Məhkəmə qərarları › İş №2(103)-2349/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2349/2020

13.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2349/2020 13.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X6 və X1 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh və onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2895/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən mülki iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh qarşı ƏMDK yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa” (xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli) əsasən xüsusi mülkiyyət hüququ ilə cavabdehin iddiaçıya məxsus olan ünvan 1 mənzil 71 ünvanında yerləşən 2 otaqlı mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2895/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 38 saylı evin 71 saylı mənzili Cavabdeh həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaqla, iddiaçıya təhvil verilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: Cavabdehhəmin qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, o, 2012-ci ilin oktyabr ayından qeyd edilən mənzildə yaşayır və istifadə edir. Hal-hazırda da iki azyaşlı övladı ilə birlikdə həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşayır. Cavabdeh həmçinin onu da qeyd etmişdir ki, həmin mənzil onun keçmiş həyat yoldaşı ilə birgə nikah dövründə əldə olunmasına və ailəsi üçün alınmasına baxmayaraq, mənzil keçmiş qayınatası İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh iki övladı ilə yaşadığı mənzilin ilk alınan gündən onların istifadəsində olduğunu və mülkiyyətçinin öz mənzilindən sərbəst şəkildə istifadə etməsinə maneə yaratmadıqlarını da məhkəmə kollegiyasının nəzərinə çatdırdı. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi və vəkili E.Hüseynov apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Ə.Əlizadə apelyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki işə əlavə olunmuş materiallardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 38 saylı evin 71 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir (RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surəti). Cavabdeh xx xxxxxx 2012-ci il tarixdə iddiaçının oğlu X5 ilə ailə həyatı qurmuş və 2013-cü ildə mübahisəli mənzilə gəlin köçmüşdür. Bakı Şəhəri Xətai Rayon Məhkəmsinin 2(011)-7439/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X5 arasında bağlanılmış nikah pozulmuş, birgə nikahdan olan uşaqlar X7 və X8 anaları Cavabdeh yanında qalmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmadığından sonuncunun həmin mənzildə yaşaması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığından, rayon məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, hazırkı qətnamənin ləğvinə səbəb ola bilmədiyindən şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçı E.Məlikovanın özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2895/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar