Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2346/2024 18.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul edilməsi üçün geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1450/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, KX-114-23 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması, xx.xx.2023-cü il tarixli, KX-83-23 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1450/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı subyektlərin tərkibinə görə deyil, tələblərin bağlılığına görə bir neçə iddia tələbini bir iddia ərizəsində birləşdirmək hüququna malikdir. Lakin iddia ərizəsindən görünür ki, eyni iddiaçı iki fərqli cavabdehə qarşı bir-biri ilə bağlı olmayan tələbləri bir iddia ərizəsində birləşdirmişdir. Yəni iddiaçı onunla cavabdehlər arasında ayrı-ayrılıqda bağlanmış əmək müqavilələrinin ləğvini və s. xahiş edir. Halbuki, bu tələblərin hər cavabdehə münasibətdə ayrı-ayrılıqda göstərilməsi onlara birgə baxılmalı olması əsasını yaratmır. Belə olan halda məhkəmə hesab etmişdir ki, bir-biri ilə bağlılığı olmayan və yalnız iddiaçının maraqlarına görə bir icraatda birləşdirilmiş iddia tələblərinə bir icraatda baxılması tərəflərin prosessual hüquq və vəzifələrinin təmin edilməsinə, mülki işə qanunla müəyyən olunmuş müddətlər çərçivəsində baxılmasına maneələr yaradacağından iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıya hazırki iddia tələbləri ilə bağlı ayrıayrılıqda məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-1450/2024 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytararaq göstərmişdir ki, iddia ərizəsindən görünür ki, eyni iddiaçı iki fərqli cavabdehə qarşı bir-biri ilə bağlı olmayan tələbləri bir iddia ərizəsində birləşdirmişdir. Yəni iddiaçı onunla cavabdehlər arasında ayrı-ayrılıqda bağlanmış əmək müqavilələrinin ləğvini və s. xahiş edir. Halbuki, bu tələblərin hər cavabdehə münasibətdə ayrı-ayrılıqda göstərilməsi onlara birgə baxılmalı olması əsasını yaratmır. Hesab edirlər ki, məhkəmənin qənaəti əsassızdır. Cavabdehlər ayrı-ayrı VÖEN ilə fəaliyyət göstərsə də, iddiaçı faktiki bir şəxslə - Fuad Əliyevlə əmək müqaviləsi bağlayıb və onunla işçiişəgötürən münasibətində olub. Faktiki fəaliyyət göstərdiyi inzibati bina eyni olmuş və əmək funksiyasının icrası ilə bağlı eyni şəxsə məruzə olunmuşdur. İş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, hər iki cavabdeh xx.xx.2023-cü ildə iddiaçı ilə eyni əsasla – xx.xx.2023-cü il tarixindən birbaşa rəhbərinə məlumat vermədən işə gəlməməsi səbəbindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Bundan başqa, cavabdehlər eyni tarixli, nömrəli (xx.xx.2023-cü il tarixli, 03/İD nömrəli) və eyni məzmunlu məktubla iddiaçıya müraciət edərək, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixində xitam veriləcəyi göstərilmişdir. Göründüyü kimi, şəxsin eyni zaman və məkanda ayrı-ayrı iş yerlərinə gəlməməsi absurddur. Bundan başqa, Cavabdeh2 MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə də göstərilmişdir ki: “İddiaçı eyni əsas və predmetlə onların digər Cavabdeh1 MMC adlı şirkətlərinə qarşı iddia ərizəsi ilə eyni məhkəməyə müraciət etmişdir.” Hesab edirlər ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalıdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1450/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1450/2024 saylı qərardadından verilmiş şikayət ərizəsinin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddə 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
11. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının tələbi 2 hissədən ibarətdir:
1. xx.xx.2023-cü il tarixli, KX-114-23 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması;
2. xx.xx.2023-cü il tarixli, KX-83-23 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması;
12. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi geri qaytarılarkən ona istinad edilmişdir ki, eyni iddiaçı iki fərqli cavabdehə qarşı bir-biri ilə bağlı olmayan tələbləri bir iddia ərizəsində birləşdirmişdir.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş 064263 seriyalı əmək kitabçasının surətindən görünür ki, iddiaçı ilə eyni tarixdə - 06 iyul 2023-cü il tarixdə həm Cavabdeh2 MMC, həm də Cavabdeh1 MMC ilə əmək müqaviləsi imzalanmış, hər iki şirkətin direktoru qismində X4 qeyd edilmişdir. İddiaçı Cavabdeh2 MMC-də “satış təmsilçisi”, Cavabdeh1 MMC-də isə əlavə iş yeri olaraq “satış təmsilçisi” qismində işə qəbul olunub. İddiaçı ilə əmək müqaviləsinə eyni gündə və eyni əsasla xitam verilmişdir.
14. Mülki Prosessual Məcəllənin 149.3-cü maddəsində qeyd edilir ki, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır.
15. Hazırkı halda iddia tələblərinin bağlılığı işin halları ilə müəyyən edilir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə istinad edilməklə geri qaytarılması qanunvericiliyin tələbinə uyğun deyil.
16. Mülki Prosessual Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
17. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia ərizəsi icraata götürüldükdə artıq icraata götürülmüş iddia ərizələrinin baxılmamış saxlanılması üçün əsas olacaqdır.Çünki qərardad ləğv edildiyindən hazırki iddia ərizəsi ilk gündən verilmiş hesab edilir.
18. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1450/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev