyni zamanda iş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan da görünür ki, cavabdeh tərəfindən əmək kitabçasının surəti prokurorluq orqanına təqdim edilmişdir.

47. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, tələbetmə müddəti əmrin iddiaçı tərəfə təqdim edildiyi xx.xx.2022-ci il tarixdən başlayır. Belə ki, hüquqi müəyyənlik prinsipinə də uyğun olaraq, əmək müqaviləsinə xitam verilməsinə dair əmr iddiaçı tərəfdə mövcud olmadığı halda iddianın əsaslandırılması, həmçinin əmək münasibətlərində heç bir yazılı sənədləşmələrə birbaşa əlçatımlığı olmayan, (əmək münasibətlərində) zəif bənd olan işçinin məhkəmədə hüququnun müdafiəsinin keyfiyyətli təmin olunması üçün yazılı sənədlərə, xüsusi ilə əmək müqaviləsinə xitam verilməsinə dair Əmrin (qərarın) əldə olunduqdan sonra məhkəməyə müraciət edilməsi qanunun zərurətidir.

48. Əmək Məcəlləsinin tələblərinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

49. Kollegiya iddia tələbinin “7.000 manat mənəvi zərərin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiqini tapmır, bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlinmişdir.

50. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə işin qeyd edilən hallarına qiymət vermədən, lazımi qaydada araşdırma aparmadan, iddianın tam rədd edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Bununlda kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin olunmayan işə bərpa, xx.xx.2022-ci il tarixli, 1229 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə iddia tələbi təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə kollegiyası qeyd olunan işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.

52. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4858/2022 saylı qətnaməsi qismən - işə bərpa, xx.xx.2022-ci il tarixli, 1229 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. Həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdehn İddiaçı işdən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli, 1229 saylı əmri ləğv edilsin və o, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh İİİ Anesteziologiya, reanimasıya və intensiv terapiya şöbəsinin (KTM doğum) tibb bacısı vəzifəsinə bərpa edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar