Məhkəmə qərarları › İş №2(103)-2342/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2342/2025

29.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2342/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər:əmrin ləğv, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, müddətli əmək müqaviləsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin direktoru X4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-205/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə X6 arasında bağlanmış əmək müqaviləsinə əsasən X6 ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul edilir. Müqavilə xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək 4 il 11 ay 17 gün müddətinə bağlanmışdır.

2. "xxxx" MMC-nin 69 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən “Bakı Avropa Liseyi MMC” bölməsində “ibtidai sinif müəllimi” vəzifəsində işləyən X7 ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2. “b” - əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən xx.xx.2024-cü tarixindən xitam verilir.

3. Əmək müqaviləsinə xitam verilməsi barədə İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli Xəbərdarlıqdan görünür ki, onunla "xxxx" MMC arasında bağlanılan əmək müqaviləsinə müddətin bitməsi əsası ilə (Əmək Məcəlləsinin 68.2-ci maddəsi) xx.xx.2024cü il tarixində xitam veriləcəkdir. Xitam nəticəsində onunla son haqq-hesab qanunvericiliyə uyğun şəkildə hesablanaraq ödəniləcəkdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 69 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı cavabdehdə “ibtidai sinif müəllimi” vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı, cavabdehin əmək müqaviləsinə qanunsuz olaraq xitam verməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə imzalanmış əmək müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 69 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. İddiaçı əmək müqaviləsinin xitamı barədə əmrin surəti elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərilsə də, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin tələbi pozulmaqla işçi bu barədə elektron poçt və SMS vasitəsilə məlumatlandırılmamışdır. Həmçinin iddiaçı təhsilverənlərin 2023-2028-ci illər üzrə sertifikatlaşdırma prosesindən uğurla keçmişdir. Yəni onun tutduğu vəzifəyə uyğunluğu Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir. İddiaçı işdən qanunsuz olaraq azad edildiyinə görə mediasiya təklifini cavabdehə xx.xx.2024-cü il tarixdə göndərsə də, cavabdeh təklifə münasibət bildirməmişdir. İlkin mediasiya sessiyasında iştirak üçün ərizə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı 1 saylı Mediasiya Təşkilatına göndərilmişdir. xx.xx.2024-cü il tarixdə mediator tərəfindən mediasiya barədə cavabdehə bildiriş göndərilsə də, mediasiya sessiyası baş tutmamış və xx.xx.2024-cü il tarixdə MŞB/1/2024- 00492 nömrəli mediasiya arayışı təqdim edilmişdir.İddiaçı AZ-İİ No 598507 nömrəli, xx.xx.2023-cü il tarixli şəhadətnamə əsasında nikaha daxil olmuş və soyadı “Əkbərova”dan “Şərifova”ya dəyişdirilmişdir. Lakin ƏMAS sistemində müvafiq inteqrasiya təmin edilmədiyi üçün ƏMAS-da onun soyadı dəyişilik olmadan saxlanmışdır. İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə müddətli olmaqla Əmək Məcəlləsinin 47-ci maddəsinin “ğ” bəndinə istinadən bağlanmışdır. Göründüyü kimi, cavabdeh bu zaman tərəflərin iradə ifadəsinə, yəni 47-ci maddənin “f” bəndinə deyil, “ğ” bəndinə, yəni qanunvericilikdə nəzərdə tutulan hansısa hala istinad etmişdir. Lakin həmin hslın nədən ibarət olması aydın deyildir. Beləliklə əmək müqaviləsi faktiki olaraq müddətsiz xarakter daşıyan işin yerinə yetirilməsi ilə bağlı olmuşdur. Cavabdeh isə əmək müqaviləsində müqavilənin müddətsiz bağlanmasına əsas olan halı dəqiq müəyyən etməmişdir.Məlum olduğu kimi, Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Cavabdeh iddiaçının əmək müqaviləsinin müddətsiz hesab edilməsinə cəmi 15 gün qalmış sonuncunu Əmək Məcəlləsinin 45.5-ci maddəsi ilə müəyyən edilmiş müddətsiz əmək müqaviləsi kimi hüquqi təminatdan, habelə onun xx.xx.2023-cü il tarixə nikaha daxil olması ilə əlaqədar gələcəkdə sosial məzuniyyət imkanlarının yaranmasını ehtimal etdiyi üçün həmin hüquqi təminatlardan məhrum etmək məqsədilə, Əmək Məcəlləsinin 73.1, 45.4-cü, 45.5-ci maddələrinin və 47-ci maddəsinin “ğ” bəndinin tələblərini pozmaqla əmək müqaviləsinə xitam vermiş, beləliklə iddiaçının konstitusion hüququnu kobud şəkildə pozmuşdur.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-205/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" MMC-nin 69 saylı, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-bölməsində “ibtidai sinif müəllimi” vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə ona əmək haqqı ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 60 (altmış) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə imzalanmış əmək müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 69 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsinin xitamı barədə əmrin surəti elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərilsə də, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin tələbi pozulmaqla işçi bu barədə elektron poçt və SMS vasitəsilə məlumatlandırılmamışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən edilmişdir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq cavabdeh müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə iddiaçıya 1 həftə əvvəldən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq göndərməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xəbərdarlığın göndərilməsi barədə poçt qəbzindən görünür ki, poçt qəbzi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na uyğun tərtib edilməmişdir. Belə ki, poçt qəbzində “qapı bağlıdır’’ qeydi yazılsa da, poçt göndərişini çatdıran kuryer tərəfindən bu hal təsdiq edilməmiş və imzalanmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh "xxxx" MMC tərəfındən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin tələbləri pozularaq, iddiaçıya müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə 1 həftə əvvəldən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq göndərmədiyindən, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi açıq-aşkar qanunsuz və əsassız olmuşdur. Əmək müqaviləsinin ləğv edilməsinin əsaslılığını təsdiq edən sübutların olmaması, onun ləğv edilməsi zamanı əmək qanunvericiliyinin pozulmasını təsdiq edir. Deməli, cavabdehin göstərilən hərəkətləri qanunsuzdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının işdən azad edilməsi əmək qanunvericiliyinin kobud pozulması nəticəsində baş vermişdir, ona görə də, iddia tələbi qismən təmin edilməli, iddiaçı əvvəlki işinə bərpa olunmalı, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı; Əmək Məcəlləsinin 11-ci maddəsinin "b" bəndi, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 73-cü maddəsinin 1-ci hissəsi, 296.-cı maddəsinin 3-cü hissəsi, 300-cü maddəsinin 1-ci hissəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh "xxxx" MMC ilə iddiaçı X6 arasında xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlanmış, iddiaçı xx.xx.2024-cü il tarixinədək ibtidai sinif müəllimi vəzifəsi üzrə işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçıya xəbərdarlıq göndərilmiş və onunla cavabdeh arasında bağlanılan əmək müqaviləsinə müddətin bitməsi əsası ilə (Əmək Məcəlləsi, maddə 68.2 (b)) xitam veriləcəyi qeyd edilmişdir. İddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “b” - əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən, xx.xx.2024-cü il tarixli, 69 nömrəli əmrlə xitam verilmişdir. Xitam nəticəsində iddiaçıya son haqq-hesab qanunvericiliyə uyğun şəkildə hesablanaraq ödənilmişdir. Cavabdehin qanuna uyğun formada əmək müqaviləsinə xitam verməsinə baxmayaraq, birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, nəticədə cavabdehin hüquqlarını pozan qətnamə qəbul etmişdir. Səbail Rayon Məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsaslanaraq qeyd edir ki, iddiaçı ilə əmək müqaviləsinin xitamı barədə əmrin surəti elektron informasiya sistemində yaradılan elektron kabinetə göndərilsə də, iddiaçıya əmrin surəti elektron poçt və ya SMS vasitəsilə göndərilməmişdir. Bu əsasla məhkəmə cavabdehin pozuntuya yol verdiyini qeyd etmişdir. Lakin məhkəmənin bu mövqeyi ilə razılaşmır, bu maddənin yanlış tətbiq olunuduğunu hesab edir. Belə ki, həmin maddəyə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Aydındır ki, bu maddə iddia müddətinin hesablanması üçün nəzərdə tutulmuşdur və işçinin hüquq pozuntusunu aşkar etdiyi günü müəyyən edir. Bu maddəyə istinad etməklə yalnız iddia müddətinin axımının hansı gündən başladığını müəyyən etmək olar. Hazırda isə iddia müddəti tərəflər tərəfindən mübahisələndirilmir. Məhkəmənin iddia müddətinin axımının başlandığı vaxtı təyin edilməsini pozunutu kimi qəbul etməyi əsassızdır. Əlavə olaraq, məhkəmə qeyd edir ki, xəbərdarlığın göndərilməsinə dair poçt qəbzi “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na uyğun tərtib edilməmiş, poçt göndərişini çatdıran kuryer tərəfindən imzalanmamışdır. Yuxarıda qeyd edilən Qaydalarda poçt işçisinin qəbzdə qeyd apardığı halda imzasının da mütləq olması barədə göstəriş yoxdur. Poçt qəbzindən də aydın olur ki, bu kağızda göndərənin və alıcının imzaları üçün xüsusi hissələr olur. Poçt işçisinin imzasının olması şərti isə “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydalarında” bir sıra hallarda göstərilmişdir: məsələn, ünvançı imza etməkdən imtina edərsə, poçt göndərişinin zədəli daxil olduğu halda, qrupla poçt göndərişinin zədəli daxil olduğu halda, qrupla poçt göndərişlərinin siyahısının imzalanması və s. Beləliklə, iddiaçı tərəfindən irəli sürülən və məhkəmənin əsaslandığı heç bir qanunvericilik müddəası cavabdeh tərəfindən pozulmamışdır. Cavabdeh “Poçt haqqında” qanunda qeyd edilmiş ümumi istifadədə olan poçt rabitəsi xidmətlərindən azad istifadə prinsipinə əsaslanaraq iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə yazılı xəbərdarlığı xx.xx.2024-cü il tarixində - əmək müqaviləsinin müddətinin bitməsindən 11 gün əvvəl iddiaçının ünvanına göndərmiş, həmçinin xitam əmrinin surəti elektron informasiya sistemində yaradılan elektron kabinetə göndərilmişdir. Bununla da, məhkəmənin cavabdehin Əmək Məcəlləsinin 73.1-ci maddəsinin pozulmasına dair yanaşması əsassızdır. Həmçinin qeyd edir ki, hazırkı işdə iddiaçı əmək münasibətlərində işçi tərəfə verilən güzəştlərdən, məhkəmələrin işçilərə işəgötürənlərə nisbətən daha zəif tərəf olaraq yanaşmasından sui-istifadə edir. Xüsusilə də, iddiaçı cəhd edir ki, cavabdeh müəssisədə beş ildən artıq müddətdə fasiləsiz işləmiş olsun və bununla da, əmək müqaviləsi müddətsiz olaraq qeydə alınsın. Lakin belə hallar işəgötürənlərin sərbəst iradələri ilə müəssisəyə işçilər cəlb etməyinin qarşısını alır. Bildirir ki, məhkəmələr tərəfindən əsassız olaraq işçi yönümlü qərarların qəbul edilməsi müəssisələrin fəaliyyətinə ziyan vura və peşəkar kadrların müəyyən edilib saxlanılmasına maneə yarada bilər. Əmək Məcəlləsinin 45.5-ci maddəsinin məqsədi də işçilərin işəgötürən tərəfindən mütləq şəkildə tam beş il işləməsini, daha sonra onlarla müddətsiz əmək müqaviləsinin bağlanmasını təmin etmək üçün deyildir. Beləliklə, birinci instansiya məhkəməsi maddi hüquq normalarını yanlış tətbiq etmiş, bununla da əsassız qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmuş, etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsini qəbul edərkən Mülki Prosessual Məvəllənin 218.1-ci maddəsinə uyğun olaraq sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 3cü hissəsinə istinad etməsi tərəflər arasında fərdi əmək mübahisəsinin yaranma yaranma anını müəyyən etməyə yönəlməklə MPM-in 218.1-ci maddəsinə uyğun olmuşdur. Məhkəmə işdən azad edilən iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron poçt və SMS vasitəsilə təqdim edilməməsini digər sübutlarla yanaşı qiymətləndirərək qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir. Apellyator appellyasiya şikayətinin 6-11-ci hissələrində işçinin əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin poçt daşıma qaydalarına uyğun olaraq təqdim edildiyini qeyd etsə də, birinci instansiya məhkəməsində olduğu kimi, apelyasiya şikayətində də poçt qəbzinin kuryer tərəfindən imzalanmamasının, lisenziyasız poçt təşkilatı ilə əməkdaşlıq etməsinin, səbəblərini izah etməkdən təkrarən yayınmışdır. Apellyator bu hissədə hansı maddi hüquq normalarının pozulduğuna dair öz dəlilini təqdim etməmişdir. Apellyator şikayətinin prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) hissəsinin 13-16-cı hissələrində Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin pozuntusu halına istinad edərək, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarını sadalasa da birinci instansiya məhkəməsinin öz qətnaməsini hansı hissədə əsaslandırmadığına dair dəlilini təqdim etməmişdir. İddiaçının X3 Bakı Şəhər İdarəsinə şikayəti əsasında cavabdehin vəzifəli şəxsi, yəni direktoru barəsində xx.xx.2024-cü il tarixli, MN0023826 nömrəli Qərarla İXM-nin 192.6-cı maddəsi ilə inzibati tənbeh təqdim edilmişdir. Bu fakt, X3 Bakı Şəhər İdarəsi tərəfindən iddiaçıya təqdim edilən 3-17-5/2-Ş- 82803/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təsdiq edilmişdir. Həmin cavab məktubunun surətini birinci instansiya məhkəməsinə təqdim etmişdir. Cavabdehin vəzifəli şəxsi, direktoru həmin inzibati tənbehvermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 3(009)- 2489/2024 saylı qərarı ilə X1 şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında 24 oktyabr 2024-cü il tarixli MN ******* saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apelyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 3(009)-2489/2024 saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra onlara məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 244/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin vəzifəli şəxsi, direktoru barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 3(009)- 2489/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin inzibati tənbehin qüvvədə saxlanması ilə bağlı qərarı xx.xx.2025-ci il tarixdə qəbul edildiyi üçün, hazırkı işdə birinci instansiya məhkəməsinə təqdim etməyi təbii olaraq, mümkün olmamışdır. Qeyd olunanlara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-244/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı əlavə sübut kimi qiymətləndirilməsi üçün hazırkı etirazımıza qoşmada təqdim edir. Beləliklə, cavabdehin Əmək Məcəlləsinin tələblərini pozmaqla iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi faktı birinci instansiya məhkəməsinə təqdim etdiyimiz sübutlarla, habelə əmək münasibətlərinə dövlət nəzarətini həyata keçirən X9 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında Qərarı ilə təsdiq edilmiş, həmin qərardan verilən şikayətlərin əsassızlığı bu sahədə sonuncu instansiya olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli qərarla qüvvədə saxlanılmışdır. Həmçinin, apellyator öz şikayətində birinci instansiya məhkəməsi tərəfindən pozuntu olduğunu iddia etdiyi hallara dair dəlillərini təqdim etməmişdir.

b) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin direktoru X4 apellyasiya şikayətini müdafiə edərək, izahatında və sədrlik edənin suallarına cavab olaraq qeyd etdi ki, valideynlər üçün onlar açıq qapı günləri keçirir. Bəzi valideynlər iddiaçıdan narazılıq etdilər, uşaqlarını çıxarmaq istədiklərini bildirdilər. Səbəbini soruşduqda onlar vəziyyətin dəyişəcəyinə inanmadıqlarını dedilər.İddiaçı qeyri-peşəkar hərəkətlər edib. Buna görə uşaqlar dərsə getmək istəmirdilər, ağlayırdılar. Bir qrup valideynlərin ərizəsi daxil oldu. Bəziləri çox uzun idi, hətta 16 səhifəlik ərizə də yazılmışdı. Valideynlər Komitəsinə zəng edib vəziyyətlə maraqlandı. Müavinini də çağırıb onunla da bu məsələni maraqlandı. Elə hallar yazılmışdı ki, inana bilmirdik ki, o cür hallar baş versin. Liseyin təlim modelini və prinsiplərini qoruyaraq 32 ildir ki, işləyir. İddiaçını otağına çağırdı. Bu hadisələr may ayında baş vermişdi. Ona bildirdi ki, özünü qeyri-peşəkar aparmasın. 1-ci siniflərin Əlifba bayramı olacaqdı, uşaqları qıcıqlandırmaq istəmədi. Buna görə də valideynlərlə iyun ayında görüşdü. Çünki liseyin adına xələl gətirəcək halları araşdırmalı və aradan qaldırmalı idi. Anonim sorğu keçirtdi. 2 sual qoymuşdular. Sorğunun nəticəsində yeni hallar üzə çıxdı. Cavablarda bildirilmişdir ki, müəllimə dərsə gecikib, 1-ci sinif uşaqları tək sinifdə nəzarətsiz oturublar. Müəllimə uşaqlara daima qışqırıb. Onlara qarşı pis rəftar edib, kobud sözlər işlədib. Uşaqlardan birinin eynək taxmasi barədə kobud ifadə deyib. Uşaq da pis olub. Uşaqlar xəstə olan zaman müəllimə ümumiyyətlə onlarla maraqlanmayıb. Tapşırıqlarını edib müəlliməyə göstərmək istəyən zaman müəllimə uşaqlara pis reaksiya verib. Müəllimə şagirdləri tərifləyib, onlara motivasiya vermək əvəzinə bu cür reaksiya verib. Müəllimə pedaqoji etikanı pozub. Onlara gələn uşaqlar intellektual səviyyəsi yüksək uşaqlardır. Müəllimə nizam-intizama nəzarət etməyib. Başqa müəllimlərin zəif olduğunu bildirib. İddiaçı yeni evləndiyi üçün təkliflər də etmişdir ki, MİQ imtahanlarına girsin, direktorlarla danışıb, yerini dəyişməsi üçün köməklik edər. Valideynlər müəllimədən çox narazı idilər. Qətiyyən onu məktəbdə saxlaya bilməzdi. May ayında iddiaçını çağırıb xəbərdar etmişdir. Onlarda adətən 1-ci gün iclas olur. Ülkər xanım və Aygün xanım orada idi. Onlar müavinlərdir. Aygün xanım da məktəbi dəyişməyi ona təklif etmişdi. İddiaçı isə bildirmişdir ki, gələn il aprel ayında yer dəyişmə edə bilər.Bu gün Aygün xanım iştirak edə bilmədi, Ülkər xanım dediklərini təsdiq edə bilər. İyunda Təhsil İdarəsinə iddiaçı şikayət edib. Psixoloji ya da başqa problemi varsa ona bildirməsini iddiaçıya demişdir. İddiaçını liseydə saxlaya bilməz. Liseyin prinsiplərini pozub, uşaqları kompleksə salıb, qeyri-peşəkar hərəkətlər edib. Çalışırdı ki, digər direktorlarla danışsın. Pedaqoji şurada onu biabr etmək istəmirdi. İddiaçı bilirdi ki, işdən çıxacaq. Bu barədə məlumatı olub. Kuryerlə məktub ona göndərilib. Onun yeri üçün müəllimə axtarırdı. Rəhbərliyin otağında Aygün xanım və Ülkər xanım da olub. “Whatsapp” yazışmaları da var. İddiaçı üçün iş axtarırdı. Təhsil İdarəsinə də məktub yazıb ki, onu işdən çıxarıblar. İddiaçıyla psixoloq kimi də danışmışdır, çünki gərgin vəziyyətdə idi. Azərpoçt vasitəsi ilə göndərən zaman problemlər yaşayırdılar. Buna görə adətən kuryer xidmətindən istifadə edirdilər. Onu da məsləhət görüblər və onunla işləməmişlər. Heç bir zaman kuryer xidmətinin və ya poçt xidmətinin lisenziyasını yoxladəğı hal olmayıb. Praktikada elə məktəb yoxdur ki, lizensiyanı yoxlasın. İddiaçını başqa məktəbə tövsiyə edəcəyini demişdir. İddiaçıya yazığı gəlirdi, gərgin vəziyyətdə idi. Psixoloq kimi onun ailə həyatı ilə bağlı böhran vəziyyətdə olduğunu anlayırdı. İnanırdı ki, böhran vəziyətindən çıxacaq və başqa məktəbdə bu halları təkrar etməyəcək. İddiaçı onlarla işləyə bilməzdi, valideynlər də onu istəməyəcəkdilər.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında qeyd etdi ki, müqavilənin uzadılmaması barədə qarşı tərəf xəbərdar edilib. “Whatsapp” yazışmaları var. İddiaçının Təhsil İdarəsinə müraciətini təqdim etmişlər. Müraciətində işdən azad edildiyini və ona köməklik edilməsini bildirib. Zülfiyyə xanımın dediklərini şahidlər təsdiq edə bilər. İyun ayında iddiaçıya bildirilib ki, müqaviləsinin müddəti uzadılmayacaq. Poçt qəbzində kuryerin imzasının olub-olmaması və ya təşkilatın lisenziyasının olub-olmaması cavabdehin neqativ nəticə ilə üzləşməsinə əsas ola bilməz və bu ağlabatan deyildir. Yazışmalar da təsdiq edir ki, iddiaçının aylar əvvəldən məlumatı olub. Poçt qəbzində qüsurun olub-olmaması məsələsinə istinad ediləcəyini əvvəldən bilə bilməzdilər. Buna görə də təqdim edilən sübutların qəbul edilməsini xahiş edir. Xəbərdarlıq şərti və etibarlılıq şərtinin fərqi Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilib. Xəbərdarlıq edilməsi digər sübutlarla birlikdə təsdiq edilir. Qətnamə qəbul ediləndən sonra iddiaçıya barışıq təklif edilib. İşə bərpa edilməyini və növbəti ildə aprel ayında yerdəyişmə ilə bağlı müraciət edə biləcəyini demişdilər. İddiaçı razılaşmadı. Zülfiyyə xanım səmimi şəkildə iddiaçıya barışıq təklif edib. Ona qarşı qərəzli mövqe olmayıb. O, özü də liseyin məzunudur və Zülfiyyə xanımın ədalətinə və səmimiyyətinə bələddir. Şahidlər dediklərini təsdiq edə bilərlər.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədi, izahatında və sədrlik edənin suallarına cavab olaraq qeyd etdi ki, Təhsil İdarəsinə müraciət etmişdir və onu (iddiaçını) oradan çağırıblar. Sadəcə nə etməli olduğunu bilmirdi, bunu soruşmuşdur. Zülfiyyə xanımın dedikləri doğru deyil. Sübut edə bilmədilər. Müavinlərinin dediklərinə inanıb onları fakt kimi qəbul edib. Avqust ayına qədər dəqiq heç nə bilmirdi. Çünki deyilənlər sadəcə söz idi, fakt yox idi. Təhsil İdarəsindən nə etməli olduğunu soruşmuşdur. MİQ imtahanlarına girə bilməzdi. Çünki vaxt az idi. Pedaqoji şurada da bilmirdi ki, işdən çıxacaq. Orada bütün müəllimlər var idi. Rəhbərlik iclası olmayıb. 26 avqust Aygün xanım ona yazdı ki, qrupdan çıxarıldı. O da DOST Agentliyinə getdi. Barışıq mümkün deyil. Reputasiyasına xələl gəlib. Kolleqaları, valideynlər deyilənlərə inanıblar. Məktəbə geri qayıtsa necə olacağını bilmirdi. İşə qəbul ediləndə Zülfiyyə xanım onun (iddiaçının) müqaviləsinin uzadılacağını və növbəti ildə daimi olacağını demişdi. Hər il onunla müqavilə imzalamışlar.

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, poçt təşkilatının lisenziyası yoxdur. Rayon məhkəməsində şahidlərlə bağlı vəsatəti cavabdeh verməyib. Apellyasiya instansiyasında qəbul edilməsi yol verilməzdir. Müqavilə hər dəfə uzadılıb. Müqavilə bağlanan zaman “qanunla nəzərdə tutulan digər hallar” şərti ilə bağlanılıb.Səbəbini də bilmirlər. Verilən vəsatət əsassızdır, təmin edilməməsini xahilş edir.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: -hüquq bərabərliyinin təmin edilməsi; -mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; -maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; -əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; -əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 45.1.Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 68.1.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68, 2-ci hissə, “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 73. 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur (yeni redaksiya).

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddələr 385.1.1, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

23. İşin mübahisəsiz halı odur ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmışdır.

24. İş materialına əlavə edilmiş əmək müqaviləsinin 2.1-ci bəndində əmək müqaviləsinin müddətsiz bağlanmadığı qeyd olunmuş və müqavilənin 2.3-cü bəndində müqavilənin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixinədək 4 il 11 ay 17 gün müddətinə bağlandığı göstərilmişdir.

25. İddiaçı da apellyasiya baxışında verdiyi izahatında təsdiqləmişdir ki, onunla müddətli əmək müqaviləsi bağlanmışdır və hər il onunla müqavilə imzalanırdı.

26. Cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 69 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir.

27. Hazırki işin mübahisələndirilən halı müddətli əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı işçinin məlumatlandırılması ilə bağlıdır.

28. İşə baxan birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin xitamı barədə əmrin surəti elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərilsə də, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin tələbi pozulmaqla işçi bu barədə elektron poçt və SMS vasitəsilə məlumatlandırılmamış, həmçinin Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq cavabdeh müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə iddiaçıya 1 həftə əvvəldən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq göndərməmişdir.

29. Məhkəmə kollegiyası işə baxan məhkəmənin mövqeyi ilə razılaşmır.

30. İlk növbədə, qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsi ilə bağlı müddəa yalnız iddia müddətinin ötürülüb-ötürülmədiyi ilə bağlı konkret mübahisə olduqda tətbiq olunur ki, hazırkı işdə bu xüsusat üzrə mübahisə olmadığından, birinci instansiya məhkəməsinin əmək müqaviləsinə xitam verilməsi zamanı işçiyə poçt və ya SMS vasitəsi ilə bildiriş göndərilmədiyini əsas tutaraq Əmək Məcəlləsinin 296.3-cü maddəsinə istinad etməsi maddi hüququ normalarının yanlış tətbiq edilməsi kimi qiymətləndirilməlidir.

31. Bundan əlavə, Əmək Məcəlləsinin 73.1.-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur (yeni redaksiya).

32. İş materiallarından göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixdə “E&R Express” Courier Service poçt xidməti vasitəsi ilə göndərilsə də qəbz “qapı bağlıdır” qeydi ilə geri qayıtmışdır.

33. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, poçt qəbzi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na uyğun tərtib edilməmişdir. Belə ki, poçt qəbzində “qapı bağlıdır’’ qeydi yazılsa da, poçt göndərişini çatdıran kuryer tərəfindən bu hal təsdiq edilməmiş və imzalanmamışdır.

34. Bununla bağlı kollegiya qeyd edir ki, poçt göndərişinin çatdırılması zamanı poçt xidmətinin forma və prosedur tələblərinə tam əməl edilməməsi halları poçt rabitəsi təşkilatının məsuliyyət dairəsinə daxildir və bu pozuntu işəgötürənin birbaşa hüquqi məsuliyyətini müəyyən etmir. Belə ki, göndərişin qəbulu barədə tərtib edilmiş qəbzdə “qapı bağlıdır” qeydi olsa da, bu halın poçt əməkdaşı tərəfindən imza ilə təsdiqlənməməsi və göndərişin prosedur qaydalara uyğun tərtib olunmaması texniki nöqsan hesab edilməklə, poçt xidmətinin fəaliyyəti ilə bağlıdır. İşəgötürən tərəfindən göndərişin mövcud ünvana göndərilməsi və bu məqsədlə poçt xidmətindən istifadə olunması onun əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş yazılı xəbərdarlıq öhdəliyini yerinə yetirmək iradəsini nümayiş etdirir. Belə olan halda poçt xidmətinin forma tələblərinə riayət etməməsi işəgötürənin hüquqi mənafeyinə zidd nəticələr doğurmamalı və onun bu sahədə qanuni öhdəliklərini icra etmədiyi kimi qiymətləndirilməməlidir.

35. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş “WhatsApp” yazışmalarının surətindən görünür ki, hələ əmək müqaviləsinə xitam verilməsindən 11 gün qabaq, 19 avqust 2024-cü il tarixdə iddiaçıya bu barədə məlumat verilmiş və iddiaçı bundan məlumatlı olmuşdur.

36. İddiaçı əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olması həmçinin iddiaçının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə xx.xx.2024-cü il tarixli elektron müraciətdindən də aydın görünür.

37. Belə ki, iş materiallarında əlavə edilmiş xx.xx.2024-cü il tarixli elektron müraciətdən görünür ki, İddiaçı tələbində qeyd edir ki, o, 5 ildir ki, Bakı Avropa Liseyində ibtidai sinif müəllimi kimi çalışırdı. Bu ilin sonunda mənbəyi məlum olmayan səbəblərdən işinə son verildiyi xəbərini almışdır. Bu məsələ iyun ayında olduğundan o, MİQ və ya yerdəyişməyə çatdırıb ərizə verə bilməmişdir. Bu halda o, nə edə bilər?

38. Göründüyü kimi iddiaçıya onunla bağlanmış müddətli əmək müqaviləsinin uzadılmayacağı ilə bağlı həm şifahi, həm də yazılı qaydada xəbərdarlıq edilmişdir.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanusuz hesab edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilərək, yeni qətnamə qəbul edilməlidir.

40. Kollegiya qeyd edir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilərkən qanunveriviliyin tələbləri gözlənilmiş, tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipi pozulmamış, cavabdeh tərəfindən hər hansı hüquq pozuntusuna yol verilməmişdir. 41.Beləliklə, kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-205/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xumar Mərdanova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar