Məhkəmə qərarları › İş №2(103)-2349/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2349/2024

04.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2349/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun itirilməsi, yaşayış sahəsindən istifadə zərurətinin aradan qalxması, kompensasiya) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X6 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “Bakıqaztikintihissə” zavodunun həmkarlar ittifaqı komitəsinin birgə iclasının 10 noyabr 1992-ci il tarixli 36 nömrəli protokoluna əsasən, ünvan 1 ünvanında yerləşən 37,2 m2 sahədən ibarət 3 otaqlı mənzilin İddiaçı Gülalı qızına verilməsi qərara alınmışdır.

2. Qaradağ Rayon Xalq Məhkəməsinin 2-197-1994 nömrəli xx.xx.1994-cü il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1005, ev 1, 13 saylı yaşayış sahəsindən istifadə hüquqlarının tanınması qət edilmişdir.

3. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1005, ev 1, 13 saylı mənzil xüsusi mülkiyyət formasında İddiaçı adına xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır.

4. X4 və Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və mənzilin bölünməsi” tələbləri Qaradağ Rayon Məhkəməsinin 2-279/2004 nömrəli 11 avqust 2004-cü il tarixli qətnaməsinə əsasən qismən təmin edilmiş, Cavabdeh pasport qeydiyyatında olduğu Bakı şəhəri, Lökbatan qəsəbəsi, 1005-ci keçid, ev 1, 13 saylı mənzildə yaşaması üçün 3 yaşayış otağından biri olan, yəni mənzilin giriş qapısından sağ tərəfdə ikinci olan 10,24 m2 sahəyə malik təcrid olunmuş otağın müəyyən olunması, həmin mənzilin dəhlizinin, hamamının, tualetinin və mətbəxinin ümumi istifadədə saxlanılması, X4 mənzilə köçürmə və mənzilin bölgüsünə dair iddiasının təmin olunmaması, qarşılıqlı iddianın təmin edilərək X4 qeyd edilən mənzilə pasport qeydiyatının və mənzilə olan hüququnun ləğv edilməi qət olunmuşdur.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDKX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, ərazi idarələrində mövcud arxiv məlumatlarına əsasən Cavabdeh və X5 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

6. Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 125 saylı Mənzil- Kommunal İstismar Birliyi tərəfindən təsdiq edilmiş akta əsasən, qonşular Yüzbaşızadə Pərviz Mətləb oğlu, Yüzbaşva Əminə Azad qızı, X13, Vəkil1 Vahid qızı və X9 bu aktı ona görə tərtib etmişlər ki, həqiqətən Cavabdeh 10 ildən çoxdur ki, Bakı şəhəri, ünvan 2ədov küçəsi, ev 1 , 1 3 saylı mənzildə yaşamır.

7. Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 125 saylı Mənzil- Kommunal İstismar Birliyinin 304 nömrəli arayışın məzmunundan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 2mədov küçəsi, ev 1, 13 saylı mənzil ünvanında qeydiyyatındadır və qonşuların aktına əsasən 10 ildən çoxdur ki, mənzildə yaşamır.

8. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu Qəsəbə İnzibati Ərazi X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1408 nömrəli arayışa əsasən, Cavabdeh Qobu qəsəbəsi, Yeni məhəllə küçəsi nömrəsiz evdə qeydiyyatsız yaşayır. Qəsəbə kommunal xərcləri (qaz, işıq, su) ödəyir.

9. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu Qəsəbə İnzibati Ərazi X7 xx.xx.2023-cü il tarixli 5-29/4/2-65 №-li məktubunda göstərilmişdir ki, Yeni məhəllədəki ev Qobu qəsəbəsi, Məmmədyarov küçəsi 41A ünvanında yerləşir. Vətəndaşların verdiyi məlumata əsasən, qeyd olunan ev 2014-cü ildə Cavabdeh tərəfindən tikilmişdir. Həmin evdə Cavabdeh öz ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayır. Ailə üzvləri - X10-həyat yoldaşı, X19 - oğlu, X17 - qızı.

10. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli 14-2-2- 4/2- 1948/2023 №-li məktubundan və ona əlavə edilmiş abonent saldosundan görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi üzrə Cavabdeh məxsus **********04559 nömrəli istehlakçı hesabı açılaraq “X2 Sistemi”ndə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt” tərtib edilməklə **********8 nömrəli mexaniki tipli sayğac quraşdırılmışdır. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə 144602 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan AZE ********, FİN 12XL9ES istehlakçı Cavabdeh qazla təmin edir.

11. "xxxx" ASC-in xx.xx.2023-cü il tarixli 13-13/2-1/16-9881/2023 nömrəli məktubunda göstərilmişdir ki, Səhmdar Cəmiyyətin elektron bazasında Cavabdeh Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış üzrə abonent olaraq 23 iyul 2023-cü il tarixə **********03052 nömrəli abunə kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır. Qeyd olunan fərdi yaşayış evi 16 sentyabr 2014-cü il tarixdə elektrik enerjisi ilə təchiz edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Cavabdeh adına Bakı şəhəri 8 və 43 saylı notariat ofislərində əmlakla bağlı etibarnamələrin təsdiq edildiyi məlum olmuşdur.

13. Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, AR-İ 317677 №-li 07 mart 2014-cü il tarixli etibarnaməyə əsasən, X3 Fuad Fərhad oğluna Puta bələdiyyəsi üzvləri yığıncağının 14-1 saylı 23 noyabr 2007-ci il tarixli protokolundan çıxarışa əsasən fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış Puta qəsəbəsi ərazisində yerləşən 600.0 m2 torpaq sahəsini özəlləşdirməyi, buna dair idarə və təşkillatlarda Az.Resp.RİH-də Az.Resp.ƏMDK yanında DƏDRX-in ərazi idarəsində nümayəndə olmağı, lazımi sənədləri verməyi, almağı, adına sərəncam, katastr planı almağı, çıxarış, texniki pasport və s. sənədlər almağı, buna dair ərizə verməyi, imza etməyi, bundan sonra forma 1, forma 2 arayışları almaqla 300 m2 torpaq sahəsinin və evin üzərində sərəncam verməyi, tikinti işləri aparmağı, tikintinin özəlləşdirilməyi, tikintiyə dair bütün sənədləşmə işlərini aparmağı, çıxarış və texniki pasport almaqla satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı, dəyişməyi, pulu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi xx.xx.2093-cü ilədək etibar etmişdir.

14. Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, AR-İ 337916 №-li 16 may 2014-cü il tarixli etibarnaməyə əsasən, X1 Fuad Fərhad oğluna “Torpağın mülkiyyət verilməsinə dair” xx.xx.2006-cı il tarixli Şəhadətnaməyə əsasən verilmiş fərdi yaşayış evinin tikintisi üçün Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini və üzərində tikilini özəlləşdirməyi, kadastr planı, sənədləşdirmə işləri aparmağı, notariat kontorunda alqı- satqı müqaviləsini rəsmiləşdirmək, bu barədə müqavilənin imzalanması, rüsum ödənilməsi, pulu almağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi xx.xx.2094-cü ilədək etibar etmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

15. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin Bakı şəhəri, ünvan 2mədov küçəsi, ev 1, 13 saylı mənzilindən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 2mədov küçəsi ev 1, 13 saylı mənzil onun xüsusi mülkiyyətindədir, həmin mənzili işlədiyi hərbi zavoddan növbə əsasında almışdır. Cavabdeh onun oğludur, o öz istəyi ilə onun razılığı olmadan ailə qurmuşdur, ailəsi ilə birlikdə 10 ildən çoxdur ki, Qobu qəsəbəsində yaşayır. Torpaq sahəsi ona bacısı Gülnarə Abbasova tərəfindən verilmiş, o isə öz vəsaiti hesabına ona həmin torpaq sahəsinin üzərində ev tikdirmişdir. Cavabdeh 10 ildən çoxdur ki, onun evində yaşamır, ailə qurduğu gündən mənzildən çıxıb getmiş, ilk vaxtlar qaynanasının yanında yaşamış, sonra isə öz ailəsi ilə birlikdə öz evində yaşayır, uşaqları da həmin qəsəbədə məktəbə gedirlər. Cavabdehin mübahisəli mənzildə yaşamaması barədə qonşular tərəfindən akt tərtib olunmuşdur. Eyni zamanda Abşeron RİHB-in Qobu qəsəbəsi İnzibati Ərazi X7 xx.xx.2023-cü il tarixli 1408 nömrəli arayışından görünür ki, cavabdeh Qobu qəsəbəsi, Yeni məhəllədə yaşayır və qəsəbədə kommunal xərcləri ödəyir. Cavabdeh onun evində pasport qeydiyyatında qalması mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Ona görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir, müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da onun mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur.

17. İddiaçı iddia tələbinin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1-ci, 152.2-ci maddələrinə, istinad etmişdir.

18. Cavabdeh iddia tələbinə yazılı etiraz vermiş, etirazını aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “İddiaçı onun anasıdır. Anasının mülkiyyətində olan və faktiki qeydiyyatda olduğu mənzil isə atası tərəfindən alınmışdır. Sonradan atası və anası arasında olan münasibətlər pozulmuş və birgə nikaha xitam verilmişdir. Anası isə hansısa üsullardan istifadə edərək atasının mənzildən qeydiyyatdan çıxarılmasını təmin etmişdir. O bir neçə il öncəyə kimi sözü gedən mənzildə yaşamış və mənzilin cari təmir işlərində yaxından iştirak etmişdir .Ailə həyatı qurduqdan sonra isə anası sözü gedən mənzildən istifadə hüququna əsaslı maneələr yaratmışdır. Buna əsasən məcburi olaraq sözü gedən mənzildən istifadə hüququnu müvəqqəti dayandırmışdır. Hazırda qeydiyyatda olduğu mənzildən istifadə etməməyinə səbəb iddiaçı tərəfindən yaradılmış maneədir. Bundan əlavə iddiaçı iddia verən zaman mənzildən istifade hüququma xitam verilməsini tələb etsədə yaxın ailə üzvü olaraq kompensasiya olunma hissəsinə toxunmuşdur. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (eri), habelə onun uşaqları və valideynləri aid edilir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yəni sözügedən maddələrədən göründüyü kimi, kupçası (çıxarışı) olan şəxs qeydiyyatda olan ailə üzvlərini yəni, həyat yoldaşını (əgər əmlak evlilik dövrü ərzində alınmayıbsa, yəni birgə mülkiyyət deyilsə), valdeynlərini və övladlarını ona məxsus mənzildən qeydiyyatdan çıxartmaq istədiyi təqdirdə həmin şəxslərə kompensasiya ödəməlidir. Bundan əlavə 228.2-ci maddənin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında qeyd olunub ki, kompensasiyanın məbləği iddianır predmetinə daxil deyil, məhkəmə iddia ərizesinde kompensasiyanın məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Görünənlər onu deməyə əsas verir ki, iddiaçı kompensasiya ödəmədən mənzildən istifadə hüququma xitam vermək istəyir. Bu isə Konstitusiyanın tələblərinə zidd olmaqla yanaşı ədalətli yanaşma deyil və qəbul olunmazdır. Mənzildən istifadə hüququna xitam verilməli deyil. İstifadə hüququna xitam verildiyi halda isə qanunvericiliyin tələbinə uyğun olaraq bazar qiymətinə uyğun şəkildə kompensasiya olunmalıdır. Bundan əlavə məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq və münaqişələrin həlli yolu ilə ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə içtimaiyyət tərəfindən etimad bəslənilməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin teminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında Akimova Azərbaycana qarşı 27 sentyabr 2007-ci il; Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; X24rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyidə aydın görünməlidir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş edir”.

19. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mənzil ona 1992-ci ildə işlədiyi zavoddan verilmiş, daha sonra yoldaşı Fərhad Sadıqovdan rəsmi boşanmış və məhkəmə qətnaməsi əsasında keçmiş ərinin həmin mənzillə bağlı hüquqlarına xitam verilmiş, oğlu Cavabdeh isə mənzilin bir otağına yaşamaq hüququ tanınmışdır. Hazırda cavabdeh 16 ildir ki, ona məxsus mübahisəli mənzildə yaşamır. Cavabdeh bir oğul kimi onun ehtiyacları ilə maraqlanmır, onkoloji xəstə olsa da ona baş çəkmir, mənəvi bağlılıqları yoxdur. Belə ki, oğlu gəlinini qaçırmış, həmin vaxt o bu evliliyə etiraz etsə də, sonradan barışmışlar. Həmin vaxt oğlu Cavabdeh və gəlini kirayədə yaşamış, Fuad xalasına müraciət edərək kömək istəmiş, xalası Gülnarə ona torpaq sahəsi vermişdir. İşdə olan eitbarnamədə adı olan Abbasov Mehman bacısı oğludur, X31 qəsəbəsində yerləşən torpaq sahəsini verib, Fuad Puta qəsəbəsindəki həmin torpağı sataraq, həmin pulla və əlavə olaraq özünün Fuada verdiyi 7000 manatla Qobuda yeni torpaq sahəsi almışdır. Cavabdehin Qobu qəsəbəsində hazırda üzərində ev tikib yaşadığı torpağı 2014-cü ildə almışdır. Özü oğluna kömək edərək Qobu qəsəbəsindəki evin tikinisi üçün 33 000 manat pul xərcləmiş, evin pərdələrinə, kombisinə qədər alıb yerləşdirmişdir. Cavabdeh 2014-cü ildən Qobu qəsəbəsində həmin özbaşına tikilidə yaşayır. Evin rəsmi sənədləri olmasa da, hər kəs bilir ki, Fuadın evi ordadır, uşaqları o evdə yaşayır və həmin ərazidə məktəbə gedirlər. Cavabdehin Qobu qəsəbəsində tikidirib yaşadığı həmin evin şəraiti mübahisə predmeti olan mənzildən qat-qat yaxşıdır, bunu işə əlavə etdiyi oğlunun yaşadığı evdə və evin həyətində çəkdirilən şəkillərdən görmək olar. Cavabdehin onun mülkiyyətində olan evə aidiyyəti yoxdur, başqa evdə doğulub, ailə qurmamışdan öncə mübahisəli evdə yaşamışdır, lakin 16 ildir həmin evdə yaşamır. Cavabdehi nə mübahisəli mənzildən qovmamış, nə də onun yaşamasına mane olmamışdır. Əksinə, cavabdeh ailə qurduqdan sonra özü ailəsi ilə birlikdə köçüb başqa yerlərdə kirayədə yaşamış, sonradan Qobu qəsəbəsindəki evi tikib orada yaşamışdır. Oğlunun qurduğu ailəyə əvvəl etiraz etsə də, sonradan qəbul etmiş, hətta evlərinin tikilməsinə 33 000 manat pul xərcləmişdir. Oğlu Fuad çəkdiyi zəhmətə baxmayaraq nadir hallarda ona baş çəkdiyinə, xəstələnəndə maraqlanmadığına və cavabdehin özünə aid ayrıca evi olduğuna görə onun mübahisəli mənzildən istifadə hüququna son qoyulması üçün kompensasiya verməyə razı deyildir, cavabdehin istifadə hüquqlarının saxlanması onun mülkiyyətçi kimi hüquqlarını pozur.

20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) də iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh uzun illərdir mübahisəli evdə yaşamır, mübahisəli evə ehtiyacı qalmayıb, anasının vəziyyəti ilə maraqlanmır, bu faktı qonşular və yerli icra nümayəndəliyi də təsdiq etmişdir. Bundan əlavə, verdiyi sorğulara əsasən əldə edilmiş sübutlardan görünür ki, cavabdeh Qobu qəsəbəsində özünün tikdiyi özbaşına tikilidə yaşayır, qaz, işıq və su istehlakçısı olmaqla 2014-cü ildən özünə aid mənzildə kommunal xərcləri ödəyir. Müvafiq istehlakçı müqaviləsi, abonentə dair saldo iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən tərəfin evə ehtiyacının olub-olmaması müəyyən edilməlidir, əgər tərəfin ehtiyacı yoxdursa evlə bağlı kompensasiya tələbi təmin edilmir. Cavabdehin yaşadığı ev özbaşına tikilidir, evlə bağlı sərəncam var. Hazırkı iş üzrə kommunal xidmət göstərilməsi ilə bağlı sorğuların cavabından görünür ki, Qobu qəsəbəsindəki ev cavabdehə məxsusdur və orada yaşayır. İsayeva Xuraman torpaq sahəsini 50 illik müddətinə cavabdehə verib, alqı-satqı müqaviləsi bağlanmayıb, lakin etibarnamə yolu ilə evin yerləşdiyi torpaq sahəsi cavabdehə satılmışdır. Şahidlər də təsdiq edir ki, cavabdeh Qobu qəsəbəsində aldığı torpaq üzərində tikdirdiyi özbaşına tikili olan yaşayış sahəsində yaşayır. Həmin yaşayış sahəsinin hər cür şəraiti vardır, hətta iddiaçının mülkiyyətində olan mübahisə predmeti evdən daha böyük və rahat evdir.

21. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, mübahisəli evin mülkiyyətçisi atası olmuş, anası həmin evdən atasını da çıxartdırmışdır. Onun mübahisəli mənzildən istifadə hüququ vardır, bununla bağlı 2004-cü ildən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi vardır. Hazırda anasına məxsus Lökbatan qəsəbəsindəki mübahisə predmeti olan mənzildə yaşamasa da, başqa yaşayış sahəsi də yoxdur. O və həyat yoldaşı, uşaqları hazırda qayınanasına aid evdə yaşayırlar. Mülkiyyətində hər hansı əmlak yoxdur, başqa evi olmadığı üçün mübahisəli evdən qeydiyyatdan sadəcə kompensasiya ilə çıxmağa razıdır. Mübahisəli mənzili də iddiaçı ona evdə yaşamağa imkan vermədiyi üçün tərk etmişdir. Belə ki, evləndikdən sonra həyat yoldaşı ilə evdə yaşamağa icazə verməmişdir. 2014-cü ildə ailə həyatı qurmuş, anasının evinə gedib-gəlmişdir, hazırda Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə adlanan yerdə həyat yoldaşı, qaynanası, qaynatası və uşaqları ilə birlikdə yaşayır. Torpaq sahəsi özünün olsa da, yaşadığı ev sənədsizdir və qaynatasına məxsusdur.

22. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, Bakı şəhəri, ünvan 2ədov küçəsi ev 1, 13 saylı mənzil orderli olub, evi cavabdeh təmir etmişdir. Cavabdeh evdə yaşamaq istəsə də, anası icazə vermir. Tərəflər arasında həmişə mübahisə olmayıb, bir müddət barışıq olub. Cavabdeh hazırda öz ailəsi ilə birlikdə qaynanasının evində yaşayır, özünün evi yoxdur. İddiaçı cavabdehin uzun illərdir evə gəlmədiyini bildirir, amma bu belə deyil, cavabdeh keçən ad günündə evdə olub, onların ad günü ilə bağlı şəkilləri var, son dövrlərə qədər tərəflərin münasibəti müsbət olub, mübahisəli evin mülkiyyətçisi iddiaçıdır, cavabdeh evdən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsinə razı deyildir. İşə əlavə edilmiş etibarnamələrlə bağlı bildirir ki, torpaq sahəsi ilə bağlı mülkiyyətçi tərəfindən cavabdehə etibarnamə verilmiş, orada cavabdehin etibarnaməyə uyğun hərəkət etdiyi bildirmişdir, hesab edir ki, göstərilənlər cavabdehin yaşayış sahəsinin olmasını təsdiq edən sübut deyildir.

23. Məhkəmənin şahid qismində dindirdiyi X9 ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısı, cavabdeh bacısı oğludur. Cavabdeh ailə həyatı quran zaman iddiaçı cavabdehin ailə həyatı quracağı xanıma razı olmamış, lakin sonradan oğlunun fikri dəyişmədiyindən onlara ev almaq üçün kömək etmişdir. Cavabdeh iddiaçıya məxsus Lökbatan rayonundakı mənzildə artıq 16 ildir yaşamır, evlənəndən sonra bir müddət kirayədə qalırdı, bundan sonra ondan kömək istədi. Qaradağ rayonu, Puta qəsəbəsində iki torpaq sahəsi olduğundan birini Fuada vermiş, Fuad da həmin torpağı satıb, əlavə də pul qoyub Qobu qəsəbəsində indi yaşadığı evi tikdiyi torpağı almışdır. Bundan sonra, cavabdeh anası ilə barışmaq istədiyini ona demiş, o da onları barışdırmış, bundan sonra iddiaçı həmin torpaq sahəsində ev tikmişdir, anası Firəngiz həmin evin tikintisinə xeyli pul xərcləmişdir. Hazırda cavabdeh özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır, iddiaçının evinə ehtiyacı yoxdur. Fuad sadəcə iddiaçının evini satdırmaq istəyir, ilk gələn gündən gəlini iddiaçıya evini satmasını bildirmişdir. Cavabdehin indi yaşadığı evlə bağlı bütün xərclərini bacısı çəkib, qızın cehizini iddiaçı alıb. Cavabdeh illərdir evə gəlmir, anasının vəziyyəti ilə maraqlanmır. Belə ki, bir bacı kimi iddiaçının evinə azı ayda bir dəfə gedir, heç vaxt cavabdehin evdə olduğunu görməmiş, nə də bu barədə eşitməmişdir.

24. Birinci instansiya məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

25. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

25.1. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 2mədov küçəsi ev 1, 13 saylı mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehin həmin mənzildən istifadə hüququnun olması işin mübahisəsiz halıdır. 25.2. Cavabdehin mənzilə dair istifadə hüququ mövcud olduğundan, kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsinin mümkünlüyü barədə məsələyə hüquqi qiymət verilməlidir. 25.3. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qəraraına əsasən, mülkiyyət hüququ mütləq hüquq deyil və məhdudlaşdırıla bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi).Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin Qərarda eyni zamanda qeyd edilmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. 25.4. Məhkəmə qeyd edilən halları araşdıraraq müəyyən etmişdir ki, cavabdeh Bakı şəhəri, ünvan 2mədov küçəsi ev 1, 13 saylı mənzildə uzun müddətdir yaşamır. Cavabdehin nümayəndəsi məhkəmə araşdırması izahatında bildirmişdir ki, cavabdeh uzun müddətdir ki, iddiaçının mülkiyyətində olan evdə yaşamamaqla kirayədə yaşayır. Cavabdehin kirayədə yaşamasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. 25.5. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan aydın olur ki, cavabdeh Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə küçəsində yerləşən tikilidə yaşayır. İşə əlavə edilmiş müvafiq arayışa əsasən cavabdehin yaşadığı ev Qobu qəsəbəsi, Yeni məhəllə, Məmmədyarov küçəsi 4İA ünvanında yerləşir və həmin ev 20l4-cü ildə Cavabdeh tərəfindən tikilməklə Cavabdeh orada öz ailə üzvləri (həyat yoldaşı, oğlu və qızı) ilə birlikdə qeydiyyatsız yaşayır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron rayonunda yerləşən tikiliyə dair elektrik, su və qaz sayğacı Cavabdeh adına qeydiyyatdan keçmişdir və cavabdeh həmin evdə yaşayır. İddiaçının nümayəndəsi və vəkilinin məhkəmə araşdırması zamanı təqdim etdiyi sənədlərdə də cavabdehin mübahisəli ünvanda “Azəriqaz” İB tərəfindən qazdan, eyni zamanda su sayğacından istifadə üzrə istehlakçı kimi qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. 25.6. Bununla yanaşı, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatətə əsasən əldə edilmiş sübutlardan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Cavabdeh adına Bakı şəhəri 8 və 43 saylı notariat ofislərində əmlak ilə bağlı etibarnamələrin təsdiq edildiyi məlum olmuşdur. Məhkəmə araşdırması zamanı ifadə vermiş şahid ifadəsindən görünür ki, Mehman Abbasov cavabdehin xalası oğlu olmaqla Puta qəsəbəsində yerləşən torpaq sahəsini Cavabdeh ev tikməsi üçün etibarnamə əsasında vermişdir. Göstərilən fakt Cavabdeh tərəfindən inkar edilməmişdir, belə ki, məhkəmə iclasında verdiyi izahatında cavabdeh Puta qəsəbəsində yerləşən torpaq sahəsini xalasının ona verdiyini, bundan sonra özünün də Qobu qəsəbəsindən 0,03 ha torpaq sahəsi aldığını bildirmişdir. İddiaçı tərəfin mövqeyinə əsasən, Cavabdeh həmin torpaq sahəsini sataraq, əldə edilmiş pulun üzərinə vəsait əlavə edərək Xuraman İsayeva tərəfindən verilmiş torpaq sahəsini əldə etmiş və üzərində hazırda yaşadığı yaşayış sahəsini inşa etmişdir, eyni zamanda, iddiaçı tərəfindən cavabdehin yaşadığı evin fotoşəkillərini təqdim edilmişdir. 25.7. Məhkəmə, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu Qəsəbə İnzibati Ərazi X12 tərəfindən verilmiş arayışa əsasən cavabdehin yaşadığı və özü tərəfindən inşa edilmiş tikilinin Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşməsi, Xuraman İsayeva tərəfindən məhz Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi ilə bağlı etibarnamənin verilməsi və həmin etibarnamənin 2094-cü ilədək qüvvəsinin olması ilə bağlı işin hallarını birlikdə nəzərə alaraq cavabdehin Qobu qəsəbəsində torpaq sahəsini məhz hazırda yaşadığı tikilini inşa etmək məqsədilə əldə etməsini ağlabatan hesab edir. 25.8. Məhkəmə hazırkı iş üzrə cavabdehin yaşadığı evin özbaşına tikili olmasına münasibət bildirərək qeyd edir ki, həmin ev cavabdeh tərəfindən öz vəsaiti hesabına inşa olunmaqla onun daimi yaşayış yeri olduğundan geniş mənada onun həmin evə dair əmlak hüquqları mövcuddur. 25.9. Göstərilənlərdən aydın olur ki, cavabdehin öz vəsaiti hesabına inşa etdirdiyi, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən yaşayış sahəsində yaşaması məhkəmə araşdırması nəticəsində sübut edilmişdir. Cavabdehin yaşayış sahəsinə ehtiyacının olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, qeyd edilən tikiliyə dair elektrik və qaz sayğacı cavabdehin adına qeydiyyatdan keçmiş, cavabdeh ailəsi ilə birlikdə həmin evdə yaşayır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, habelə mülkiyyət hüququnun müdafiəsi prinsipini rəhbər tutaraq hesab edir ki, cavabdehin istifadə hüququnun olduğu mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehin formal olaraq həmin mənzildə pasport qeydiyyatında qalmaqla orada on ildən artıq müddət ərzində yaşamaması, cavabdehin yaşayış sahəsinə ehtiyacının aradan qalxması ilə bağlı işin faktiki halları məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən, etirazın dəlillərinə dair isə sübutlar təqdim edilmədiyindən cavabdehin istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi barədə iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.

26. Mövqeyini əsaslandırarkən məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 228.1-ci, 228.2-ci, 228.5-ci, 262.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013- cü il tarixli Qərarlarına istinad etmişdir.

27. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinə etiraz ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin tətbiq edilməməli olan maddi hüquq normasını tətbiq etdiyini, sübutlara düzgün qiymət vermədiyini, qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apelyasiya baxışı, izahatlar

29. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında həmçinin bildirmişdir ki, mübahisəsi gedən mənzildə 14 ildir yaşamasa da, bunun səbəbi anasının ona yaratdığı maneələr olmuşdur və mənzilə istifadə hüququna xitam verilməsinə yalnız ona kompensasiya ödənilməsi, yaxud mənzilin 1 otağının verilməsi şərtilə razılaşa bilər.

30. İddiaçının məhkəmə iclasında iştirak edən (nümayəndəsi) vəkili şikayətin əsassız olduğunu, cavabdeh Qobu qəsəbəsindəki evi qaytararsa, ona 10 000 manat kompensasiya ödəyə biləcəklərini bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

31. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

32. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

36. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

37. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

38. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.

39. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

40. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

41. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarı

42. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.

Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı

43. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

47. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

53. Yuxarıda qeyd olunduğu kimi, ünvan 1 ünvanında yerləşən mənzil 2000-ci ildən əvvəl iddiaçının mülkiyyətinə keçmişdir.

54. Cavabdehin bildirdiyi hal ondan ibarətdir ki, bir-neçə il əvvələ qədər həmin mənzildə yaşamış, 2014-cü ildə ailə qurmuş, iddiaçı (anası) onun mənzildə yaşamasına maneçilik törətdiyindən qayınatasına məxsus evdə yaşamağa başlamışdır.

55. İddiaçı onun əvvəllər sözügedən mənzildə yaşadığını mübahisələndirməmiş, lakin mənzili 10 il əvvəl tərk etdiyini bildirmişdir.

56. Beləliklə, cavabdehin mübahisəsi gedən mənzilə istifadə hüququ mənzil anasının mülkiyyətinə keçdiyi dövrdə, yəni anasının ailə üzvü olaraq mənzildə onunla birgə yaşadığı zaman xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmışdır və aydınlaşdırılmalı olan məsələ onun, 10 il (yaxud bir-neçə il) əvvəl mənzildən getməsindən sonra bu hüququnun qalıb-qalmaması ilə bağlıdır.

57. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda mətni qeyd olunmuş 60-cı və 87-ci maddələrinin məzmunundan görünür ki, qanunvericilik yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirmişdir.

58. İşin halları baxımından kollegiya hesab edir ki, cavabdehin mübahisəsi gedən mənzilə yaranmış istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi üçün əsaslar vardır.

59. Belə ki, bu cür mübahisələrdə dəyərləndirilməli olan əsas məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, yaşayış sahəsinə olan ehtiyacını məhz həmin yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olub-olmadığıdır.

60. Həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə hüququ vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəlsə də, bu hüquqa xitam verilməsi zamanı kompensasiya o halda ödənilir ki, hüquq sahibinin mülkiyyətçinin hesabına müəyyən müddət daxilində başqa yerdə, istifadə hüququ olan mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən yerdə yaşamağa ehtiyacı olsun.

61. Kollegiyanın qənaətinə görə, başqa yaşayış sahəsinin olduğu sübuta yetirilən cavabdehin, yaşayış sahəsinə olan ehtiyacını məhz anasının mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olduğu nəticəsinə gəlmək, onun maraqları ilə mülkiyyətçinin hüquqları arasındakı “ədalətli tarazlığın” pozulması olardı.

62. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 228-ci maddəsinə istinadla müvafiq nəticəyə gəlməsi tətbiq edilməməli normanın tətbiqi kimi qiymətləndirilməməlidir.

63. Belə ki, Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2004-cü il tarixli qətnaməsi ilə Cavabdeh pasport qeydiyyatında olduğu Bakı şəhəri, Lökbatan qəsəbəsi, 1005-ci keçid, ev 1, 13 saylı mənzildə yaşaması üçün 3 yaşayış otağından biri olan, yəni mənzilin giriş qapısından sağ tərəfdə ikinci olan 10,24 m2 sahəyə malik təcrid olunmuş otağın müəyyən olunması, onun mənzilə əvvəldən olan istifadə hüququnun Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaranan istifadə hüququ ilə əvəz olunduğu qənaətini formalaşdırmışdır.

64. Buna görə də kollegiya hesab edir ki, mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq olunması, hakimin səhvi kimi qiymətləndirilə bilməz.

65. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.

66. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. ...Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz”

67. Kollegiya onu da qeyd edir ki, cavabdehin mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması, onun həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır; çünkü “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, cavabdeh artıq uzun illərdir yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

68. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-64/2024 saylı iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar